Hesabat, uğur hekayələri
və təşkilatlanmaq istəyi
Əsas qəhrəmanı Bakı
məktəbliləri olan ilk forum
“Nizami” Kino Mərkəzi məktəblilər üçün ayrılıb. Bakının hər yerindən şagirdlər gəlib. Bu gün onların - Bakı məktəblilərinin günüdür. Toplanma səbəblərinə gəlincə, forum keçirirlər.
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində baş tutan tədbirlərdən biri olsa da, məktəbin və məktəblinin həyatında bir ilkdir.
Daimi olması, hər il keçirilməsi diləyi ilə başladı. İstedadlı şagirdlərlə aparılan işin əhatə dairəsini genişləndirmək, gənc nəslin düzgün istiqamətdə formalaşmasına töhfə vermək, onların intellektual inkişafını diqqət mərkəzində saxlamaq, istedad və qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə təşkil edildi. Təşkilatçısı isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) idi.
Əsas qəhrəmanlar
məktəblilərdir
Bu tədbirin iştirakçıları da, əsas qəhrəmanları da məktəblilərdir. Məktəb həyatı nailiyyətlərlə dolu olan, uğuru uğur dalınca qazanan, elm, bilik, idman, incəsənət, musiqidə olan və bu nailiyyətləri sadəcə istedadlı olduğu üçün deyil, zəhmət çəkdiyi, qətiyyət göstərdiyi üçün əldə edənlərdir. Ancaq qonaqları da var: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, şagird dostları, bir də KİV nümayəndələri.
Foyedə şagirdlərin çəkdiyi rəsmlər sərgilənir. Məktəblilərin əlindən çıxan sənət nümunələri qonaqları valeh edib. Bir baxan dönüb bir də baxır.
Zalda isə yerlər tutulub. Dövlət himninin səsləndirilməsi ilə Forum işə başlayır. Bakı məktəblərinin böyük nailiyyətləri olan şagirdləri səhnəyə çıxıb öz uğur boxçalarını bir-bir açırlar.
Harvard
Universitetinin azərbaycanlı tələbəsi
Səhnəyə ilk çıxan İlkin Bayramlı olur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbdə oxuyur. XI sinif şagirdidir. Yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib. Bakı məktəblisi IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə qazandığını deyib. 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır. Əlavə edir ki, Harvard Universiteti onun qazandığı yeganə ali təhsil müəssisəsi deyil. İstedadlı məktəbli topladığı balla Harvarddan əlavə, Amerikanın Kolqeyd, Çexiyanın Çarles, Belçikanın Löven Katolik universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb.
Vokalist
hüquqşünas
Zeynəb Quluzadəni artıq çoxumuz tanıyırıq. Onun adını da, səsini də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində eşitdik. Həmin günlərdə hamı ondan danışdı. Olimpiada qalibi həm də ali təhsil müəssisələrinə qəbulda ən yüksək - 700 bal toplayanlardan oldu.
Zeynəb Quluzadə 2016-2017-ci tədris ilində Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc, 2017-2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb. Özü də sadəcə bilik yarışında məharətli deyil. Artıq səs yarışında da laureatdır. O, 2018-ci ildə Bakıda keçirilən II Beynəlxalq İncəsənət Olimpiadasında vokal üzrə I yerə layiq görülüb. Musiqiyə, incəsənətə böyük marağı olan zəkalı məktəblimiz yaxşı hüquqşünas olmağı qarşısına məqsəd qoyub. Repetitor köməyi olmadan, məktəbdə aldığı təhsillə 700 bal toplayan məktəbli ali təhsilini də yüksək nəticələrlə tamamlayacağına inanır.
Məlumat üçün qeyd edək ki, Zeynəb Quluzadə ibtidai təhsilini 5 nömrəli tam orta məktəbdə alıb. 2011-ci ildən Texniki-Humanitar Liseydə oxuyur. Dediyinə görə, liseyə qəbul imtahanında yüksək nəticə əldə edərək 5-ci sinfə qəbul olub. Hazırda liseyin XI sinif şagirdidir. Yüksək tədris nailiyyətləri və nümunəvi davranışı ilə fərqlənir.
Gələcəyin
kimyagərləri
Turan Bayramlı 291 nömrəli Ekologiya liseyinin X sinif şagirdidir. O da Bakı məktəblərinin istedadı və təfəkkürü ilə seçilən şagirdlərindəndir. 2016-2017-ci ildə İndoneziyada, 2017-2018-ci ildə Niderlandda keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında kimya fənni üzrə III yerə layiq görülüb. Kimya fənninə böyük marağı olduğunu deyən Turan kimyagər yox, cərrah olmaq niyyətindədir.
