Dünya şöhrətli azərbaycanlı

 

Qara Qarayev-100

 

İlk dəfə Şərq dünyasında gözəllik mücəssəməsinin ilahi qüdrətini musiqi ecazı ilə yüksəklərə qaldıran dahi bəstəkar

 

Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli sənətkarlar arasında dahi bəstəkar, böyük mütəfəkkir, yenilməz istedad sahibləri çox olmuşdur. Xalqımız bu cahanşümul sənət bahadırlarının ölməz ideya və yaradıcı fütühatı ilə həmişə fəxr etmiş, onların əbədiyaşarlıq ünvanını öz qəlblərinə həkk etmişdir. Dahi bəstəkar Qara Qarayev də ötən əsrin birinci qərinəsində musiqi dünyasına qədəm qoyan, öz dünyagörüşü və ecazkar sənət qüdrəti ilə fərqlənən dünya şöhrətli müqtədir yaradıcı şəxsiyyət olaraq Azərbaycan xalqının milli və ümumbəşəri dəyərlərini musiqi dili ilə dünya arenasına sonsuz sənətkar qüdrəti ilə çıxararaq misilsiz yaradıcı fəaliyyət nümunəsi göstərmişdir.  O, coşqun ilhamına, azərbaycançılıq şövqünə həmişə böyük dəstək vermiş, öz şəxsi əməyi sayəsində Azərbaycan mədəniyyətinin musiqi irsini yeni məzmun ideyaları, bəşəri tərəqqi inciləri ilə yeniləşmiş modern istiqamətlərlə zənginləşdirərək özünə əbədiyaşarlıq nümunəsi qazandırmışdır.

 

Onun musiqi yaradıcılığının başlıca mövzuları insan və zaman, xeyir və şər, mənəvilik və müasirlik motivləri ilə təlqin olunan əsərləri qısa bir müddət ərzində ona böyük şöhrət gətirmişdir. Milli-mənəvi dəyərlərimizlə ümumbəşəri idealların üzvi vəhdətini əks etdirən opera, balet, simfoniya janrında canlandırılan səhnə əsərləri dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyularaq Azərbaycan klassik musiqi mədəniyyətinin beynəlxalq miqyasda tanınmasında mühüm rol oynamışdır.

Onun yaratdığı əsərlərin ekran həyatı da uğurlu olmuşdur. Azərbaycan kino tarixində mühüm mərhələ təşkil edən kino sənətimizin qızıl fonduna həmişəlik daxil olmuş “Bir məhəlləli iki oğlan”, “Onun  böyük ürəyi”, “Uzaq sahillərdə”, “Yenilməz batalyon” filmlərinə yazılan musiqilər əbədiyaşarlıq nümunəsi qazanmış, dillər əzbərinə çevrilmişdir.

Azərbaycan musiqisinin iftixarı olan böyük sənətkarın həyat məramnaməsinin zəngin çalarları tarixən təşəkkül tapmış milli opera sənəti sahəsində uğurla inkişaf etdirilən “Leyli və Məcnun”, “Nərgiz”, “Koroğlu” kimi yaradıcı çeşmələrdən boy almış öz həmkarı gənc bəstəkar Cövdət Hacıyevlə birlikdə bəstələdikləri “Vətən” (1945) adlı operada öz bədii estetik, mənəvi-vətənpərvərlik nümunəsi olaraq meydana gəlmişdir. Ağır müharibə illərinin səhnə təcəssümü olan bu nadir sənət incisi ilə yaradıcılığı daha geniş rövnəq tapmışdır.

Görkəmli sənətkarın bu janr vasitəsilə dünya xalqlarının azad və demokratik düşüncə tərzini, milli mücadilə tarixini ümumiləşdirən “Zəriflik” (1972) monodraması ona dünya şöhrəti bəxş etmişdir. Bu musiqi ecazi böyük fransız yazıçısı Anri Barbüsün əsərləri əsasında qadın səsi və kamera orkestri üçün nəzərdə tutulmuş bitkin bir əsər kimi yaddaşlara hoparaq ümumbəşəri dəyərlərə xidmət edən sənət nümunəsinə çevrilmişdir.

