Ana dilində
ilk orta məktəb
Azərbaycan Xalq Cümhuriyyəti-100
Milli kadrların yetişdirilməsində
“Şaiq adına
nümunə məktəbi”nin
əvəzsiz işi
1918-ci ilin 28 may tarixində Azərbaycan xalqının
həyatında çox
mühüm bir hadisə baş verdi. Şərqdə ilk müstəqil, demokratik, parlamentli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında İstiqlal Bəyannaməsi
elan edildi.
Cəmi
23 ay fəaliyyət göstərən
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
milli tariximizə ilk dəfə Azərbaycan türkcəsini dövlət
dili elan edən və dövlət dilini təhsil müəssisələrinin
əsas tədris dilinə çevirən, çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli məktəblər şəbəkəsi
yaradan, ümumi icbari təhsilə keçid prosesinə başlayan, çoxsaylı
müəllim seminariyaları
və pedaqoji kurslar açan, dövlət himayəsində
ilk məktəbəqədər tərbiyə müəssisələrinin
əsasını qoyan,
dövlət səviyyəsində 100 nəfər
azərbaycanlı gənci
xarici ölkələrin
ali təhsil müəssisələrinə oxumağa
göndərən, əlifba
islahatı ilə Avropa mədəniyyətinə
yaxınlaşmaq yolunda
ilk addımlar atan demokratik, hüquqi, dünyəvi, sivil dövlət kimi daxil oldu. Elə buna görə
də AXC hökumətinin
tarixini tədqiq edən Qərb tədqiqatçıları o dövrün
milli hökumətini
“maarifçi hökumət”
kimi dəyərləndirirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər Azərbaycanda ana dilində orta məktəb yox idi. Ana dili o dövrün orta təhsil ocağı sayılan realnı məktəblərdə həftədə
bir-iki dəfə keçirilir və məcburi olmayan fənn hesab olunurdu. İlk dəfə orta
təhsilin milliləşməsi
AXC hakimiyyəti illərində
həyata keçirilmişdi.
Pedaqogika
tarixindəki bu böyük hadisə qüdrətli sənətkarımız,
müəllimlər müəllimi
Abdulla Şaiqin adı
ilə bağlıdır.
Abdulla Şaiq Azərbaycan romantizminin görkəmli nümayəndəsi,
anadilli milli məktəblərin banisi,
şair, dramaturq və yazıçı, müəllim və publisist, fəal ictimai xadim idi.
O özü bütünlüklə
xalqa xidmət nümunəsi idi, əsərlərində də
müəllim kimi hamıya bunu tövsiyə edirdi.
1924-cü ildə tələbələrindən
birinin xatirə albomuna yazmışdır:
“Yüksəlmək, həqiqi
bəxtiyarçılığa çatmaq özünü
deyil, başqalarını
yaşatmağa çalışmaqdır.
Zira ki, həqiqi bəxtiyarlar cəmiyyət
üçün yaşayanlardır”.
Vətənini, xalqını, doğma
dilini məhəbbətlə
sevən Abdulla Şaiq
“Xatirələrim”də yazırdı:
“Milli vicdan milli məktəblərdə
doğar. Məktəb
və müəllimləri
olmayan bir millət müəyyən
bir sima və məfkurəsi olmayan bir cocuğa
bənzər ki, öz xeyir və
şərini düşünə,
dost və düşmənini
fərq edə bilməz.
Cocuqlara özünü tanıdan,
milli hisslərini, ruhlarını yüksəldən,
onların dağ çeşmələri qədər
saf və təmiz ürəklərində
böyük bir məfkurə doğuran, gələcəkdə sevgili
vətəni üçün
ən dəyərli övlad yetişdirən və sarsılmaz bir qüvvət hazırlayan məktəblərdir. Məktəblər millətin nur və səadət çırağıdır. Bəli, iqrar etməliyik ki, indiyədək milli məktəblərimiz
olmadığından xalqımız
naminə heç bir şeyimiz yox idi”.
Yazıçılığından artıq müəllimliyi ilə iftixar edən maarif fədaisi Abdulla Şaiq
1919-cu ildə Azərbaycan
Xalq Cümhuriyyətinin
bir-birinin ardınca mədəni tədbirlər
həyata keçirdiyi
bir zamanda məktəblərin milliləşməsi
üçün ilk addımı
atdı. Onun təşəbbüsü ilə
bütün fənlərin
rus dilində tədris edildiyi Bakı I realnı məktəbin nəzdində Azərbaycan
dili üzrə üç aylıq kurs açıldı. Bu kursu qurtaran
şagirdlər üçün
49 rus sinfi olan Bakı I realnı məktəbində
bütün fənlərin
Azərbaycan dilində
tədris edildiyi bir sinif (üçüncü
sinif) açıldı.
Bu sinifdə 25 şagird oxuyurdu. Onlar
1924-cü ildə ana dilində orta məktəbi bitirən
ilk məzunlar oldular.
Ədib öz xatirələrində
yazırdı ki, Cümhuriyyət dövründə
siniflərin milliləşdirilməsi
ilə bilavasitə özü məşğul
olmuş, valideynləri
yığaraq onların
bir-bir razılığını
almış, çarizm
havası ilə hərəkət edən bəzi rus pedaqoqları
ilə mübarizə
aparmışdır.
Azərbaycan maarifi tarixində
ana dilində ilk təhsil almış şagirdlər, sonralar görkəmli elm, mədəniyyət
xadimləri olaraq, həmin məktəbin müəllimlərindən Abdulla Şaiq Talıbzadəni, Camo Cəbrayılbəylini,
Qafur Rəşad Mirzəzadəni, Xudaverdi Kələntərlini və
başqalarını həmişə
böyük məhəbbətlə
yad edirdilər. Məktəbi bitirən tələbələr ali
məktəblərə imtahansız
qəbul olundular ki, bu da
öz növbəsində
sonralar sovet respublikasında kadr məsələsinin həllinə
böyük kömək
göstərmişdi.
İlk milli orta məktəbin
buraxılışına həsr
edilmiş təntənəli
iclasda Nəriman Nərimanov da iştirak edirdi. O, üzünü məzunlara
tutub demişdi: “Sizə birinci vəsiyyətim budur ki, həyatda çalışqan olun, qorxaq olmayın, həmişə xalqımızın
irəli getməsinə
çalışın”. Həmin
sinfi bitirənlər içərisində məşhur
bəstəkar, musiqişünas
Əfrasiyab Bədəlbəylinin,
istedadlı alim, cərrah Fuad Əfəndiyevin, akademik Səftər Quliyevin, böyük mütəxəssis
və dövlət xadimi Süleyman Vəzirovun və onlarla başqalarının
adlarını çəkmək
olar.
Qeyd etmək lazımdır ki, Azərbaycanda milli kadrların yetişdirilməsində A.Şaiq
tərəfindən milliləşdirilmiş
siniflərin əsasında
20-ci illərin əvvəllərində
yaradılan “Şaiq adına nümunə məktəbi” böyük
iş görmüşdü.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Abdulla Şaiq
tərəfindən orta
məktəb siniflərinin
milliləşdirilməsi təhsil
tariximizə mühüm
hadisələrdən biri
kimi daxil olmuşdur.
Qaratel QAFAROVA,
Xalq Təhsili Muzeyi
ekspozisiya şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2018.- 1 iyun.- S.1; 13.