Sevimli fənnə çevrilən informatika

 

Yeni formatda tədris müəllim və şagirdlərlə yanaşı, valideynlər üçün də böyük dəyişikliklər gətirib

 

 Bakı Avropa Liseyi. Təlim otağında V sinif şagirdlərinə informatika dərsi keçilir. Amma bu dərs bildiyimiz ənənəvi dərslərdən deyil. Uşaqlar kompüter arxasında yerini alıb. Hər kəsin diqqəti tapşırığındadır. Rahilə Əlyarzadənin dərsidir. Bu tapşırığı kim tez yerinə yetirəcək? Kim yanlış yoldadır? Kim tələsməlidir? Müəllim ekranda hər şeyi görür. Uşaqların başının üstünü kəsdirmədən onları izləyə bilir.

Tədris olunan informatika fənnidir, ancaq tam fərqli formatda. Özü də sadəcə Bakı Avropa Liseyində deyil. Bakı şəhərindəki ümumilikdə 45 məktəbdə V siniflərdə informatikanın yeni formatda tədrisinə başlanılıb. Nəticədə informatikanın tədrisi proqramı tamamilə dəyişib.

 

Təhsildə keyfiyyətə doğru bir addım

 

Təhsildə keyfiyyətə nail olmaq üçün Təhsil Nazirliyi böyük araşdırmalara əsaslanan islahatları davam etdirir. Hər tədris ilinin başlanğıcında bir yeniliyə start verilir. Bu tədris ilindən isə informatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb. Tədris ilinin hələ yarısı olmasına baxmayaraq, layihə məktəblərdə, valideynlər arasında böyük əks-səda doğurub.

Layihənin rəhbəri Fəxri Qurbanov “Azərbaycan müəllimi” qəzetilə söhbətində deyib ki, layihə başlamadan Təhsil Nazirliyi geniş araşdırma aparıb. Bu istiqamət üzrə ixtisaslaşan şirkətlərin işinin təhlilindən sonra onlardan birinin üzərində dayanılıb. Elə hesab edilib ki, Təhsil Nazirliyinin Azərbaycan məktəblərində informatikanın tədrisində nail olmaq istədiyi nəticəyə məhz “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə çatmaq mümkündür. Çünki həmin şirkət proqramlaşdırmanı yeni üsullarla, ən yaxşı beynəlxalq təcrübələri özündə birləşdirən pedaqoqların yaratdığı məzmun əsasında öyrədir. Həmin şirkət Azərbaycana bu xidməti fərdi qaydada həyata keçirmək üçün deyil, məktəblərdə uşaqlara dərs proqramı çərçivəsində keçirilməsini təşkil etmək üçün dəvət edilib.

 

Layihə uşaqlara nə verəcək?

 

Dərslər praktik məşğələlərdən ibarətdir. F.Qurbanov deyir ki, informatikanı uşaqlara sadəcə nəzəriyyə əsasında öyrətmək olmaz: “Bu, riyaziyyat, ya da tarix deyil. İnformatika, proqramlaşdırma bilik deyil, bacarıqdır. Onu öyrənmək üçün səriştə lazımdır”.

Şagirdlərin bu dərsdə daha çox öyrənməsi üçün ənənəvi informatika dərslərinin saatından tutmuş proqramına qədər hər şey dəyişdirilib.

Məsələn, dərs saatı artırılıb. Şagird sayının azalması və ayrılan vaxt ərzində müəllimin hamıya daha çox vaxt ayırmasını təmin etmək məqsədi ilə hər sinif iki qrupa bölünüb.

İki yerə bölünən siniflərdən birindəyik. Rəna bir qrupda, Hüseynlə Səməd ikinci qrupdadır. Hər iki qrupda dərs maraqlı keçir.

 

Çətin məsələləri həll

etməyin yollarını öyrənirik”

 

V sinif şagirdi Hüseyn Babayev danışır ki, dərsdə əsas obrazları proqramlaşdıraraq öz obrazlarını da təkmilləşdirirlər: “İnformatika dərsində biz əsas obrazları proqramlaşdırırıq. Bu yolla məntiqimiz inkişaf edir. Əsas bilik, bacarıqlarımız formalaşır və gələcəkdə çətin məsələləri həll etməyin yollarını öyrənirik. Dərs çox xoşuma gəlir. Özümün də kompüterə böyük marağım var. Ancaq ilk aylarda verilən tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkirdim. Müəllimimin köməyi ilə artıq çətinliklər arxada qalıb”.

