“Valideynlər müəllimin yanında
olmalıdırlar, qarşısında yox”
Bəhram
Bağırzadə: “Müəllimimiz bizim ikinci anamız olub”
Qəribə bir
üstünlüyü var hamıdan. Qocalıb təqaüdə
çıxanda belə, hamı onu adından çox
istedadının, gəncliyinin qazandırdığı,
sevimli, səmimi, yəqin həm də doğma təxəllüslə
çağıracaq: “Bakılı oğlan”. Bəli, bu dəfə
“Məktəb illəri”ndə Şən və Hazırcavablar
Klubunun “Bakılı oğlanlar” komandasının ən sevilən
simalarından biri Bəhram Bağırzadə ilə həmsöhbət
olmuşuq. Görək illər
öncə necə məktəbli olub Bəhram. Onunla elə təhsil
aldığı təhsil müəssisəsində, Bakı
şəhər 189 nömrəli məktəbdə
görüşdük.
- Bakılı oğlan necə məktəbli olub?
- Onu danışmazdan öncə bu layihədə məni unutmadığınız üçün yaradıcı heyətinizə təşəkkürümü bildirirəm. Qaldı necə oğlan idim, sualına, ordan başlayım ki, bu gün çox xoşbəxtəm. Ona görə ki, doğma məktəbimdə müsahibiniz olmaq nəsib olub. Bura direktorun kabinetidir, sizin qarşınızdakı oğlanı, yəni məni məktəb illərində dəcəlliyimə görə tez-tez bura gətiriblər.
- İndi
necəsiniz? Dəcəllik çılğınlığa
transfer olunub, ya...
- Yox, indi
normal vətəndaşam. Oturmuşam məktəbimdə,
sizinlə söhbət edirik. Amma bu divarlar məni
yaxşı bilir...
- Bəlkə
bir az da biz bilək...Yəni yaxşı mənada yenidən
balacalaşıb, kiçilin təklifi də demək olar
buna...
- Məktəbimizdən
iki tin yuxarıda yaşayırdıq biz. Vidadi küçəsində,
nənəmgildən gəlmişdim məktəbə. O
gün bu gün kimi yadımdadır. Maraqlı məhləmiz
var idi. Bir az aşağıda Araz Ağalarov
yaşayırdı. İndi bizim Rusiyadakı nüfuzlu iş
adamlarımızdandır. Sonra Çingiz Abdullayev, Aydın
Qurbanov kimi tanınan simaların məhləsi idi Vidadi
küçəsi həm də. Yəni hamımız bir məhəllənin
uşaqları idik. O məhlədən 1979-cu ilin 1
sentyabrında atamla anam məni məktəbə gətirdi.
Bir də məktəbə ilk gəlişim münasibəti
ilə mənə bir hədiyyə alınmışdı,
kiçik oyuncaq qayıq idi. Düz qırx il keçib
üstündən, amma hələ də o oyuncaq yadımdan
çıxmır. Bir də bugünkü kimi müəllimlərim
yadımdadır.
- Kimləri
xatırlayırsınız ilk müəllimlərdən?
- Nina
Pavlovna heç unutmayacağım müəllimdir. Ona hələ
bundan sonra da uzun ömür diləyirəm. İndi onun 80
yaşı var.
-
Yanına gedirsinizmi?
- Əlbəttə,
getməsəm olarmı? O bilirsinizmi kimlərə dərs deyən
pedaqoqdur?
- Kimlərə?
- O, Azərbaycan
Respublikasının ilk prezidenti Ayaz Mütəllibova dərs
deyib, sonra milyonçumuz Araz Ağalarova, Xalq
yazıçısı Çingiz Abdullayevə, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirova.
Görün bu pedaqoq nə nəsillər, nə şəxsiyyətlər
yetişdirib illər boyu. Mən daxil demək olar ki,
şagirdi olan hər kəs ona baş çəkir.
Detallarına varmaq istəmirəm, o elə qadındır ki,
biz ömrümüzün sonuna kimi Nina müəllimə
baş çəkməyə, onun qarşısında
insanlıq və şagirdlik vəzifəmizi yerinə yetirməyə
borcluyuq. Çünki o bizim ikinci anamız olub.
- Məktəbinizin
uşaqlarından danışdınız. Sinif uşaqları
olaraq kim idiniz, necə idi münasibətləriniz?
-
Özümdən başlayım, çox dəcəl
oğlan olmuşam. Dəcəllik deyəndə
ağlınıza nə gəlirsə, ondan da üstün
olub dəcəlliyim. Bəlkə də elə məni dəcəlliyim
gətirdi indi əldə elədiyim nəticələrə.
Daha dəqiqi, dəcəlliyimi yaxşı yönəltməkdə
mənə ata-anam, müəllimim, məktəbim və məhləmdəki
mühit dəstək oldu.
- Dəcəl
olub neynəmisiniz?