Əli Əliyev 2007-ci ildə Kimya-Biologiya Təmayüllü Liseyə daxil olub. Hazırda X sinifdə oxuyur. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir. Həm Respublika fənn, həm də beynəlxalq elm olimpiadalarında nailiyyətləri var. Belə ki, 2017-ci ildə Beynəlxalq Elm Olimpiadasında və Moskvada keçirilən Beynəlxalq Meqapolis olimpiadasında bürünc medal qazanıb.
2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında gümüş, 2017-2018-ci tədris ilində isə qızıl medalın sahibi olub. Kimya fənninə olan marağı o qədər böyükdür ki, gələcəyini də onunla bağlamaq niyyətindədir. Əli kimya mühəndisi olmağı düşünür.
Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərində təhsil alan Ramil Babazadə iradəli, qətiyyətli və əzmkarlığı ilə seçilən şagirdlərdəndir. Görünür, elə bu xüsusiyyətləri onu uğurdan uğura aparır. Əldə etdiyi nailiyyətləri sadalamaqla bitmir. Ramil 2017-ci ildə regional xarakter daşıyan Beynəlxalq Kimya Mendeleyev Olimpiadasında III yeri tutub. 2017-ci ildə Moskvada keçirilən II Beynəlxalq Meqapolislər Olimpiadasında və Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medala, 2018-ci il iyunun 2-də MM və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşəbbüsü ilə “Mənim səsim, mənim hüquqlarım” mövzusundakı tədbirdə “Azərbaycanın gələcəyi” mükafatına layiq görülüb.
2017-2018-ci tədris ilində Respublika fənn olimpiadalarında kimya fənni üzrə qızıl medalın sahibi olub.
Farmokologiya sahəsində kimya üzrə Nobel mükafatı laureatı olmağı arzulayır.
“Intel ISEF”
müsabiqəsinin mükafatçıları
ABŞ-da keçirilən “Intel ISEF” müsabiqəsinin mükafatçıları Ceyla və Cavid də səhnəyə çıxır. Onlar bu il ABŞ-da keçirilən “Intel ISEF” müsabiqəsində qalib gələrək 5000 manat məbləğində pul mükafatına layiq görülüblər. Hər ikisi akademik Zərifə Əliyeva adına liseydə təhsil alır.
Ceyla Hüseynzadə IX sinif şagirdidir. Nikbin xarakteri və nümunəvi davranışı ilə fərqlənir. 2018-ci ildə “Sabahın alimləri” müsabiqəsinin qalibi olub. Elə bu qələbəsi ona ABŞ-da keçirilən “Intel ISEF” müsabiqəsində iştirak hüququ qazandırıb.
Psixologiyaya böyük marağı var. Psixoloq olmağı arzulayır.
Cavid Hüseynzadə də akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir. Fəal və nümunəvi davranışı ilə fərqlənən şagirdlərdəndir.
2018-ci ildə “Sabahın alimləri” müsabiqəsinin qalibi olub və ABŞ-da keçirilən “Intel ISEF” müsabiqəsinə iştirak hüququ qazanıb.
İKT-yə böyük marağı var. Proqramçı olacaq.
238 nömrəli tam orta məktəbin XI sinif şagirdi Məhəmməd Hacıyev də “Sabahın alimləri”ndəndir. 2017-ci ildə bu müsabiqədə I yerə layiq görülüb və Amerika “Intel ISEF” müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ əldə edib. İstedadı və təfəkkürü ilə fərqlənən Bakı məktəblisi 2017-ci ildə ABŞ-da keçirilən “Benjamin Franklin Trans Otlantik” yay institutunda iştirak edib.
“Gələcək liderlərin mübadiləsi proqramı” çərçivəsində ABŞ-da FLEX təqaüdü ilə birillik təhsil almaq hüququ qazanıb.
İKT-yə böyük marağı var. Menecment üzrə
təhsil almaq istəyir.
Kompüter
mühəndisləri
Rafael Səddatimov 27 nömrəli tam orta məktəbin
XI sinif şagirdidir. İstedadı və təfəkkürü
ilə seçilir. 2016-cı ildə “Sabahın alimləri”
respublika müsabiqəsində III yeri tutub. 2016-2017-ci
tədris ilində Respublika fənn olimpiadalarında informatika
fənni üzrə gümüş, 2017-2018-ci tədris ilində
isə həmin fənn üzrə qızıl medalın
sahibi olub.