 

“Bu dərsdə öyrəndiyimiz hər şey

gələcəkdə bizə lazım olacaq”

 

Səməd Əlizadə hesab edir ki, bu dərs onu gələcəyə hazırlayır: “İnformatika fənnini bu formada bu ilin əvvəlindən keçməyə başlasaq da, artıq sinfimizin sevimli fənninə çevrilib. Əvvəllər bəzi yoldaşlarımız çətinlik çəkirdi. Onlar indi daha yaxşı nəticələr göstərə bilirlər. Həm valideynlərinin və sevimli müəllimimiz Rahilə xanımın köməyi, həm də hər biri öz səyi ilə indi bu fənni daha asan mənimsəməyə başlayıblar. Sinifdə olduğu kimi, evdə də məşğul oluruq və bu da imkan verir ki, vaxtımızı düzgün dəyərləndirib bu fəndən daha çox bacarıq, səriştə qazanaq. Çünki səriştə çox önəmlidir. Gələcək peşələr hazırda informatika dərsində bizim öyrəndiyimiz sistem əsasında qurulur. Yəni bu dərsdə öyrəndiyimiz hər şey gələcəkdə bizə lazım olacaq. Ümid edirəm ki, bu fənn bizə məktəbi bitirənədək tədris olunacaq”.

 

“Labirintlərlə iş”ləyib dil

bilgilərini təkmilləşdirirlər

 

Rəna Quliyeva isə fənlər arasındakı əlaqə qurmağından danışıb: “İnformatika çox maraqlı fəndir. “Labirintlərlə iş”, “Raketlərin boşaldılması” kimi mövzularla işləyərkən bu fənni xüsusilə maraqla öyrənirəm. İnformatika ilə sadəcə kompüter biliklərimiz artmır. Tapşırıqları həll edərkən riyazi biliklərimizdən istifadə etməli oluruq. Rus və ingilis dillərindən sözləri Azərbaycan dilinə tərcümə edirik. Nəticədə dil bilgilərimiz də təkmilləşir. Odur ki, biz bu fənni çox sevirik”.

 

Daim nəzarət altında

olan bir sistem qurulub

 

Şagirdlərin ağızdolusu danışdığı dərs üçün hər şey xüsusi hazırlanıb. Daim nəzarət altında olan sistem qurulub. Burada müəllimlərin dərsinə mütəmadi nəzarət edilir, dərsin keyfiyyəti daim ölçülür. Layihənin koordinatorları gün ərzində kurasiyasında olan müəllimləri izləyir. Kimin dərsinin necə alındığı, mövzunu qrupun neçə faizinin mənimsədiyi müəyyən edilir. Ümumi sistemdə dərsin mövzusu, şagirdin tapşırığı necə yerinə yetirdiyini görmək mümkün olur.

F.Qurbanovun sözlərinə görə, mövcud sistemə koordinatorlar və müəllimlərlə yanaşı, Təhsil Nazirliyindən də daxil olub istənilən məktəbdə, istənilən dərsin nəticələrinə baxa bilirlər: “Hər hansı problem müşahidə olunarsa, dərhal səbəblə maraqlanırıq. Məsələn, dərsdə iştirak etməyənlərin sayı və intensivliyi, tapşırıqları yerinə yetirmə göstəriciləri və faizi narahatlıq doğurursa, dərhal müəllimlə əlaqə saxlanılır”.

İnformatika müəllimi Rahilə Əliyarzadə deyir ki, bu sistemdə uşaqların nəsə öyrənməməsi mümkün deyil. Müəllimlərə və dərsə daimi nəzarət olduğundan iştirak və mənimsəmə faizi aşağı düşən kimi maraqlanırlar: “Müəllimin dərs prosesində nəticəsi zəifdirsə, mövzunu daha az uşaq mənimsəyirsə, mənimsəyənlər 50 faizdən aşağıdırsa, müəllimə əlavə dərs saatı keçmək təklif olunur”.

 

Seçilmişlər: əvvəl seçilib, sonra...

 

Rahilə müəllim layihəyə dərs demək üçün seçilən müəllimlərdəndir. Əvvəlcə seçilib, sonra hazırlığa cəlb edilən 190 müəllimdən biri olub.

F.Qurbanovun sözlərinə görə, informatikanın əvvəllər bu intensivlikdə tədrisi aparılmadığından əlavə problemlərə səbəb ola biləcəyi nəzərə alınıb. Odur ki, işə müəllim resurlarından başlanılıb. Müəllimlərin peşəkar inkişafını təmin etmək üçün layihəyə başlamadan müəllim hazırlığına başlanılıb. 3 meyar üzrə - məzmunu başa düşmək bacarığı, uşaqlara çatdırma bacarığı və şagirdlərin dərsdə fəallığını təmin etmə bacarığı üzrə seçilən müəllimlər təlimlərə cəlb edilib.