-
Çox şey, lap çox. Sizinlə indi əyləşdiyimiz
direktor kabineti mənim məktəb illərimdə kimya
kabinetimiz olub. Bu otaqda Leyla
müəllimə dərs deyirdi bizə. Mən də
üçüncü partada otururdum. 1987-ci ildə mən bax
bu otağın pəncərəsindən iki mərtəbə
aşağı düşüb, bayırda siqaret çəkib
yenə də pəncərədən geri qayıtdım. Sizcə
mən kim idim? İndi bunu sizə danışa bilirəm, amma
o biriləri deyə bilmirəm. Mənim bütün müəllimlərim
gözəl və istedadlı olub. O qadın mənim bu hərəkətimə
mat qalmışdı. İndi köçüb Azərbaycandan,
İsraildə yaşayır.
- Cəza
aldınızmı? Bu sualı niyə verdiyimə də
aydınlıq gətirim. Deməli, bu gün orta məktəblərdə
müəllim şagirdi danladımı, böyük
mübahisə yaranır...
-
Əslində, belə olmalıdır, əgər problem yerində
həll oluna bilərsə, o, ictimailəşməməlidir.
Məsələn, mən öz övladlarımla bağlı
müəllimlərə demişəm ki, bura uşaq girdisə,
mən yoxam. Mən o zaman olacağam ki, sizin onlara verdiyiniz təhsilə
qane olmayacağam. Baxın, bir
uşaq durub məktəbin pəncərəsindən iki mərtəbə
aşağı enib siqaret çəkməyə gedirsə və
kefi istəyəndə də qayıdıb gəlirsə, yəni
mən özümdən sitat gətirirəm, mütləq cəza
almalıdır, tədbir görülməlidir. Belə olmaz.
Valideynlər də zəhmət çəkib bu işdə
müəllimin yanında olmalıdırlar,
qarşısında yox. Müəllimin qarşısında
olmaqla onlar təkcə pedaqoqa ziyan vurmurlar,
uşaqlarının da tərbiyəsinə mane olurlar. Qətiyyən
yolverilməzdir.
Atam
DİN-in polkovniki idi. Nazirliyin siyasi şöbəsinin rəis
müavini idi. Yəni nüfuzlu zabit idi. Xidməti
maşını var idi. O bizi bir dəfə də olsun xidməti
maşını ilə məktəbə göndərmədi.
Bu, bizim evdə qəti qadağan idi. Xidməti maşın
xidmət sahəsinindir və işə görə
ayrılıb, şəxsi deyil. Yəni olmaz, birmənalı.
Ona görə də heç zaman xahiş də etməzdik
ki, bizi maşınınla məktəbə apar.
- Necə
gəlirdiniz məktəbə?
- Hər
səhər yol haqqımızı hesablayıb verirdi. Göy
Məscidin qarşısından 8 nömrəli trolleybusa
minirdik bacımla, gəlirdik Basinə, ordan da minirdik 4 nömrəli
trolleybusa, Hüsü Hacıyev küçəsində
düşürdük, qalxırdıq məktəbə. Məktəbdən
çıxanda da yenə marşrutla qayıdırdıq evə.
DİN polkovnikinin uşaqları belə gedib-gəlirdi.
İndi də bu cür olmalıdır.
- Sizin
uşaqlarınız necə gedib-gəlir bəs?
-
İndiyə qədər mənim nəzarətimdə gedib-gəlirdilər.
İndi özləri, müstəqil, avtobusla. Gələcəkdə
avtomobil alsalar, avtomobilləri ilə gedib-gələcəklər.
-
Atanızın polis polkovniki olması sizə nədəsə
kömək edibmi?
- Cəmi
bir dəfə və bir məsələdə. Getdim yanına
ki, ata, mənim bir az da xarakterimə uyğundur, istəyirəm
polis məktəbinə gedim. Mənə çox ağır
bir söz dedi, sonra da əlavə elədi ki, olmaz. İndi
sevinirəm ki, qoymadı. Onda görə bilmirdim, amma o
görmüşdü, məndən peşəkar polis ola bilməzdi.
Bir gün də getdim dedim rejissor olmaq istəyirəm. Dedi get
və ol, amma nə olursan ol, peşəkar ol, bacarıqsız
olma. Heç zaman da işini yarımçıq qoyma. Onun bir
sözü var idi, deyirdi evə pişik də alanda
yaraşıqlı, sanballısını al, çirkinini
alma.
- Məktəbdə
oxuyanda siqaretə meyliniz olub, indi nə
düşünürsünüz. Sizcə, bir məktəbli
niyə ziyanlı nəyəsə meyil edir?
-
Əslində, bu, hər şeyin ziyanını başa
düşüb geri çəkilmək üçün bəlkə
də lazımlıdır. Məsələn, mən indiki Bəhramın
ağlı ilə ömründə siqaret çəkməzdim.
Hətta xeyli zamandır tərgitmişəm. Mənə
deyirlər siqareti atmısan. Deyirəm yox, canımı
qurtarmışam onun əlindən.
- Sizin
yaxşı yetişməyinizin bir səbəbi də
“KVN”-dir...
