“Mənim aldığım elmi nəticə ən uğurlu hesab olunur”
Anar Əhmədov:
“Simons” mükafatı mənə Harvard Universitetində tədqiqat
aparmaq imkanı verir”
Azərbaycanlı
gənclərin dünyanın müxtəlif ölkələrində elm və təhsil
sahəsində əldə etdikləri uğurlar hər birimizin
qürur mənbəyidir.
Öz istedadları ilə
işlədikləri nüfuzlu xarici universitetlərdə
ad qazanan alimlərimiz şagirdlərimiz
üçün örnək
nümunəsidir. Onların sorağı dünyanın müxtəlif
ölkələrindən, nüfuzlu universitetlərdən,
elmi-tədqiqat mərkəzlərindən gəlir. Elmin çətin
yollarında müxtəlif maneələr aşaraq yüksək
zirvələrə çatan, öz həyat yolu ilə minlərlə
şagird, tələbə, müəllim və gənc
araşdırmaçı üçün nümunə
olan alimlərimizdən biri də
əməksevərliyi, istedadı ilə Amerika və
Kanadanın ən gənc alimləri
arasında yer alan, ABŞ-ın nüfuzlu “Nyu-York tayms” qəzetində
barəsində məqalə dərc olunan Anar Əhmədovdur.
Tanıtım.
Anar Əhmədov 1976-cı ildə hazırda erməni
işğalı altında olan Cəbrayıl rayonunda anadan
olub. 1993-cü ildə
Bakı şəhərindəki
58 nömrəli tam orta məktəbi bitirib.
Elə həmin
ildə Bakı Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1996-cı ildən Amerika Birləşmiş
Ştatlarına köçən Anar ali təhsilini Kaliforniya Dövlət
Universitetində fərqlənmə
ilə bitirib. 2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat sahəsində doktorluq elmi dərəcəsi alıb. O, həm də 2001 və
2003-2004-cü illərdə
ABŞ-ın nüfuzlu Berkli və Prinston universitetlərində
doktorantura təhsili alıb. 2006-2009-cu illərdə
ABŞ-ın Corciya Texnologiya İnstitutunda, Kolumbiya
Universitetində, İsveçrənin Sürix, Avstriyanın
Vyana universitetlərində köməkçi professor və alim kimi çalışıb. Hazırda ABŞ-ın Minnesota
Universitetinin professorudur.
Elmdə ciddi uğurlar qazanan alim-tədqiqatçıların yolu orta məktəbdən keçir, fundamental elmlərin də bazası məhz orta məktəb illərində qoyulur. Bu baxımdan Anar Əhmədovun orta məktəb illərindəki uğurları da maraqlıdır. Buna görə də söhbətimizə hər birimizin formalaşmasında mühüm yeri olan orta məktəbdən başladıq.
- Orta məktəbdə oxuduğum illərdə keçmiş SSRİ Elmlər Akademiyasının keçirdiyi “Kvant” riyaziyyat müsabiqələrinin, ölkəmizdə təşkil olunan riyaziyyat olimpiadalarının qalibi olmuşam. 1993-cü ildə İstanbulda keçirilən 33-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi adına layiq görülmüşəm. Bu yarışmalardakı uğurlar məni riyaziyyat sahəsinə yönəldib, bu elmə güclü maraq yaradıb və daim öz üzərimdə çalışmağı öyrədib. Düşünürəm ki, olimpiadaların şagirdlərin inkişafında rolu çox böyükdür və onların gələcəkdə uğurlu bir mütəxəssis kimi yetişməsinə çox köməklik edə bilər.
- Siz dünyanın fərqli universitetlərində ali təhsil almısınız. Ali təhsilin həyatınızda rolunu necə qiymətləndirirsiniz?
- Ali təhsilin mənim həyatımda rolu çox mühüm olub. ABŞ-da Kaliforniya Universiteti, Berkli və Prinston universitetlərində bir sıra ən güclü riyaziyyatçılardan dərslər almışam və onlardan riyaziyyatın topologiya sahəsini öyrənmişəm. Böyük qardaşım Azər Əhmədovun (hazırda o da mənim kimi ABŞ-da riyaziyyat sahəsində professor kimi çalışır və ABŞ-ın Yale Universitetində doktorluq elmi dərəcəsi alıb) mənim ali təhsilimdə rolu böyükdür. Bu mentorlar və professorların mənim təhsilimdə rolu həlledici olub.
