Qərb regionunun
nüfuzlu təhsil ocağı
GDU-da aparılan məqsədyönlü
işlər böyük uğurlara hesablanıb
Respublikamızda
sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və
çəkisi olan elm ocaqlarından
biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və
şərəfli tarixə
malik olan bu universitet
ölkəmizə minlərlə ixtisaslı kadrlar
vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil
ocağı olan Gəncə Dövlət Universiteti bu gün
də Azərbaycan
təhsilinə dəyərli töhfələr verməkdədir.
Gəncə
Dövlət Universiteti 1938-43-cü illərdə 2 illik Müəllimlər
İnstitutu, 1943-2000-ci illərdə Pedaqoji İnstitut, 2000-ci
ildən isə Universitet kimi fəaliyyətini davam etdirir. Hazırda universitetdə 9 fakültə, 31 kafedra, 1
departament, 6 mərkəz, 13 şöbə fəaliyyət
göstərir. Burada bakalavriat səviyyəsində
22 ixtisas üzrə kadr hazırlığı həyata
keçirilir. Bütövlükdə,
universitetdə təhsilalanların sayı 6 min nəfərə
yaxındır.
Tələbə qəbulunun nəticələri
yüksəkdir
Tələbə qəbulunun nəticələri əvvəlki
illərdən fərqlənir. Ötən qəbul imtahanlarında
ilk dəfə olaraq tələbə qəbulu planı 95 faiz
yerinə yetirilmiş, 11 nəfər 600-dən yuxarı, 72 nəfər
isə 500-dən çox bal toplamışdır. Elə ixtisaslar var ki, plan yerləri tam dolmuşdur.
Məsələn, “turizm və otelçilik”,
“ibtidai sinif müəllimliyi” belə ixtisaslardandır. Bunlar Gəncə Dövlət Universitetində son 10
ilin ən yaxşı göstəricisidir. Özü də qəbul olunmuş tələbələrin
hamısı dövlət sifarişi əsasında təhsil
alır.
Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya
malikdir. Bu ali
təhsil müəssisəsinin 5 tədris binası və tələbə
yataqxanası var. Bütün tədris binaları əsaslı
təmir olunub və müasir tələblərə cavab
verir. İstilik sistemləri, binaların dam
örtükləri, fasadları, daxili tamamilə yenidən
qurulmuş, həyətlərdə geniş abadlıq işləri
görülmüş, qazonlar salınmış, çoxlu
sayda ağac, gül-çiçək kolları əkilmiş,
idman meydançaları yaradılmışdır.
Bundan
başqa, yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması üçün ali məktəbdə 32
laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 10
kompüter mərkəzi, çox sayda müasir auditoriya var. Təcrübə
və karyera şöbəsinin yaradılmasını da
maddi-texniki bazanın zənginləşdirilməsinin bir qolu
hesab etmək olar. “Təcrübə və
karyera” şöbəsinin xətti ilə hər il universitetdə
“əmək yarmarkaları” təşkil edilir.
Ümumiyyətlə, bu mərkəzlərin fəaliyyətinin
məntiqi nəticəsi olaraq Gəncə Dövlət
Universitetini seçən abituriyentlərin sayında əhəmiyyətli
artım müşahidə edilir. Mərkəzlərin xətti
ilə təcrübəli professor-müəllim heyətinin
orta məktəblərdə vaxtaşırı mühazirələri
təşkil olunur. Baza orta və məktəbəqədər
təhsil müəssisələri də seçilmişdir.
Hazırda bu mərkəz şəhərin Mir Cəlal
Paşayev adına 39 nömrəli tam orta
məktəbində fəaliyyət göstərir. Şəhərin 4 nömrəli tam orta məktəbində
isə mərkəz üçün müvafiq yer
ayrılmışdır və təmir işləri
aparılır.
“İnklüziv təhsil mərkəzi”
Universitetin
daxili imkanları hesabına ən müasir standartlar səviyyəsində
əsaslı təmir olunmuş “İnklüziv təhsil mərkəzi”nin yaradılmasını da maddi-texniki
bazanın yaxşılaşdırılmasına xüsusi diqqətin
bəhrəsi kimi qəbul etmək olar. Qərb
bölgəsində ilk dəfə olaraq fiziki imkanları məhdud
tələbələr üçün nəzərdə
tutulan mərkəzə xüsusi kabinet ayrılmış,
bura müvafiq avadanlıq gətirilmişdir.
