Əhəmiyyətli dəyişikliklər
ili
Təhsil Nazirliyi
hesabat verərək hədəflərini açıqladı
Təhsil Nazirliyi 2017-ci ildə gördüyü işlərə dair hesabat verib. Artıq 3-cü ildir ki, təşkil edilən hesabat tədbirində sadəcə görülən işlərdən deyil, nəzərdə tutulan planlardan da danışılıb.
2017-ci ildə görülən işlərlə bağlı Təhsil İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev məlumat verib. O, təhsildə inkişafı ayrı-ayrı istiqamətlər üzrə təhlil edib. 3 parametr - təhsilin əhatəliliyi, təhsilin keyfiyyət göstəriciləri və bərabər imkanlar üzrə təhlil aparan şöbə müdiri bütün istiqamətlərdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib.
Təhsilin əhatəliliyi
Məktəbəqədər hazırlıq təhsilin gələcəyini müəyyən edən faktorlardan biridir. Bir neçə il əvvəl bu sahədə başqa ölkələrdən çox geridə qalan Azərbaycanda sıçrayış xarakterli inkişaf dinamikası müşahidə olunub. Bu inkişafdan nəinki Azərbaycanda, o cümlədən beynəlxalq tədbirlərdə maraqlı təcrübə olaraq bəhs edilib.
Birinci sinfə cəlb olunmada əhatəlilik də son 5-6 ildə yaxşılaşıb. E.Əmrullayevin sözlərinə görə, indiyədək ölkəmizdə uşaqların məktəbə tez başlamaları ictimai mübahisə doğursa da, əslində, məktəbə gec getmək problem yaradır.
O, təqdimatında məktəbə gec və ya tez gedənlərin təhsil göstəricilərinə diqqət yetirib. Belə ki, 2004-cü ildə məktəbə qəbul edilən I sinif şagirdlərinin nəticələrinin təhlili aparılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) əldə edilən rəqəmlərin müqayisəli təhlili nəticəsində məlum olub ki, məktəbə gec başlayan uşaqların cəmi 33 faizi məktəbi müvəffəq qiymətlərlə bitirə bilib. Qalanlarının isə buraxılış imtahanlarında ən azı 1 fəndən “2” qiymət aldığı müəyyən edilib. Məktəbə bir il gecikən uşaqlarda müvəffəqiyyət göstəricisi 51 faiz təşkil edib. Bu göstərici məktəbə vaxtında gələn uşaqlarda 59 faiz, məktəbə 3-4 ay tez gələn uşaqlarda isə 65 faiz təşkil edib.
Rəqəmlərdən o da görünür ki, ölkəmizdə uşağın məktəbə başlamasında gecikmələr azalıb. Məsələn, 2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec getməsi halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub. Elektron qaydada həyata keçirilən qəbul isə valideynlərə işin vaxtında planlaşdırılmasına imkan verib. Nəticədə bu layihə əvvəlcə Bakı şəhərində həyata keçirilirdisə, artıq coğrafiyası genişləndirilib.
Kiçik məktəblər
hamıya oxumaq imkanı verir
Azərbaycanda kiçik məktəblərin sayı çoxdur. 4500-ə qədər məktəbin yarıdan çoxunda şagird sayı 200 nəfərdən az, 1500 məktəbdə şagird isə 100 nəfərdən azdır. Qısa müddət ərzində az vəsait xərcləməklə yerlərdə kiçik məktəblərin quraşdırılması təhsilin daha da əlçatan olmasına xidmət edir.
Son dövrlərdə ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də şagirdlərin müxtəlif maraq və meyillərinin nəzərə alınmasıdır. E.Əmrullayev bildirib ki, X-XI siniflərdə 17 fənn tədris olunur. Ancaq təmayülləşmə nəticəsində şagirdlərin meyil və maraqların nəzərə alınmaqla, yəni fənlərin sayı azaldılmaqla dərslərin təşkili mümkün olur. 2017-2018-ci dərs ilində 27 mindən artıq şagird özünün maraq dairəsinə uyğun siniflərə cəlb olunub: “Biz bunun nəticələrini bu il keçirilən qəbul imtahanları yekunlaşdıqdan sonra ölçə biləcəyik. İnanırıq ki, şagird maraq göstərdiyi fənlərə daha çox saat ayırırsa, nəticələri aşağı olmamalıdır”.