- Siz ABŞ-dan əvvəl
Avropa universitetlərində
çalışmısınız.
Necə
oldu ki, Amerikada işləməyə qərar verdiniz?
Amerikada hansı çətinliklərlə
üzləşdiniz?
- Mən
təhsilimin böyük bir hissəsini Amerikada bitirmişəm
və bura mənə Azərbaycandan sonra ikinci vətən sayılır. Bu səbəbdən məhz
Amerikada çalışmağa və daimi elmi karyeramı burada qurmağa qərar verdim. Tez-tez Avropa universitetlərinə
çalışmaq üçün dəvət olunuram. Şübhəsiz ki, Amerikaya ilk gəldiyim illərdə müəyyən maliyyə çətinlikləri
ilə üzləşdim və
bir müddət sonra hər sey yoluna
düşdü.
-
İndiki iş yeriniz barədə məlumat verərdiniz. Hazırda hansı elmi mövzu üzərində
çalışırsınız? İndeksli
jurnallarda məqalələriniz çap olunubmu?
- 2009-cu
ildən Minnesota Universitetində (University of Minnesota) professor
kimi çalışıram.
Üzərində işlədiyim məsələ
dörd ölçülü topologiya sahəsində məşhur olan “Hamar Puankare Hipotezi” (“Smooth
Poincare Conjecture”) ilə
bağlı və ona
yaxın olan bir sıra məsələlərdir. Mənim
aldığım elmi nəticə bu istiqamətdə hal-hazırda mütəxəssislər
tərəfindən ən uğurlu nəticə hesab olunur. Mənim isbatladığım teoremlərdə ən
kiçik həcmli və sonsuz sayda ekzotik hamar strukturlar
qurulub. Bu işimlə əlaqəli məqalələrim
riyaziyyat sahəsində məşhur
olan “Inventiones Mathematicae”, “Advances in Mathematics”, “Journal of
Europian Math Society”, “Journal of Topology”
və bir sıra başqa aparıcı jurnallarda dərc
olunub.
- “Simons” Fondunun təqaüdünü
qazandınız. Bildiyimizə görə universitet bu il yalnız sizin namizədliyinizi dəstəkləyib. Bu təqaüd sizin
üçün hansı imkanlar açır. Təəssüratlarınız
necədir?
- Amerikanın “Simons” Fondu 2018-ci il üzrə ABŞ və Kanadanın nüfuzlu
universitetlərində tədqiqatlar
aparan 52 alimə təqaüd ayırıb. Başqa ali məktəblər
kimi, bizim universitetdən də hər il bir
neçə daimi professorun namizədliyi
irəli sürülür, ancaq
son qərar “Simons” Fondu
Seçim Komitəsi tərəfindən qəbul edilir. “Simons” Fondunun mükafatı öz
sahəsində seçilmiş alimlərə verilir. Qeyd edim ki, mən 2012-ci ildə
çox prestijli sayılan “Sloan” Fondunun mükafatına da layiq
görülmüşdüm və “New York Times” qəzeti də bu barədə
yazmışdı (topologiya sahəsində
Amerika və Kanada üzrə iki gənc professordan biri olaraq:
www.users.math.umn.edu/~akhmedov/2012_srf_nytimes_ad.pdf). Bu mükafatları almaq mənim üçün
çox qürurvericidir. “Simons” mükafatı mənə
2018-2019-cu illərdə Harvard Universitetində tədqiqat
aparmaq və oradakı alimlərlə birgə
çalışmaq imkanı verir.
- Minnesota
Universitetinin azərbaycanlı müəllimi əcnəbi
auditoriya qarşısında özünü necə hiss
edir? Digər
professorlarla münasibətiniz necədir?