Bu il universitetin daha bir tədris binasının
açılışı olacaqdır. Burada
yaradılan şərait deməyə imkan verir ki, yaxın gələcəkdə
Gəncə Dövlət Universitetində təhsil almaq istəyənlərin
nəinki respublikamızda, eləcə də xarici ölkələrdə
sayı nəzərəçarpacaq dərəcədə
çoxalacaqdır.
Tədrisin
keyfiyyətini artırmaq üçün universitetdə innovativ
yanaşmalara geniş yer
verilir. Rektorluğun
təşəbbüsü ilə ötən ildən
bu məqsədə xidmət edən yeni layihəyə -
“açıq dərs”lərə start verilib. Yeni layihə istər müəllim heyətinin,
istərsə də pedaqoji təcrübədə olan tələbələrin
“açıq dərs”lərini müntəzəm təşkil
etməklə bərabər, həm də onların ictimaiyyət
nümayəndələrinin iştirakı ilə
keçirilməsi və televiziya vasitəsilə
işıqlandırılmasını nəzərdə
tutur.
Stimullaşdırıcı təqaüdlər
Universitet üzrə hər tədris ilinin payız və
yaz semestrlərinin imtahan sessiyalarının daha şəffaf
və obyektiv keçirilməsi üçün bütün
vasitələrdən istifadə olunur. Fakültələr
tərəfindən imtahan keçiriləcək fənlər
üzrə məsləhət saatlarının qrafiki tərtib
olunur, tələbələrin müəllimlərdən
imtahanqabağı məsləhət almalarına şərait
yaradılır. Universitetdə imtahanlar fənlərin
tədris xüsusiyyətindən asılı olaraq
yazılı, kompüterdə test üsulu, şifahi və
qabiliyyət imtahanları formasında qəbul edilir. Ötən tədris ilində bəzi fənlərdən
tələbələrin şifahi nitq qabiliyyətini
inkişaf etdirmək məqsədi ilə imtahanlar şifahi
formada qəbul olunmuş və müsbət nəticələr
əldə edilmişdir. Tələbələrin
imtahanlara daha yaxşı hazırlaşa bilməsi
üçün imtahan qəbul ediləcək bütün fənlərin
mühazirə mətnləri, dövlət imtahanına
düşəcək fənlər üzrə suallar
universitetin saytında yerləşdirilir. Eyni zamanda, test,
şifahi, yazılı və qabiliyyət imtahanlarının
sualları imtahan sessiyasına bir ay qalmış tələbələrə
paylanılır.
Universitet
tələbələrinin təhsilə marağını
artırmaq məqsədi ilə semestr imtahanlarının nəticələrinə
əsasən fakültələrdə
stimullaşdırıcı (məqsədli) təqaüdlər
təsis edilərək, xüsusi fəal tələbələrə
verilir. Tədrisin keyfiyyətinə nəzarət
etmək məqsədilə vaxtaşırı monitorinqlər
təşkil olunur.
Beynəlxalq əlaqələr
Hər
bir universiteti tanıdan
və inkişaf etdirən
amillərdən biri də
onun beynəlxalq əlaqələridir. GDU bu sahədə
də bir sıra yeniliklərə imza atıb. Cəmi
5-6 il əvvəl universitetdə təhsil alan hansısa xarici tələbəni
barmaqla göstərirdilərsə, indi onların sayı ilbəil
artır. Türkiyədən, Pakistandan, Özbəkistandan,
Qazaxıstandan, Rusiya Federasiyasından və digər ölkələrdən
olan tələbələr bu gün yerli tələbələrlə
birgə təhsil alır, mütəxəssis kimi yetişirlər.
Hazırda əcnəbi tələbələrin
sayı 41 nəfərdir. Təhsil
sisteminin Boloniya prosesi üzrə qurulması universitetin Avropa
təhsil sisteminə inteqrasiyasını sürətləndirir.