İKT-yə böyük marağı olduğundan
kompüter mühəndisi olmağı hədəfləyib.
Ziya
Muxtarov akademik Zərifə Əliyeva adına
liseyin XI sinif şagirdidir. 2017-ci ildə Rusiyada
keçirilən ION-Beynəlxalq Meqapolislər Olimpiadasında
informatika fənni üzrə III yerə layiq
görülüb.
2017-ci ildə
Türkiyədə keçirilən YSK IOI -Yeni Sistemli Kollecin Beynəlxalq
İnformatika Olimpiadasında II yerə layiq
görülüb.
İnformatika fənnini sevdiyini deyir. Ali məktəblərə
qəbul imtahanında maksimum nəticəni toplamaq isə əsas
arzusudur.
Gələcəyin Nobel
mükafatçısı
Reyhan Camalova səhnədədir. Bir müddət
öncə qazandığı uğurundan danışır.
Hansı ki, onun bu nailiyyətindən nəinki
Azərbaycan, bütün dünya danışdı. “İstək” liseyinin ən məşhur şagirdlərindəndir.
2017-ci ildə ABŞ və Hindistanın birgə təşkilatçılığı
ilə Hindistanda təşkil olunan “Qlobal Sahibkarlıq Sammiti
2017”-də “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil
edib. ABŞ Prezidentinin baş müşaviri və
dövlət başçısının qızı
İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirib.
“Rainergy” qurğusunun tətbiqi üçün artıq
sponsor təklifi alıb.
Yeni kəşflər etməyə böyük
marağı olan məktəblimiz Nobel
mükafatçısı olmağı arzulayır.
“Ən yaxşı təqdimat”ın
müəllifi
Aydan Göyüşlü onu qalib edən təqdimatından
bir parça səsləndirdi. 18 nömrəli tam
orta məktəbin şagirdi Heydər Əliyevin 95 illik
yubileyi ilə bağlı keçirilən təqdimat
müsabiqəsində I yerə layiq görülüb.
Bakı məktəblərinin
çempionları
Təhsildə əsas meyar bilik deyil, həm də idman
sahəsində əldə edilən nailiyyətlərdir. Bakı məktəbliləri
bu məsələdə də heç kimdən geri qalmaq niyyətində
deyil. Səhnəyə çıxan Nahid Ramazanzadə
2012-ci ildə Bakı şəhəri 214 nömrəli tam
orta məktəbin I sinfinə qəbul olunanda valideynlərinin
ağlına da gəlməzdi ki, bir neçə il sonra o, 29 qızıl medalın sahibi olacaq.
Hazırda VI sinifdə oxuyur. 214 nömrəli tam
orta məktəbin istedadı və təfəkkürü ilə
seçilən şagirdlərindəndir. 2017-ci ildə
Türkiyədə keçirilən karate idman növü
üzrə beynəlxalq turnirdə üçqat dünya
çempionu olub. Həm ölkə, həm də
beynəlxalq səviyyəli yarışlarda ümumilikdə
29 qızıl medal qazanıb.
Nahid olimpiya çempionu olmağı arzulayır.
Turan Ramazanzadə də karate ilə məşğul
olur. 214 nömrəli tam orta məktəbin III sinif
şagirdidir. Nümunəvi
davranışı və tədris nailiyyətləri ilə fərqlənir.
Ancaq karate üzrə artıq 30 medalı var.
Onlardan 27-si qızıl, 3-ü gümüşdür. Qəti şəkildə bəyan etdi ki, olimpiya
çempionu olacaq.
Bakı məktəblərinin daha bir karateçisi Rəvan
Bağırovdur. 258 nömrəli tam orta məktəbin X
sinif şagirdidir. İstedadı və təfəkkürü,
səlis nitqi və sərbəst fikir yürütmək
qabiliyyəti ilə seçilir. 2016-cı
ildə karate üzrə dünya çempionu, 2017-ci ildə
respublika çempionu adını qazanıb. Müxtəlif beynəlxalq turnirlərin qalibidir. Riyaziyyatı da sevdiyini deyir. Gələcəkdə
isə pilot olmağı arzulayır.
Yusif Cəfərov 2015-ci ildən Bakı şəhəri
14 nömrəli tam orta məktəbdə təhsil alır. İstedadı
və təfəkkürü, səlis nitqi və sərbəst
fikir yürütmək qabiliyyəti ilə seçilir.
