“SABAH”ımızın müəllimi
Lüksemburq Universitetinin
doktorantı Nicat Hacıxanov: “Mənim üçün
uğur hər addımı müvəffəqiyyətlə
tamamlamaqdır”
Tanıtım.
Nicat Hacıxanov 1990-cı ildə
Balakən rayonunun Hənifə kəndində anadan
olub. Orta təhsilinə Qazma 1 nömrəli tam orta məktəbdə
başlayıb. Balakən rayon Humanitar və Texniki təmayüllü
Liseydə orta təhsilini tamamlayıb. Azərbaycan Dövlət
Aqrar Universitetində bakalavr təhsili alıb. Sonra hərbi
xidməti borcunu yerinə yetirib. Azərbaycan
Dövlət İqtisad Universitetində magistratura təhsilinə
başladıqdan sonra elə bu ali məktəbin
Mühasibat-maliyyə departamentində iqtisadçı,
aparıcı iqtisadçı kimi fəaliyyət göstərib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində
Avstraliya Milli Universitetində magistratura təhsili alib. Bu
universitetdə maliyyəçi köməkçisi vəzifəsində
çalışıb. Eyni zamanda Avstraliyada yerli institutda tədqiqatçı
kimi akademik fəaliyyət də göstərib. Daha sonra ölkəyə
qayıdıb və Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Akademiyasında müəllim vəzifəsində,
eyni zamanda SABAH qruplarında, UNEC Beynəlxalq İqtisadiyyat Məktəbində
pedaqoji fəaliyyətini davam etdirib.
2017-ci ilin iyun ayından isə Lüksemburq dövlətinin
maliyyə dəstəyi əsasında Lüksemburq
Universitetində doktorantura təhsilinə başlayıb və
hazırda bu pilləni davam etdirir.
Yaşadığımız
dövrün tələbləri gənclərimizin akademik təhsil
həyatında öz ciddi korrektələrini buraxmaqdadır. Elm
yolunu seçən, təhsil həyatında
öz qarşısında ali hədəflər
qoyan gənclərimizin tədqiqatlara, dünyanı dəyişən
inqilabi innovasiyalara meyil göstərməsi gələcək
uğurun başlanğıcı
sayıla bilər. 28
yaşlı Nicat Hacıxanov bəhs etdiyimiz nüansları
öz həyatında yaşayan gənclərimizdəndir. Dünyanın 2 qitəsində təhsil
həyatı yaşamaq,
Avropanın ən gənc universitetlərindən birində
tədqiqat aparmaqla həm
də adlı-sanlı professorlarla çiyin-çiyinə
müəllimliklə də məşğul olmaq, əslində
Nicatın uğur hekayəsidir.
“SABAH”ımızın müəllimi, həm də bildiyimizə görə
tələbələrinin də sevimlisi olan Nicatla söhbətimizə
orta məktəbdən, hər birimizin həyatında
böyük dönüşlərin başlanğıcı
sayılan ixtisas seçimindən başladıq.
- Əslində ixtisas seçiminin formalaşmasına əmim çox böyük köməklik edib, elə özü iqtisadçı olduğu üçün gələcək fəaliyyətimin bu istiqamətdə davam etməsinin uyğunluğunu artıq orta məktəbdə kəşf etmişdi. Elə onun tövsiyəsi əsasında mühasibat və audit istiqamətində təhsil istiqamətini seçmək qərarına gəldim. Bakalavr təhsili kimi Azərbaycan Dövlət Aqrar Universitetinin seçilməsi həm mühasibat sahəsinin ADAU-da kifayət qədər zəngin baza əsasında formalaşması və Gəncə şəhərinin özünəməxsus gözəlliyi ilə əlaqələndirə bilərəm. UNEC-in magistratura təhsili üçün seçilməsi artıq növbəti pillədə yeni şəhər və yeni təcrübənin əldə olunması ilə bağlı idi.
- UNEC-də müəllimlik edibsiniz. Tələbəsi olduğunuz universitetin müəllimi olmaq, bu, necə bir hissdir sizin üçün?
- Bilirsiniz, tələbə olduğum zaman artıq fikrimdə özüm üçün ideal müəllim obrazını canlandırırdım. Bu barədə düşünmürdüm ki, pedaqoji istiqamət ilə məşğul olacağam. Lakin təhsil bir prosesdir və tələbə kimi tərkib hissəsi olmaq artıq digər tərəf (müəllimlik) barəsində də fikir formalaşdırır. Tələbəsi olduğum universitetin müəllimi olmaq doğmalıq və daha çox töhfə vermək kimi məsuliyyət yaradır. Çünki bu halda artıq mühitə özümü alışdırmq kimi mərhələni keçmək tələb olunmur və birbaşa tədris işinə daha çox zaman ayırmaqla nəticələnir.
