Daha səriştəli
kadrlar naminə
ADPU yalnız pedaqoji təcrübənin
müddətini uzatmayıb
Ölkəmizdə
müəllim hazırlayan ən böyük ali
təhsil müəssisəsi olan Azərbaycan Dövlət
Pedaqoji Universiteti bu il pedaqoji təcrübənin müddətini
8 həftədən 14 həftəyə qədər
uzadıb. Universitetdə pedaqoji təcrübələrlə
bağlı digər yenilikləri öyrənmək məqsədilə
ADPU-da və ali təhsil müəssisəsinin
tələbələrinin təcrübədə olduğu bir
sıra orta ümumtəhsil məktəbində olduq.
Universitetin tədris
işləri üzrə prorektoru Eldar Aslanov bizimlə söhbətində
bildirdi ki, kadr hazırlığının ən mühüm
məsələlərindən biri istehsalat təcrübəsidir.
Universitet rəhbərliyinin bu sahəyə xüsusi diqqət
yetirdiyini deyən prorektor gələcək illərdə
pedaqoji təcrübələrin daha da təkmilləşdiriləcəyini
vurğuladı: “Pedaqoji kadr hazırlayan bir ali
məktəb kimi bizim əsas vəzifələrimizdən biri
ölkəmizin müasir təhsil
çağırışlarına cavab verən, bilikli,
savadlı, həmçinin bacarıqlı gənc mütəxəssislər
yetişdirmək və təhsil sisteminə təqdim etməkdir.
Bununla əlaqədar bu ildən başlayaraq
universitet pedaqoji təcrübələrlə bağlı
yeniliklərə imza atıb. Ötən illərdən
fərqli olaraq bu il pedaqoji təcrübənin
müddəti artırılıb. Yeni tədris
planına əsasən, Pedaqoji Universitetdə bu ildən ilk dəfə
olaraq 8-ci semestrdə 14 həftəlik pedaqoji təcrübə
keçirlər. Əvvəllər pedaqoji
təcrübə 3 və 4-cü kurslarda, hər birində 4 həftə
həyata keçirilirdi. Bu il isə
4-cü kursun ikinci semestri bütövlükdə pedaqoji təcrübəyə
həsr olunub. Burada məqsəd tələbələrin
məktəb mühitinə daha çox alışması,
bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Bunun bir çox üstünlüyü var.
Əvvəla, tələbə semestr imtahanını başa
vurub rahat şəkildə təcrübəyə gedir. Fikirləşmir ki, qayıdanda qarşıda onu dərslər
və imtahanlar gözləyir. Bu sistem həmçinin
tələbəyə şərait yaradır ki, universiteti
bitirən kimi müəllimlərin işə qəbulu
imtahanlarına sərbəst şəkildə
hazırlaşsın”.
Əvvəllər tələbə 4-cü kursda 4 həftə
təcrübədə olduqdan sonra yenidən universitetə
qayıdır, dərslərə davam edir və sonda semestr
imtahanlarına hazırlaşırdı. Bu, onlarda əlavə
stress yaradırdı.
Ötən
illərdən fərqli olaraq bu il
universitet özünə daha sağlam təhsil mühiti olan
tərəf-müqabilləri seçib. E.Aslanov bu il tələbələrin göndərildiyi məktəblərə,
orada çalışan müəllimlərin səriştəliliyinə
xüsusi diqqət yetirildiyini diqqətə
çatdırdı: “Məktəb seçimi zamanı reytinqi
yüksək olan məktəblərə üstünlük
veririk. Tələbələr diaqnostik qiymətləndirmədə
yüksək bal toplayan, fəxri ad
almış müəllimlərin yanında təcrübə
keçirlər. Digər bir məsələ isə
qiymətləndirmə ilə bağlıdır. Hazırda təcrübədə olan tələbələrin
qiymətləndirilməsi tam olaraq məktəblərdə
aparılır. Lakin gələcəkdə
bu qiymətləndirmənin bir hissəsinin universitetdə
aparılmasını planlaşdırırıq. Pedaqoji təcrübə əsasında tələbələrin
hazırlayacağı təqdimatların universitetdə
xüsusi komissiya tərəfindən qiymətləndirilməsini
nəzərdə tuturuq”.