GDU-nun Avropa İttifaqının təklif etdiyi “ERASMUS+”
proqramına fəal şəkildə qoşulması, tələbə
və müəllimlərin bu imkanlardan maksimum faydalanması
üçün müvafiq tədbirlər həyata
keçirir. Son illərdə GDU Avropa İttifaqının TEMPUS
- GURDEUS, TEMPUS-UNİVİA, TEMPUS-ESFİDİP layihələrində
fəal iştirak etmişdir. Əsasən Avropa Birliyi
ölkələrinin nüfuzlu ali məktəbləri və təşkilatları
ilə birgə fəaliyyətini davam etdirən Gəncə
Dövlət Universiteti TEMPUS-GURDEUS layihəsində tərəfdaş
təşkilat qismində iştirak etdikdən sonra regionda
analoqu olmayan Avropa Araşdırmaları Mərkəzi
açmış, bu ixtisas üzrə akademik və inzibati heyətini Niderland Krallığı, Polşa,
İtaliya, Portuqaliya respublikalarında təlimlərə
göndərmişdir.
Universitetin
xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycanın
ali təhsil müəssisələrinə
inteqrasiyası üzrə fondun yaradılması layihəsində
tərəfdaş qismində iştirak etdikdən sonra yeni tədris
binasında qərb bölgəsi ali təhsil müəssisələri
içərisində yeganə olan, yüksək avadanlıqla
təchiz edilmiş, Avropa tələblərinə uyğun əsasnamə
və iş planına malik “Əlilliyi olan tələbələr
üçün mərkəz” yaratması təqdirəlayiq
hal kimi qeyd olunmalıdır.
Gəncə
Dövlət Universiteti
bir neçə beynəlxalq layihələrdə tərəfdaş
qismində uğurla işini davam etdirir. Avropa
İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycan
Ali təhsil müəssisələrinə
inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-Tempus layihəsini
xüsusi qeyd etmək istərdim. Xəzər
Universitetinin koordinatorluq etdiyi bu layihədə universitetimiz
artıq üçüncü ildir ki, tərəfdaş
qismində çıxış edir.
Avropaya
inteqrasiya etdiyimiz bir dövrdə məhz beynəlxalq təcrübələrin
öyrənilməsi məqsədi ilə layihəyə Avropanın
nüfuzlu təhsil müəssisələrindən olan Avstriya Respublikasının Qraz Universiteti, Polşa
Respublikasının Lodz
Universiteti, Yunanıstan Respublikasının Makedoniya Universiteti, Niderland
Krallığı Avropa İnsanlara Məsləhət mərkəzi
də cəlb olunmuşdur.
Layihədə
başlıca amil əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların
təhsilinə mane olan məhdudiyyətlərin aradan
qaldırılması və həmin tələbələrin
cəmiyyətə inteqrasiyasının gücləndirilməsi
istiqamətində maarifləndirmə işlərini həyata
keçirməkdən ibarətdir.
Tələbə-müəllim
mübadiləsi
Bu ali tədris ocağının tələbə
və akademik heyətinin beynəlxalq layihələrlə
mübadilə imkanları da genişlənir. Ali
məktəb 2015-ci ildən başlayaraq Avropa
Komissiyasının ayırdığı qrant hesabına
İtaliya Respublikasının Pavia Universiteti ilə tələbə-müəllim
mübadiləsini davam etdirir. Eyni qəbildən olan
mübadilə layihəsi bu ildən İspaniyanın Valensiya
Politexnik Universiteti ilə də aparılacaqdır.
Universitet artıq 2017-ci ildən Avropa
Komissiyasının həyata keçirdiyi proqramlar çərçivəsində
yeni layihələrdə iştirak etmək imkanı
qazanmışdır. Belə ki, AESOP, PETRA, EQAK, KA1 layihələri
universitet əməkdaşlarının və tələbələrinin
beynəlxalq aləmə inteqrasiyasını təmin edəcəkdir.
Türkiyə Respublikasının təsis etdiyi “Mövlana”
mübadilə proqramı çərçivəsində tələbə
və müəllimlər qardaş ölkənin müxtəlif bölgələrində
olan 20 ali təhsil müəssisəsi ilə əməkdaşlığa
əsasən qısa və uzunmüddətli mübadilə
imkanlarından yararlanırlar. Universitetin alman
dili kafedrası Almaniya Federativ Respublikasının
Bakıdakı səfirliyi, Alman Akademik Mübadilə Xidməti
və Höte İnstitutunun təşəbbüsü ilə
treninq-seminar və imtahanlar keçirir.