İdeal müəllim
- İdeal müəllimdən
danışdınız. Sizcə, ideal müəllim kimdir, o
necə olmalıdır?
- Bu suala cavab çox hərtərəflidir
və ideal müəllim obrazını xarakterizə etmək
üçün çoxlu faktorlar vardır. Məhz
öyrədən tərəfin (müəllimin) səyi
öyrənmək prosesinin əsasını təşkil
edir. Mənə elə gəlir ki, ideal
müəllim nəinki rahat öyrənmək mühiti təşkil
etməlidir, həm də dinləyicilərin daha da
rahatlığı üçün onları tədris
zamanı əyləndirməyi bacarmalıdır. Bu rahatlıq öyrənmək, qavramaq işini daha
da sürətləndirir. Eyni zamanda tələbələrin
fikirlərini, düşüncələrini dinləməklə
tədris prosesini onların nəyi qavrayıb, hansı sahədə
çətinlik çəkdiklərini nəzərə
almaqla quran müəllim effektiv hesab edilə bilər. Bu, tələbələrin fikirlərinin müəllim
gündəmində əks olunması deməkdir. Məncə, digər ən
vacib amil müəllim və tələbə arasında
münasibətlərin qurulmasıdır, müəllim
çalışmalıdır ki,
tələbəni şəxs olaraq daha da yaxından
tanısın. Eyni zamanda nəinki dərs mühitində
baş verən problemlərə, həm də universitet
mühitindən kənar olan çətinliklərə
maksimum dərəcədə kömək etməlidir. Məhz
bu amil tələbənin özünü daha da rahat hiss etməsi
və məlumatı daha həvəsli şəkildə
qavranmasına yardım edəcək. Digər tərəfdən,
müəllimlik pedaqoji sahə olmaqla, özündə
psixologiyanı, sosiologiyanı və digər elm sahələrini
cəmləşdirir. Ona görə ideal
müəllim olmaq müəyyən zaman və bacarıq tələb
edir.
SABAH
qruplarında
- SABAH qruplarında dərs
demisiniz. Bu qrupların əhəmiyyətini, SABAH qrupu tələbələrinin
biliklərini necə qiymətləndirərdiniz?
- Mənə
elə gəlir ki, SABAH qruplarının yaradılması təhsilin
keyfiyyətinin artırılması istiqamətində
atılan ən mühüm addımlardan biridir. Aydındır ki, tələbə və müəllimlərin
seçiminin mərhələli şəkildə
aparılması keyfiyyət göstəricisinin artmasına səbəb
olur. Tədris zamanı tələbələrin
necə fəxrlə SABAH qruplarında təhsil
aldıqlarını və qürurlandığının
şahidi oldum. Düşünürəm
ki, insan nə olursa-olsun zəhmət
qarşılığında əldə edirsə onun dəyəri
ölçülməzdir. Elə SABAH
qruplarındakı tələbələr zəhmət və
bacarıqla qruplara daxil olduqdan sonra var gücləri ilə
çalışırlar. İnanıram
ki, əldə olunan uğurlar gələcəkdə daha
çox özünü göstərəcək.
Öyrənmək, dincəlmək, əylənmək
-
Avstraliyada magistr təhsili almısınız. Avstraliyada təhsilin hansı
üstünlüklərini qeyd edə bilərsiniz? Beynəlxalq tələbələr
hansı imkanlardan
yararlana bilərlər?
-
Bilirsiniz, Avstraliya mənim üçün fərqli bir
dünyadır, desəm yanılmaram. Təhsil
sisteminə gəldikdə isə, əlbəttə ki, hər
ölkənin inzibatçılığından, kadrlara olan tələbatından
asılı olaraq Avstraliyada da fərqli idi. Avstraliya Milli Universiteti beynəlxaq tələbələrin
sayına və ümumiyyətlə, multikultural olmasına
görə dünyada ən yüksək reytinqə malikdir.
Ona görə də bütün mövcud olan
imkanlardan hər kəs eyni dərəcədə yararlana bilər.
Mənim ən xoşuma gələn xüsusiyyəti
isə kampus şəhərciyi və ikiillik zaman ərzində
tam başqa aləm kimi yaddaşımda qalmasıdır.
Elə bir aləm ki, öyrənmək, dincəlmək,
əylənmək, bütün bunlar hamısı bir
aradadır.
