Diplomsuz gələcək
Dəyişən
təhsilə indidən uyğunlaşmayan
gecikəcək
2017-ci ilin sonlarında Rusiyanın aparıcı bankları 3 min nəfərədək hüquqşünası ixtisar etmək barədə qərar qəbul etdi. Qərara dünyada tüğyan edən maliyyə böhranı təsir etməmiş deyildi, ancaq əsas səbəb başqa idi: banklarda və iri maliyyə institutlarında hüquqşünasların gördüyü işlərin böyük əksəriyyətini süni intellekt etməyə başlayıb - xüsusi alqoritmlərlə. Yapon əsilli amerikalı futuroloq Mitio Kaku da hesab edir ki, yaxın illərdə tarixə qovuşacaq ixtisaslar sırasında ön cərgədə məhz hüquqşünaslar dayanır.
Mitio Kaku
kimdir?
2013-cü
ildə “New York Times” qəzeti Kakunu Nyu-York şəhərinin
ən ağıllı sakinlərindən biri elan edib. Yapon əsilli fizik “qara dəliklər” və kainatın genişlənməsinin
sürətlənməsi proseslərinə dair
araşdırmalarla yadda qalıb, “Simlər
nəzəriyyəsi”nin müəllifidir. Alim 8 bestseller kitaba müəlliflik
edib, BBC və “Discovery” kanallarında verilişləri var.
Kaku dünyaca
məşhur fizika
müəllimidir, Nyu-York Universitetində dərs deyir, aktiv
formada dünyanı gəzir və müxtəlif ölkələrdə
mühazirələrlə çıxış edir.
Yaddaşa
ehtiyac qalmayacaq
M.Kaku özünün
“Gələcəyin fizikası”
kitabında yazır ki, tezliklə təhsil internet-texnologiyalar
və “GoogleGlass” tipli qadjetlərə “köçəcək”. Onun fikrincə, belə bir təhsildə
yaddaşa ehtiyac qalmayacaq. Tezliklə “GoogleGlas” eynəkləri
və ümumiyyətlə, kompüterdə olan bütün məlumatlar
kiçik linzalara yerləşdiriləcək. İnsanlar
onlara lazım olan bütün məlumatları bu linzalardan əldə
edə biləcəklər. Artıq mövcud olan əlavə
edilmiş reallıq eynəklərinin belə funksiyaları
var. Ona görə də yaxın illərdə məktəblilər
və tələbələr onları maraqlandıran məlumatların
əldə edilməsi üçün internetə girməyə
ehtiyac duymayacaqlar: “Gözünüzü
açıb-bağlamağınız kifayət edəcək
- lazımi informasiya linzalar vasitəsilə sizin olacaq. Bu, bir tərəfdən
imkan verəcək ki, beyinlər artıq informasiya ilə
yüklənməsin, onsuz da onların əksəriyyəti
sonrakı həyatda heç kimə lazım olmur. Digər tərəfdən,
boşalmış zehni ehtiyat düşünmək, analiz etmək,
arqumentləşdirmək və nəticədə
düzgün qərar vermək istiqamətində istifadə
olunacaq”.
Kakunun öncəgörməsinə əsasən,
bu proses onunla nəticələnəcək
ki, müəllimlərə ya ehtiyac olmayacaq, ya da indiki qədər
zərurət duyulmayacaq. “İnsanlar daha sərbəst
olacaqlar, onların “nəzarət edən orqan”a ehtiyacı
olmayacaq. Özləri özlərinə təhsil verəcək,
özləri də müəyyən edəcəklər ki,
onlara hansı qəbildən informasiya ehtiyacdır. Yox, əgər
məsləhət lazım olacaqsa, onu misal üçün,
“ağıllı divar”dan ala biləcəklər. Təəccüblənməyin,
yaxın vaxtlarda süni intellekt üzərində fəaliyyət
göstərəcək belə qurğular hər yerdə
mövcud olacaq - mənzillərdə, ofislərdə,
küçələrdə. Divara yaxınlaşıb
soruşmağınız kifayət edəcək: Mən
biologiya professoru ilə danışmaq istəyirəm. Elə
bu andaca divarda həmin o professoru görəcəksiniz və o
sizi maraqlandıran bütün sualları cavablandıracaq. Belə
texnologiyalar tək təhsildə deyil, həm də tibb,
hüquq, dizayn, psixologiya sahələrində də olacaq.