Beynəlxalq əlaqələrini genişləndirən
Gəncə Dövlət Universiteti son iki ildə 40-dək
yerli və xarici təşkilatla əməkdaşlıq
müqaviləsi imzalamışdır. Yerli müqaviləyə əsasən,
AMEA-nın Kimya Problemləri və Aşqarlar institutları,
Bakı Dövlət, Azərbaycan Texniki, Texnologiya, Sumqayıt
Dövlət universitetləri, Bakı Ali Neft Məktəbi ilə
ikitərəfli müqavilələr mövcuddur.
Universitetin
Fransa Respublikasının ali təhsil
müəssisələri ilə əlaqəsini xüsusi qeyd
etmək lazımdır. Artıq həmin ölkənin
Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden universitetləri ilə
sıx əməkdaşlıq yaranıb. Ot-Alzas
Universitetində Nizami Gəncəvi və Məhsəti Gəncəvi
mərkəzlərinin açılışlarında
universitetin nümayəndə heyəti də iştirak
etmişdir. Onu da qeyd edək ki, Fransanın Azərbaycanın
milli-mənəvi dəyərlərinə olan hörmətinin
qarşılığında bu ölkənin Azərbaycandakı
səfirliyinin və Ot-Alzas Universitetinin birgə təşəbbüsü
ilə Gəncə Dövlət Universitetinin 5 saylı tədris
binasında Aleksandr Dümanın şərəfinə Mədəniyyət
Mərkəzi yaradılmışdır.
Artıq 15 ildir ki, GDU Strasburq Universiteti ilə sıx əməkdaşlıq
edir. Seçilən tələbələr
orada magistraturada təhsil alır, universitetin fransız dili
kafedrasının müəllimləri isə uzunmüddətli
pedaqoji təcrübə keçirlər. Bakıda
fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti
ilə sıx əməkdaşlığın nəticəsidir
ki, vaxtaşırı olaraq Fransadan gənc pedaqoqlar dəvət
edilirlər. Təqdirəlayiq haldır ki, universitetin
fransız dili kafedrasının 3 əməkdaşı Azərbaycan
və Fransa əlaqələrinin inkişafında, fransız
dilinin təbliğində göstərdikləri xidmətlərə
görə bu ölkənin hökuməti tərəfindən
“Akademik Palma” ordeni ilə təltif olunmuşdur.
GDU beynəlxalq tədbirlərə ev sahibliyi edir
Xarici
ölkələrin ali məktəbləri
ilə əlaqələr gücləndikcə universitetdə ən
müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə
də böyük maraq yaranır. Ötən ilin mayında
Rusiya, Türkiyə, Fransa, Ukrayna, Gürcüstan və İspaniyadan
olan 150 nəfərə yaxın qonağın iştirakı
ilə keçirilən beynəlxalq konfransın sorağı
hər yerə yayıldı.
GDU-nun AMEA-nın Gənc
Alim və Mütəxəssislər Şurası ilə birgə
keçirdiyi beynəlxalq elmi konfrans da öz səmərəliliyinə
və aktuallığına görə seçilmişdir.
UNEC-in
rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif
Yusibovun imzaladıqları əməkdaşlıq müqaviləsinə
əsasən universitetlər
arasında müəllim və tələbə mübadiləsinin
həyata keçirilməsi, birgə
ikili diplom proqramlarının
reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi
və elmi konfransların təşkili
nəzərdə tutulur. Elektron
universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi,
antiplagiat sahəsində təcrübə mübadiləsinin aparılması, distant təhsil
də müqavilədə nəzərdə tutulmuşdur.
Gəncə Dövlət Universiteti Bakı şəhərində
keçirilən Beynəlxalq təhsil və karyera sərgisində
ən yaxşı təqdimata görə I yerə layiq
görülüb.
Universitetimizdə təhsilin səviyyəsinə təsir
edən ən mühüm
amillərdən biri də həm müəllimlərin, həm
də tələbə və magistrantların elmi-tədqiqat
işlərində fəal iştirakıdır. Təkcə
bu il GDU əməkdaşlarının respublikanın
nüfuzlu elmi nəşrlərində 350-yə yaxın,
xarici ölkələrin elmi nəşrlərində isə
60-dək elmi məqaləsi dərc edilmişdir, onlarla dərs vəsaiti,
metodik vəsait və monoqrafiyaları çap olunmuşdur. Universitetimizdə elmi konfrans və simpoziumlar
keçirilməsi də ənənə halını
almışdır.