20-22 aprel
2018-ci il tarixlərində keçirilən
karate üzrə IX Dünya Çempionatında erməni rəqibinə
qalib gələrək I olub. 2017-ci il
dekabrın 15-17 tarixlərində Türkiyənin İstanbul
şəhərində keçirilən yarışda 2-ci yerə,
28 may Respublika gününə həsr edilmiş, 2018-ci il
fevral ayında İranda keçirilən yarışlarda isə
1-ci yerə layiq görülüb. Olimpiya
çempionu olmağı arzulayır.
Həsən Əmirzadə 95 nömrəli tam orta məktəbin
VI sinif şagirdidir. 2017-ci ildə III Uşaq Paralimpiya İdman Oyunlarında
üzgüçülük idman növü üzrə S1/S2 kateqoriyasında III
yerə layiq görülüb. Bir
idmançı kimi ölkəmizi xarici ölkələrdə
təmsil etmək arzusundadır.
249 nömrəli tam orta məktəbin VII sinif şagirdi
Aydın Süleymanlı da fəaldır. 5-15 sentyabr 2017-ci il tarixlərində Rumıniyada 12 yaşlılar
arasında keçirilən şahmat üzrə
yarışda Avropa çempionu adını qazanıb. Arzusu dünya çempionu olmaqdır.
Musiqidə öz sözünü deyənlər
Jalə İslamova Bakı şəhəri 64 nömrəli
tam orta məktəbin X sinif şagirdidir. Nümunəvi
davranışı və tədris nailiyyətləri ilə fərqlənir.
2016-cı
il Yunanıstanda onlayn keçirilən beynəlxalq fortepiano
yarışında II yerə, 2016-cı ildə Litvanın
Kaunas şəhərində keçirilən beynəlxalq fortepiano
yarışında I yerə, 2017-ci ildə İspaniyada
keçirilən beynəlxalq fortepiano yarışında II
yerə, 2018-ci ildə Peterburqda keçirilən Mariya Yudina
adına beynəlxalq fortepiano yarışında isə III yerə
layiq görülüb.
Pianoçu olmağı və təhsilini xaricdə
davam etdirməyi arzulayır.
Fikrət Əliyev 144 nömrəli tam orta məktəbin
V sinif şagirdidir. Nümunəvi və fəaldır.
2017-ci ildə bir-birinin ardınca böyük uğurlar
qazanıb. Çexiyada keçirilən Suliko test festivalında
mahnı ifasına görə Qran-Pri mükafatına sahib
olub. Gürcüstanda keçirilən beynəlxalq
müsabiqədə ifa etdiyi mahnı da, M.Maqomayevin 75 illiyinə
həsr olunmuş müsabiqədəki ifası da I yerə
layiq görülüb. Arzusu musiqi təhsilini
başa vurub Azərbaycanı xarici ölkələrdə təmsil
etməkdir.
Jalə Mayılova 81 nömrəli tam orta məktəbin
XI sinif şagirdidir. Nümunəvi və çalışqan
şagirdlərdəndir.
2017-ci ildə Gürcüstanda keçirilən Gənc
Pianoçuların VII Beynəlxalq müsabiqəsində I
yeri tutub. Prezident təqaüdçüsüdür.
Büdrəməkdən qorxmayanlardandır. Çünki “Uğur əldə etmək
üçün büdrəməkdən çəkinmə!”
prinsipini əsas tutur.
Gələcəkdə özünün Piano Məktəbinin
olmasını istəyir.
Bakı məktəbinin rəssam
balası
Ağaxəlil Yunusov 55 nömrəli tam orta məktəbin
VI sinif şagirdidir. Məktəbin ictimai tədbirlərində
fəal iştirakı ilə fərqlənir. Rəssamlar İttifaqının, Gəncliyə
Yardım Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin rəsm
müsabiqələrinin dəfələrlə qalibi olub.
Rəsm çəkməyə, incəsənətə
böyük marağı var. Rəssam olacaq.
