Daha keyfiyyətli təhsil verən universitetlər

 

Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin reytinqi

 

Qloballaşan dünyanın tələb və çağırışları həyatın astanasında olan gənclər qarşısında  akademik  təhsil həyatlarında düzgün seçim etmək kimi aktual vəzifə qoyur.  Hansı universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar?

Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkətinin ixtisas hazırlığı üzrə dünyanın ən yaxşı universitetlərinin sayca 8-ci reytinqi (QS World University Rankings by Subject 2018)  bu suallara cavab tapmağa imkan verir.   Tədqiqat ali məktəb seçimində abituriyentlər üçün  çox qiymətli  resurs rolunu oynayır.  Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri seçə və müqayisə apara bilərlər.

QS-in 2018-ci  illik reytinqinə  dünyanın 151 ölkəsindən 4500 ali məktəb cəlb olunub.  Reytinqdə isə onlardan  950-nin  48 fənn  üzrə mövqeyi əks olunub.  Ötən ildən fərqli olaraq  bu il tədqiqata cəlb olunan fənlərin sayı kitabxana və informasiyanın idarəolunması,  klassik və qədim tarix ixtisasları hesabına  48-ə çatdırılıb. Tədris olunan hər bir  fənn  üçün qiymətləndirmə meyarları kimi - akademik cəmiyyətin, işəgötürənlərin rəyləri,  elmi məqalələrdən sitatgətirilmə indeksi, Xirş əmsalı əsas götürülüb.

Builki tədqiqat gedişində 75000 alim və 40000 işəgötürən arasında sorğu aparılıb,  12,3 milyon məqalə və onlardan  71,5 milyon sitatgətirilmə gözdən keçirilib.  Tərtibçilər ali məktəbləri qiymətləndirərkən müəllim və tələbələrin Scopus/Elsevier bibloqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə indeksini əsas götürüblər.

Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı ali məktəblərinin reytinqinə  ABŞ-ın Harvard Universiteti başçılıq edir.  İkinci yerdə Massaçusets Texnologiya İnstitutu qərarlaşıb. Tədqiqata əsasən Harvard Universitetini seçən tələbələr öz qərarlarından razı qala bilərlər.   Harvard tədqiqata cəlb olunmuş ali məktəblər arasında 14 fənn hazırlığı üzrə ən çox birincilik  qazanmış  universitetdir.  Massaçusets Texnologiya İnstitutu 12 fənn üzrə ikincidir. Böyük Britaniyanın Oksford Universiteti  sıralamanın 3-cü pilləsində qərarlaşaraq Avropanın ən yaxşı ixtisas hazırlığını həyata keçirən ali məktəb statusunu  möhkəmləndirib. İlk onluqda həmçinin Kaliforniya Texnologiya İnstitutu,   Böyük Britaniyanın Kembric, London Universitet Kolleci, Çikaqo Universiteti, İsveçrə Federal Texnologiyalar İnstitutu yer alıb. Bir sıra ixtisaslar üzrə sıralamanın geniş təhlili aparılıb və məlum olub ki, ABŞ-ın bir çox ali məktəbləri  reytinqlərdə arxa pillələrdə yer alıblar. Böyük Britaniya universitetlərinin sıralamanın ön pillələrində  yer alması da nəzərəçarpacaq səviyyədə deyil,  buna baxmayaraq Birləşmiş Krallığın ali məktəbləri bu il 10 fənn üzrə  fərqlənə biliblər ki, bu da  ötən ildəkindən 2 fənn artıqdır.  Böyük Britaniyanın ali təhsil  sistemi  universitetlərə ayrılan maliyyə vəsaitlərinin həcminin azalması və ölkənin gələcəkdə Avrozonanı tərk etməsinə baxmayaraq   stabil olaraq  qalır.  Böyük Britaniya  ali məktəbləri 10 ixtisas hazırlığı üzrə birinci yeri tutub, bu isə top-3-lükdə olan yerlərin üçdəbiri deməkdir.  Birləşmiş Krallığın universitetləri ümumilikdə reytinqdə mövqelərinin sayını   artırıblar. Böyük Britaniyanın Kembric Universiteti  müxtəlif  ixtisaslar üzrə top-10-luqlarda 37,  Oksford Universiteti 35,  ABŞ-ın Kaliforniya Berkli Universiteti 34, Harvard Universiteti 34,  Stenford Universiteti 32, Massaçusets Texnologiya İnstitutu  24, Kaliforniya Los-Anceles Universiteti (UCLA)14,  Böyük Britaniyanın London İqtisadiyyat Məktəbi (LSE) 13,  Sinqapur Milli Universiteti 11,  ABŞ-ın Yel Universiteti 11 mövqe əldə ediblər.

