Ədəbiyyat biliciləri
2017-2018-ci dərs
ilində ölkənin ümumtəhsil məktəblərinin
VIII-XI sinif şagirdlərinin
iştirakı ilə “Ədəbiyyat biliciləri” Respublika müsabiqəsi keçirilib. Təhsil
naziri Ceyhun Bayramovun müvafiq əmrinə
əsasən müsabiqəyə qatılmış şagirdlərdən
5 nəfər I, 10 nəfər
II, 15 nəfər III dərəcəli
diplomlarla, 20 nəfər isə Tərifnamə ilə təltıf olunub.
Oxucularımıza
müsabiqədə I dərəcəli diplomla
təltif olunanları təqdim edirik.
Müəllimlərimə
minnətdaram
Aybəniz İSMAYILOVA: - Mən, Aybəniz İsmayılova 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. Birinci sinfi Bakıda oxusam da 2014-cü ildən təhsilimi Ağstafa rayon Köçəsgər kənd 1 nömrəli tam orta məktəbdə davam etdirmişəm. Orta məktəbdə oxuyanda ilk gündən məndə humanitar fənlərə marağı müəllimlərim yaradıb. Ona görə də 2016-cı ildə “Ədəbiyyat biliciləri” Respublika müsabiqəsində III, 2017-ci ildə II yeri tutmuşam.
Builki müsabiqədə iştirakım isə daimi yadda qalandır. Çünki çox həyəcanlı idim, məqsədim I yer tutmaq idi. Biliyimizi üzə çıxartmaq üçüm yaradılan şərait, göstərilən diqqət həyəcanımı arxada qoydu.
Nəticədə 2018-ci ildə “Ədəbiyyat biliciləri” Respublika müsabiqəsində I yeri tutduğuma görə Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşəm. Qazandığım uğurlara görə mənə dərs deyən müəllimlərimə minnətdaram.
Onu da deyim ki, builki qəbul imtahanlarının birinci mərhələsində isə 627 bal toplamışam.
Arzum ingilis dilində təhsil alıb, savadlı bir hüquqşünas olmaqdır. Bunun üçün səylə çalışıram.
Vaxtımın çoxu kitabxanada keçir
Lamiyə HÜSEYNOVA: - Mən, Lamiyə Hüseynova 2002-ci ildə Şabran şəhərində anadan olmuşam. Rayonun Xırdaoymaq, Təzəkənd kənd məktəblərində 9-cu sinfə kimi oxumuşam.
Hələ bu məktəblərdə oxuyanda ədəbiyyat müəllimim Nəzakət xanım ixtisas seçimimdə mənə yardımçı olub. 2017-ci ildə ümumi orta təhsili bitirdikdən sonra Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin X sinfində təhsilimi davam etdirmişəm. Bu məktəbdə ədəbiyyat fənnindən mənə Bəşarət Həmidov dərs deyib. Burada da oxuyanda əlavə ədəbiyyat məşğələrində fəal iştirak etmişəm. Zəhmətim hədər getməyib. 2017-2018-ci dərs ilində ölkənin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsində Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşəm. Qazandığım uğurlara görə müəllimlərimə minnətdaram.
Gələcəkdə arzum Azərbaycan Diplomatik Akademiyasına qəbul olub, hüquqşünas olmaqdır. Bunun üçün müəllimlərimin tapşırıqlarını vaxtında, keyfiyyətlə yerinə yetirirəm.
Vaxtımın çoxu kitabxanada keçir.
Bədii ədəbiyyata
marağım böyükdür
Bənövşə MƏMMƏDOVA: - Mən, Bənövşə Məmmədova 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Oxuduğum Humanitar fənlər təmayüllü məktəb-liseyi doğma evim hesab edirəm. Liseyin bütün ictimai işlərində yaxından iştirak etməklə bərabər, dərslərimi yaxşı oxuyuram. Fənlər arasında fərq qoymuram. Çalışıram ki, bütün fənlərdən dərin bilik əldə edim. Bədii ədəbiyyata isə marağım böyüdür. Keçən il məktəbimizdə ən çox kitab oxuyan şagirdlər arasında 2-ci yeri tutmuşam. Rayon və respublika olimpiadalarının fəal iştirakçısı olmuşam.
2017-2018-ci dərs ilində ölkənin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinə bu il mən də qatıldım. Həmin gün ədəbiyyatdan təqdim edilmiş sualları nə qədər düzgün cavablandırsam da, daxilimdə bir narahatçılığım var idi. Fikirləşirdim ki, məktəb rəhbərliyinin, valideynlərimin ümidini mütləq doğrultmalıyam...