- Siz hazırda Lüksemburqda təhsil
alır, tədqiqatlarla məşğul olursunuz. Hazırkı təhsil
həyatınız və tədqiqatlarınız barədə
məlumat verərdiniz.
- Hal-hazırda
Lüksemburqda yaşayıram və Lüksemburq Universitetində
doktrantura təhsili alıram. Lüksemburq Universiteti
2003-cü ildə əsası qoyulmaqla Avropanın ən gənc universitetlərindən
biri hesab edilir. Lüksemburqun beynəlxaq maliyyə mərkəzi
olması, ən nüfuzlu müəssisələrin, şirkətlərin
mərkəzlərinin burada yerləşməsi universitet məzunlarının
iş mühiti, təcrübə sahələrilə daha asan
əlaqəsi ilə nəticələnir. Hökumətin
təhsil və tədqiqata qayğısı həddən
artıq yüksəkdir. Sadə bir faktı göstərmək
olar ki, 2018-ci ilin planına əsasən növbəti
üç il ərzində ali təhsil və
tədqiqat yönümünə 1.4 milyard avro vəsait nəzərdə
tutulub. Bu isə Lüksemburqun nəinki maliyyə
mərkəzi, həm də elm mərkəzinə çevrilməkdə
nə dərəcədə iddialı olmasından xəbər
verir. Mənim tədqiqat dəstəyim məhz
Lüksemburqun təhsil siyasəti əsasındadır. Universitetdə doktorantura təhsili fərqliliyi ilə
seçilir. Təhsilə başlamazdan əvvəl
işçi müqaviləsi bağlanılır və əməkhaqqı
əsasında doktorant kimi işçi statusu verilir. Maraqlıdır ki, eyni zamanda ölkədə nəqliyyat
sistemindən tələbə statusu əsasında tam pulsuz
yararlanmağı da universitet təklif edir. Tədqiqat işinin aparılması üçün
bütün şərait təmin olunur. Mənim işimə
üç professor - maliyyə mühasibatı, maliyyə və
menecment mühasibatlığı sahəsində professorlar
Anke Muessig, Kerstin Lopatta, Thomas Kaspereit rəhbərlik edir, bu da
daha çox məsuliyyətli olmağı və öyrənməyi
tələb edir. Tədqiqat sahəm maliyyə hesabatlarının məlumatı
və göstəriciləri əsasında müəssisələrin
maliyyə bazarında baş verən proseslərə nəzərən
maliyyə göstəricilərinə nə kimi təsirinin
statistik araşdırılmasından ibarətdir. Eyni zamanda elmi rəhbərimlə birlikdə
universitetdə dərs deməklə də məşğul
oluram.
Lüksemburqun azərbaycanlı
müəllimi
-
Lüksemburq Universitetinin azərbaycanlı müəllimi əcnəbi
auditoriya qarşısında özünü necə hiss edir?
-
Bilirsiniz, bu mənim üçün böyük qürurdur,
həm də çox böyük təcrübədir. Çünki hər həftə dərs deməkdən
əlavə, professorların, digər universitetlərin əməkdaşları
öz tədqiqatlarını nümayiş etdirirlər və
bu seminarlara qatılmaq, onlarla fikir mübadiləsi aparmaq
çox dəyərlidir. Tələbələr
artıq əcnəbi müəllim gördükdə təəccüblənmirlər
və demək olar ki,
əksər müəllimlər əcnəbidir. Ona görə də milliyyətindən asılı
olmayaraq onlara müəllim kimi dəyər verilir və
münasibət göstərilir.
- Tələbələrin elmi tədqiqatçılığa
cəlb olunması nə səviyyədədir? Bunun
üçün hansı stimullaşdırıcı işlər
görülür?
- Avropada
tədqiqat aparılmayan təhsil müəssisəsi demək
olar ki, yoxdur. Tədqiqat olmadan universitet adlanan
qurumun fəaliyyəti demək olar ki, qəbul olunmur. Yalnız aparılan araşdırmaların sayına
və verdiyi töhfəsinə görə universitetlər
bir-biri ilə rəqabət aparır. Bu
işi başlatmaq üçün elə bakalavr, magistr səviyyəsindən
tədqiqat işi üzrə biliklər
formalaşdırılır. Digər tərəfdən,
bizim kimi gənc tədqiqatçıların tələbələrin
arasında olması imkan verir ki, bizimlə söhbət etsinlər
və elə buradan tədqiqatçı olmaq istəyi
yaranmağa başlayır. Onu da deyim ki, bu iş mükəmməl
düşünülüb, elə hökumətin verdiyi status
və dəstək, gələcəkdə cəmiyyətdə
tutulacaq mövqe və s. gənc tələbələrin
arasından mütləq bu istiqamətə meyil və həvəsi
artırır. Tədris zamanı magistrantlar üçün tezis işləməzdən
əvvəl onlara tədqiqat aparmaq metodları xüsusi
mütəxəssis tərəfindən öyrədilir, sonra
isə hər kəsin kreativ olaraq öz istəyinə
uyğun tədqiqat istiqamətini düşünməsi
üçün şans verilir. Bundan sonra fərdi
olaraq bütün fikirlər qiymətləndirilir və
araşdırma aparılması üçün rəy
verilir.
