Nailiyyətlərim artdıqca daha çox həvəslənirdim”

 

Kənan Xəlilzadə: “Əziyyətlərə qatlaşmasaydım bu uğurlar taleyimdən yan keçəcəkdi”

 

İstedadlı yeniyetmə Kənan Xəlilzadə ilə telefon əlaqəsi saxlayıb haqqında məqalə yazmaq istədiyimi  bildirdim. Buna səbəb isə  müxtəlif nominasiyalar üzrə musiqi yarışmalarında onun qazandığı uğurlar barədə redaksiyamıza daxil olan  məlumatlar  idi. Gözləmədiyi halda qəfil zəngimdən  hədsiz sevindiyini  ifadə edən  Kənan   hazırda  konsertdə olduğunu söylədi və əlavə etdi ki, ertəsi gün görüşməyə hazırdır. Ertəsi  günsə  biz onunla  musiqi məktəbində  görüşdük. Çox səmimi və mehriban olan  yeniyetmə musiqiçi ilə  söhbətimiz də  maraqlı alındı. Qazandığı uğurları  barədə  ürəkdolusu söhbət açdı:

 

- Mən  Kənan  Xəlilzadə  Səbuhi oğlu 2002-ci il mayın  8-də Bakı şəhərində anadan olmuşam. 2008-ci ildə paytaxtdakı  283  nömrəli  tam orta məktəbin birinci sinfinə daxil olaraq təhsilimə başlamışam.  Kiçik yaşlarımdan, daha  doğrusu, dilim söz tutandan  televiziya kanallarında   musiqili verilişləri maraqla izləyirdim. Xüsusən də klarnet alətini  görəndə qeyri -adi hisslər keçirirdim. Nədənsə bu musiqi alətinə daha çox marağım var idi. Sonralar  valideynlərim  bunu hiss etdilər  və mənə  bu musiqi alətini  aldılar. 2010-cu ildə  isə L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik  uşaq musiqi məktəbinin klarnet sinfinə qəbul olundum.  Sevincimin hədd-hüdudu yox idi. Çünki uşaqlıq arzum  artıq gerçəkləşmişdi. Çox keçmədi ki,  müxtəlif nominasiyalı musiqi yarışmalarına qatıldım. Nailiyyətlərim bir-birini əvəz etdikcə  daha çox həvəslənirdim.

 

Beynəlxalq müsabiqələr laureatı

 

Musiqi məktəbində mənə klarnetdə  ifa eləməyin sirlərini  öyrədən çox hörmət bəslədiyim   müəllimim   Fizuli  Məmmədov  olub. Onun  üzərimdə çəkdiyi zəhmətin sayəsində respublika və beynəlxalq müsabiqələr laureatı olmuşam. 2016-cı ilin oktyabrında Bakı şəhərində keçirilən, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan  uşaq, yeniyetmə və gənclər arasında respublika musiqi müsabiqəsində uğurlu iştirakıma görə fəxri fərmana layiq görülmüşəm.

 

Qran-pri mükafatı

 

Həmin ilin noyabrında isə Estoniyanın  Narva şəhərində keçirilən VII Beynəlxalq “Baltik ulduzları” musiqi müsabiqəsində  iştirak etdimQran-pri mükafatına layiq görüldüm. Dünya bəstəkarlarından   A.GiampierininVenesiya Karnavalı”, L.V.BethoveninSonatina”,  İ.QedjadzeninLastoçka” əsərlərini ifa etdim. Münsiflər heyəti ifalarımı çox bəyəndi.  Onlar Qran-pri mükafatını  mənə təqdim edəndə  müəllimim və  valideynlərim  hədsiz  sevinirdilər. Həmin anda  qeyri-ixtiyari  müəllimim Fizuli Məmmədovun   dərsə başladığım ilk gündən  mənə verdiyi öyüd-nəsihəti  xatırladım. Müəllimim haqlı idi, mən əziyyətlərə qatlaşmasaydım bu uğurlar  taleyimdən yan keçəcəkdi.

