Elm və təhsilin
inteqrasiyası
AMEA və Təhsil Nazirliyi səmərəli
əməkdaşlığı davam etdirir
Müasir dövrün reallıqları ölkələr
qarşısında həlli vacib vəzifələr qoyur. Bu vəzifələrin
böyük hissəsi istənilən ölkənin
inkişafının əsas hərəkətverici qüvvəsi
olan elm və təhsilin payına düşür. Məhz
elm və təhsilin üzvi surətdə vəhdəti biliklər
iqtisadiyyatının
inkişafına yol açmaqla insan kapitalının
formalaşmasını və rəqabət
dünyasında ölkənin mövqelərinin möhkəmlənməsini şərtləndirir. Son illərdə Azərbaycanın
elm və təhsili sahəsində əldə edilən ən
mühüm yeniliklərlə AMEA-nın Rəyasət Heyətinin
iyunun 8-də respublikamızın elm və təhsil
elitasının iştirakı ilə keçirilən
ümumi
yığıncağında
yaxından tanış olmaq olardı.
Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə
Akademiyanın beşillik fəaliyyətinə dair məruzə
ilə çıxış edib. O, Akademiyanın Rəyasət Heyətinin
2013-cü ildə seçilmiş tərkibinin beşillik fəaliyyət
müddətinin başa çatdığını, bu
müddətdə prioritet istiqamətlər üzrə bir
çox nailiyyətə imza atıldığını
bildirib: “Bu gün Akademiya elmi problemlərin həlli ilə bərabər,
respublikamızın ictimai və iqtisadi inkişafında,
strateji yol xəritələrinin həyata keçirilməsində
yaxından iştirak edir”.
Akademik Akif Əlizadə AMEA-da həyata keçirilən
sosial proqramlardan, elmin populyarlaşdırılması istiqamətində
fəaliyyətdən, hüquqi islahatlar, ictimaiyyətlə əlaqələrin
qurulması sahələrindəki uğurlardan da söz
açıb.
Elm və təhsil vahid sosial institut
kimi
AMEA-nın
prezidenti çıxışında qeyd edib ki, son beş ildə elmlə təhsilin
inteqrasiyası, kadr hazırlığı sisteminin müasir
standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat
işlərinin nəticələrinin tədris prosesində tətbiqi,
multidissiplinar biliklərin tədrisi istiqamətində bir
sıra mühüm işlər görülüb. Akademiyada elm və təhsilin vahid sosial institut kimi
formalaşması əsas vəzifələrdən biri kimi
qarşıya qoyulub. Akif Əlizadə diqqətə
çatdırıb ki, yüksək ixtisaslı kadr
hazırlığı sahəsində elm və təhsilin səmərəli
şəkildə inteqrasiyasına nail olmaq, ölkəmizin
kadrlara artan tələbatını ödəmək məqsədilə
ölkə rəhbərliyinin dəstəyi sayəsində
AMEA-da magistratura pilləsi yaradılıb. AMEA-da
magistratura təhsilinin həyata keçirilməsi ilə
bağlı Milli Məclis tərəfindən “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq
dəyişikliklər
olunub. Natiq elm və təhsilin inteqrasiyası sahəsindəki
uğurlardan biri kimi doktorantura təhsilinin
və elmi tədqiqatların modernləşdirilməsi üzrə
həyata keçirilən “Nizami” layihəsini də xüsusi
qeyd edərək, son beş ildə tətbiqi tədqiqatların
səmərəliliyinin mühüm dərəcədə
artdığını bildirib: “Son beş ildə əsas
uğurlarımızdan biri “Web of Science”, “Scopus”, “Google”
bazaları üzrə statistik göstəricilərin
dayanıqlı yüksəlmə meyilləri ilə
bağlıdır”. Hazırda beynəlxalq elmi
bazalarla əməkdaşlığın genişləndirilməsinin
elmi məhsuldarlığın dinamikasına müsbət təsir
göstərdiyini deyən natiq bildirib ki, bu məqsədlə
“Clarivate Analytics” təşkilatı ilə AMEA arasında
saziş imzalanıb.
Sazişə əsasən, AMEA-nın bütün elmi
müəssisələrində çalışan alimlər
“Web of Science” bazasından istifadə imkanı əldə edib:
“AMEA-nın əksər elmi müəssisələrinin “Web of
Science” bazasında vahid profili mövcuddur. Bu
profillər vasitəsilə elmi müəssisələrin və
əməkdaşların nəşr aktivliyini, H (Hirş)
indeksini və istinad göstəricilərini asanlıqla əldə
etmək mümkündür”.