Əvvəlcə müəllimlərə hər hansı dərs verilib. Mövzu müəllimin elektron ünvanına göndərilib və müəllim onu imtahana qədər oxuyaraq test rejimində tədris edib. Bununla müəyyən edilib ki, V sinif şagirdinin başa düşməli olduğu məzmunu müəllim özü bilir, yoxsa yox.

 

Tədris saatının artması müəllimlərin

motivasiyasının yüksəlməsinə səbəb olub”

 

Layihəyə cəlb edilən müəllimlərin böyük əksəriyyəti cavanlardır. “Bu da son illərdə müəllimlik peşəsinə gənclərin artan marağı ilə izah oluna bilər. Bu peşənin hər il artan nüfuzunun bəhrəsini layihənin tətbiqi zamanı da gördük”, - deyən Fəxri Qurbanov onların seçimindən, hazırlığından da danışıb.

Qərar belə olub ki, müəllim dərs keçməyə hazır olmadan dərsə girə bilməz. Bu prinsiplə hər müəllimə 36 saat təlim keçilib. Qavramaqda çətinlik çəkən müəllimlərə əlavə saatlar da ayrılıb. Hətta 72 saata qədər vaxt ayrılan müəllim belə olub. Lakin təlimlə də iş bitməyib. Müəllimlə bağlı qəti fikir yürütmək üçün 12 dərs keçməsi tələb olunur. Bu da tədris prosesinin  20 faizi deməkdir. 12 dərsdən sonra sinifdə vəziyyət yaxşı deyilsə, yəni başqa siniflərdən çox zəifdirsə, müəllimlə bağlı tədbir görülür.

Müəllimlərin prosesə çox fəal qoşulduğunu, dərslərə xüsusi həvəs göstərdiyini, öz üzərində çox işlədiyini vurğulayan F.Qurbanov bunda informatikaya ayrılan saatın artmasının da rolu olduğunu söyləyib: “Tədris saatının artması əmək haqqının artmasına və müəllimlərin motivasiyasının yüksəlməsinə gətirib çıxarıb”.

 

Tarix, ədəbiyyat müəllimləri informatika dərsində

 

Saatların artmasını nəzərə alaraq peşəkar informatika müəllimləri çatışmazlığı ilə qarşılaşmamaq üçün pilot layihə çərçivəsində İKT bacarıqları yüksək olan digər fənn müəllimləri də layihəyə cəlb edilib. Onların arasında riyaziyyat, fizika, tarix, hətta ədəbiyyat müəllimləri də var. İKT bilikləri, kompüterdən istifadə etmə imkanları çox yüksək həmin müəllimlər layihəyə cəlb edilənlərin 30 faizini təşkil edir. Yəni,190 müəllimin 70-i başqa fənn müəllimidir.

F.Qurbanovun sözlərinə görə, bu təcrübə uğurla davam edir: “Uğurlu da olsa, hələlik eksperimentdir və özünü doğruldarsa, gələcəkdə Təhsil Nazirliyində məsələ qaldırıb bu təcrübənin genişləndirilməsinə nail olmaq mümkündür. Bu, beynəlxalq təhsil şirkətinin tövsiyəsi əsasında qəbul edilən qərardır. Şirkətin başqa ölkələrdəki təcrübəsi Azərbaycanda da belə qərar verərkən əsas rol oynayıb. İnformatikanın tədrisinə başqa ölkələrdə nəinki ayrı-ayrı ixtisas üzrə pedaqoqlar, hətta tam fərqli ixtisas sahələri üzrə peşəkar kadrlar da cəlb olunub”.

 

Bəs, məktəblər necə seçilib?

 

Layihədə iştirak edən məktəblər necə seçilib? Yəqin siz də elə düşünəcəksiniz ki, kompüteri çox, ən müasir avadanlıqlarla təchiz olunan 45 məktəbdən söhbət gedir? Yanılırsınız.

Məktəblər seçilərkən nəzərə alınan meyarlar tamamilə fərqlidir. Layihədə məktəblərin texniki təchizatı deyil, daha böyük olması, siniflərin və sinifdəki şagirdlərin sayının daha çox olması nəzərə alınıb. Həmin meyarlar sadəcə mərkəzdəki məktəblərdə deyil, Bakının ən ucqar məktəblərində axtarılıb. Nəticədə Hövsanda, Fatmayıda, Lökbatanda, Suraxanı rayonunda, hətta Şüvəlanda yerləşən Makarenko adına gimnaziyada belə, informatikanın yeni formatda tədrisi gerçəkləşdirilib. Layihə rəhbəri deyir ki, bu yolla informatika fənnini daha çox şagirdə tam yeni formatda təlqin etməyin mümkün olacağını düşünüblər.