Məktəblilər
vahid şagird təşkilatı
üçün təhsil nazirinə müraciət etdi
Tədbirin sonunda 214 nömrəli tam orta məktəbin
şagirdi Əliməhəmməd Hüseynov Bakı məktəblilərinin
təhsil nazirinə müraciətini səsləndirib. Müraciətdə deyilir
ki, hər tədris ilinin sonunda növbəti il
üçün prioritet istiqamətlər müəyyənləşdirilir:
“Zəngin ənənələrin yaşadılması, varislik
əlaqəsinin qorunması, şagirdlərin milli-mənəvi
dəyərlər əsasında formalaşması
üçün məktəblilərin müvafiq birliklərə
sahib olması, sistemli və nizamlı inkişaf yolu keçməsi
zamanın tələbidir. Qeyd olunan birliklər
şagirdlərin hərtərəfli şəxsiyyət kimi
inkişafı və ümumi təhsil pilləsindən
birbaşa cəmiyyət həyatına daha səmərəli
inteqrasiyası baxımından müstəsna əhəmiyyətə
malikdir.
Bu gün məktəb həyatının daha fəal və
dinamik xarakter aldığını, şagirdlərin layiqli vətəndaş
kimi yetişməsindəki əhəmiyyətli rolunu nəzərə
alaraq, ümumi təhsil məktəblərində şagirdləri
vahid formada birləşdirən təşkilatın
yaradılmasına köməklik göstərməyinizi
xahiş edirik.
Əminik ki, yeni yaradılacaq vahid şagird təşkilatı
təhsil sahəsində görülən işlərin məktəblilərin
həyatında daha çevik əksini tapmasına və səmərəli
məktəb mühitinin formalaşmasına əlavə təkan
verəcək”.
Onlar hər bir məktəbli
üçün
yaradılan şəraitdən düzgün
yararlanıblar
Tədbirin sonunda BŞTİ-nin müdiri Məhəbbət
Vəliyeva da çıxış edib. O, istedadlı şagirdlərin
vaxtında aşkara çıxarılması, onların həvəsləndirilməsi,
yaradıcılığa və elmə maraqlarının
artırılması, nəzəri və təcrübi biliklərinin
təkmilləşdirilməsi, şagirdlərin məntiqi
biliklərinin möhkəmləndirilməsi, onlara beynəlxalq
və yerli olimpiadalarda iştirak təcrübəsinin
qazanılması baxımından son illərdə əldə
olunmuş nailiyyətlərdən bəhs edib.
M.Vəliyeva
2017-2018-ci tədris ili ərzində
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri
şagirdlərinin həm ölkə, həm də beynəlxalq
səviyyəli müsabiqələrdə böyük nailiyyətlər
qazanmasının qürurverici olduğunu bildirib. İdarə
müdiri bundan sonra da bu istiqamətdəki uğurların
davamlı olacağını, paytaxt məktəblilərinin
bütün sahələrdə ölkəmizi layiqincə təmsil
edəcəyinə əminliyini söyləyib: “Bu gün məktəblilərin
I forumunda öz uğur hekayələrini paylaşanlar
hamıya nümunə oldular. Onlar hər bir məktəbli
üçün yaradılan şəraitdən düzgün
yararlanaraq böyük nailiyyətə imza atıblar. Əminəm ki, onları nümunə göstərdiyimiz
məktəblilərimiz də növbəti dərs ilində
öz uğurları ilə bizi sevindirəcəklər”.
İdarə müdiri qeyd edib ki, bugünkü Forumu
Bakı məktəblilərinin tədris ilinin yekun hesabat tədbiri
kimi də dəyərləndirmək olar.
Daha sonra məktəblilərin ifasında Forumun himni səsləndirilib.
Bakı məktəblilərinin I Forumunda şagirdlər
tərəfindən zəngin ədəbi-bədii kompozisiyalar
nümayiş etdirilib, mahnılar və rəqslər ifa
olunub.
Tədbirdə
ümummilli lider Heydər Əliyev və ulu öndərin
siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyevin dövlət və xalq üçün göstərdiyi
xidmətlərdən, eləcə də elm, təhsil, idman,
incəsənət və digər sahələr üzrə
yüksək nailiyyətlər qazanmış şagirdlərin
uğurlarından bəhs edən videoçarxlar
nümayiş olunub.
Sonda Forum iştirakçıları qonaqlarla xatirə
şəkli çəkdirib.
Uğur da paylaşdıqca
çoxalır
Beləliklə, Bakı məktəblilərinin ilk forumu
uğurla keçirildi. “Sevinc paylaşdıqca çoxalır”
deyiminə inananlar qələbəsini, uğurunu, nailiyyətini
paylaşaraq çoxaldacaq.
Azərbaycan məktəbliləri, uğurlarınız
davamlı, nailiyyətləriniz bol olsun.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
14 iyun.- S.1; 11.