- Yüzdə
yüz. Həmid, Tural, Cabir, Vado, Tahir - biz bir məktəbin
uşaqları idik. O zaman məktəblərdə çox
yaxşı sistem var idi. Adamlar,
kontingent də fərqli idi. Üstəlik, müəllimlərin
də peşə, şagird sevgisi var idi. Savadlı,
istedadlı və şəxsiyyətli yetişdirirdilər
uşaqları. Bu məktəbin onlarla istedadlı,
tanınmış şagirdi var. Ceyhun Mirzəyev, Ramiz Fətəliyev
də bu məktəbin şagirdləri idi. Bax “KVN” də belə
yaranmışdı. İstedadlı uşaqları bir yerə
yığıb, onların düzgün istiqamətləndirilməsi
idi məqsəd. “KVN” deyə tanıdığınız
uşaqların yarısı bizim məktəbdən idi,
yarısı 160-dan. 23, 6, 20 nömrəli məktəblərdən də
uşaqlar var idi. Amma az idilər. 1987-ci ildə “KVN”-də final
görüşü idi. Rəhmətlik Anar Məmmədxanov
160 nömrəli məktəbin komanda kapitanı idi. Ənvər, Timur, Cavid, Emil orda idilər.
Bizdən Tahir, Cabir, mən, Nurlan, Vado.
- Murad
Dadaşov nə zaman gəldi?
- O bizdən
bir neçə yaş kiçik idi. İlk dəfə səhnəyə
çıxanda 16 yaşı var idi Muradın, 160 nömrəli
məktəbdə onuncu sinifdə oxuyurdu. Beləcə, Anar
bizi yığdı bir yerə ki, kömək edək. Biz də
elədik və alındı.
- Həmişə
qalib gəlirdiniz demək olar. Bu nə idi, şans, yoxsa zəhmət?
-
Nizam-intizam, məsuliyyət. Qalib olmaq istəyəndə, bu
keyfiyyətlər mütləq olmalıdır. Əks halda
mümkün deyil. Biz bu keyfiyyətləri
aşıladığına görə Anara həmişə
minnətdar olmalıyıq. O, kapitan olaraq bizdən həmişə
məşqlərdə bunu tələb edirdi. Biz də əməl
etməyə çalışmırdıq, mütləq əməl
edirdik. Başqa yol yox idi. Sizə düzünü deyim, o
yarışmada bizdən də istedadlı komandalar var idi, amma
uduzurdular. Niyə? Məsuliyyət hissləri yox idi, çox əhlikef
idilər.
- Sizcə,
indi necədir durum, məsuliyyətliyikmi?
- Onu dəqiq
demək olmaz, yanaşmalar fərdidir. Amma sizdən bir ricam
var. Bunu Təhsil Nazirliyindən xahiş kimi də yaza bilərsiniz.
Son zamanlar bir məsələ məni narahat edir.
Düşünürəm bu məsələləri məktəbdən
həll eləmək olar. Adamlar çox sərt və
aqressivdir, eyni zamanda istiqamətlənə bilmirlər, mədəniyyətə,
incəsənətə maraqları bir o qədər
duyulmur. Azərbaycan məktəblərində
mümkün olsa, rəssamlıq dərsi fənn kimi tədris
olunsun. Təkcə ibtidai siniflərdə yox, yuxarı siniflərdə
də. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasını bitirən gənc rəssamlardan da kadr kimi
istifadə etsinlər. Rəsm çəkən insan həndəsəni
də, riyaziyyatı da gözəl bilir. Ən azından bu
vacib elmlərə maraqları yaranır. Bundan başqa, onlar rəng
duyumlu adamlar olurlar. Zövqləri formalaşır.
Zövqü olan adamların geyimləri, davranışları
da fərqli olur. Rəsmi sevən insan yaxşı arzular qurur,
hətta onları həyata keçirməyin yollarını belə
arayır. İşini sevgi ilə görür. Biz genetik
istedadlı millətik. Biz bu bacarıqlarımızı bərpa
etməliyik. Bir də əlavə məşğələ
kimi şahmat dərsi keçilsin. Bu, insanın mənəviyyat
və məntiqini formalaşdırır. Yəni nə ediriksə
edək, təhsilə paralel şəxsiyyətlərin
yetişdirilməsi üçün addımlar
atmalıyıq. Milli xüsusiyyətlərimizi bilən, vətənini,
millətini sevən şəxsiyyətlər yetişdirməliyik,
yoxsa o qədər yaxşı olmaz işlərimiz. Amma bu
sadaladıqlarımı edə bilsək, mütləq
yaxşı nəticələrimiz olacaq.
SON: Onun dediyindən də gəlinməsi mümkün olan qənaət budur. İnsanı təkcə evi, valideyni, imkanları, əlaqələri yetişdirmir. Düşdüyü mühit, yaşadığı məhəllə formalaşdırır. O üzdən bizim sevimli “Bakılı oğlan” kimi bütün uşaqlara yaxşı məhəllə, mühit arzulayaq. Məhəlləmizi olmasa da, mühitimizi seçmək imkanı öz əlimizdədir çünki...
Jalə
MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2018.- 22 iyun.- S.8.