Prorektor ötən illərdə pedaqoji təcrübədə
əsas diqqətin sınaq dərslərinə yönəldiyini
bildirir. Lakin
indi sınaq dərsləri ilə yanaşı, tələbənin
təcrübədə məktəbşünaslığı
öyrənməsinə daha çox maraq göstərilir:
“Belə ki, məktəb həyatı, məktəbin
icması, valideynlərlə iş, sinif rəhbərinin vəzifələri,
idarəçilik, pedaqoji kollektivlə iş və s. məsələlər
də bizi daha çox maraqlandıran amillərdir. Axı gələcəyin müəllimləri məktəbdə
dərs deməklə bərabər, həm də tədris
ocağının idarə olunmasında da iştirak edəcəklər.
Gələcəkdə pedaqoji təcrübə
ilə bağlı digər yeniliklərin olması, pedaqoji təcrübənin
səmərəliliyinin artırılması istiqamətində
digər işlər görülməsi qarşımızda
duran məsələlərdir. Düşünürük
ki, pedaqoji təcrübənin müddətini daha da
artıraq. Tələbələr təkcə
4-cü kursda deyil, aşağı kurslarda da məktəblə
tanışlıq mərhələsini keçsinlər.
Gələcəkdə nəzərdə
tutduğumuz məsələlərdən biri də baza məktəblərinin
sayının artırılmasıdır. Həmin
baza məktəblərdə kafedralarımızın, belə
deyək ki, filiallarını, kabinetlərini təşkil edək.
Metodist müəllimlər həmin baza məktəblərində
tədqiqatlarla məşğul olsunlar və tələbələr
mütəmadi olaraq bu məktəblərlə sıx əlaqə
qursunlar”.
ADPU-nun
ibtidai təhsil pedaqogikası və metodikası
kafedrasının baş müəllimi, 212 nömrəli tam
orta məktəbdə pedaqoji təcrübə rəhbəri
Gülşən Eminova bizimlə söhbətində bildirdi
ki, daha çox tələbələrin siniflərə
adaptasiya olunmasına, onların gələcəkdə bir
peşəkar müəllim kimi formalaşmasına istiqamət
verirlər. Təcrübəyə pedaqoq,
psixoloq və müxtəlif ixtisaslar üzrə metodistlər
cəlb olunub. Metodist müəllimlər təcrübə
müddətində tələbələrə dərslərə
hazırlıq mərhələsini, dərsin quruluşunu,
qiymətləndirmə və digər məsələləri
öyrədirlər. Psixoloqlar şagirdlərə fərdi
yanaşma, hər hansı bir situasiyadan çıxış
yolu və s. məsələlərdə tövsiyələr
verir. Tələbələrin keçdiyi sınaq dərslərdən
sonra metodistlərin iştirakı ilə dərsin müzakirəsi
aparılır.
ADPU-nun
ibtidai təhsil pedaqogikası və metodikası
kafedrasının dosenti Şahrza Ağayev pedaqoji təcrübədə
əsas məqsədlərdən birinin də uğurla həyata
keçirilən kurikulum islahatının praktik şəkildə
reallaşmasını təmin etmək olduğunu dedi: “İllərlə
təhsilimizin məzmunu hafizə məktəbi üzərində
qurulmuşdur. Lakin indi hafizə məktəbindən
təfəkkür məktəbinə keçid etmişik.
Bu baxımdan təfəkkür məktəbi
yeni təlim texnologiyalarının tətbiqini zəruri edir.
Universitetdə tədris olunan mövzular standartlara
müvafiq olaraq keçirilir. İndi biz bu
standartlarda öyrəndiyimiz nəzəri bilikləri məktəbdə
təcrübi biliklərlə həyata keçirməyə
çalışırıq. Sevindirici
haldır ki, tələbələrimiz təcrübələrə
çox həvəslə gəlirlər. Ən gözəl
cəhət isə tələbələr sınaq dərslərində
standartların təlim məqsədində reallaşdırılmasına nail olurlar. Bu,
çox vacib amildir”.
ADPU-nun
biologiya və onun tədrisi metodikası kafedrasının
dosenti Həqiqət Hacıyeva da bu yeniliklərin çox səmərəli
olacağını deyir: “Universitet üzrə pedaqoji təcrübə
komissiyasının üzvüyəm. Hazırda
49 nömrəli tam orta məktəbdə təcrübə rəhbəriyəm.
Pedaqoji təcrübə ilə bağlı uzun
illər təcrübəm var. Əvvəllər 3-4-cü
kurslarda təşkil olunan təcrübələr tələbələrin
ixtisasa tam yiyələnməsinə mane olurdu. Çünki tələbələr bir ay təcrübədə
olduqdan sonra yenidən dərsə başlayırdılar və
imtahanlar barədə düşünürdülər. 14 həftəlik pedaqoji təcrübəyə
keçməyimizin bir çox üstünlüyü var.