Bütün məktəblərdə texniki təchizat layihənin tələblərinə uyğun qurulub. Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsi və Əsaslı Təchizat və Tikinti İdarəsinin köməyi ilə 45 məktəb üzrə 42 kompüter sinfi qurulub, bütün məktəblərin internet sürəti artırılıb. Məktəblərdə 2, hətta 4 kompüter sinfi qurulub. 1350-yə yaxın yeni noutbuk paylanıb, 30-a yaxın proyektor, elektron lövhələr, şəbəkə avadanlıqları və s. alınıb. Beləliklə, 45 məktəbdə, 240 sinif üzrə 190 müəllim dərslərə başlayıb: “Eyni tipli məktəblərdə başlasaydıq, gələcəkdə prosesin miqyasını böyüdərkən  rastlaşacağımız problemlər haqqında doğru təsəvvürümüz formalaşmazdı. Hazırda hər cür problemlə qarşılaşırıq və problemləri həll etmə təcrübəmiz artır. Komanda olaraq bu tipli problemləri həll etmə səriştəmiz artdıqca miqyaslaşmanı da daha uğurla həyata keçirəcəyimizə inamımız güclənir”.

 

Layihənin 4 üstünlüyü

 

F.Qurbanov layihənin gerçəkləşdirilməsinin 4 əsas üstünlüyünü qeyd edib: “Dərslər uşaqlarda məntiqi düşüncənin inkişafına təkan verir. Layihə işləmə bacarıqları artır. Burada fənlərarası yanaşma var. Tədris fərdiləşdirilir”.

R.Əliyarzadə isə müəllim kimi həmin üstünlükləri hiss edir. O, tədris etdiyi dərsin digər siniflərdə tətbiqi davam edən informatika dərslərindən belə fərqləndirir: “21-ci əsrin müasir peşələri İKT yönümlüdür. Həmin peşələrin hər birinin əsasında məhz alqoritmik düşüncə dayanıb. Hazırda tədris etdiyimiz informatika fənnində qarışıq dərs modelindən istifadə olunur. Bu iki qoşa saat ərzində uşaqlar  parta arxasında iş dəftərləri ilə tapşırıq yerinə yetirir, sonra müəllimin izah etdiyi komandalarla oyunlar formasında proqramlaşdırma həyata keçirir, video resurslara baxırlar. Dərs prosesində həm qrup, həm də fərdi şəkildə işləyirlər.Uşaqlar sadəcə məktəbdə deyil, evdə də məşğul olmaq imkanına malikdir. Məlumdur ki, 21-ci əsr uşaqları rəqəmsal dövrün uşaqlarıdır. Ona görə də kompüter onların həyatının bir hissəsinə çevrilib. Tətbiq etməkdə olduğumuz dərs modelində bunlar nəzərə alınıb. Uşaqlar xüsusi kodla hər gün yenilənən dərs bazasında öz məntiqi düşüncələri əsasında oyunlar qururlar, cizgi filmləri, rəqəmsal hekayələr yaradırlar”.

R.Əliyarzadənin fikrincə, layihənin həm şagirdlərə, həm də müəllimlərə verdiyi dəstək baxımından böyük üstünlükləri var: “Dərsə gəlməyən şagird proqramdan geri qalmır. Evdə də öz profilinə daxil olub yerləşdirilən video görüntülər, materiallar əsasında ötürdüyü dərs barədə məlumat əldə edə bilər. Müəllim üçün bu sistemin üstünlüyü ondan ibarətdir ki, öz profilindən şagirdlərin iştirak səviyyəsini və tapşırığı yerinə yetirməsini izləyə bilir. Başqa bir üstünlük isə müəllimə kömək məqsədilə edilənlərdir. Müəllimə təqdim olunan platformada cədvəli, dərs saatları, müəllim üçün xüsusi metodiki tövsiyələr yerləşdirilib. Bu da onların dərsə hazırlaşmağına böyük dəstəkdir”.

Rahilə müəllim deyir ki, bu dərs hər cəhətdən keyfiyyətə xidmət edir: “Sinfin bölünməsi hər uşağa ayrılan zamanı artırır. Qarışıq dərs modeli olması isə onların yorulmasına imkan vermir. Şəffaf qiymətləndirmə metodologiyası qiymətləndirmədə səhvin qarşısını alır”.

