Müəllimlik şərəfli
bir peşədir
Səxavət Tağıyev: “Bu
peşənin həyat yoluma gətirdiyi ucalıq ən
böyük mükafatdır”
İmişli rayonunda iş
sferasını yaxşı bilən, dövlətin təhsil
siyasətini öz fəaliyyətində
reallaşdırmağı bacaran məktəb rəhbərləri
çoxdur. Onlardan biri də Əliqulular kənd R.Məmmədov
adına tam orta məktəbin direktoru Tağıyev Səxavət
Feyruz oğludur. Onun rəhbərlik etdiyi məktəbin
qabaqcıl iş təcrübəsi dəfələrlə təhsil
şöbəsi və Təhsil Nazirliyi tərəfindən
öyrənilərək yayılıb. S.Tağıyev təhsil
sahəsində səmərəli fəaliyyətinə
görə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müvafiq sərəncamı
ilə “Əməkdar müəllim” fəxri adına layiq
görülüb. Bu günlərdə Səxavət müəllimlə
həmsöhbət olub, bəzi suallarımızı
cavablandırmağı ondan
xahiş etdik.
- Səxavət
müəllim, 37 ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz.
İlk olaraq bu peşə ilə bağlı fikirlərinizi
bilmək istərdik.
- Müəllimlik
şərəfli bir peşədir. Qürur duyuram ki, ömrümü -
günümü bu şərəfli yolda “xərcləmişəm”.
İllər geri dönsə, həyatda təkrar peşə
seçmək imkanım olsa, yenə də müəllimlik
peşəsini seçərəm. Bu şərəfli peşənin
mənim həyat yoluma gətirdiyi ucalıq ən böyük
mükafatımdır.
- Təhsilmizdə
gedən yeniləşmə və müasir məktəb modeli
barədə düşüncələrinizi bizimlə
bölüşmək maraqlı olar.
- Yeniləşmə
zamanın tələbidir. Bu gün dünənimizin, sabah bu
günümüzün nöqsan və
çatışmazlıqlarını görməsək,
düzəltməsək, inkişafa nail ola bilmərik. Nə
yaxşı ki, Təhsil Nazirliyi təhsilin bütün istiqamətlərində
uğurlu islahatlar həyata keçirir. Müəllimlərin
İşə Qəbulu (MİQ) bu gün uğurlara aparan
yolun ən
başlıcasıdır, çünki pedaqoji kadrların
seçilməsi və yerləşdirilməsi ədalətli
həllini tapmasa, təhsildə heç nəyə nail olmaq
mümkün deyil.
Hazırda
bir neçə il əvvəllərlə müqayisədə
pedaqoji kadrların yeniləşdirilməsində şəffaflığın,
demokratikliyin şahidi oluruq. Açığı, bu uğurlu
kadr siyasəti sayəsində məktəblərimiz ona
yük ola biləcək müəllimlərdən təmizlənməkdədir. Yeni gələn
kadrlar savadı, istedadı və intellekti ilə seçilirlər.
Yetər ki, dövlət proqramı çərçivəsində
onlara qayğı və diqqəti hər bir məktəb rəhbəri
ön planda saxlasın. Bu mühüm dövlət
islahatı müəllimlərin
əməyini stimullaşdırdı, əməkhaqqı
artımı və eyni zamanda, müəllimlərin dərs
yükünün tənzimlənməsi üçün məktəb
rəhbərlərinə bir istiqamət verdi. Məktəblərdə
çalışan və müəllimlik peşəsinə
yeni qəbul olunan müəllimlərin gücü bilinir,
onlar layiqli yerini tutur. Ən önəmlisi odur ki, bu islahatlara
qara yaxmaq, aşağılatmaq istəyənlərə bəhanə
yeri qalmır. Direktor təyinatının yeni formatda
aparılması da tamamilə düzgündür. Seçimdə
uğur qazanan namizədlər məktəb direktoru təyin
olunurlar. Kimlərinsə müdaxilə etməsi mümkün
olmur.
Müasir
məktəb modelinə gəlincə, onu demək istəyirəm
ki, məktəblərimizin idarə
olunması üçün kifayət qədər dünya
standartları səviyyəsində hüquqi - normativ sənədlər
qəbul olunmuş, maddi - texniki baza
yaxşılaşdırılmış, kadr potensialı yeni
istiqamətlərə cavab verə biləcək şəkildə
müasirləşmiş, ictimai şüurda məktəbə
münasibət “məktəb bizim evimizdir” səviyyəsində
dəyişmişdir. Öyrədənin öyrənənə
şəxsiyyətyönümlü münasibəti hər
cür amirliyi inkar edir. Əlverişli iş şəraiti, məktəb-müəllim
münasibətləri, kollektivdəki sağlam mənəvi-psixoloji
mühit və ictimai baxışlar müasir məktəb
modeli üçün əsas amillərdir. İstər təhsildə
aparılan islahatlarda, istərsə də müasir məktəb
modelində məktəb rəhbərinin rolu və yeri əvəzolunmazdır.