Bəstəkarın sənət palitrasında öz orijinallığı, novatorluğu və tarixiliyi baxımından fərqlənən, onun yaradıcılıq dünyasının əsas leytmotivinə çevrilən balet janrındakı müstəsna xidmətləri də əbədiyaşarlıq nümunəsi olmuş, dünya xalqlarının həmrəylik manifesti üçün bəstəkara ümumxalq məhəbbəti qazandırmışdır.

Bu janrın bədii-estetik, ədəbi-fəlsəfi, humanist-bəşəri çalarlarını yüksək sənətkarlıq kredosu ilə əks etdirməyin metodoloji prinsiplərini, elmi-nəzəri qanunauyğunluqlarını müasir düşüncə və təfəkkür baxımından araya-ərsəyə gətirən müəllif konsepsiyasının əsasında insan-təbiət və incəsənət vəhdəti ilə yoğrulmuş harmonik musiqi mənəviyyatının parlaq və cahanşümul cazibəsi dayanır.

Xüsusən, Azərbaycanın böyük mütəfəkkiri, görkəmli şairi, dahi şəxsiyyəti olan Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan məşhur “Yeddi gözəl” poeması əsasında bəstələnən eyniadlı baleti (1952) ilə dünya şöhrəti zirvəsinə ucalan Qara Qarayev ilk dəfə Şərq dünyasında gözəllik mücəssəməsinin ilahi qüdrətini musiqi ecazı ilə yüksəklərə qaldırdı.

Xəlqilik və humanizm prinsiplərini özündə ehtiva edən “Yeddi gözəl” baletinin ana xəttini təşkil edən rəqs-musiqi maneraları, emosional-estetik halətlər dinamikası, insan (qadın) gözəlliyində təcəssüm tapan mənəvi yetkinlik zirvəsinin fəth olunan duyumları sanki, bəşər xislətinin insanlıq yolunda birgə addımlayan zəngin musiqi çalarlarından nəşət taparaq, cahanşümul sənət abidəsi kimi xatirələrə parlaq iz salmışdı.

Dahi bəstəkar 1958-ci ildə tamamladığı “İldırımlı yollarla” baleti isə demək olar ki, dünya xalqlarının böyük dəyər verdiyi parlaq sənət incisidir. Yaradıcılıq şövqünün əsl peşəkar ustalığını zamanın tələbatı ilə çulğalaşdıran böyük sənətkar məhz, belə fakt və hadisələri zəngin faktoloji materiallar, professional qayğı və həssaslıq yolu ilə əxz edərək, bu janrda dünya musiqi mədəniyyətinə yeni bir işıq, əzəmət dolu ciddi həyati məzmun kəsb edən, çox mürəkkəb simfonik və xoreoqrafik düşüncədən könül bağlayan siyasi lirika və bədii üslub harmoniyası ilə təqdim olunası möhtəşəm səhnə əsəri yaratmaqla dünya musiqi arenasına öz parlaq töhfəsini verdi. Əsərin leytmotivi Cənubi Afrika yazıçısı Piter Avrahamsının romanı əsasında yazıldığından onun yayılma arialı, təsir dolayları da üsyankar musiqi ladları vasitəsi ilə müəllifinə ümumdünya şöhrəti qazandırmışdır.