Bakı Avropa Liseyində həm də İKT üzrə direktor müavini olan R.Əliyarzadə yeni tədris formatının genişləndirilməsinin əhəmiyyətini də qeyd edib: “Elektron məktəblərin sayı kifayət qədərdir. Düşünürəm ki, digər fənlər üzrə də bu metodika tətbiq edilsə, uşaqların dərs yükünü azaltmaq, çantasını yüngülləşdirmək, qiymətləndirmədə şəffaflığa nail olmaq tamamilə asanlaşar. Məktəblərdə başqa fənlər üzrə də bu dərs modelindən  istifadə etməklə yaxşı nəticələr əldə etmək olar”.

 

Valideynlərin məsuliyyəti azalıb

 

Rahilə müəllimin sözlərinə görə, informatika fənninin yeni tədris forması valideynlərin də məsuliyyətini azaldıb. Uşaqların kompüterlə işinə çətinliklə də olsa, nəzarət etməyə çalışan valideynlərin artıq belə bir narahatlığı yoxdur. Artıq uşaqlar kompüter qarşısında əyləşəndə dərsdə öyrəndikləri bilik əsasında bacarıqlarını inkişaf etdirirlər. Özü də bunu əylənərək edirlər: “Dərsdə inteqrasiya bir çox istiqamətdə gedir. Yaradıcı və məntiqi potensial inkişaf edir, həyati bacarıqlar formalaşır. Bunun nəticəsidir ki, məktəbi bitirəndə şagird özünün yaratdığı məhsullarla ortaya çıxacaq. Onların hər birinin komanda şəklində virtual işləmək bacarığı formalaşacaq”.

Valideynlərdən biri Lalə Zeynalova da təsdiq edir ki, informatikanın yeni formatda tədrisi onun işini yüngülləşdirib. Artıq kompüter həvəskarı oğlunun internetdə gəzintisinin təhlükəli istiqamətlərə yönəlməyəcəyindən əmindir: “Oğlum Əziz gələcəkdə kompüter elmləri və proqramlaşdırma ilə məşğul olmaq istəyir. İnformatika dərsində şagirdə bu baza verilir. Gələcək təhsillərində və karyera qurarkən dərsdə aldıqları bilik onlarına karına gələcək”.

 

1 faiz 100 faiz olacaq?

 

Ölkədə 4500 məktəb var. 45 məktəbdə fəaliyyətə başlayan layihə bu məktəblərin cəmi 1 faizini əhatə edir. Bəs, bu faiz göstəricisi arta bilər?

Layihənin neçə il pilot olaraq davam edəcəyi, nə zaman miqyasının genişləndiriləcəyini indidən demək mümkün deyil. F.Qurbanovun fikrincə, nəticələr təhlil olunandan sonra müəyyən ediləcək ki, növbəti təhsil ilində layihə hansı formada, hansı siniflərdə genişləndirilsin: “Bu il başlayanlar gələn il VI sinifdə oxuyacaqlar. Bu, o deməkdir ki, layihə V və VI siniflərdə davam edəcək. Hansı sürətlə və başqa hansı siniflərdə tətbiq edilməsi imkanları da bu təhlillərin nəticələrinə əsasən müəyyən ediləcək. Lazım gələrsə aşağı, hətta daha yuxarı siniflərdə də yeni formatda tədrisə başlamaq mümkündür”.

Beləliklə, layihənin bütün sinifləri əhatə etməsinin neçə ilə mümkünləşəcəyini hələlik demək mümkün deyil. Bütün bunlar qarşıya çıxacaq problemlər, onların həlli yolları, tələb olunan maddi və insan resursları, problemlərin öhdəsindən gəlmə bacarığı və imkanından asılı olacaq: “Qarşımıza çıxan və bundan sonra da rastlaşacağımız problemlər tamamilə yeni olacaq. Çünki artıq illərdir ki, informatikanın tədrisi üzrə proqram yenilənmirdi. Nə məzmununda, nə yanaşmada dəyişiklik edilmişdi. Tam yeni proses tətbiq edildiyindən ortaya çıxacaq çətinliklər də ənənəvi problemlərdən fərqlənəcək”.

Yeni və kifayət qədər mürəkkəb olacağı gözlənilən problemlərin öhdəsindən necə gələcəklərini görmək üçün isə sadəcə bu tədris ilinin sonunu gözləmək kifayətdir.

 

Daşsalahlı Ruhiyyə

 

Azərbaycan müəllimi.- 2018.- 8 mart.- S.1; 5.