“Heç kimin imtahanlara müdaxilə imkanı yoxdur”
Gülçöhrə
Məmmədova: “Bəzi hədəflərə nail olmaq
üçün doğru bildiklərimizdə israrlı
olmalıyıq”
III
söhbət
Sağlam mühit müasir universitet üçün əsas şərtlərdəndir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova rəhbərlik etdiyi dövrdə buna nail ola bilibmi? Bu istiqamətdə qarşısına çıxan maneələr çoxdurmu?
Rektorla söhbətimizin bu hissəsində sağlam mühit, sağlam düşüncə formalaşdırmaq üçün rəhbərlik etdiyi təhsil müəssisəsində həyata keçirdiyi tədbirlərdən danışdıq.
- Müasir təhsil sistemində sağlam mühit çox önəmlidir. Azərbaycanda bir neçə ildir ki, təhsildə, xüsusən ali təhsil pilləsində bu amilə xüsusi önəm verilir. Bu istiqamətdə hədəflərinizə çata bilirsinizmi? Üstəlik, orta yaş və yaşlı nəslin nümayəndələrinin üstünlük təşkil etdiyi bir kontingentlə işlədiyinizi nəzərə alsaq, sovet təhsil mühitindən qalan bir çox neqativ amillə mübarizə aparıb müasir təhsil mühiti yaratmaq yəqin elə də asan deyil.
- Bu, çox vacib məsələdir. Ölkə universitetlərinin hər biri ilə bağlı cəmiyyətdə müəyyən fikir formalaşıb. Yəni hər universitetin öz reytinqi var. Düşünürəm ki, universitetimizlə bağlı rəyi məndən yaxşı bilərsiniz.
Çalışırıq ki, universitetimizin işindən, həyatından neqativ amillər, sağlam mühitə mənfi təsir edəcək məqamlar tamamilə çıxsın. Bunun üçün də çox iş görürük. Universitetə rəhbərlik etdiyim ilk illərdən bu istiqamətdə, sözün əsl mənasında, mübarizə aparıram. Əsas fəaliyyətimiz ona yönəlib ki, müəllim-tələbə münasibətləri yüksək səviyyədə olsun.
Tələbə universitetdə özünü rahat hiss etsin, işgüzar mühitdə oxusun və formalaşsın. Bilsin ki, bu universitetdə ancaq öz biliyi, öz bacarığı ilə oxuya bilər. Bir sözlə, uzun illərdir ki, bütün səylərimiz buna yönəlib.
Dəqiq qiymətləndirmə
kriteriyaları olarsa...
- Bu səylər nədən ibarətdir və nəticə veribmi?
- İlk növbədə, imtahan prosesini nəzarətə
götürmüşük. İmtahan sessiyası iki cür keçir. Tələbələrə
test bankı verilir, onlar semestr boyu həmin test bankı üzrə
imtahanlara hazırlaşa bilərlər. Amma
imtahanlarda əzbərçilikdən qaçmaq
üçün testlərə həmin banklarda olmayan
açıq suallar da, analoji suallar da salırıq. Buna əminəm ki, hər bir tələbə test
imtahanında öz biliyinə uyğun qiymət alır.
Tam obyektiv, tam şəffaf imtahanlara nail
olmuşuq. Qiymətləndirmə də
kompüter tərəfindən aparılır və ora
heç bir müdaxilə edilmir. Yəni,
nə işçi, nə də müəllimin hər
hansı müdaxilə imkanı yoxdur. İmtahanlarımızın
ikinci hissəsi yazılı olur. Tələbələrin
yazı işi şifrələnərək yoxlanması
üçün müəllimlərə təqdim edilir.
Çalışırıq ki, qrupların
işini müxtəlif müəllimlər yoxlasınlar.