- Mən
uzun illərdir
Amerikada yaşadığımdan, təhsil aldığımdan və işlədiyimdən, eləcə
də Amerika vətəndaşı olduğumdan
özümü əcnəbi hiss etmirəm. Digər
professorların mənə münasibəti də çox
yaxşıdır və hazırkı universitetimdən
və həmkarlarımdan çox
razıyam.
- Amerika universitetində
çalışan professorun sərt iş rejimi varmı?
Professorun iş günü necə təşkil edilir və
onun ştat cədvəlinə hansı vəzifələr daxildir?
- Bəli,
sərt iş
rejimi var. Məsələn, mən
həftənin dörd günü (saat 9.00 - 16.00 arası)
mühazirələr oxuyur,
seminarlar aparır, çıxışlara qoşulur, tələbələrimlə
görüşür və müəyyən komitə iclaslarında iştirak edirəm. İş saatım adətən evdə elmi layihələrim üzərində
düşünməklə davam edir.
Qeyd edim ki,
mühazirə və
seminar saatlarını professorlar özləri müəyyən
edirlər.
- İmpakt-faktorlu jurnallarda çap olunmaq alimlərin vəziyyətinə,
durumuna necə təsir edir?
- Bəli, impakt-faktorlu jurnallarda çap olunmaq alimlərin
vəziyyətinə yaxından təsir edir. Müəyyən
daimi professor titullarının (assistent-professor,
associate-professor və ya full-professor) verilməsində yüksək impakt-faktorlu jurnallarda çap olunmaq çox
mühüm rol oynayır.
- Bu gün ABŞ-da elmə
yanaşma necədir? Birləşmiş Ştatlarda elm hansı mənbələrdən
maliyyələşdirilir?
- Birləşmiş
Ştatlarda elmə və təhsilə yanaşma çox
yüksək səviyyədədir. Tələbələrin, aspirantların və alimlərin uğur
qazanması üçün hər
cür şərait
yaradılıb. Elmə və
təhsilə böyük qrantlar ayrılır (National Science Foundation, National
Institute of Health və başqa qurumlar tərəfindən).
Qeyd etmək istəyirəm ki, indiki vəziyyət əvvəlki
illərlə
müqayisədə o qədər də
yaxşı deyil. Ancaq bunun müvəqqəti
olduğunu düşünürəm.
- Tələbələr
üçün Amerika universitetlərində təhsil nə qədər əlçatandır?
-
Amerikanın aparıcı universitetlərində bakalavr və
magistratura təhsili almaq üçün müəyyən
imtahanlar tələb olunur (məsələn, SAT, GRE, GMAT, TOEFL və sair).
Düzdür, təhsil haqları
ABŞ-da Azərbaycanla müqayisədə çox yüksəkdir, ancaq yaxşı oxuyan tələbələr
dövlət, təhsil
aldıqları universitetlər və
müəyyən fondlar tərəfindən maliyyələşdirilir.
Doktoronturaya qəbul şərtləri daha çoxdur və
belə tələbələr oxuduqları universitetlər tərəfindən
tam maliyyə dəstəyi
alırlar. Bizim fakültə hər
il doktoranturada
oxuyacaq 20-25 tələbə qəbul edir və onlar Minnesota Universiteti tərəfindən
tam maliyyə yardımı alırlar.
- Yerli tələbələrin
hansı zehni (mental) xüsusiyyətlərini vurğulaya bilərdiniz?
Tələbələr elmi tədqiqatlara cəlb
olunurmu, hansı kursdan?
- Bizim
fakültədə doktorantura tələbələri adətən
III kursdan elmi tədqiqatlara cəlb olunurlar. Bundan əvvəl,
onlar riyaziyyatın cəbr, analiz
və topologiya sahələrindən
sınaq imtahanlarını keçməli, özlərinə elmi rəhbər
seçməli və daha sonra
namizədlik imtahanı
verməlidirlər. Adətən bu 3
ilə yaxın çəkir və tələbələr əlavə 2-3 il doktorluq dissertasiyası üzərində işləyirlər.
- Amerika
universitetlərində müasir tendensiyalar hansılardır?
Ölkəmizin ali məktəblərində
nələri görmək istərdiniz?
