Vida deyil, vəd günü
Memarlıq və İnşaat
Universitetinin 43-cü buraxılışı
Azərbaycan
Memarlıq və İnşaat Universitetinin qapısından girən
kimi özünü xoşbəxtlik selinə
düşmüş kimi hiss edirsən. Hamının
üzü gülür. Ancaq sanki emosiya
azdır. Universitetin böyük həyətini
cübbəlilərin şən-şaqraq səsləri bəzəməli
olduğu halda, sakitliyi, hərəkətsizliyi ilə diqqət
çəkən məzunlar gözə dəyir. Sanki məzun
olan onlar deyil, bir təhsil pilləsini uğurla başa
vurduqları üçün onları təbrik etməyə
gələn, əlində gül dəstəsi ilə ora-bura
vurnuxan yaxınlarıdır...
Hava istidir, bu başqa məsələ. Amma onlar da həyatın
ən hərarətli bir mərhələsini arxada qoyurlar.
Bunun üçün sevinməyə, sevincini
dünyaya göstərməyə dəyər.
Buraxılış gecəsinin keçiriləcəyi
binaya doğru gedirik. Universitetin ortasındakı parkı
keçəndən sonra hərarət yüksəlməyə
başlayır. Aha, deyəsən, gənclərin fəal
hissəsi bu tərəfdə toplaşıb. Nəinki
həyətdə, binanın hər mərtəbəsində
şəkil çəkdirməkdən doymayan, həyəcanını
ifadə etməkdən çəkinməyən, sevincini
paylaşmaqdan qorxmayan gənclər pilləkənlərdə
sədd qurublar. Sanki neçə il
bu pillələri dəfələrlə qalxıb-düşməyiblər.
Elə bil bu divarların arasından gündə
on dəfə keçməyiblər. Universitet
binasının hər tininə bələd olan
keçmiş tələbələr indi hər divara, pilləkənin
hər pilləsinə həsrət qalacaqmış kimi,
addımbaşı şəkil çəkdirir. Kənardan baxana elə təsir
bağışlayır ki, təhsil aldıqları məktəbin
hər daşını həyatlarının yaddaşına
köçürmək istəyirlər. Axı,
onlar hər gün məzun olmurlar.
Sizi gözləyirik!
Beləliklə,
2017-2018-ci tədris ili məzunlarının
təntənəli buraxılış mərasimindəyik.
Burada kim yoxdur ki? Dövlət
qurumlarının, səfirliklərin nümayəndələri,
millət vəkilləri, universitetin əməkdaşlıq
etdiyi şirkətlərin rəhbərləri, AzMİU-nun fəxri
məzunları, valideynlər akt zalının da, tədbirin də
hərarətini yüksəldirlər.
Səhnədə universitetin 3-cü kurs tələbəsi,
burada keçirilən bütün tədbirlərin
aparıcısı Fidan Məmmədzadə və inşaat
fakültəsində dekan müavini Tural Əliyev
görünür. Qonaqları salamlayandan sonra Azərbaycan
Memarlıq və İnşaat Universitetinin 43-cü
buraxılış gecəsini açıq elan edirlər.
Əvvəlcə
məzunları AzMİU-nun rektoru, professor
Gülçöhrə Məmmədova təbrik etdi: “Ümid
edirəm ki, həyatınızın bundan sonrakı mərhələlərində
təhsil aldığınız bu universitetin adını
ucaldacaq, diplomunun hörmətini qaldıracaqsınız. Universitetimizdə aldığınız mütəxəssis
və həyat dərsi hər zaman köməyinizə gələcək.
Hər birinizi təhsilin sonrakı pillələrində
oxumaq üçün gözləyirik. Sizi
auditoriyalarımızda müəllim kimi gözləyirik!”.
Rektor qeyd edib ki, hər buraxılış gecəsi onlar
üçün hesabat günüdür. Məhz bu
gün rəqəmlərə baxıb universitetin fəaliyyətinə
qiymət verirlər. Dönüb başa
vurduqları tədris ilinə nəzər salır, səhvlərinə
qiymət verir, doğrularını qeyd edirlər. Nəyi düz, nəyi səhv etdiklərinin, həyata
keçirilən fəaliyyətin nəticəsində
hansı uğurları qazandıqlarının
hesabatını aparırlar.
Tələbələr istəsə,
daha çox kredit götürüb,
universiteti daha tez bitirə bilərlər
Budur, daha bir tədris ilinin nəticələri ortaya
qoyulur.
AzMİU-da ötən ildən qalan məzun yoxdur. Cübbəlilərin
hamısı məhz bu ilin məzunlarıdır. Ancaq bu
il məzun ola bilməyənlər var.
Buraxılış kursu olan 420 tələbə tələb
edilən kredit sayını toplamadığı
üçün təhsilini növbəti illərdə davam
etdirəcək. Bunu kredit sisteminin tələbələrin
qarşısına qoyduğu çətinliklərdən biri
kimi dəyərləndirən rektor G.Məmmədova təhsilini
tamamlaya bilməyənlərin 23 faiz təşkil etdiyini
vurğulayıb.