Təhsil sistemində fərqlər
- Siz fərqli
coğrafiyalarda olan ölkələrdə təhsil
həyatı yaşamısınız. Avstraliya və Lüksemburqun ali təhsil sistemlərini necə
müqayisə edə bilərsiniz?
-
Bilirsiniz, hər bir ölkənin istər coğrafi, istərsə
də inkişaf strategiyasından asılı olaraq təhsil
sistemində fərqlər mövcuddur. Məsələn,
Lüksemburq maliyyə mərkəzi olmaqla daha çox bu sahədə
olan mütəxəssisə ehtiyac duyur və təbii ki, bu da
tələbi artırır. Avstraliyada isə
təbiət, humanitar elmlərə daha çox maraq var.
Əlbəttə ki, inzibati sistemdə fərqlər
özünü açıq büruzə verir. Məsələn, Avstraliyada təhsil ödənişli
və kifayət qədər bahalıdır.
Lüksemburqda isə əksər Avropa ölkələrində
olduğu kimi, o
qədər də yüksək olmayan ödəniş əsasında
təhsil almaq mümkündür.
Əlbəttə ki, Avstraliya materik olduğu
üçün mən özümü hər tərəfdə
eyni ölkədə görürdüm. Burada isə əksinə,
Avstraliyanın digər şəhərinə qədər olan
məsafə qət etdiyim zamanla artıq Skandinaviya sərhədinə
qədər çoxlu ölkəni görmək
mümkündür. Mən də bu fürsətdən
istifadə edib boş vaxtlarımda yeni ölkələr, mədəniyyət,
tarixi yerlər ilə tanış oluram.
- Sizi daha
çox nə cəlb edir - müəllimlik və ya hansısa audit və ya vergi sistemində
işləmək?
-
Bilirsiniz, əslində dostlarımın əksəriyyəti
auditor və vergi işlərində
çalışırlar. Onların gördüyü iş
vacibdir və alqışa layiqdir. Lakin mənim
üçün hər gün yeni bir tərzdə işə
başlamaq, yeni bir fikrin mülahizəsi daha maraqlıdır və
rəngarəngdir. Lüksemburq doktorantura təhsili sahəsinə
təkcə akademik fəaliyyət kimi yanaşmır, eyni
zamanda daha yüksək qiymət verir və dəyərli mütəxəssis
kimi yanaşılır.
Hədəfim ölkəmə layiqli
kadr olmaqdır
- Sizə görə uğurun mənbəyi
nədir? Həyatda uğurlu olmaq
üçün nə etməli?
- Mənim
üçün uğur hər addımı müvəffəqiyyətlə
tamamlamaqdır, bunun üçün isə yalnız həddən
artıq etdiyin işə həvəskar olmaq və onu
çox istəməkdir. Digər amil isə ətrafında
yol göstərəcək və dəstəkləyəcək
insanların olmasıdır. Valideynlərimə,
dostlarıma, UNEC rəhbərliyinə, Dövlət
Gömrük Komitəsi rəhbərliyinə,
Lüksemburqdakı professorlarıma borcluyam ki, hər
addımda onların göstərdiyi mənəvi dəstək
mənə daim kömək olub.
- Gələcəklə bağlı
hansı planlarınız var?
-
Yaxın gələcək üçün plan kimi
hal-hazırda yüksək reytinqli jurnallara təqdim edəcəyimiz
məqalələr üzərində işləyirik. Eyni zamanda Almaniyada digər professorum ilə birgə
bir müddət dərs deyəcəyik. Doktorantura
pilləsindən sonra yüksək təkmilləşdirmə
dərəcəsi də almağı düşünürəm.
Bütün bu addımların mənim
üçün bir məqsədi var, hədəfim ölkəmə
bacardığım dərəcədə layiqli kadr olmaqdan
ibarətdir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.-
8 mart.- S.8.