Artıq onlar nəzəri biliklərə tam yiyələndikdən
sonra təcrübəyə bir müəllim kimi gedirlər.
Müddətin artması, düşünürəm
ki, çox faydalı olacaq. Onlar təkcə
sınaq dərsləri ilə kifayətlənməyəcəklər.
Həmçinin məktəbdə baş verən proseslərlə
yaxından tanış olacaqlar. Bu müddətdə tələbələr sinif rəhbərinin
işini, proqramı yetirməyən şagirdlərlə
işi dərindən öyrənəcəklər. Ən vacibi isə şagirdlərlə əməkdaşlığı
öyrənəcək, məktəbin müəllim
kollektivinin yaxın üzvü olacaqlar. Təcrübənin
başlamasından iki həftə keçməsinə
baxmayaraq, tələbələr artıq məktəbə
qaynayıb-qarışıblar. Düşünürəm
ki, 14 həftəlik pedaqoji təcrübədən sonra tələbələrimiz
tam yetişmiş bir kadr kimi məktəblərdə əmək
fəaliyyətinə başlaya bilər”.
Tələbələr də pedaqoji təcrübənin
müddətinin artırılmasından razıdırlar. Türkan Əliyeva bizimlə
söhbətində bildirdi ki, bu müddət ərzində məktəbin
səriştəli, peşəkar müəllimlərinin dərslərində
olublar: “Bundan başqa, metodistlərin bizlərə verdiyi
tövsiyə və tapşırıqları dinlədik. Universitetdə əldə etdiyimiz nəzəri bilikləri
təcrübi biliklərə çevirməyə
çalışırıq. Doğrudan
da, biz tələbələr təcrübədə
olduğumuz müddətdə anladıq ki, məktəbdə
öyrənəcəyimiz çox şey var.
Açığı, təcrübəyə gəlmədən
öncə belə düşünmürdüm. Fikirləşirdim ki, biliyim varsa, gedib rahat dərs
deyə bilərəm. Lakin burada
gördüm ki, yaxşı müəllim olmaq
üçün təkcə nəzəri bilik kifayət
etmir”.
ADPU-nun digər tələbəsi Aynur Rzaquliyeva məktəbə
get-gedə alışdığını deyir. O, təcrübələrin
onların gələcək karyeraları üçün
çox səmərəli olacağını
düşünür: “Pedaqoji təcrübədə
olduğumuz müddətdə bizim üçün hər bir
şərait yaradılıb. Çalışırıq
ki, 14 həftəlik təcrübədən maksimum şəkildə
yararlanaq. Bu, bizim gələcəkdə
müəllim kimi fəaliyyət göstərməyimizdə ən
vacib amillərdəndir. Təcrübənin
gedişi də mənim bu qənaətdə olduğumu
sübut edir. Belə ki, qısa müddətdə
məktəbdə müəyyən təcrübə qazandıq.
Məktəb mühitinə də demək olar
ki, yavaş-yavaş alışırıq. Məktəbin kollektivi bizə çox mehriban
münasibət göstərir. Bilmədiklərimizi
onlardan öyrənməyə çalışırıq.
Biri var nəyisə kənardan izləyəsən,
biri də var prosesin içində olasan. Fikrimcə,
biz prosesin içində nə qədər çox olsaq, gələcəkdə
məktəbdə qarşılaşdığımız
problemləri də asanlıqla həll edə bilərik”.
ADPU tələbələrinin təcrübə
keçdiyi paytaxtın 45 nömrəli tam orta məktəbinin
direktoru Nəcibə Axundova ilə də söhbətləşdik. O, pedaqoji təcrübənin
məktəbdə keçirilməsinin səmərəliliyini
pedaqoji təcrübə üçün yaradılan şəraitin
əlverişliliyindən asılı olduğunu diqqətə
çatdırdı. Bildirdi ki, 45 nömrəli məktəbdə
bunun üçün əlverişli şərait, sağlam təhsil
mühiti mövcuddur: “Çalışırıq ki, tələbələrə
maksimum dərəcədə kömək göstərək,
onlara dəstək olaq. Tələbələrin
daha effektli biliklər əldə etməsi, müəllim
kompetensiyalarına yiyələnmələri üçün
biz məktəbin ən yaxşı müəllimlərini bu
işə cəlb etmişik. Onların
sınaq dərslərinin vaxtında, dolğun keçirilməsini
təmin edirik. Kollektivimiz təcrübəçi
tələbələrə bizimlə çiyin-çiyinə
çalışan müəllim kimi yanaşır”.
Niyazi
RƏHİMOV
Azərbaycan müəllimi.- 2018.-
16 mart.- S.9.