İstedadlı uşaqlarla iş sahəsində də böyük nailiyyətlər qazanılıb. Xüsusən, son 5 ildə ciddi islahatlar aparılıb. E.Əmrullayevin fikrincə, bu sahədə işin ən uğurlu nümunəsi Respublika Fənn Olimpiadalarıdır. Təkcə onu demək kifayətdir ki, olimpiadalarda iştirakçı sayı 2014-cü illə müqayisədə 5 dəfə artıb.
Peşə-ixtisas təhsili sahəsində həm əlçatanlıq, həm əhatəlilik baxımından müsbət dinamika müşahidə olunur. Bu da özlüyündə IX və XI sinfi bitirənlərin hər hansı ixtisas əldə edərək bazara çıxmasını təmin edəcək.
Ali təhsillə əhatəlilik səviyyəsinin BMT-nin insan inkişafı indeksində nəzərə alınan faktorlardan olduğunu bildirən E.Əmrullayev deyib ki, müstəqillik dövründə ən çox tələbə məhz son 5 ilin payına düşüb.
Təhsilin keyfiyyəti
E.Əmrullayev təhsilin keyfiyyət dəyişikliyini təsdiq edən faktları sadalayarkən ölçülə bilən, rəqəmlərlə ifadə oluna bilən göstəricilərə əsaslanıb: “PIRLS qiymətləndirilməsində dünyanın 60-a yaxın təhsil sistemi iştirak edir. IV sinfi bitirən şagirdlərin oxu bacarıqlarını ölçən bu qiymətləndirmənin mahiyyəti ondan ibarətdir ki, ölkələr özünü müqayisə edə bilsin. 2011, 2016-cı illərdə olmaqla, artıq 2 dəfə bu qiymətləndirmədə iştirak etmişik. Ölkəmizin bu qiymətləndirməyə üçüncü dəfə 2021-ci ildə də qatılacağı təsdiqlənib”.
İştirak etdiyimiz və artıq nəticəsi bəlli olan iki qiymətləndirmənin müqayisəsi göstərib ki, aşağı nəticə göstərənlərin payı 10 faiz azalıb, yüksək və mükəmməl nəticə göstərən şagirdlərin orta səviyyəsi 2 dəfə artıb: “Ümumilikdə, 18 faiz şagirdin yüksək və mükəmməl nəticə göstərməsi kifayət qədər müsbət tendensiyadır”.
Təhsilin keyfiyyəti ilə bağlı növbəti indikator beynəlxalq olimpiadalardır. Müxtəlif beynəlxalq olimpiadalara qatılan azərbaycanlı şagirdlər oradan əliboş qayıtmayıblar. 2013-2017-ci illər ərzində dünya fənn olimpiadalarında göstəricilərimiz davamlı olaraq artıb. Keçən il uzun fasilədən sonra ilk dəfə olaraq azərbaycanlı şagird qızıl medal da əldə edib: “Son 5 il ərzində qazanılan 109 medal müstəqillik əldə edilən dövrdə qazanılan medalların üçdə biridir”.
E.Əmrullayev bildirib ki, 2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artaraq 177-dən 239-a yüksəlib. O əlavə edib ki, 2017-ci ilin qəbul imtahanlarında cari ilin məzunlarının 44 faizi 200 baldan az toplayıb. Ancaq bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "Lakin 200-dən yuxarı bal toplayanların çəkisinin illər üzrə dinamikasına baxdıqda bu faizin əhəmiyyətli dərəcədə artdığını görmək olar. Əvvəl 35 faiz idisə, hazırda 51 faizdir və biz 16 faizlik dəyişiklikdən danışırıq. Sevindirici haldır ki, hər il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı artır".
Şagird-müəllim nisbətindən söz açan şöbə müdirinin sözlərinə görə, 2013-2014-cü ildə hər 8.5 şagirdə 1 müəllim düşürdüsə, hazırda 10.5 şagirdə 1 müəllim dərs deyir. Bu da effektivliyin və səmərəliliyin 25 faiz artması deməkdir.