Kredit sisteminin tələblərini
yerinə yetirənlər isə daha çoxdur. Başa çatan tədris ilində universiteti
bakalavriat səviyyəsində 22 ixtisas üzrə 1130 nəfər
bitirib. Onlardan 4 nəfəri fərqlənmə
diplomuna layiq görülüb.
Bakalavriat
səviyyəsi üzrə məzunlardan 337 nəfər
magistratura səviyyəsinə uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçib. Onlardan 40 nəfəri xarici ölkə universitetlərinin
magistr proqramlarına qəbul olunub.
Tünzalə
Mikayılova magistratura səviyyəsinə uğurla imtahan verərək
ali təhsilin ikinci pilləsinə
keçən 337 nəfərdən biridir. 95 bal
toplayaraq AzMİU-nu fərqlənmə diplomu ilə bitirir.
Tikinti iqtisad fakültəsində marketinq ixtisası üzrə
təhsil alan məzun magistratura səviyyəsində
də təhsilini AzMİU-da davam etdirəcək: “Kredit
sisteminin çətinliyi oldu. Ancaq öhdəsindən
gəldik. Hesab edirəm ki, təhsilini
tamamlaya bilməyənlərə görə kredit sisteminin
çətinliyini səbəb göstərmək doğru
deyil. Biz öhdəsindən gəldiksə,
onlar da gələ bilərdi. Hətta bu
sistemlə təhsilimizi daha tez tamamlaya da bilərdik. İstəsək, daha çox kredit
götürüb, universiteti daha tez bitirə bilərik. Mən bunu etmək istəmədim. İstədim ki, təhsilimi elə 4 ilə
tamamlayım”.
“AzMİU-nun verdiyi təhsillə
başqa
ölkələrin verdiyi təhsil arasında
böyük fərq görməmişəm”
Azərbaycan Memarlıq və İnşaat Universitetini
magistratura səviyyəsində 38 ixtisaslaşma üzrə
227 nəfər gənc bitirir. Onların böyük
hissəsi oxuduğu müddətdə yaxşı nəticələr
göstərib. 16 nəfər fərqlənmə
diplomuna layiq görülüb. Magistratura səviyyəsini
bitirən gənclərdən 4-ü Tempus layihəsi çərçivəsində
“Ekologiya mühəndisliyi” ixtisası üzrə AzMİU ilə
İspaniyanın Koruna Universitetinin ikili diplom proqramı ilə
təhsil alıb. Daha 4 magistr Tempus layihəsi
çərçivəsində hazırlanmış “Enerji
menecmenti” ixtisası üzrə təhsilini tamamlayıb.
Əsli Kərimli də magistr təhsilini AzMİU-da
tamamlayanlardandır. Memarlıq fakültəsinin bina və
qurğuların memarlığı ixtisası üzrə təhsil
alıb. Xaricdə təhsil almaq üçün can atan
azərbaycanlı gənclərdən fərqli olaraq, o, ölkə ali təhsil müəssisələrinin,
xüsusən, AzMİU-nun verdiyi təhsilin keyfiyyətindən
razıdır: “Məncə, hər şey tələbənin
özündən asılıdır. Hansı
ölkənin universitetində oxumağından asılı
olmayaraq, insanın keyfiyyətli kadr kimi yetişmək istəyi
varsa, bunu mütləq edəcək. Müəllimlər
bizə istiqamət verir. Azərbaycanda da
dünya universitetlərində verilən proqramlar tətbiq
edilir. Bizim işimiz oxumaq, daim öz üzərimizdə
işləməkdir. Xaricdə master-klas
keçmişəm. Mən AzMİU-nun
verdiyi təhsillə başqa ölkələrin verdiyi təhsil
arasında böyük fərq görməmişəm. Odur ki, bir Azərbaycan təhsil müəssisəsində,
xüsusən, Azərbaycan Memarlıq və İnşaat
Universitetində təhsil almağımla qürur duyuram”.
AzMİU-nun əcnəbi tələbələri
AzMİU-da təhsil alması ilə nəinki fəxr edən,
hətta bunun üçün kilometrələrcə məsafə
qət edənlər də var. 2017-2018-ci tədris ilində
AzMİU-da tədris 3 dildə təşkil edilib. Nəticədə
builki buraxılışda 95 nəfər rus və 28 nəfər
ingilis dilində təhsilini başa vurub.
Ümumiyyətlə,
AzMİU-nun builki məzunları arasında Türkiyə,
İran, İraq, Rusiya, Türkmənistan, Sierra-Leone,
Qazaxıstan, Gürcüstan və Suriyadan olan 132 nəfər
var ki, onlardan 126 nəfər bakalavr, 6 nəfər isə
magistrdir.
