“Alqışlardan
hiss edirdim ki,
birinci yeri tutacağam”
Sevda Cəbrayılova: “Mənə
olan ümidləri doğruldacağıma söz
verdim”
Sevda Cəbrayılova
ilə Respublika İncəsənət Gimnaziyasında
direktorun kabinetində
görüşüb həmsöhbət
olduq. Öyrəndim ki, o, Özbəkistanda keçirilən
beynəlxalq “İstedad”
müsabiqəsindən yenicə
qayıdıb və rəngarəng çıxışları
ilə bu mötəbər yarışmada
I yerə layiq görülüb. Direktor Aytən Əhmədova da arabir söhbətimizə müdaxilə
edir, bu istedadlı yetirməsinə
vurğunluğunu gizlədə
bilmirdi. Şübhəsiz, möhtəşəm qələbəsi münasibətilə
mən də Sevdanı ürəkdən
təbrik etdim və ona bol-bol
yaradıcılıq uğurları
arzulayaraq oxucularımıza
özü haqqında
ətraflı məlumat
verməsini xahiş etdim. İlk baxışda utancaq
yeniyetmə təəssüratı
yaradan həmsöhbətimi diqqətlə
dinləyərkən təhsil
aldığı gimnaziyanın
fəxri adlandırmamaq mənim üçün də mümkünsüzdü.
II yerə layiq görüldüm
2003-cü ildə Bakıda
anadan olmuşam. 3-cü sinifdə oxuyanda Qaradağ rayonundakı 28 nömrəli musiqi məktəbində kanon aləti üzrə Bahar Əsgərovanın sinfində təhsil almışam. Təhsil
aldığım müddətdə
də müsabiqələrdə
iştirak edirdim, amma bir dəfə
də olsun qalib ola
bilmirdim. Nəhayət ki, 2016-cı ildə
ilk dəfə olaraq tarzən Ramiz Quliyevin iştirak etdiyi respublika müsabiqəsinə qatıldım
və II yerə layiq görüldüm.
İfalarım alqışlarla qarşılandı
Dünya və Azərbaycan
bəstəkarlarının əsərlərini sevə-sevə
ifa edirəm. 2017-ci ildə dahi
bəstəkar Bülbülün
120 illiyinə həsr
olunmuş respublika müsabiqəsində III yerə
layiq görüldüm.
Görkəmli rus bəstəkarı
P.İ. Çaykovskinin “Güllər”
valsını, Nazim Əliverdibəyovun “Elegiya”
əsərini ifa etdim. Həmin gün sevincimin hədd-hüdudu olmadı.
Çünki ifalarım alqışlarla
qarşılandı.
İlk dəfə idi ki, beynəlxalq müsabiqəyə qatılırdım
2018-ci ilin aprel ayı mənim üçün çox uğurlu oldu. Eşidəndə
ki, Özbəkistanda keçirilən “İstedad”
beynəlxalq müsabiqəsində
iştirak edəcəyəm,
çox sevindim. Bəs necə! İlk dəfə beynəlxalq
müsabiqəyə qatılacaq,
başqa şəhərə səfər
edəcəkdim. Bu cür
etimaddan sonra mən də öz-özümə, hökmən
qalib olmalıyam, - deyə düşündüm.
Mənə olan ümidləri
doğruldacağıma heç
kimə yox, özümə söz verdim və daha ciddi məşqlərə
başladım. Gecəni gündüzə
qatmışdım, məşq
etməkdən yorulmurdum,
sanki qeybdən mənə enerji verilirdi. - Hökmən
birinci olmalıyam,- düşünürdüm.
Vaxt yetişdi və hava limanına yollandıq. Çox kövrəlmişdim.
Anamla baxışlarımız toqquşdu. Axı, heç vaxt valideynlərimdən
ayrı qalmamışdım. Ürəyimdə
öz-özümə suallar verirdim ki, görəsən, necə olacaq?! Müəllimlərimin ümidlərini doğrulda
biləcəyəmmi?! Dilim-ağzım qurumuşdu. Axır ki, özümü zorla da olsa
ələ ala bildim və təyyarəyə mindik. Amma təyyarədən düşəndə həyəcan
məni tam tərk etmişdi. Müsabiqənin təşkilatçıları
bizi qarşıladılar.