Müəllimlik
yüksək rəqabətli peşəyə çevrilib
2014-cü ildən etibarən 134 min müəllim diaqnostik qiymətləndirmədən keçirilib və saat yükü 1.5 dəfə artırılmaqla əməkhaqqı 2 dəfə qalxıb: “Nəzərə alsaq ki, hər 1 faiz 1500 müəllim deməkdir, 3.5 faiz müəllim 900 manatdan yuxarı, 10 faiz müəllim 700-900 manat, 27 faiz 500-700 manat və nəhayət, qalanları 300-500 manat əməkhaqqı alır”.
Şöbə müdiri müəllimlərin dərs yükündə olan fərqlərə də toxunub: “2013-cü ildə müəllimlərin 27 faizə qədərinin dərs yükü 12 saatdan az olub. Hazırda dərs saatı 18 saat olsa da, dərs yükü 12-17 saat olan müəllimlərin sayı 37 faizdən 30 faizə enib”.
Dərs yükü az olan müəllimlərin sayının çox olmasını ölkədə kiçik məktəblərin çoxluğu ilə izah edən E.Əmrullayev bildirib ki, şagird sayı az olan məktəblərdə çalışan fənn müəllimlərinin dərs yükü siniflərin sayına, əməkhaqqı isə dərs yükünə uyğun formalaşır.
“Müəllimlərin işə qəbulu
imtahanlarında 2014-cü ildə 18 min nəfər iştirak
edərək müəllim olmaq istəyini bildirmişdi. Bu da sirr deyil ki, müraciət
edənlərin 14 mini minimal balı
toplamırdı. İldən-ilə artan müraciətlərin
nəticəsidir ki, müəllimlik yüksək rəqabətli
peşəyə çevrilib”, - deyən şöbə
müdirinin fikrincə, müəllimliyə abituriyentlərin
də marağı artıb. Belə ki, 2014-cü ildə 500-dən
yuxarı bal toplayan 674 nəfər müəllimliyə
müraciət etmişdi və bunların əksəriyyəti
dil müəllimləri idi. 2017-ci ildə isə 1370 nəfər
500-dən artıq bal toplayan abituriyent
müəllimlik ixtisasını seçib.
Bərabər imkanlar
“PIRLS
2016”-nın nəticələrinə
görə, Azərbaycanda qızlar daha yaxşı oxuyur və
ya oxuduğunu daha yaxşı anlayır. E.Əmrullayevin
sözlərinə görə, Portuqaliyadan savayı
bütün ölkələrdə sözügedən nəticələr
oxşardır. Yalnız Portuqaliyada oğlanlarla
qızların nəticəsi eynidir: “Ümumiyyətlə,
önəmli olan nəticələr arasındakı fərq
deyil, 2011-ci ildən 2016-cı ilə qədər olan müddətdə
aradakı fərqin dəyişməməsidir. Yəni,
Azərbaycanda gender aspektində əsaslı dəyişiklik
baş verməyib”.
E.Əmrullayevin fikrincə, regionlarla şəhərin
müqayisəsi də fərqin azaldığını
göstərir. IX sinif buraxılış
imtahanlarının nəticələrindən
görünür ki, 3-4 ildə aradakı fərq əhəmiyyətli
dərəcədə azalıb. Bu,
regionlarda da təhsilin keyfiyyətində müsbət dinamika
olduğunu göstərir.
Əhəmiyyətli dəyişikliklərlə
dolu 5 il
Daha sonra
çıxış edən təhsil naziri Ceyhun Bayramov
xatırladıb ki, təhsilin inkişafı üzrə
Dövlət Strategiyasının təsdiq olunmasından 5 il ötür. Təhsil islahatları
üçün 5 il elə böyük
müddət olmasa da, baş verən dəyişikliklərin
ilkin təzahürlərini müşahidə etmək,
hansısa tendensiyaları təhlil etmək baxımından
kifayət qədər uğurlu bir müddətdir. Təhsil naziri bildirib ki, hesabatda əksini tapan rəqəmlərə
görə, 5 ildə təhsilin keyfiyyəti, əlçatanlığı
və bərabər imkanların mövcudluğu
baxımından bir çox istiqamətdə əhəmiyyətli
dəyişiklik müşahidə olunur. Üstəlik,
təqdim olunan hesabat təhsil sisteminə daxil olmayan, kənar
qurumların apardığı qiymətləndirmələrə
əsaslanıb. Dövlət İmtahan Mərkəzinin,
o cümlədən beynəlxalq qiymətləndirmə təşkilatlarının
nəticələrinə istinad edilib.