Rəhbərin şəxsi nümunəsi, elmi - pedaqoji
savadı, idarəetmə bacarığı olmadan heç nəyə
nail olmaq mümkün deyil. Uğurlu ənənəsi olan məktəblərin
diaqnostikası göstərir ki, həmin məktəblərin
direktorları hər şeydən əvvəl liderlik
missiyasına da malikdirlər. Məktəb direktoru cəmiyyətin,
təhsilin ən aparıcı şəxslərindən biri,
şəxsiyyəti və lideri olmalıdır.
- Məktəb
direktorunun metodiki vəsaitlər müəllifi olması onun
pedaqoji yaradıcılığına bir istinaddır. Bəlkə,
metodiki vəsaitləriniz barədə
danışasınız?
-
Müşahdə etmişdim ki, məktəb rəhbərləri,
müəllimlər və məktəb işçiləri
illik fəaliyyət planları hazırlayarkən bir-birinə
müraciət edir, köməklik istəyirlər. Bunu nəzərə
alaraq bir neçə il bundan öncə məktəb
üçün lazım olan bütün istiqamətlər
üzrə fəaliyyət planlarını öz məktəbimizin
timsalında hazırladım. Məktəbin, onun pedaqoji
şurasının, məktəb və sinif rəhbərlərinin,
fənn metodbirləşmələrinin və istedadlı
uşaqlarla işin təşkilini əhatə edən “Məktəbin
fəaliyyətinin planlaşdırılması təcrübəsi”
adlı həmin metodik vəsait İmişli və Beyləqan
rayon təhsil şöbələrinin metodik kabinetlərində
müzakirə olunub bəyənildikdən sonra kitab halında
nəşr olundu. Təhsil Nazirliyi və ölkənin təhsil
ictimaiyyəti həmin metodik vəsaiti yüksək dəyərləndirdi.
Qeyd edim ki, həmin metodik vəsaiti təmənnasız olaraq
təhsil şöbələrinin metodik kabinetlərinə
istifadə üçün göndərdik.
- Siz həm
də fəal ədəbiyyat insanısınız. AYB-nin Aran
bölməsi üzrə məsul katibisiniz. Ədəbi fəaliyyətinizlə
pedaqoji işiniz bir-birinə mane olmurmu?
- Yox.
Əksinə, onlar bir-birini tamamlayır. Mənim
üçün onları paralel aparmaq hər iki sahəyə
yaradıcı yanaşmağıma köməklik edir. Ədəbi
yaradıcılıq müsabiqələrinə
qatılıram. “Qarabağ düşüncələri”,
“Gecikmiş məktub”, “Şərqin bülbülü” və
“Ana fəryadı” adlı ədəbi-bədii kitabların
müəllifiyəm. Kitablar da insanlar kimidir. Hərəsinin
öz tale yükü, tutumu və reytinqi olur. Hər
kitabım mənim üçün şagirdlərim qədər
əzizdir, doğmadır və ömrümün bir
parçasıdır.
- “Təhsildə
keyfiyyət ili” çərçivəsində nə demək
istərdiniz?
- Təhsilimiz artıq inkişaf
yolundadır. “Keyfiyyət ili” çərçivəsində
çalışırıq ki, hər bir şagirdimizə dərin
və keyfiyyətli bilik verək. Odur ki, məktəbdə hər
bir müəllimin, məktəb işçisinin vəzifə
funksiyası çərçivəsində
gördüyü işlərin reytinq cədvəlini tərtib
etmişik. Son nəticəyə ümidliyik. Rəhbərlik
etdiyim pedaqoji kollektivin gücünə inanıram. İnam
daha böyük qələbələrdən xəbər
verir. Sağlıq olsun!
- Səxavət
müəllim, çox sağ olun! Tezliklə 60
yaşınız tamam olacaq. Sizi yubiley yaşı münasibəti
ilə əvvəlcədən təbrik edir,
cansağlığı, pedaqoji və ədəbi-bədii sahədə
uğurlar arzulayırıq.
Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil
Şöbəsinin ictimaiyyətlə əlaqələr
üzrə məsul şəxsi
Azərbaycan müəllimi.- 2018.-
16 mart.- S.10.