Xüsusən, müsiqi və ideya-siyasi tərbiyə mənəviyyatı baxımından milli azadlıq, müstəqillik, azad fikirlilik kimi bəşəri keyfiyyətlərin qavranılması yolunda gənc nəslə örnək olan vətənpərvərlik və beynəlmiləlçilik hisslərinin formalaşmasına bu baletin təsiri öz zamanında da, bu gün də aktuallığını itirməmiş, xalq təfəkküründən, bəşər mədəniyyətindən süzülüb gələn bu sənət incisində Qara Qarayevin poetik və musiqi dahiliyi, onun ağlı, dərin həyatsevərliyi, bənzərsiz yaradıcılıq çeşməsi öz əksini tapmışdır. Böyük sənətkar “İldırımlı yollarla” dünya xalqları ilə təmas tapmağın həqiqətlərini məhz, ciddi musiqinin intişarında görürdü. O, birmənalı olaraq, musiqisindəki milli kaloriti, bəşəri siqləti multikultural prinsiplər, humanist keyfiyyətlər zəminində hasilə gətirərək, dövrün, zamanın, həyatın nəbzini düzgün tutan mürəkkəb janrlı musiqi əsərləri ilə bir daha özünün sənət kəhkəşanına milliliklə beynəlmiləlçiliyin vəhdətini bəxş etmişdir.

Tam israrla demək olar ki, “yaxşı musiqi milli olmaqla bərabər yalnız bir xalqa məxsus olmur və belə əsərlərə bəşəri musiqi əsərləri deyilir”.

Böyük sənətkarın musiqi əsərlərinin təsviri,  həm də təhlili ilə əlaqədar digər janrlarda bəstələdiyi analoqu olmayan yaradıcılıq aləmindən də uğurla söz açmaq olar. Bu cəhətdən bəstəkarın orkestr ifaçılığı üçün bəstələdiyi “Leyli və Məcnun” simfonik poeması (1942) “Yeddi gözəl” simfonik süitası (1949), “Don Kixot” simfonik qravürləri (1960), “Azərbaycan”, “Vyetnam” süitaları, habelə, Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdar sayılan “Üçüncü simfoniya”sı (1965) klassik musiqi ifaçılığının ölməz sənət inciləri kimi böyük musiqi və teatr salonlarında tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanmışdır.

Bir sözlə, bəstəkarın nəsli və estrada orkestri üçün əsərləri, kinofilmlər, teatr tamaşaları üçün yazmış olduğu musiqi nümunələrini də bura əlavə etsək, onun nə qədər möhtəşəm yaradıcılıq manerası ilə çalışdığının şahidi olarıq.

Bəstəkarın vokal-simfonik əsərləri, mahnı yaradıcılığı üzrə tematik melodiyaları, öz dərin köklərini zəngin xalq ruhundan, bəşəri arzu və istəklərdən aldığından məhz, bu janrların hər birində o, iradi-mənəvi səy göstərərək yaradıcılığının bütün mərhələlərində (“Könül mahnısı”, “Sevinc mahnısı” kantatalarını, yüksək bəşəri siqlətə səsləyən “Dostluq” himni kimi məşhur vokal simfonik əsərləri vasitəsilə) musiqinin məzmununu, onun insanlar arasında yerini müəyyənləşdirmiş, bir daha yüngül və ciddi musiqi arasında keçilməz sərhəddin olmadığını da xatırlatmışdır.

Məhz, ona görə də pedaqoji proses təcrübəsində onun böyük rolunu nəzərə almamaq mümkün deyildir.

 

Ustad müəllim, məhsuldar alim

 

 

O, ustad müəllim, məhsuldar alim, böyük pedaqoq olması ilə də fəxarət hissi keçirirdi. Öz tələbələrinin sənət yolundakı uğurları ilə qürurlanırdı.

Yaxşı bəstəkar olmağın metodik üsullarını, melodik frazalarını mənimsətməklə yanaşı, dinlənilən və yaxud ifa olunan musiqi əsərlərinin məzmunca ona yaxın digər incəsənət nümunələri ilə qarşılıqlı surətdə qavranılması yollarına bələdlik imkanlarını da aşılayırdı. Əsl həqiqətdə isə o, insan, yaxşı insan konsepsiyasına böyük dəyər  verirdi, aforistik deyimləri ilə xələflərinə yeni ənənə və müasirlik tendensiyaları ilə çalışmağı tövsiyə edirdi.