Düzdür, real mütəxəssislərsiz mümkün
olmayacaq, məsələn, cərrah olacaq, ancaq sadə tibbi
problemlər virtual yolla həllini tapacaq”.
Universitet onlayn-kurslarının mövcudluğunu
Kaku “əla ideya” hesab edir. Onun sözlərinə
görə, yaxın 50 ilin təhsili məhz bu ideya üzərində
təşəkkül tapacaq. İndiki universitetlər qalacaq,
ancaq əsas etibarilə virtual fəaliyyətdə olacaqlar.
Kim ki, ənənəvi təhsil ocaqlarına müraciət
edəcək, onun barəsində belə deyəcəklər:
“O, öz təhsilini özü təşkil edə bilmədi”.
Diplomlar yoxa çıxacaq
M.Kaku hesab edir ki, yaxın gələcəkdə təhsil
hər hansı vaxt və ərazi məhdudiyyəti ilə
çərçivələnməyəcəyindən
diplomlara da ehtiyac qalmayacaq. Çox güman ki, xüsusi
sertifikatlaşdırma mərkəzləri fəaliyyətdə
olacaq. Mütəxəssislər belə mərkəzlərdə
imtahanlar verəcəklər və nəticələrə əsasən
ya hansısa vəzifəni əldə edəcəklər, ya
da əksinə. İstisna deyil ki, zamanla xüsusi ballar
şkalası tətbiq olunmağa başlayacaq ki, bu sistemə
əsasən insanın cəmiyyətdəki yeri müəyyən
ediləcək. Artıq ABŞ, Yaponiya, Kanada, Avropanın bir
sıra ölkələrində portfolio sistemi aktualdır. Vətəndaş
diplomlar, sertifikatlar, arayışlarını toplayıb
işəgötürənə təqdim edir və iş
alır. Gələcəkdə intellektual baqaj təhsildə əsas
amilə çevriləcək.
Bəs, gələcəkdə
uğurlu insan olmaq
üçün nə etmək lazımdır? Yapon fizik
düşünür ki, ilk növbədə robotlar
üçün yad olacaq cəhətləri inkişaf etdirmək
lazımdır: kreativlik, təsəvvür, təşəbbüs,
liderlik xüsusiyyətləri. “Cəmiyyət tədricən
məhsul iqtisadiyyatından intellektual-yaradıcı
iqtisadiyyata keçir. Toni Bler deyirdi ki, İngiltərənin
rok-n-rolldan olacaq gəlirləri mədənlərdən əldə
etdiklərindən çox olacaq. Ona görə də gələcəkdə
o ölkələr uğur qazanacaq ki, məhsul bazarları ilə
koqnitiv-kreativ potensialı arasında tarazlıq yarada biləcəklər.
O xalqlar ki, tək kənd təsərrüfatına bel
bağlayıblar, onlar kasıbçılığa məhkumdurlar”
- deyə Kaku söyləyir.
M.Kaku düşünür
ki, gələcəkdə
ən gəlirli sahələr biotexnologiya, nanotexnologiya və
süni intellekt olacaq. Onun fikrincə, tək təhsil deyil, həm də
iş sistemi dəyişir. Tezliklə fabriklərdə insan
qalmayacaq, ancaq intellektual sferada çoxlu iş yeri
açılacaq. Ən əsası, vaxtlı-vaxtında qərar
qəbul edib dəyişməkdir: “İnsanların əksəriyyətinin
problemi odur ki, inertdilər, kütləyə baxmadan heç nə
edə bilmirlər. Uğur qazanmaq istəyirsinizsə, edəcəyiniz
ilk iş bu olmalıdır - digərlərinə
oxşamamaqdan qorxmayın, öz həyatınızın məsuliyyətini
üzərinizə götürün, təlaşlanmayın
ki, hər şeyi dəyişirsiniz və yeni yolla gedirsiniz”.