II tədris binasının həyətində Gəncə şəhərində analoqu olmayan yüksək keyfiyyətli
ot örtüyünə malik mini-futbol stadionu
yaradılmış, stadionun dövrəsində
qaçış zolağı, basketbol meydançası da
tam hazır vəziyyətə salınıb tələbələrin
ixtiyarına verilmişdir.
İKT təminatı
Universitet
yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə
təmin edilmiş, “ağıllı lövhələr”,
ağ lövhələr, surətçoxaldan, digər texniki
vasitələr alınmış, bütün kafedralar,
şöbə və dekanlıqlar və struktur bölmələri
kompüterlərlə təchiz olunmuş, tədris binaları
arasında fiberoptik kabellərlə “Gigabit ethernet “ texnologiyası vasitəsilə lokal
şəbəkə yenilənmiş,
yüksəksürətli internetə çıxış təmin
edilmişdir. Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə
Aztelekom tərəfindən korpuslara fiberoptic kabelin çəkilişi
uğurla başa çatdırılmışdır. Fasiləsiz işləyən
İnternet xətti professor-müəllim heyəti və tələbələrin
operativ informasiya mübadiləsini təmin edir.
İnnovasiyalar departamenti
Universitetdə
İnnovasiyalar Departamenti yaradılmışdır ki,
bu da “Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan
hədəflərlə bağlıdır. Rektorun
müvafiq əmri ilə yaradılan bu departament təkcə Gəncə
Dövlət Universitetində deyil, bütövlükdə
ölkəmizdə işlənib hazırlanan və
kommersiyalaşdırıla biləcək layihələrin tətbiqi
üzrə işlər həyata keçirir. İnnovasiyalar Departamenti elm-sənaye əlaqələrinin
qurulmasının ən mühüm vəsiləsi kimi
kommersiyalaşdırma və texnologiyaların transferi
funksiyasını icra etməkdədir.
İnnovasiyalar Departamenti çox mühüm
tapşırıqların icra olunması və
elm-istehsalat-dövlət zəncirinin tam formalaşması
üçün əlverişli zəmin yaradır. Burada həm
sahibkarların təklifləri əsasında elmi-tədqiqat,
təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələri
icra, həm də ideya müəlliflərinin öz təklifləri
əsasında innovasiya yönümlü layihələr
hazırlanaraq istehsalata transfer edilə bilər.
Universitetdə laboratoriyaların yenidən qurulması və
zənginləşdirilməsi istiqamətində görülən
işlər onu deməyə əsas verir ki, innovasiyaların tətbiqi
kor-koranə, kampaniya xətrinə aparılmır. Artıq əsas tədris
binasında 2 kimya, 2 botanika, 1 zoologiya laboratoriyası
yaradılmış, burada müasir avadanlıqlar
quraşdırılmışdır.
Bu
günlərdə qeyri-üzvi
sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlı
elmi-tədqiqat
laboratoriyasının təntənəli
açılışı olmuşdur.
İELTS Test Mərkəzi
GRBS və Gəncə Dövlət Universiteti arasında
əməkdaşlığa əsasən, universitetdə
2016-cı ildən rəsmi İELTS Test Mərkəzi fəaliyyətə
başlamışdır, hər ay universitetdə həm rəsmi
İELTS imtahanı, həm də sınaq imtahanları
keçirilməsi nəzərdə tutulmuşdur. Təhsilini xaricdə davam
etdirmək istəyən hər bir şəxs bu imtahanlarda iştirak etməklə, istəyini gerçəkləşdirə
bilər. İELTS nəticələri Avropa, Amerika, Yaxın
Şərq və Avstraliyanın öndə gedən ali təhsil müəssisələrində
tanınır.
Təqaüd proqramı
Bundan
başqa, Təhsil Nazirliyi ilə
Alman Akademik Mübadilə Xidməti
arasında Azərbaycan tələbələrinin Almaniyada
təhsili üzrə təqaüd proqramı
ilə bağlı sazişə əsasən 6 ildir ki, Gəncə Dövlət Universitetində yay
kursları imtahanları
keçirilir. Bu vaxtadək GDU-nun 13 tələbəsi təşkilatın təqaüdünü qazanaraq Almaniyada ixtisasartırma
kurslarına
qatılmışdır.