Təhsil-tədqiqat-innovasiya
Tədbirdə
çıxış edən təhsil naziri Ceyhun Bayramov
Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilən iqtisadi strategiyanın əsas prioritetlərindən
birinin bilik iqtisadiyyatının formalaşdırılması,
təhsil, elm və innovasiya arasında effektiv
qarşılıqlı əlaqənin yaradılması
olduğunu bildirib: “Təsadüfi deyil ki, təhsilin
inkişafı üzrə Dövlət Strategiyasında ali təhsil
müəssisələrində “təhsil-tədqiqat-innovasiya”
formatında inkişafın təşviqi əsas hədəflərdən
biri kimi nəzərdə tutulub, bu da elmi fəaliyyətin nəticələrinin
kommersiyalaşdırılmasına diqqətin
artırılmasını zəruri edib”.
Elmi fəaliyyətin stimullaşdırılması ilə
bağlı həyata keçirilən tədbirlərdən
danışan nazir dünyanın tanınmış
elmi-analitik informasiya təminatçısı olan “Clarivate
Analytics” (“Thomson Reuters”) şirkəti ilə 2015-ci ildən
başlanan uğurlu əməkdaşlığın öz
müsbət nəticələrini verdiyini diqqətə
çatdırıb. Belə ki, qlobal elmi
bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki
illə müqayisədə 75% artım müşahidə
olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin
sayında son 4 ildə 68% artım qeydə alınıb. Nəşr aktivliyinin
son 3 ildə artım dinamikasına görə Azərbaycan
regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin
sayı üzrə ən yüksək göstərici qeydə
alınıb, ilkin təhlillərə əsasən, 1118 elmi tədqiqat
işinin təxminən 43%-i ali təhsil müəssisələrinin
payına düşüb: “Onu da diqqətə
çatdırım ki, yalnız Təhsil Nazirliyinə tabe
olan ali təhsil müəssisələrində
çalışan alimlər tərəfindən hər il
200-dən çox monoqrafiya, 800-dən artıq dərslik və
dərs vəsaiti, 10 mindən çox elmi məqalə və
məruzə nəşr olunur”.
Elm və təhsilin inteqrasiyası
Müasir dünyada elm və təhsilin inteqrasiyası
mühüm trendlərdən biri kimi çıxış
edir. Təhsil naziri qeyd edib ki, hər il ali təhsil müəssisələrində
aparılan fundamental və tətbiqi elmi-tədqiqat işlərinin
nəticələri Təhsil Nazirliyi tərəfindən təhlil
edilir, mühüm elmi nəticələr ölkə üzrə
hazırlanan ümumi hesabata daxil edilmək məqsədi ilə
AMEA-ya təqdim olunur. 2017-ci ildə 152
mühüm elmi nəticə seçilərək AMEA-ya təqdim
edilib.
Nazir əlavə edib ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən
aktual elmi araşdırmalara vəsaitin ayrılması elmin
inkişafını stimullaşdıran əsas amillərdəndir. Fond ilk dəfə
olaraq, tədqiqatların akademik və təhsil qurumlarından
olan alimlər tərəfindən birgə aparılması məqsədi
ilə “Elm-təhsil inteqrasiyası” müsabiqəsi
keçirib. Müsabiqənin
nəticələrinə əsasən, 71 layihə qalib elan olunub ki, onlardan
69-u təhsil müəssisələrində
çalışan alim və mütəxəssislərin rəhbər
və icraçı qismində iştirakı ilə həyata
keçiriləcək. Unikal formatda aparılacaq
birgə tədqiqatlara 4 milyon 90 min manat vəsaitin təxminən
50/50 faiz nisbətində yönəldilməsi nəzərdə
tutulub.
Tədqiqat universiteti yaradılır
Ceyhun
Bayramov qeyd edib ki, Təhsil
Nazirliyinə tabe olan universitetlərdə çalışan
professor-müəllim heyəti tərəfindən
ixtiraların patentləşdirilməsinə dair son 5 ildə
216 sifariş verilib, ixtiralara alınan patentlərin sayı isə
159 olub ki, onlardan 98-i Azərbaycanda,
66-sı isə ölkə hüdudlarından kənarda
alınıb. Onu da qeyd etmək lazımdır
ki, universitetlərin mövcud elmi potensialı patentlərin
sayının əhəmiyyətli şəkildə
artırılmasına imkan verir. Bu baxımdan mövcud
elmi potensialdan səmərəli istifadə edərək elmi tədqiqatların
keyfiyyət əmsalının artırılması,
nüfuzlu beynəlxalq nəşrlərdə elmi məqalələrin
çapının genişləndirilməsi, tədqiqat nəticələrinin
daha geniş tətbiqinə nail olunması ali
təhsil və elmi tədqiqat müəssisələri
qarşısında duran əsas vəzifələrdəndir.