Bu il QS  reytinqinə  Rusiyanın 24 ali məktəbi daxil olub.  Onların arasında ən yaxşı mövqeni M.V.Lomonosov adına Moskva Dövlət Universiteti  nümayiş etdirib.  MDU bir sıra fənlər üzrə top-100-lükdə  qərarlaşa bilib.  Universitet ötən illə müqayisədə 13 mövqe  yüksəlib. “Moskva Dövlət Universiteti QS-in predmet reytinqində rekord uğur nümayiş etdirib. Biz genişləndirilmiş predmet sahələrində unikal dinamikanı göstərdik. İlk dəfə Rusiya universiteti təbiət elmləri  sferasında dünyanın ən yaxşı ali məktəblərinin top-20-liyində  təmsil olunub”,-deyə  universitetin rektoru, akademik V.Sadovniçi bildirib. Onun sözlərinə görə, həmçinin ali məktəb humanitar elmlər üzrə dünyada 51-ci,  “Sosial elmlər və idarəetmə” sahəsində 60-cı,  genişləndirilmiş “Lahiyələşdirmə və texnologiyalar” sahəsində 76-cı yeri tutmaqla  “Mühəndislik və kosmik texnologiyalar” predmeti üzrə 51-100-cü sırada yer ala bilib. Builki reytinqdə Moskva Dövlət Universiteti 48 fəndən 6-sı  üzrə  top-50-liyə daxil olub. MDU əvvəlki kimi dünyada linqvistika üzrə top-20-likdə 18-ci yerdədir.   MDU   müasir dillər, fizika və astronomiya, riyaziyyat, mehmanxana işi, informatika və informasiya texnologiyaları  kimi ayrı-ayrı fənlər  üzrə  də ən yüksək göstəricilər əldə edib.  Rusiyanın digər ali məktəblərindən Sankt -Peterburq Dağ-Mədən İnstitutu “Mühəndislik işi”  ixtisası üzrə 15-ci,  “Fizika və astronomiya”  fənni üzrə Moskva Fizika Texnika İnstitutu 42-ci, Novosibirsk Dövlət Universiteti 50-ci yerləri tutublar.

Bu ilin reytinqi təsdiq edir ki, Rusiya universitetləri aşağıdakı  fənlərdə -  “Fizika və astronomiya”, “İnformatika”, “Riyaziyyat”  və “Müasir dillər”, “Maşınqayırma” və “Kimya” üzrə xüsusilə güclüdür. Bundan əlavə, Rusiya universitetlərinin məzunlarının işə düzəlməsi üzrə göstəricilərinin də yüksəlməsi müşahidə olunur. Bütün bunlara baxmayaraq Rusiyanın bir sıra universitetlərinin ayrı-ayrı  ixtisas hazırlığı üzrə mövqeyi ötən ildəkinə nisbətən zəifləyib.  Reytinqin tərtibçiləri bunun səbəbini  hər hansı ali məktəbdə təhsilin keyfiyyətinin əsas göstəricisi hesab olunan  akademik nüfuz indikatoru üzrə balların sayının azalması ilə izah edirlər.   QS-in tədqiqatlar  bölməsinin rəhbəri Ben Sauter  tədqiqatın nəticələrini belə şərh edib: “QS World University Rankings-in  nəticələri son bir neçə il ərzində Rusiya ali məktəbləri tərəfindən nail olunmuş tərəqqini göstərir.   Biz universitetlərin davamlı  məqsədli maliyyələşdirməsinin əhəmiyyətini və onların beynəlmiləlləşmə  cəhdlərini müşahidə edirik. Bu ildə biz həmçinin Rusiya universitetlərində tədqiqatların nəticələrinin yaxşılaşmasını görürük.  Rusiya ali məktəbləri  son illərdə göstəricilərin yaxşılaşdırılması üzrə düzgün yoldadır”. Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin reytinqində Türkiyənin ali məktəbləri də yer alıblar.  Türkiyənin  Orta Doğu Texnik Universiteti  toplam 13 ixtisas hazırlığı üzrə dünyanın  seçilmiş ali məktəbləri arasında yer ala bilib.  Qardaş ölkədən  Bilkənt, Koç, İstanbul Texnik universitetləri də ayrı-ayrı sahələrdə  reytinqin orta pillələrində təmsil olunublar. 

Tədqiqatdan məlum olur ki,  2017-ci illə müqayisədə 48 istiqamət üzrə reytinqlərin ilk 3 pillələrində ABŞ-ın təmsilçilik payı 55,7 faizdən 54,8 faizə düşüb. QS-in tədqiqatlar  bölməsinin rəhbəri Ben Sauterin sözlərinə görə,  ABŞ-ın elm ölkəsi kimi müəyyən vaxta qədər ali təhsildə dominantlıq təşkil etməsi mübahisə mövzusudur. 2018-ci ilin nəticələri göstərir ki,  bütün dünyada rəqabətin güclənməsi hesabına ABŞ-ın rolu zəifləyir.

Çin də daxil olmaqla  bir sıra Asiya universitetlərinin göstəricilərinin də   artım tempi, Fransa və Braziliya ali məktəblərində isə tədrisin səviyyəsi aşağı düşüb.

Qeyd edək ki,  dünya universitetlərinin bilik sahələri üzrə  QS World University Rankings by Subject  reytinqi  2011-ci ildən dərc edilir.  Bu reytinq işəgötürənlərə, tələbələrə, valideynlərə və müəllimlərə dünya üzrə hansı universitetin keçilən hər bir fənn üzrə ən yaxşı olmasına dair tam və ən dolğun aktual məlumatlar əldə etmək imkanı verir.

Dünyanın ixtisas hazırlığı sahəsində ən yaxşı universitetlərinin reytinq vəziyyəti ilə www.topuniversities.com/subject-rankings/2018 səhifəsindən daha yaxından tanış olmaq olar.

 

Oruc Mustafayev

 

Azərbaycan müəllimi.- 2018.- 8 mart.- S.9.