Bu işə kafedra müdirlərini də cəlb
edirik. Şifrələr yalnız qiymətləndirmə
aparıldıqdan sonra açılır və kimin qiymətinin
neçə olduğu o zaman bəlli olur. Burada
da şəffaflığı təmin etmişik. Ancaq
insan olan yerdə subyektivlik də var. Bəzən bir cavaba
müəllimlər müxtəlif bal verə
bilər. Amma bunun da qarşısını
almağa çalışırıq. Dəqiq
qiymətləndirmə kriteriyaları olarsa, insan amilinin təsirinin
azalacağını düşünürük. Bütün qüvvəmizi ona cəmləşdirmişik
ki, tələbə yalnız öz bilik və
bacarığı ilə qiymət ala, sadəcə oxuyaraq
universiteti bitirə biləcəyinə əmin olsun. Bu məsələdə
heç kimin köməyinə arxayın ola
bilməz.
- Elə
isə maraqlıdır, bəs, xahişlərlə necə
mübarizə aparırsınız? Zəng edib
tələbələrinizdən birinə
özünüzün kömək etməyinizi istəyən
dost-tanışa nə deyirsiniz?
- Mən
mübarizə aparmıram. Həmin şəxslərə
izah etməyə çalışıram ki,
yaxınının yaxşı mütəxəssis
olmasını istəyirsə, onunla daha ciddi
olmağımızı xahiş etməlidir, oxumamasına
göz yummağımızı yox.
- Nədənsə,
izahınızın az təsir etdiyinə
daha çox inanıram.
- Mənimlə
razılaşanlar da olur, razılaşmayanlar da. Hətta küsürlər də. Ancaq nə etmək olar? Bəzi hədəflərə
nail olmaq üçün doğru bildiklərimizdə
israrlı olmalıyıq.
Plagiat inkişafın, yeniliyin
düşmənidir
- Təhsildə
keyfiyyətdən danışanda ilk ağla gələn amillərdən
biri plagiat olur. Xüsusən, internet əsrində
bu istiqamətdə vəziyyət pisləşib. İstənilən materialda plagiat çıxır,
ya tamamilə, ya da qismən. Plagiatla
mübarizə apara bilirsiniz?
- Plagiatla mübarizə
aparırıq. Hətta bir plagiat şirkəti
ilə müqavilə bağlamışıq. Bütün dissertasiyalarımızı, məqalələrimizi
plagiat yoxlamasından keçiririk. Keçən
ildən başlayaraq, magistr dissertasiyalarımızı da həmin
proqramdan keçirib sonra müdafiəyə buraxırıq.
Plagiat inkişafın, yeniliyin düşmənidir.
Onunla mübarizəyə çox ciddi
yanaşmaq lazımdır. Plagiata son qoymaq
üçün elmi jurnallarımızda da xüsusi tələblər
qoymuşuq. Universitetimizin 5 elmi jurnalı var. Onların qarşısında
məsələ qəti qoyulub: çap olunanlar arasında
plagiat olmamalıdır!
-
“Plagiat.pl” şirkətinin direktoru Əli Təhməzov “Azərbaycan
müəllimi” qəzetinə müsahibəsində
universitetlərin öz tələbələrinə elmi
işi plagiatdan tam təmizlənənə qədər
yoxlamadan keçirməyə şərait
yaradıldığını demişdi...
- Plagiat
şirkəti ilə bağladığımız müqaviləyə
əsasən, tələbəyə bir dəfə bu şans
verilir. Magistr işini bir dəfə yoxlamadan
keçirir, plagiat çıxırsa, işi tələbəyə
qaytarırıq ki, yazısını plagiatdan təmizləsin.
Bunu etməmək mümkün də deyil.
Yəni təklif edirsiniz ki, plagiat tapılan
bütün tələbə və magistrlərimizi universitetdən
qovaq? Plagiat sistemi pulsuz bir şans verir.
Amma həmin sistemdən ödənişli olaraq
ikinci, üçüncü dəfə də istifadə etmək
olar.
Gənclərimizdə idmana həvəs
yoxdur
- Məktəblilərin idman nailiyyətləri
daha yaxşıdır, nəinki tələbələrin. Təhsil
Nazirliyində idmanda böyük nailiyyətləri olan gənclərin
ali məktəblərə qəbulunun asanlaşması və
uğurlarının universitetlərdə də davam etməsi
üçün tədbirlər düşünülür.