C.Bayramov təhsil işçilərinin
qarşısında duran həlli vacib məsələlərə
toxunub. Yeni hədəflərdən danışarkən hər
insanın inkişafında erkən yaş dövrünün əhəmiyyətini
qabardıb. Bunu nəzərə alaraq, Təhsil
Nazirliyinin 2020-ci ilədək məktəbəhazırlıq
siniflərinin əhatəliliyini 90 faizə
çatdırmağı planlaşdırdığını
vurğulayıb. Bununla paralel keyfiyyət
göstəricilərinə də diqqət ediləcək.
Onun sözlərinə görə, Təhsil
İnstitutunun UNİCEF-lə birgə layihəsi çərçivəsində
məktəbəqədər təhsilin keyfiyyət
standartları hazırlanıb.
Təhsil
naziri hesab edir ki, çox vacib göstəricilərdən biri
beynəlxalq qiymətləndirmədə iştirakdır: “Bəzi
beynəlxalq qiymətləndirmələrdə mövqeyimiz o
qədər də uğurlu görünməyə bilər. Ancaq məhdud sayda dövlətlərin iştirak
etdiyi həmin qiymətləndirmələrdə iştirak cəsarət
tələb edir. Hesab edirik ki, göstəricilərimizin
arzularımızı əks etdirməməsi bizim orada
iştirakdan imtina etməyimizə əsas ola
bilməz. Çünki burada göstəricilər
yox, nəticələrin təhlili önəmlidir. Hədəfimiz odur ki, beynəlxalq qiymətləndirmədə
iştirak edək və hər dəfə öz nəticələrimizi
yaxşılaşdıraq”.
Yeni imtahan modeli
“Təhsil
sistemi üçün fundamental dəyişikliklərdən
biri də buraxılış və qəbul imtahanı modeli
olacaq”, - deyən nazir bu modelin üstünlüklərindən
danışıb: “Birinci əsas üstünlük məktəbin
buraxılış imtahanının nəticələrinin ali təhsil müəssisələrinə qəbulda
nəzərə alınacağıdır. Hesab
edirik ki, məktəb qiymətləndirməsi
baxımından bu, çox əhəmiyyətlidir. İkinci dəyişiklik ondan ibarətdir ki, mütləq
biliklərin ölçülməsi ilə kifayətlənməyəcək,
eyni zamanda, oxuyub anlama, məntiqi və riyazi təfəkkür,
xarici dildə dinləyib anlamaq, həyati bacarıqlar da
ölçüləcək. Yeni imtahan modelində
yüksək qiymətləndirdiyimiz bir məqam isə ondan
ibarətdir ki, şərti “ikinci hissə” olaraq fərqləndirdiyimiz,
indiyədək “qəbul imtahanları”adlandırdığımız
imtahanlarda fənlərin sayı 5-dən 3-ə enəcək.
Bu, ölçülən fənləri daha dərindən
öyrənmək, şagirdlərin ixtisas spesifikasına
uyğun hazırlaşmaları üçün əlavə
imkandır”.
Dəyişən təhsil qanunu və
yeni hədəflər
Nazir “Təhsil haqqında” qanuna edilən dəyişikliklərdən
də danışıb. Bildirib ki, dəyişikliklər şərti
olaraq iki qrupa bölünür. Texniki
xarakterli dəyişikliklər uyğunluğun əldə
edilməsi baxımından önəmlidir. Bir sıra normativ hüquqi aktlarda qəbul edilən
dəyişikliklərlə təhsil haqqında qanun
arasında uyğunluğun təmin edilməsi məqsədi
daşıyır. İkinci qrupa aid edilən
dəyişikliklər isə fundamental məzmun dəyişikliyini
özündə ehtiva edir.
C.Bayramov
bu fikirdədir ki, təhsil sisteminin məqsədi sadəcə
rəqəmlərlə ölçülə bilməz: “Təhsil
Nazirliyi olaraq hesab edirik ki, fəaliyyətimizdə prioritet
şagirdlərdə vətənpərvərlik, milli-mənəvi
dəyərlər, fəal vətəndaş mövqeyi,
şagirdlərin yaradıcılıq və idman sahəsində
istedadının aşkara çıxarılması və
inkişaf etdirilməsi, onların
sağlamlığıdır. Qiymətləndirmə
və dərs yükü məsələləri də bizim
üçün önəmli məsələlərdir.