Onun pedaqoji fəaliyyətinin sönməz şöləsi bu gün də sevimli tələbələrinin xoş və həssas xatirələrində yaşayır. O, həm də ictimai xadim olaraq ölkənin mədəni-sosial həyatında aktiv iştirak edir, özünün yüksək təşkilatçılıq manerası ilə ümumxalq və ümumdövlət səviyyəli tədbirlərin keçirilməsinə güclü təkan verirdi. Hər şeydən öncə isə o, yer üzünün əşrəfi sayılan insana-insanlara  üz tutaraq deyirdi: “Əgər insanların həyatı onların gördüyü işlərə uyğun uzansaydı - insanların xoşbəxtliyi naminə, həyatın yaxşılaşması naminə, tərəqqinin xeyrinə, yaxşılığın xeyrinə - bu ədalətli iş olardı”.

 

Dahi bəstəkar memuar və ensiklopedik nəşrlərdə

 

Qara Qarayevin həyat və yaradıcılıq xronikası haqqında yazılan memuarlarda, ensiklopedik nəşrlərdə xeyli sayda zəngin məlumat var. Onun sənət qüdrətinə verilən təfərrüatlı rəylər sırasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  “Qara Qarayev həyat və yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti Dövlət muzeyinin Materiallarında” (Bax: Bakı, “Şərq-Qərb” “Mətbəə və Nəşriyyat evi”, 2011) adlı kitabda dərc olunmuş “Hörmətli oxucular!” adlı müraciət təriqli məqalə xüsusi yer tutur. Bu məqalədə dünya şöhrətli dahi bəstəkarın bitkin ömür salnaməsi çox aydın və lakonik mühakimələrlə belə ümumiləşdirilir: “Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, dünya mədəniyyətini öz dəyərli töhfələri ilə zənginləşdirmiş dahi bəstəkar, dövlət mükafatları laureatı akademik Qara Qarayevdir. Qara Qarayev yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin özünəməxsus və parlaq səhifəsini təşkil edir.  Mədəni irsimizin qorunmasında, inkişaf etdirilməsində, təbliğində, dünya miqyasında tanınmasında bəstəkarın xidmətləri danılmazdır. O, klassik və müasir musiqini uğurla sintez etmiş, öz bəstəkarlıq məktəbini yaratmış, istedadlı davamçılar yetişdirmiş, Azərbaycan bəstəkarlıq sənətini daha yüksək səviyyəyə qaldırmışdır. Təsadüfi deyil ki, Azərbaycan musiqisi yarım əsrə yaxın bir müddətdə məhz onun adı ilə bağlı olmuş, onun təsiri ilə inkişaf etmişdir.”

Musiqi xəzinəmizin qızıl fonduna çevrilən şedevr əsərləri bu gün də öz təsir diapazonunu saxlayır. Onun bəstələdiyi “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Vətən” operası, milli musiqi irsimizin yeni səhifələrini açmış “Coşqun qaskoniyalı” adlı musiqili sənət janrı Azərbaycan və dünya musiqisinin qiymətli gövhərlərindəndir.

Bu gün 100 yaşlı Qara Qarayevin yubiley təntənəsini xalqımız və dövlətimiz təqdirli bir hadisə kimi dəyərləndirir. Onun dünya musiqi çələnginə hopmuş bir çox filmlərə yazdığı musiqi parçaları, kantataları, romans və mahnılarında ipə-sapa düzülən əsl sənət inciləri öz ifadəsini tapmışdır.

Bu gün də Qara Qarayevin bənzərsiz musiqi dünyasındakı zər şəfəqli sənət incilərinə çevrilərək dinlənilir. Bu incilərdə Vətənə, xalqa, doğma təbiətə, müqəddəs bəşəri amallara, məhəbbət kimi gözəl insani keyfiyyətlər tərənnüm olunur. Azərbaycanın və dünyanın musiqi səltənətinə yeni səhifələr açır, onun yaradıcılığından doyunca zövq almağı, bu təranələrdən fəlsəfi məna və ümumbəşəri duyğular əxz etməyi hər kəs üçün müqəddəs amala çevirir.

 

Vidadi BƏŞİROV,

 

Azərbaycan Dillər Universitetinin pedaqogika

kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2018.- 16 mart.- S.14.