Fortepiano müəllimim
Svetlana Əhmədova da
bizimlə idi. Qürurlanırdım
ki, 14 ölkədən 543 nəfərin
qatıldığı beynəlxalq müsabiqənin iştirakçıları
arasında mənim də adım var. 28 nəfərdən ibarət
münsiflər heyətinin
tərkibində xalq artisti Ağasəlim Abdullayev də vardı. Adımı eşidəndə səhnəyə çıxdım.
Həyəcandan əllərim əsirdi,
ancaq nə yaxşı ki, özümü ələ
ala bildim. Azərbaycan bəstəkarları
Süleyman Ələsgərovun
“Şoloxo”, Aqşin Əlizadənin “Cəngi”,
Nazim Əliverdibəyovun
“Elegiya” əsərlərini
ifa etdim. Hamı ayağa qalxıb məni alqışlayırdı.
II mərhələyə keçdim. II mərhələdə muğamlarımızdan
“Bayatı şiraz” muğamını, bir də “Güljamol” özbək mahnısını
ifa etdim. İfalarım münsiflərin çox xoşuna gəlmişdi. Alqışlardan hiss edirdim ki, I yeri
tutacağam. Hamı ətrafıma
yığışdı. İfa etdiyim mahnıları qalib iştirakçılar
bəyənmişdi. Mahnıların notlarını istədilər,
mən də onlara hədiyyə etdim. Çox yorğun
idim. Müəllimim
Svetlana Əhmədova deyəndə
ki, I yeri qazandın, sevincimdən uçurdum.
Səhnəyə çıxanda hər
şeyi unut...
Yorğunluğum keçmişdi. İlk olaraq gimnaziyamızın
direktoru Aytən Əhmədovaya telefon açdım, çünki
Aytən xanım həmişə ifalarımı
dəyərləndirib. Özbəkistana getməzdən
öncə məni otağına çağırıb
dedi ki, ürəkli ol, sən birinci olacaqsan. Çox çalışmalısan, lap çox, səhnəyə
çıxanda
hər şeyi unut, fikrin ancaq
ifa etdiyin mahnıda olsun... Sonra isə valideynlərimə zəng
etdim, anam kövrəlmişdi... Qeyd
edim ki, beynəlxalq müsabiqədə
Milli Konservatoriyanın
II kurs tələbəsi
Ayşə Bünnətzadə
diplomla, gimnaziyanın VI sinif şagirdi Əli Xuduzadə, paytaxtdakı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Fərid Məmmədli isə III yerləri qazandılar.
Dostlarım da Azərbaycan
muğamlarını həvəslə dinləyirdilər
7 gün orada qaldıq. Bizi Səmərqənd şəhərinə ekskursiyaya
apardılar. Orada bələdçilər
bizə şəhərdə
olan tarixi abidələr haqqında ətraflı məlumat verdilər. Səmərqənd Özbəkistanın cənubunda yerləşir.
Nağılları xatırladan bir
şəhərdir.
Şəhərdə olan bir sıra məqbərələr,
məscidlər, mədrəsələr və sair tarixi yerlər
çox xoşuma gəldi. Bu tarixi yerlər turistlərin diqqətini daha çox cəlb edir. Hər axşam Azərbaycan
muğamlarını ifa
edirdim. Dostlarım da məni həvəslə dinləyirdilər.
Yeri gəlmişkən deyim ki, orada özümə
çoxlu dostlar da qazandım. Bu gün də əlaqələrimiz
davam edir, sosial şəbəkələr
vasitəsilə hər
gün həmsöhbət oluruq.
Qəbələ festivalına hazırlaşırıq
Qeyd edim ki, bacım Sevinc və qardaşım Cəbrayıl
da musiqiçidirlər. Biri kamança, birisə də
qarmon ixtisası üzrə təhsil alıb. Boş vaxtlarımızda biz bir yerdə mahnılar ifa edirik. Natəvan və Sveta müəllimlərimi çox
sevirəm. Mənim
uğurlarımda onların
əməyi böyükdür.
Hazırda Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ festivalına hazırlaşırıq. Müəllimim
Natəvan Həsənova
ilə bəstəkar Zakir
Bağırovun “Rapsodiya”
əsərini ifa edəcəyik.
Arzum Milli Konservatoriyaya qəbul olmaqdır. Bu arzunu
gerçəkləşdirmək üçünsə hələ
çox çalışmalıyam.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2018.- 14 iyun.- S.13.