M. Kaku
deyir ki, yaxın gələcəkdə həyatımızda
elektrik cərəyanı hansı rolu oynayırsa, internet də
eyni mahiyyət kəsb edəcək: “Yüz il bundan əvvəl
elektrik enerjisi möcüzə idi. İndi hamımızın
başı qarışıb smartfona, heç yadımıza
düşmür ki, bu elektrik enerjisi axı hardandır? Bunu
adi qəbul edirik. Yerdə ot, ağac bizim üçün nədirsə,
elektrik enerjisi də odur. Yaxın zamanlarda internet də belə
olacaq. Xırda çiplər saqqızdan ucuz satılacaq.
Ətrafımızda nə varsa hamısı qlobal şəbəkəyə
çıxışa malik olacaq. Biz vahid intellektual mühitdə
yaşayacağıq. İnsanlar sanki sehrbaz olacaqlar: daima
cansız materiya ilə ünsiyyət quracaq, jestlərlə,
səslə əşyalara göstərişlər verəcəklər
ki, onu et, bunu et”.
Təbii ki, cəmiyyət dəyişəcək. Çünki hər bir fərdin
zehni və şəxsiyyəti rəqəmsallaşacaq. Kaku
proqnozlaşdırır ki, kompüterlər bizim beynimizdə
olan məlumatları köçürüb iri kitabxanalarda
saxlayacaq və lazım olarsa, bu informasiyanı digər beyinlərə
köçürəcək. Hazırda Massaçusets Texnoloji
İnstitutunda bu qəbildən araşdırma aparılır.
Bu baş verəndən sonra istehlak münasibətləri də
dəyişəcək, çünki bir nəfər digərinin
nə istədiyini onun “beyninə girməklə” öyrənə
biləcək və ona ehtiyac duyduğunu satacaq. İnsan hətta
müəyyən mənada ölməz olacaq. Bir nəfərin
beynində olan bütün məlumatlar toplanacaq və bunun əsasında
rəqəmsal şəxsiyyət yaradılacaq. O isə
heç vaxt ölməyəcək.
Maliyyə
böhranı, yoxsa qeyri-effektiv təhsil?
Hazırda dünyada həyat şərtlərini diqtə
edən maliyyə böhranı yüzminlərlə insanı
işsiz qoyub.
Bu reallıq tək böhrandan qidalanır, yoxsa qeyri-effektiv təhsilin
də günahı var? Kaku hesab edir ki, hazırda mövcud olan
təhsil sistemi keçmişin mütəxəssislərini
hazırlayır. Biz onlara təhsil veririk ki, artıq mövcud
olmayan işlərə getsinlər, elə intellektual alətlərlə
təmin edirik ki, çoxdandır effektiv deyillər. Ona
görə də dünyada işsizlərin faiz göstəricisi
yüksəkdir: “Axı biznes sahibi belə məzunları niyə
işə götürməlidir? Nə lazımi savadları
var, nə təcrübələri. Nəticə ondan ibarətdir
ki, dünyanın aparıcı şirkətlərinin əksəriyyətində
50-60 yaşlılar ağalıq edir. Ona görə də təhsil
sferasının mütəxəssisləri kardinal şəkildə
tədris proqramlarını nəzərdən keçirirlər.
Burada ilk növbədə təbiət elmlərinə önəm
vermək lazımdır, çünki gələcəyin
texnologiyaları ilə birbaşa əlaqəlidirlər”.
