Müəllim-tələbə
formatında sərgi
ADMİU-da “Şöhrət” ordenli rəssamın
yubileyi qeyd olunub
...Bu
böyük düha sahibinin əsərlərinə həyəcansız baxmaq
mümkün deyil. Sanki başqa
bir dünyada hiss edirsən özünü. Bu, sadəcə bütün rəssamların əlində
olan bir fırça möcüzəsi deyil, bu, hər biri bir simvolun tərənnümçüsü olan
qara, ağ, göy, qırmızı, yaşıl və
sair rənglərin qəhrəmanlıqları da deyil bu, dərin məna
çalarlarının sıralandığı təsvirlərdə dünya şöhrətli bir rəssamın
daxili zənginliyinin parlaq təcəssümü, aydın təfəkkürüdür,
dil açıb
danışır, tamaşaçını yel qanadlarında bam-başqa əsrarəngiz
aləmlərə qovuşdurur. Yalnız ilahi hisslərlə
cilalanmaqla, bu qədim el sənətinin
sirlərinə dərindən yiyələnməklə, təbiətin
hikmətini, onun dərin fəlsəfəsini duymaqla, yalnız göylə yer arasında Ulu Tanrının
yaratdığı möcüzələrin mahiyyətini anlamaqla bu cür möhtəşəm
əsərlər ərsəyə gətirmək olar.
Dünya sərgilərində zaman-zaman sərgilənən bu
əsərlərin qüdrəti bir də ondadır ki, onlarda
milli üslub dünyəvi təsvirlə vəhdətdə təqdim
olunur, necə deyərlər, müasirlik elementləri bütün qitələri, dinləri,
dilləri doğmalaşdırır. Bir az da dərinə getsək azərbaycançılıq ideologiyası bu dünyaşöhrətli rəssamın sanballı əsərlərinin dərin
çalarlarında xüsusi
ustalıq və bacarıqla tərənnüm olunur.
...Haqqında
ürəkdolusu çıxışlar səslənən
bir dahi insanın - “Şöhrət”
ordenli, görkəmli rəssam Arif Əzizin Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində təntənəli şəkildə
qeyd olunan 75 illik yubiley tədbirindəyik. YUNESKO yanında
“Yeni Era” Beynəlxalq Rəssamlar Akademiyasının həqiqi
üzvü, qurumun Bakı filialının prezidenti, Mərkəzi
qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq Reklam
Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar,
Reklamçılar və Dizaynerlər İttifaqının üzvü,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin kafedra müdiri, əməkdar incəsənət xadimi,
professorun 75 illik yubileyinə həsr
olunmuş sərgi universitetin tarixində ilk dəfə olaraq
“ müəllim-tələbə” formatında təşkil
olunmuşdu. Belə ki, sərgidə Arif Əzizin fərqli
yaradıcılıq dövrlərini əks etdirən 10 əsəri
ilə bərabər rəssamlıq fakültəsinin müxtəlif
ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələrinin də əl
işləri nümayiş olunurdu. Yubiley tədbirini universitetin rektoru, sənətşünaslıq
üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi, professor Fərəh
Əliyeva açaraq yubilyarın
dərin və hərtərəfli
yaradıcılıq məharəti tələb edən rəssamlıq
sənətinə verdiyi misilsiz
töhfələrdən bəhs edib. Bildirib ki, 40 ildən
artıq Azərbaycan incəsənətində imzası ilə
tanınan, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin professoru Arif Əziz fəaliyyətində
bədii yaradıcılıq ilə pedaqoji işi, üslub
axtarışlarında ənənə və yeniliyi, fərdi
manerasının formalaşmasında akademik məktəb və
dövrün meyillərini birləşdirən şəxsiyyətdir.
Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət,
qrafika, rəngkarlıq, dizayn, teatr-dekor sənəti sahələrini
əhatə etməklə ardıcıl şəkildə
milli təsviri incəsənətimizin son yarım əsrdə
keçdiyi tərəqqi yolunu özündə aydın və
emosional tərzdə əks etdirir.
Müasir səpgidə işləməsi, zamanın
çağırışlarını duymaq, onun bədii nəbzini
hiss edib, ətrafdakılara ötürmək, bilikləri ilə
paylaşmaq, alicənablıq-sadalanan bu amillər artıq
qırx yeddi ildir ki, tələbələrimizi cəlb edir, zənginləşdirir
və dünyanı fərqli tərzdə ifadə etməsinə
yol açır.
Rektor Fərəh
Əliyeva yubilyar haqqında ürək sözlərini bitirdikdən sonra
çıxış üçün söz Arif Əziz
yaradıcılığının sehrinə düşən sənət yoldaşlarına, dostlarına və universitetin tələbələrinə
verildi. Bütün çıxışlarda
dünyaşöhrətli rəssamın zəngin yaradıcılıq
potensialından, onun ərsəyə gətirdiyi bütün əsərlərə uzunömürlülük statusu
qazandırdığından, öz
sənətini sevimli tələbələrinə dərin məhəbbətlə mənimsətdiyindən bəhs olundu. Qeyd olundu ki, Arif
Əzizin bir vaxtlar tələbəsi
olan onlarla istedadlı rəssam
hazırda bu sənətin
sirlərini öz yetirmələrinə öyrədir, bu
böyük sənətkardan əxz etdiklərini yeni nəslə ötürürlər.
Tələbələrinin sevimli
müəllimləri
Arif Əziz haqqında
Ləman
Məmmədova: Xoşbəxtəm ki, Arif müəllim yubiley sərgisini bizlərlə bölüşdü. Mənim də
əsərim nümayiş olundu. “Siluet” əsərimi Arif
müəllimin emalatxanasında ərsəyə gətirmişəm. Geniş ürəkli, daim sənətini
tələbələrinə sevdirən Arif müəllim! Bunun yalnız magistratura illərində
deyil, bakalavr olduğum illərdə də şahidi
olmuşam. Arif müəllim tələbələrinə
qarşı həmişə ədalətli mövqe tutur, əsl
dost kimi yanaşır, qayğısına qalır, ata kimi
münasibət göstərir. Onun əsl məqsədi bizləri
düşündürmək, bizdə olan potensialı üzə çıxarmaqdan ibarətdir. Tələbənin
“özü”nü taparaq fərdi formalaşması Arif
müəllim üçün önəmlidir.
Aysel Vəliyeva: Sehirli
fırçası ilə
gözə görünən dünyanın gözəgörünməz
gözəlliklərini göz önünə sərən dəyərli
Arif müəllim, bizə ağlı-qaralı dünyanı
bərli-bəzəkli sevdirdiyinizə görə minnətdarıq.
Daim fırçanız barmaqlarınızın
ağuşunda, adınız böyük əsərlərin və
uğurların imza köşəsində, ürəyiniz
sevginin orbitində olsun.
Aydan Əliyeva: Görkəmli rəssamın tələbəsi olduğum üçün qürur duyuram. Onun sayəsində müasir üslubda rəsm çəkməyi öyrəndim. O, öz tələbələrinə həmişə dəstək olmuş, sərgilərini hazırlamaqda onlara kömək etmiş, onların tərtibatında iştirak etmişdir. Dəyərli Arif müəllim! Rəssamlığı bizə fərqli tərəfdən göstərdiyiniz üçün böyük minnətdaram. Sizə cansağlığı, uzun ömür arzulayıram.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2018.-
16 mart.- S.5.