Universitetinizdə Xalq artisti Roza Cəlilovanın rəhbərliyi
ilə “Buta” rəqs ansamblı, Şən və
hazırcavablar qrupu, Aydın Ağamalıyevin rəhbərliyi
ilə Xalq çalğı alətləri ansamblı, Debat
intellektual gənclər klubu - (breyn - rinq) fəaliyyət
göstərir, hətta beynəlxalq tədbirlərdə
universitetinizi təmsil edirlər. İdman sahəsində də
uğurlarınız varmı?Ali məktəb
olaraq AzMİU idmançı tələbələrinə dəstək
verə bilirmi?
- Əlbəttə, idmanla məşğul olan tələbələrimiz
də var, onların idman etmələri üçün
ayrıca idman korpusumuz da. Həmin korpusda tennis,
mini-futbolla məşğul olmaq üçün hər
cür şərait yaradılıb, trenajorlar qurulub. Elə bu şəraitin olması onların həvəslənməsi,
universitetin dəstəyini hiss etmələri üçün
böyük amildir. Amma başqa yolları
da sınaqdan çıxarırıq. Bu məqsədlə
mütəmadi təbliğat aparırıq. Hər il universitetə qəbul olunan tələbələrlə
görüşlərimdə onlara ilk tövsiyəm məhz
bununla bağlı olur. Onlara mütləq idmanla
məşğul olmalarını məsləhət
görürəm. İdmanın müsbət
cəhətlərindən danışıram. İdmanın onlara verə biləcəyi
üstünlükləri sadalayıram. İdman
gənclərin insan kimi formalaşmasında çox
böyük əhəmiyyətə malikdir. Bu
baxımdan bu amilə bizim universitetdə xüsusi diqqət
var. Amma idmanı kütləvi şəkildə hamıya
sevdirməyə, düzü, nail ola
bilmirik. Təəssüf edirəm ki, gənclərimizdə
idmana həvəs, demək olar ki, yoxdur. Yəni
idmanı ali təhsil müəssisələrində,
konkret desəm, bizim universitetimizdə kütləviləşdirmək
o qədər də asan deyil.
- Bəs, gənclər nəyə
daha həvəslidirlər?
- Təəssüf ki, indi gənclər
hardasa oturmağa, kompüter və ya telefonla məşğul
olmağa daha çox vaxt ayırırlar. Ancaq
bu o demək deyil ki, idman sahəsində heç bir
uğurumuz yoxdur. Universitetin fəal
yığma komandaları mütəmadi olaraq yarışlara
qatılır. Güləşin müxtəlif
növlərində özünü sınayan və uğur
qazanan gənclərimiz çoxdur. Qeyd edim
ki, güləşlə həvəslə məşğul
olurlar. Güləşin iki növü
üzrə, o cümlədən mini-futbol üzrə
komandalarmız fəaliyyət göstərir. Həmin komandalar Bakıda keçirilən
yarışlarda kifayət qədər fəal iştirak edir,
yüksək yerlər tuturlar. Elə bu ay Türkmənistanın
Azərbaycandakı səfirliyi ölkəmizin ali
məktəb tələbələri arasında futbol
yarışı təşkil etmişdi. AzMİU
komandası bu yarışda uğurla iştirak etdi. Komandamız futzalda B qrupunda ADNSU və BANM-ı
udaraq finala çıxdı. Amma finalda 5-4
hesabı ilə Bakı Mühəndislik Universitetinə
uduzaraq bu turniri 2-ci yerdə başa vurdu. Oyunlar
universitetimizin meydançalarında keçirildi. Çox istərdim ki, hər tələbəmiz
idmanla məşğul olsun. Onlardan
böyük gözləntilərimiz də yoxdur. Bizim üçün vacib deyil ki, çətin
tapşırıqlar yerinə yetirsinlər, böyük
yarışlara çıxıb ciddi nailiyyətlər
qazansınlar. Sadəcə, bədən tərbiyəsi
ilə də məşğul olsalar, hər tələbəmiz
idmanı gündəlik həyatına daxil etsə, bunu
özümüzün uğurumuz sayarıq. Tələbələrimizin həvəsini
artırmaq, idmanı onların həyatının ayrılmaz
hissəsinə çevirmək üçün əlimizdən
gələni etsək də, bu məsələdə passivdirlər
və bu da məni qane etmir.