Bu halda belə bir sual meydana gəlir: axı insanların
heç də hamısı intellektual əməyə meyilli
deyil. Bu halda robotların əhatəsində onlar necə
baş çıxaracaqlar? M.Kakunun qənaətinə görə,
süni intellekt insanı tam şəkildə əvəz etməyə
qadir deyil. Düzdür, elə vaxt gələcək ki, robot
insandan ağıllı olacaq, ancaq yenə də tam əvəz
edə bilməyəcək: “Bizim maşınların
qarşısında təsəvvür etmədiyimiz qədər
üstünlüyümüz var. Məsələn, robotlarda
obrazlı düşüncə yoxdur. Onların təsəvvürü,
intuisiyaları yoxdur. Ona görə də bağbanların,
tikinti, fiziki əmək sahiblərinin işləri
yaxşı olacaq, çünki onlar qərarların avtomatik
yerinə yetirilməsi ilə məşğul deyillər,
müxtəlif mərhələlərə fərqli
yaradıcı yanaşma tələb olunur. Mən sizə “fəhlə”
deyərkən proqramlaşdırma, veb-dizayn, 3D-layihələndirməni
nəzərdə tuturam. İnsan hansı sahədə işləyir
işləsin, onun yaradıcı yanaşması
olmalıdır, dəyişən mühitdən tez baş
çıxara bilməli, intuisiyasını inkişaf etdirməlidir”.
Qəzetimizin ötən saylarında gələcəyin peşələri barədə
məlumatlar vermişik. M.Kakunun sözlərinə görə,
qarşısıalınmaz inkişaf nəticəsində ilk
növbədə vasitəçi peşələr sıradan
çıxacaq. Məsələn, texniki yeniliklər imkan verəcək
ki, aşağı ixtisaslı həkimlərə ehtiyac
olmasın. “Əgər siz özünüzü nasaz hiss etsəniz,
yataqdan durmadan virtual həkim-robota müraciət edəcəksiniz
və simptomlarınız barədə
danışacaqsınız. Heç bir yerə getmək
lazım deyil, heç düyməyə də basmağa
ehtiyac yoxdur: robot özü sizə lazımi sualları verəcək:
haranız ağrıyır, necə ağrıdır və
s. Sonra o, eyni simptomlu xəstələrə dair iri məlumatlar
bazasından çıxış edərək sizin diaqnozunuzu
qoyacaq. Belə robotlar hətta bəzi analizləri də
götürə biləcəklər. Məsələn,
infraqırmızı kamera vasitəsilə hərarətinizi
ölçəcəklər. Odur ki, yalnız ağır xəstəliklər
zamanı insan-həkimin köməyinə müraciət edəcəyik.
Biz demək olar ki, gün ərzində robot-həkimə daha
çox müraciət edəcəyik, nəinki əl-üzümüzü
yuyacağıq. Süni intellektə əsaslanan bu kəşflər
tibbi ciddi inkişaf etdirəcək, insanların həyatı
uzanacaq” - deyə alim düşünür.
Gələcək
Mitio Kakunun gözü ilə
M.Kakunun yüzlərlə futuroloji
proqnozları özünü doğruldub. Bəs o, gələcək
haqqında daha nələri gözləyir?
1. 2027-ci
ildə bir insan beynindən məlumatları digər beynə,
yaxud internetə köçürmək mümkün olacaq.
Bu, internetin “breyn-net”ə, yəni “beyin şəbəkəsi”nə
çevrilməsilə nəticələnəck.
2. 2029-cu
ildə robotlar bütün sahələrdə insanlardan
ağıllı olacaqlar, ancaq bundan qorxmaq lazım deyil. Kaku
hesab edir ki, robotların intellekti “həşərat
intellektidir”, yəni konkret və lazım olan məsələlərin
həllinə yönəlib.
3.
2040-cı ildə nanotexnologiyalar imkan verəcək ki,
proqramlaşdırılmış materiyadan əşyalar
düzəldilsin. Bu əşyalar sahibinin istəyinə
uyğun olaraq formasını dəyişə biləcək.
4. 2050-2060-cı illərdə
Marsda məskunlaşmaya start veriləcək: özəl
şirkətlər yaşayış məskənləri
yaradacaqlar və oraların sakinləri Yerin köməyi
olmadan yaşaya biləcəklər.
5. 100 ildən
sonra Yer kürəsində ümumdünya hökuməti
mövcud olacaq, dövlət orqanları müştərək
fəaliyyət göstərəcəklər, onların qərarları
milli hökumətlərin qərarlarından üstün hesab
ediləcək.
Rüstəm QARAXANLI
Azərbaycan müəllimi.-
2018.- 30 mart.- S.1; 8.