-
ABŞ-da tələbələr kurs seçimlərində xeyli sərbəstdirlər. Tələbələr
əksər kursları və dərs saatlarını
özləri seçirlər. Burada universitetlərin və orta məktəblərin
kitabxanaları həddən artıq zəngindir. Məsələn,
istənilən kitab və məqaləni qısa müddətdə əldə etmək olur. ABŞ-da elmə və
təhsilə böyük qrantlar ayrılır, yaxşı oxuyan tələbələr
qiymətləndirilir və sonradan asanlıqla iş tapa bilirlər.
Bütün
bunları Azərbaycan
ali məktəblərində görmək istərdim.
- Amerikada
milli bayramlarımızı necə keçirirsiniz?
- Milli bayramlarımızı
ailəmlə və yaşadığım Twin
City-dəki (Minneapolis - Saint Paul) dostlarımla birlikdə qeyd
edirəm. Bu bayramlardan Novruzu, 28
May Respublika Günü, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü, 8 Mart Beynəlxalq Qadınlar
Günü və Ramazan Bayramı evdə, bir qayda olaraq, xüsusi qeyd olunur. Övladlarımız Lalə və Emili milli və
vətənpərvərlik ruhunda böyütməyə
çalışırıq. Onlar yaxın keçmişimizdə
baş vermiş 20 Yanvar, Qarabağın işğalı və
Xocalı soyqırımı barədə də geniş məlumatlıdırlar
və bu kədərli günlər evimizdə daima
anılır.
Amerikalı tələbələr azərbaycanlı
professor barədə
Anar Əhmədov Minnesota Universitetinin seçilən gənc
alimlərindəndir. Bəs tələbələri onu necə
qiymətləndirir? Məlumdur ki, ABŞ-ın bir
sıra universitetlərində təhsil alan tələbələr
ali məktəbin saytında xüsusi səhifədə anonim
qaydada öz müəllimlərini qiymətləndirirlər. Anar Əhmədovla bağlı
müsahibəni hazırlayarkən tələbələrinin həmyerlimiz
barədə şərhləri
ilə maraqlandım. Həmin şərhlərin bəzilərini də məqaləyə
əlavə etməyi düşündüm.
“Düşünürəm
ki, Anar riyaziyyat müəllimi kimi ideal professordur. O,
çox gözəl alimdir və hər zaman tələbələrlə
daha çox ünsiyyətdə olmaq üçün vaxt qazanmağa
çalışır. O, dərsdənkənar vaxtlarda da tələbələrinə
zaman ayırır”.
“Anar mənim sevimli
professorum olub. O,
materialı çox yaxşı anlayırdı və izah
edirdi. Professor çox nümunəvi
dərs keçir, heç vaxt dərsin necə keçdiyini
hiss etmirdim. Onun
verdiyi qiymətlər çox ədalətli idi, hərçənd
ki, ondan qiymət almaq asan başa gəlmirdi. Şəxs
olaraq o, çox yaxşı insandır, hər zaman öz tələbələrinə
kömək etməyə, səmimiyyətlə onların
qayğısına qalmağa hazırdır”.
“Əhmədov Minnesota
Universitetinin ən yaxşı professorlarından biri idi.
Sinifdə mövzuları diqqətlə izah edir
və bir çox nümunələr verir. O, həmçinin
mühazirələr və iş saatlarında əvəzsizdir.
Onun testləri imtahan nümunələrinə oxşardır,
amma bir az daha mürəkkəbdir. Mən onu riyaziyyatı,
hesablamanı həqiqətən
öyrənmək istəyən tələbələrə
çox məsləhət görürəm”.
“Professor Əhmədovun
mühazirələri çox faydalı və
aydın başa düşüləndir. Onun ev
tapşırıqlarından bəziləri çətin idi,
amma mən dərs vaxtı ondan çox kömək aldım.
Onun testləri (seçilən imtahanlar üzrə)
bütövlükdə ədalətli və qiymətləndirmə
siyasəti çox ağıllı
idi”.
“Əla professordur.
Kursun materialını ətraflı başa
salır”.
“Yaxşı müəllimdir. O, dərsi
çox məharətlə keçir”.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.-
8 iyun.- S.11.