- Tələbələrinizdən
başqa nə gözləntiləriniz var? Görüşlərinizdə
onlara əsas tövsiyəniz, tələbələrinizdən
istəyiniz nə olur?
- İstər qəbul olunan kimi birinci kurs tələbələri
ilə, istərsə də fakültələrdə təşkil
edilən ayrı-ayrı görüşlərdə onlara
hüquqlarını bilmələrini, tələb etmələrini
söyləyirəm. Bizim onlardan ən böyük gözləntimiz
məhz budur. Həmişə
vurğulayıram ki, kompüter və dil biliklərini
inkişaf etdirsinlər. Bu, onların
inkişafı baxımından lazımdır. İdmanla məşğul olmalıdırlar, bu da
onların sağlamlığı üçün önəmli
şərtdir.
Əsas məqsədimiz odur ki, onları
unutmayaq, unutdurmayaq
-
Şəhid tələbələriniz arasında həm
azadlıq mübarizəsinin qəhrəmanları, həm də
torpaqlarımızın bütövlüyü uğrunda gedən
döyüşlərdə həlak olanlar var. Təhsilin məqsədinin
vətənpərvər, dövlətinə və millətinə
bağlı şəxsiyyət yetişdirmək olduğunu nəzərə
alsaq, bu məsələyə diqqət yetirməmək
mümkün deyil. Bu istiqamətdə nə edə bilmisiniz, nə
etməyi düşünürsünüz?
-
Memarlıq və İnşaat Universitetində tərbiyəvi
işin əsasında məhz bu istiqamət dayanır.
Universitetimizdə torpaqlarımızın
bütövlüyü uğrunda canından keçən
çoxsaylı şəhidimiz var. Əsas məqsədimiz
odur ki, onları unutmayaq, unutdurmayaq. Müstəqilliyimizin də,
ərazi bütövlüyümüzün də kimlərin
çiyinləri üzərində dayandığını və
onları hər zaman qiymətləndirəcəyimizi hamı
bilməlidir. Universitetin binasında şəhidlər guşəsi
yaratmışıq. Burada milli qəhrəmanlarımızla,
həm 20 Yanvar faciəsində, həm də Qarabağ
uğrunda savaşlarda şəhid olanlarla bağlı məlumatlar
yerləşdirilib. Milli qəhrəman və qəhrəmanlıq
göstərərək şəhid olan tələbələrimizin
xatirəsini mütəmadi anırıq. Onlarla bağlı
filmlər göstərilir. Ayrı-ayrı fakültələrdə
də şəhidlərimizin xatirəsi anılır. Bəzi
fakültələrimizdə şəhid tələbələrimizə
həsr olunan guşə yaradılıb. Məsələn,
memarlıq fakültəsinin tələbəsi ikən
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid
olan Fuad Əsədovun həmin fakültədə barelyefi var.
Nəqliyyat fakültəsində, o cümlədən
başqa fakültələrdə də həmin fakültədə
təhsil alan, təhsili yarımçıq qalan, yaxud məzun
olan şəhid tələbələrimizin büstü
qoyulub. Bu cür tədbirlərlə universitetimizə daxil
olan gənclərə onlardan əvvəl bu təhsil müəssisəsində
oxuyan və ərazi bütövlüyümüz,
azadlığımız uğrunda canından keçənləri
tanıtdırdığımızı
düşünürük. Bununla
çalışırıq ki, tələbələrimizdə
milli dəyərləri, torpağa
bağlılığı, xalqa sevgi hissini inkişaf etdirək.
Mart soyqırımı ilə əlaqədar tələbələrimiz
qrup şəklində Qubaya getdilər. Orada soyqırım
qurbanlarını ziyarət etdilər. Həmin qrupların
içərisində əcnəbi tələbələrimiz
də vardı. Bu istiqaməti vacibliyinə görə ilk
sıraya qoymuşuq və hesab edirəm ki, hələ
görüləcək işlərimiz çoxdur.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
1 iyun.- S.7.