Təqaüdü tələbələrimizə
bir daha qazandırmaq və elektron sənədləşmə
işlərində yaranmış problemləri aradan
qaldırmaq məqsədi ilə DAAD rəhbəri Ştefani
Dufauks, akademik müşaviri Rəna Hüseynova ilə birgə
16-17 fevral 2017-ci il tarixdə Gəncə Dövlət
Universitetində olmuş və təlimlər
keçirmişlər.
20 tələbənin
qatıldığı inşa imtahanı zamanı Gəncə
Dövlət Universitetindən 3 tələbə B1 və A2 səviyyəsini qazanaraq
Almaniyanın müxtəlif şəhərlərində 1
aylıq kurs keçmək üçün Almaniya təşkilatının
təqaüdünə layiq görülüb.
Artıq
İstanbul Universitetinin YÖS imtahanı səhifəsində
yerləşən imtahan mərkəzləri siyahısına Azərbaycanın Gəncə
şəhərinin də adı əlavə edilmişdir. Belə
ki, rektorlar, professor Yusif Yusibov və
professor Mahmut Ak həm
Gəncə Dövlət Universitetində, həm də
İstanbul Universitetində keçirilən görüşlər
zamanı YÖS imtahan mərkəzinin Gəncə şəhərində
GDU nəzdində də təşkil edilməsi ilə
bağlı ortaq qərara gəlmişlər. Artıq
bu məsələ ilə bağlı işlərə
başlanmış və bir çox məsələlər
öz həllini tapmışdır.
Bundan
başqa, Gəncə Dövlət Universitetində “dövlət qulluğuna
hazırlıq proqramı” çərçivəsində
ödənişsiz kurslar təşkil olunub. Kurslar dövlət
qulluğu orqanlarında çalışan, professional təcrübəyə
malik müəllimlər tərəfindən aparılır.
3 ay müddətində davam edən bu kurslar zamanı tələbələr
qanunvericilk, informasiya texnologiyaları və məntiq üzrə biliklərini artırır,
sınaqlarda iştirak edirlər.
Qeyd edək ki, universitetdə ödənişsiz
magistraturaya hazırlıq kursları fəaliyyət göstərir. Eyni zamanda ödənişsiz xarici dil kurslarının
açılması da nəzərdə tutulur.
Əlbəttə, bu uğurun qazanılmasında müəllim
heyətinin gərgin əməyi xüsusilə qeyd edilməlidir. 555 nəfər müəllim
heyətindən 17 nəfəri elmlər doktoru, professor, 151 nəfəri
dosent, 303 nəfər fəlsəfə doktoru, baş müəllim
və 84 nəfəri isə müəllimdir. Professor-müəllim
heyətindən 2 nəfəri “Əməkdar elm xadimi”, 8 nəfəri
“Əməkdar müəllim”, 1 nəfəri “Əməkdar rəssam”,
5 nəfər “Əməkdar ali məktəb işçisi” fəxri
adını daşıyır. 7 nəfər isə
“Tərəqqi” medalı ilə təltif olunub.
Bunun nəticəsidir
ki, Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru,
professor Yusif Yusibov təhsilin
inkişafındakı xidmətlərinə görə “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif
edilib.
Bundan əlavə, universitetin bir qrup əməkdaşına
təhsilin inkişafındakı xidmətlərinə görə
Təhsil Nazirliyinin Fəxri fərmanları təqdim edilib.
Hazırda GDU-da aparılan məqsədyönlü
işlər nəticəsində neqativ halların
qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək
intizamı yüksəlmiş, universitetdə obyektivlik və
şəffaflıq bərqərar olmuşdur. Universitetin
rektorlugu, müəllim və tələbə ictimai təşkilatları
çalışırlar ki, universitetdə hər bir kəsin
əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin
də mülahizə və təkliflərinə diqqət və
qayğı ilə yanaşırlar.
Elçin CAVADOV,
Gəncə Dövlət
Universitetinin dosenti,
texnika elmləri üzrə fəlsəfə
doktoru
Azərbaycan müəllimi.- 2018.-
16 mart.- S.11.