 

Sevincimi dostlarımla bölüşdüm

 

2017-ci ilin aprelində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İslam Dünyası gənc klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Hər il  keçirilən  bu müsabiqə İSESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil olunur. Bu il də müsabiqəyə bir çox islam ölkələrinin gənc istedadları qatıldı. Müsabiqədə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Rusiya Federasiyası (Başqırdıstan, Tatarıstan, Dağıstan), Malayziya, Misir, Qırğızıstan, Küveyt, Mərakeş, İran və İndoneziya kimi ölkələrdən  yeniyetmə və gənc ifaçılar  mübarizə aparırdı. Müsabiqə təkcə gənclərin istedadını nümayiş etdirmək deyil, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətli idi. Sonda islam dünyası gənc klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsi çərçivəsində xüsusi fərqlənən gənclərin adları tədbirdə səsləndirildi. Onların sırasında mənim də adım  çəkildi və  III yeri qazandım. Müsabiqədə  A.Giampierinin  “Venesiya Karnavalı”, V.Monti- “Çardaş”,  Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi” əsərlərini ifa etdim və  alqışlarla qarşılandım. Ertəsi gün  sevincimi dostlarımla bölüşdüm. Onlar da mənim  uğuruma   sevinirdilər. Dünya bəstəkarlarının əsərlərini  dinlədikcə, qeyri-ixtiyari olaraq dərin xəyallara dalıram, elə bil musiqi məni ecazkar bir aləmə aparır.

 

2018-ci ilin aprel ayı mənim üçün uğurlu oldu

 

2018-ci ilin apreli mənim üçün uğurlu oldu. Gürcüstanın Tbilisi şəhərində orkestr alətləri üzrə keçirilənYevgeni Mikeladzeadına olan 3-cü beynəlxalq  müsabiqədə  iştirak edəcəyimi eşidəndə  sevincimin hədd-hüdudu olmadı. Nəhayət, gənc musiqiçilər arasında keçirilən yarışmada  I yerə  layiq görüldüm. A.Messagerin   “Solo de Concours”,  İ.QedjadzeninLastoçka”, G.Piernenin  Canzonetta”, Q.Qarayevin  İldırımlı yollarlabaletindən  Ehtiraslı qızın rəqsi  tamaşaçılarda xoş ovqat yaratdı.

 

Xarici ölkələrdə dostlarım çoxdur

 

Hazırda  görkəmli bəstəkarımız olan Qara Qarayevin 100 illiyinə həsr olunacaq simli, nəfəsli zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsinə ciddi  hazırlaşıram. Qeyd edim ki, bu müsabiqələr sayəsində xarici ölkələrdən olan  dostlarımın sayı da artıb. Onlarla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıram yazışırıq.   Paytaxtımızda  keçirilən beynəlxalq müsabiqələrə onlar da qatılırlar.

 

Klassik musiqilərə qulaq asıram

 

Asudə vaxtlarımda mütaliə edirəm, xarici   milli  klassik bəstəkarların əsərlərinə qulaq asıram,  velosiped sürməyi çox xoşlayıram. Sevdiyim fənlər isə riyaziyyat, Azərbaycan rus dilləridir. Ən böyük arzum ölkəmizi daha mötəbər yarışlarda təmsil etmək,  Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır. Əminəm ki, bunun da  öhdəsindən gələcəyəm. Xalq artisti  T.Göyçayevin rəhbərliyi ilə keçirilən bir çox konsertlərdə  solo çıxışım tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanıb.

 

Yaxşı ifaçı olmaq üçün çox çalışmalıyam

 

Hazırda  Laçın şəhəri 2 nömrəli tam orta  məktəbin 10-cu sinfində təhsil alıram. Gələcək üçün  planlarım  da çoxdur,  yeni mahnılar yazdırmaq həvəsindəyəm.   İfalarım tamaşaçılar tərəfindən maraqla  qarşılanır.  Bu istiqamətdə işlərimi davam etdirməli, bu çətin  sənətin sirlərinə daha dərindən  yiyələnməliyəm.  Yaxşı ifaçı olmaq üçünsə  bilirəm ki, daha da çox çalışmalı, Azərbaycanın musiqi tarixini, mədəniyyətini  daha mükəmməl bilməliyəm.

                              

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2018.- 8 iyun.- S.14.