Adi günlərdən biri idi, otaqda oturmuşdum. Anam məni bərk-bərk qucaqlayıb təbrik etdi və dedi: “Qızım, “Ədəbiyyat biliciləri” müsabiqəsində Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüsən. Məktəbin direktoru bu gün evimizə zəng etmişdi”.
Çox sevindim, sevincimi sinif yoldaşlarımla, yaxınlarımla bölüşdüm. Məni hamı təbrik etdi. Həmin gün çoxları ədəbiyyatı çox sevdiyimdən elə bilirdilər ki, mən ədəbiyyat müəllimi olacağam.
Amma ölkəmizə layiqli neftçi olmaq arzusundayam. Gələcəkdə Bakı Ali Neft Məktəbinin Neft- kimya mühəndisliyi fakültəsində oxumaq istəyirəm.
Yüksək bal toplamağı hədəf seçmişəm
Arzu ƏLİYEVA: - Mən, Arzu Əliyeva 2001-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşam. 2006-cı ildən Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayıram. 2007-ci ildə Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Bu məktəbdə təhsil aldığım dövrdə bir sıra nailiyyətlərim olub. Müsabiqələrdə, bilik yarışlarında iştirak etmiş və müxtəlif dərəcəli yerlərə sahib olmuşam.
2009-cı ildə Rusiya-Azərbaycan dostluq və mədəniyyət mərkəzində rus klassiki A.S.Puşkinin anadan olmasının 210 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Masallı şagirdlərindən biri olmuşam.
2013-cü ildə Azərbaycan Resbublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilmiş “Uşaq hüquqları üzrə Pilləli Tədris” kursunu müvəffəqiyyətlə bitirmişəm.
2017-ci ildə 10-cu sinif şagirdi olarkən “Ədəbiyyat biliciləri” müsabiqəsində iştirak etmişəm. Bu müsabiqədə üçüncü dərəcəli diplomla təltif olunmuşam.
11-ci sinifdə təhsil alarkən rayonda tam orta və ümumi orta məktəb şagirdləri arasında “inşa” yazı müsabiqəsində 1-ci yerə layiq görülmüşəm.
2018-ci ildə isə yenidən respublikamızda artıq 3-cü dəfə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinə qatıldım və respublika birincisi oldum. Həmçinin bu il III qrup üzrə qəbul imtahanında 568 bal topladım. Növbəti qəbul imtahanında 600 bal səddini keçməyi özümə hədəf seçmişəm.
Məqsədim
müəllim işləməkdir
Günel PAŞAYEVA: - Mən, Günel Paşayeva 2001-ci ildə Quba rayonunun Şuduq kəndində anadan olmuşam. 2006-cı ildə U.Mikayılov adına Şuduq kənd tam orta məktəbinin hazırlıq sinfinə qəbul olunmuşam. Bu gün həmin məktəbin məzunuyam. Orta məktəb dövründə bir çox müsabiqələrdə iştirak etmişəm. VII və VIII siniflərdə oxuduğum müddətlərdə rayonda keçirilmiş şeir müsabiqələrində və digər rayon tədbirlərində fəal iştirak edib məktəbimizə yaxşı nəticələrlə qayıtmışam. 4 fevral 2018-ci il tarixdə keçirilmiş Respublika fənn olimpiadalarının I turunda iştirak etmiş və rayon üzrə yüksək nəticə göstərərək 95 bal nəticə ilə II tura çıxmışam. Müsabiqənin II mərhələsində 100 bal toplayaraq Respublika turuna vəsiqə qazanmışam.
11 fevral 2018-ci il tarixdə Quba rayonunda keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsində iştirak edərək final mərhələsinə yüksəlmişəm. Final mərhələsində yüksək nəticə göstərərək Təhsil Nazirliyi tərəfindən I dərəcəli diplomla təltif olunmuşam.
Bu il qəbul imtahanlarının I mərhələsində II ixtisas qrupu üzrə imtahan verib, repetitorun köməyi olmadan 482 bal toplamışam. Qəbul imtahanının II mərhələsində isə hədəfim 600 baldan yüksək nəticə göstərməkdir. Arzum ali məktəblərin birində tarix-coğrafiya ixtisası üzrə təhsilimi davam etdirməkdir. Bu işdə mənə dəyərli müəllimlərim yaxından kömək edir. Ən böyük məqsədim isə ali məktəbi qurtardıqdan sonra universitetdə müəllim işləməkdir.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2018.-
14 iyun.- S.14.