Bakalavrlardan biri Abass Kanu Afrikadan gəlib. Sierra Leone vətəndaşı
olan Abass Azərbaycan Memarlıq və İnşaat
Universitetində Əcnəbi tələbələrin təhsili
üzrə dekanlığın tələbəsidir. İnşaat mühəndisliyi ixtisası üzrə
təhsil alıb. Onu “tərbiyəli, ağıllı,
fəal və yaxşı oxuyan” tələbə kimi xarakterizə
edən dekan müavini Kəmalə Sərdarlı Abass
haqqında “35 illik fəaliyyətimdə belə tərbiyəli,
mədəni tələbə görməmişəm”, -
deyir: “4 ildə cəmi bir kəsiri olub. Universitetin
ictimai həyatında fəal iştirak edib. Bir sıra tədbirlərdə AzMİU-nu məhz
Abass təmsil edib”.
Elə Abass da
Bakıdan çox razıdır. Həm Bakıdan, həm
də müəllimlərindən: “Bu semestr üçün
təhsil haqqımı ödəyə bilməmişdim. Pulum olmadığı üçün ödəməm
gecikirdi. Dekan müavini Kəmalə müəllim
təhsil haqqımı ödədi. Həmin
pulu ona sonra, ölkəmdən qayıdanda ödədim.
Bu mənim üçün çox
böyük bir addımdır. Mən də,
elə ailəm də bu davranışı heç vaxt
unutmarıq. Bu, Azərbaycanda
gördüyüm gözəl münasibətin sadəcə
biridir. Burada olduğum, bu universitetdə
oxuduğum üçün şadam. Azərbaycanda 4 fəal
tələbəlik ili yaşadım. Təhsil Nazirliyinin layihələrində - "Azərbaycanı
necə tanıyırıq", “Novruz mühazirələri”ndə
iştirak etdim. Ölkənizi çox
sevdim. Azərbaycan bundan sonrakı həyatımın
da bir parçası olacaq”.
Memar əsgərlər:
onlar 800 nəfərdən çoxdur
Memarlıq
və İnşaat Universitetində təhsilini bitirdikdən
sonrakı planları hələ bəlli olmayanlar az deyil. Ancaq universitetdə təhsilini
bitirərək hərbi xidmətə yollanacaq yüzlərlə
gənc də yetişib. Rektor
Gülçöhrə Məmmədova təbrik nitqində
onları da unutmayıb. Vətənin müdafiəsinə
AzMİU-nun auditoriyalarından çıxıb gedəcək
800-dən artıq məzundan gözləntilər
böyükdür: “Hər məzunumuzdan təhsil
aldıqları universitetin adını daim uca tutmasını
istəyirik. Xüsusən, əsgər məzunlarımızdan
şücaət, qəhrəmanlıq gözləyirik. Hər biriniz 100 yaşlı böyük Azərbaycan
ordusunun sıralarında xidmət edəcəksiniz. Bunu
unutmamalı, öz qəhrəmanlığınızla
Ordumuzun bundan sonrakı uğurlarında sizin də
payınızın olmasına
çalışmalısınız!”.
“Universitetimizin
adını zirvələrə
qaldırmağa çalışacağıq”
Buraxılış gecəsində
AzMİU-nun
müxtəlif fakültələrində təhsil
alan, həm təhsildə, həm universitetin ictimai həyatında
fəal iştirak edən tələbələri diplomlarla, təltifnamələrlə
mükafatlandırıldı.
Məzunların
adından nəqliyyat fakültəsinin tələbəsi
Ülvi Verdiyev çıxış edərək onların
sevincinə qoşulanlara təşəkkür etdi: “Tələbə
olduğumuz bu 4 ilin tez keçəcəyini demişdilər. Amma bu qədər tez olacağı ağlıma gəlməmişdi.
Bu gün həmin 4 ildə təhsildə ciddi
inkişaf yolu keçdiyimizi görürük. Ancaq inkişafımız sadəcə öz
hesabımıza deyil. Müəllimlərimizin,
valideynlərimizin payı daha çoxdur. Bu
4 ildə universitetimiz evimiz oldu. Bundan sonra da bu ev bizə doğma qalacaq. Xoş
xəbərlərinə hər zaman sevinəcəyik. Fəaliyyətimizlə universitetimizin adını
zirvələrə qaldırmağa
çalışacağıq”.
Buraxılış gecəsinə son nöqtəni
AzMİU-nun özfəaliyyət ansamblı qoydu. Bir-birindən
maraqlı musiqi nömrələri ilə
çıxış edən ansambl üzvləri gecəyə
bədii rəng qatdılar.
Beləliklə,
Memarlıq və İnşaat Universiteti yarandığı
gündən bu yana 43-cü
buraxılışını yola saldı. Ancaq
o gün bir vida deyil, qarşılıqlı verilən vədlər
günü oldu. Universitet məzunlarını
təhsilin növbəti pillələrində, ya da müəllim
olaraq gözlədiyinə dair, məzunlar isə “Xoş
gününə sevinəcəyik”- deyib, öz fəaliyyətilə
universitetinin adını zirvələrə
qaldıracağına söz verdilər.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
6 iyul.- S.8.