Bu istiqamətdə işlərin sistemli şəkildə
davam etdirilməsi, ölkəmizdə elmi potensialın
formalaşdırılması və davamlı inkişaf
etdirilməsi məqsədi ilə AMEA ilə birlikdə “tədqiqat
universiteti”nin yaradılması istiqamətində
işlərə başlanılıb.
Əməkdaşlıq
üçün geniş platforma
Son illər
Təhsil Nazirliyi və AMEA arasında əməkdaşlığın
yeni istiqamətləri müəyyən edilib, həyata keçirilən
layihələrdə uğurlu nəticələr
əldə olunub. AMEA-da
magistraturanın yaradılması elm və təhsilin
inteqrasiyası, eləcə də AMEA və Təhsil Nazirliyi
arasında əməkdaşlıq üçün geniş
platforma formalaşdırıb: “Əminik ki, ölkə
Prezidentinin bu tarixi qərarı Azərbaycanda elm və təhsilin
tərəqqisinə, intellektual potensialın
artırılmasına və insan kapitalının
inkişafına güclü təkan verəcək. Bu istiqamətdə reallaşdırılan tədbirlərin
davamı olaraq, cənab Prezidentin təşəbbüsü
ilə magistratura səviyyəsində təhsilalanlara hərbi
xidmətdən möhlət hüququ verilib və tələbə
təqaüdlərinin məbləği artırılıb.
Məhz bu siyasətin nəticəsidir ki, cari tədris ilində
ali təhsil müəssisələrinin
magistraturasına qəbul olunanların sayı əvvəlki
illə müqayisədə 36%, qəbul olunan oğlanların
sayı isə 74% artıb”.
Son illərdə
elmi kadr hazırlığını təmin edən
doktorantura təhsilinin təkmilləşdirilməsi istiqamətində
əhəmiyyətli addımların
atıldığını diqqətə çatdıran
nazir Təhsil Nazirliyi, AMEA, ölkəmizin 9 və Avropa
Birliyinin 5 ali təhsil müəssisəsi tərəfindən
“Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi
və vahid Avropa təhsil məkanının tələblərinə
uyğun strukturlaşdırılması”- “Nizami”
layihəsinin həyata keçirildiyini bildirib. Layihə çərçivəsində ölkəmizdə
doktorantura təhsili sahəsində qanunvericiliyin təkmilləşdirilməsi,
doktorantura təhsili standartlarının Avropa standartlarına
uyğunlaşdırılması, bu səviyyədə keyfiyyətin
təminatı və beynəlmiləlləşmənin
genişləndirilməsi istiqamətində tədbirlər həyata
keçirilir.
Elmi-pedaqoji kadr
hazırlığı
Nazir
çıxışında hər bir ölkənin ali təhsil sisteminin inkişafında
mühüm aspekt təşkil edən elmi-pedaqoji kadr
hazırlığı məsələsinə də toxunub.
Qeyd olunub ki,
Hazırda
elmi-pedaqoji kadr hazırlığı ali təhsil
müəssisələrinin əsas fəaliyyət istiqamətlərindən
birini təşkil edir. Belə ki, ölkə üzrə
doktorantura proqramları üzrə təhsil alan 3307 nəfərdən
fəlsəfə doktoru üzrə təhsil alanların 65%-i,
elmlər doktoru üzrə təhsil alanların 50%-i ali təhsil
müəssisələrinin payına düşür.
Ölkə
Prezidentinin təşəbbüsü ilə
reallaşdırılan xaricdə təhsil üzrə Dövlət
Proqramı çərçivəsində dünyanın
aparıcı universitetlərinə göndərilən 3558 nəfərin
63%-ni magistratura və doktorantura səviyyələrində təhsil
alan gənclər təşkil edir: “Əminəm
ki, təhsilini uğurla başa vuran həmin gənclər
ölkəmizdə elm və təhsilin inkişafına, elmi
potensialın gəncləşməsinə mühüm
töhfə verəcəklər”.
AMEA ilə səmərəli əməkdaşlıq
dərinləşdiriləcək
Məlumdur ki, qloballaşan dünyanın müasir
çağırışları kreativ düşüncənin
hələ erkən yaşlardan inkişaf etdirilməsinin əhəmiyyətini
daha da aktuallaşdırır. Ceyhun Bayramov qeyd edib
ki, müasir təfəkkürlü və yaradıcı
düşünən gənclərin bilik və
bacarıqlarının üzə çıxarılması və
onların tədqiqatçı-mütəxəssis kimi
formalaşması xüsusi əhəmiyyət
daşıyır. Bu baxımdan,
“Sabahın alimləri” müsabiqəsini xüsusi qeyd etmək
lazımdır. Təhsil Nazirliyinin AMEA və digər tərəfdaşlarla
birgə təşkil etdiyi müsabiqədə ümumtəhsil
məktəblərinin şagirdləri öz
ixtiraçılıq bacarıqlarını nümayiş
etdirir, seçilən layihələrdən ən
yaxşıları ölkəmizi 75 ölkədən 1800-dən
çox məktəblinin iştirak etdiyi Beynəlxalq Elm və
Mühəndislik Sərgisində təmsil edirlər.