Bunları nəzərə alıb
özümüz üçün konkret və spesifik hədəflər
müəyyən etmişik. Həm məktəblərin,
həm də təhsili yerli idarəetmə orqanlarının
fəaliyyətində bu prioritetlər öz əksini tapacaq”.
Məktəbdaxili qiymətləndirmə istiqamətində
də təhlillər başlayıb. Görünən odur
ki, yaxın aylar ərzində məktəbdaxili qiymətləndirmə
yüngülləşdiriləcək. Nazirin
sözlərinə görə, yeni qaydalar 2018-2019-cu tədris
ilindən elan ediləcək.
Peşə
təhsili sahəsində də qarşıya qoyulan hədəflərdən
danışan nazir deyib ki, tədris olunan ixtisaslarla
bağlı yeni kurikulumların, zamanın tələbinə
uyğun məzmunun formalaşması yaxın illər ərzində
başa çatmalıdır: “Peşə təhsili sahəsində
də müəllimlərin diaqnostik qiymətləndirməsinə
və yeni əməkhaqqı sisteminin tətbiqinə artıq
başlanılıb. Yeni nəsil peşə təhsil
müəssisələri şəbəkəsinin əhəmiyyətli
şəkildə genişlənməsinin şahidi
olacağıq”.
Nazir ali təhsildə, o cümlədən pedaqoji təhsildə
inkişafa nail olmaq üçün ciddi tədbirlər
olacağını da vurğulayıb.
Elm təhsilin inkişafına
arxalanmalıdır
Tədbirdə
çıxış edən AMEA prezidenti Akif Əlizadə Təhsil
Nazirliyinin hesabatını yüksək qiymətləndirərək,
son 5 il ərzində təhsil sahəsində həyata
keçirilən islahatların artıq bəhrə verdiyini
vurğulayıb.
“Elm təhsilin inkişafına
arxalanmalıdır” , - deyən AMEA
prezidenti peşə təhsili sahəsində həyata
keçirilən islahatlara toxunaraq bildirib ki, bu sahənin
inkişafı, “Peşə təhsili haqqında” qanunun qəbulu
alimlər üçün çox önəmlidir.
Təhsil Nazirliyinin alimlərlə birgə işinin
iftixar hissi yaratdığını vurğulayan A.Əlizadə
təhsil nazirinə bu dəstəyinə görə minnətdarlığını
bildirib.
Cəmiyyətin təhsilə olan
münasibəti dəyişməlidir
Sonda çıxış edən Baş nazirin
müavini Əli Əhmədov Azərbaycanda özəl məktəblər
şəbəkəsinin artırılmasının vacibliyini
qeyd edib. Onun
fikrincə, məhz bununla yuxarı təhsil pillələrində
əlçatanlılığın artırılması
mümkün olar: “Təhsil universal sahədir. Təhsil
sahəsinin inkişafını yalnız təhsil
qurumlarından gözləmək olmaz. Cəmiyyətin
təhsilə olan münasibəti dəyişməlidir”.
Dövlətin təhsilə olan diqqət və
qayğısını artırmasına ehtiyac olduğunu deyən
Ə.Əhmədov bildirib ki, Azərbaycanda orta təhsil əlçatanlılıq
baxımından təmin edilib. Yuxarı təhsil səviyyələrinin
də əlçatanlılığının
artırılmasına ehtiyac var. O qeyd edib ki, ölkədə
universitetlərə sərbəstliyin verilməsi sahəsində
cəsarətli addımlar atılmalıdır.
Ə.Əhmədovun
sözlərinə görə, son illər Azərbaycanda təhsil
islahatları dərinləşməkdə davam edir və bu
istiqamətdə görülən işlər öz bəhrəsini
verir: "Azərbaycanda dərin islahatlar həyata
keçirilir - iqtisadiyyatdan tutmuş digər sahələrə
kimi. Biz həyatımızı islahatlardan kənarda
təsəvvür etmirik. Təhsil
sferası da islahatlar məfhumundan kənarda qala bilməz.
İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz
tamamilə aydındır".
Baş nazirin müavini əlavə edib ki, təhsilin
inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin,
iqtisadiyyatının daha yuxarı pilləyə qalxmasına,
dövlətin qüdrətinin artmasına gətirib
çıxarmalıdır.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
22 iyun.- S.1; 5.