Cari ilin mayında ABŞ-da təşkil olunan növbəti
Beynəlxalq sərgidə şagirdlərimizin 2
ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində
xüsusi mükafatlara layiq görülüb.
Bununla yanaşı, ümumtəhsil məktəblərində
“Kiçik akademiya”ların fəaliyyəti, şagirdlərin
olimpiadalara hazırlığı sahəsində Təhsil
Nazirliyi AMEA ilə səmərəli əməkdaşlıq
edir. Həyata
keçirilən uğurlu tədbirlərin nəticəsidir
ki, son 5 ildə Azərbaycan məktəbliləri beynəlxalq
olimpiadalarda 3 qızıl, 21 gümüş və 85
bürünc medal olmaqla ümumilikdə 109 medal
qazanıblar. Bu tədbirlər
şagirdlərdə tədqiqatçılıq
bacarıqlarının formalaşmasına zəmin yaradır.
AMEA-nın
ümumi Yığıncağı və Təhsil Nazirliyinin
kollegiyasının qərarına əsasən təsdiq
olunmuş “Elm və təhsilin inteqrasiyası üzrə birgə
fəaliyyət planı” çərçivəsində
tədbirlər uğurla həyata keçirilməkdədir.
Cari və növbəti illərdə AMEA-nın yüksək
elmi potensialı olan alimlərinin ali təhsil
müəssisələrinin magistrant və doktorantlarına
elmi rəhbər kimi cəlb edilməsinin genişləndirilməsi
və AMEA-nın tanınmış alimlərinin təhsil
müəssisələrində “ustad dərsləri”nin təşkili
istiqamətində birgə tədbirlərin həyata
keçirilməsi, elm-təhsil-innovasiya əməkdaşlığının
dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra “Azərbaycan
Respublikasının Nizami Gəncəvi adına
Qızıl medalı”, AMEA-nın Azərbaycanın görkəmli
alim və mütəfəkkirlərinin adına təsis etdiyi
adlı mükafatların sahiblərinə təqdim olunma mərasimi
keçirilib. Azərbaycanda neft sənayesinin
inkişafındakı böyük xidmətlərinə
görə AMEA-nın həqiqi üzvü Xoşbəxt
Yusifzadə, Azərbaycanda kosmik texnologiyaların
inkişafındakı böyük xidmətlərinə
görə Rusiya Elmlər Akademiyasının həqiqi
üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami
Gəncəvi adına Qızıl medalı” ilə təltif
ediliblər. Akademik Bahadır Tağıyevə AMEA-nın Nəsirəddin
Tusi, AMEA-nın müxbir üzvü Zeynal Əkpərova
AMEA-nın Həsən bəy Zərdabi, akademik Abel Məhərrəmova
AMEA-nın akademik Yusif Məmmədəliyev,
geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə
AMEA-nın akademik Musa Əliyev,
akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu
ağa Bakıxanov adına mükafatları verilib. AMEA-nın
akademik Üzeyir Hacıbəyli adına
mükafatına isə müasir Azərbaycan rəngkarlıq
məktəbini dünya səviyyəsində
tanıtdığına görə Xalq rəssamı Tahir
Salahov layiq görülüb.
Fasilədən sonra AMEA-nın prezidenti vəzifəsinə
və AMEA Rəyasət Heyəti üzvlüyünə
seçkilər keçirilib. Akademik Akif
Əlizadə yenidən AMEA-nın prezidenti, akademiklər Nərgiz Paşayeva, İradə
Hüseynova AMEA-nın yeni vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli,
İbrahim Quliyev, Tofiq Nağıyev və Dilqəm
Tağıyev yenidən AMEA-nın vitse-prezidentləri
seçiliblər. AMEA-nın müxbir
üzvü Bilal Bilalov isə vitse-prezident vəzifəsini icra
edən seçilib. Bundan başqa, səsvermə nəticəsində
akademiklər Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri
Bölməsinin, Nazim Məmmədov Fizika-Riyaziyyat və
Texnika Elmləri Bölməsinin, Fəxrəddin Qədirov Yer
Elmləri Bölməsinin, Dilqəm Tağıyev Kimya Elmləri
Bölməsinin, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin,
Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibləri
seçiliblər.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.-
14 iyun.- S.1; 6.