Azərbaycan
Texniki Universitetinin alimlərindən yeni ixtira
25 faizədək
enerjiyə qənaət olunacaq, faydalı iş əmsalı
6 faizədək artacaq
Azərbaycan Texniki Universitetinin (AzTU)
alimləri - elmi-tədqiqat işlərinin
planlaşdırılması və ETİ şöbəsinin
müdiri İslam İslamov, AzTU-nun nəzdində fəaliyyət
göstərən “Maşınşünaslıq” Elmi-Tədqiqat
İnstitutunun direktoru Ayaz Abdullayev, Maşınların
konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov
bütün sənaye sahələrinin maşın
aqreqatlarında istifadə olunacaq yeniliyə imza atıblar.
Onlar ixtira etdikləri yeni reduktorla faydalı iş əmsalının
6 faiz artırılmasına, elektrik mühərrikinin
gücünün 25 faiz qənaətinə nail olublar.
Yeni ixtira bu həftə Azərbaycan
ictimaiyyətinə də təqdim olunub. Alimlər
reduktorun sənayenin ayrı-ayrı sahələrində tətbiqindən
danışıblar.
Uğurlu sınaq
və müsbət nəticə
AzTU-nun Maşınların
konstruksiya edilməsi kafedrasında müxtəlif istiqamətdə
elmi-tədqiqat işləri aparılır. Son zamanlar isə
iki önəmli ixtira üzərində
çalışıblar. Aparılan elmi-tədqiqat
işləri nəticəsində mancanaq dəzgahları,
mancanaq dəzgahlarında və digər sahələrdə
istifadə oluna biləcək reduktorlar hazırlayıblar.
Reduktor və mancanaq dəzgahının müxtəlif
variantda laborator nümunələrini yaradıb su quyusunda
sınaqdan keçiriblər. Əldə
olunan nəticə bu ixtiranın neftçıxarmada da
uğur qazanacağına ümid verib. Odur
ki, bu yeniliyi Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) Pirallahı qəsəbəsində “Abşeronneft” neft
və qazçıxarma idarəsində fəaliyyətini dayandırmış
bir neft quyusunda sınaqdan çıxarıblar. Reduktor altı ay müddətində uğurla
sınaqdan keçib və müsbət nəticələr
verib.
Bəs, onlar mövcud mexanizmlərə nəyi əlavə
edib?
Azərbaycanlı alimlər 5 pilləli
və 6 valdan ibarət klassik ötürücü mexanizmlər-reduktorlarda
valların sayını azaldaraq 2-yə endirməyə nail
olublar.
Ancaq bununla reduktorun
ötürücülük qabiliyyəti nəinki
aşağı düşüb, əksinə, daha da
böyüyüb. AzTU-nun nəzdində fəaliyyət göstərən
“Maşınşünaslıq” Elmi-Tədqiqat İnstitutunun
direktoru Ayaz Abdullayev qeyd edib ki, onların ötürmə
gücünü mövcud ölçü içərisində
istənilən qədər artırmaq mümkün olur:
“Müqayisə üçün deyim ki, mövcud
reduktorların ötürmə gücü 40, yeni reduktorun isə
64-dür. Ruslar o vaxt ötürmənin faizini artırmaq
üçün bir neçə yola əl atsa da, uğurlu ola bilməmişdi. Bizim təklif
etdiyimiz qurğu vasitəsilə istənilən ötürmə
nisbətini almaq mümkündür”.
AzTU-nun Maşınların konstruksiya
edilməsi kafedrasının müdiri Əli Nəcəfov dəzgahın
istifadəsi zamanı əldə edilən qənaətə
diqqət çəkib: “25 faizədək enerjiyə qənaət
olunacaq, ştanqların effektivliyi azalacaq, faydalı iş əmsalı
6 faizədək artacaq. Yaradılmış
mancanaq dəzgahı daha yaxşı dinamiki xassələrə
malikdir, çünki dirsək müntəzəm
fırlanır, balansirli mancanaq dəzgahlarından fərqli
olaraq tarazlaşmamış kütlələr və dayağa
üfüqi istiqamətdə təsir edən və işarəsini
dəyişən qüvvələr yoxdur. Eyni zamanda quyunun vadisi ilə daha yaxşı mərkəzlənmə
təmin edilir, titrəmələr və dinamiki yüklər
xeyli azalır”.
Onun sözlərinə görə,
neftçıxarma sənayesində istifadə olunan mexaniki
intiqalı kimi müxtəlif ölçülü mancanaq dəzgahları
indiyədək heç dəyişməyib və
ştanqlı nasosların keyfiyyətli işləməsini
tam təmin etmir: “Balansirli mövcud mancanaq dəzgahlarının
bir çox çatışmazlığı var. Məsələn,
quraşdırma və quyunun təmiri zamanı böyük
çətinliklər yaradır, kiçik faydalı iş əmsalına
malikdir, istifadəsi böyük enerji hesabına baş verir.
Yeni mancanaq dəzgahının yeni kiçik metal tutumlu qabarit
ölçüləri, yüksək faydalı iş əmsalı,
yüksək etibarlılığı və maya dəyərinin
aşağı olması əsas
üstünlüyüdür”.
Alimlər deyir ki, bərabər şərtlər
saxlanılmaqla neft quyularının istismarında istifadə
olunan mancanaq dəzgahları ilə müqayisədə təklif
edilən konstruksiyanın metal tutumu 20-30 faiz azalır və
istismar göstəriciləri xeyli yaxşılaşır.
Harda tətbiq ediləcək?
Ə.Nəcəfov bildirib
ki, qurğu neft sənayesində sınaqdan
çıxarılsa da, onun müdafiə sənayesində, hətta
ayrı-ayrı sənaye sahələrində istifadəsi
mümkündür. İxtira olunan reduktorlar mancanaq dəzgahlarında,
tanklarda, liftlərin qapı intiqalında, helikopterlərin
baş reduktorlarında tətbiq edilə bilər.
Professor bu üstünlükləri
ilə ixtiranın ölkə iqtisadiyyatı üçün
böyük töhfə verə biləcəyini deyir: “Ötən
əsrin əvvəllərində istismara verilmiş mancanaq dəzgahları
hələ də dəyişdirilməyib. Odur
ki, onların yeni konstruksiyasını təklif edirik. Bu dəyişiklik bir çox üstünlük
verir. Məsələn, bu qurğu imkan
verir ki, hər quyu üçün 20-30 faiz enerji və metala
qənaət olunsun. Nəzərə alsaq
ki, Bakı ətrafında hazırda çalışan 10 minlərlə
dəzgah var, bu da ölkə üçün böyük
iqtisadi səmərədir. Yaxud elektrik
mühərrikinin tələb olunan gücünü 25 faizədək
azaldır. Bu faiz göstəricisinin nə
qədər böyük rəqəm olduğunu təsəvvür
etməyiniz üçün deyim ki, dünyada mancanaq dəzgahlarının
istifadəsi üçün elektrik enerjisinə sərf olunan
vəsait 450 milyard dollara yaxınlaşır. Mövcud dəzgahlar 24 saat çalışır və
dayanması iqtisadi itkilərə səbəb olur. Pirallahıda qurğumuz 6 ay müddətində
dayanmadan işlədi. Üstəlik, bir məsələ
də var ki, yeni dəzgah dayansa da, yenidən işləməsi
üçün mövcud dəzgahlarda tələb olunan
enerji itkisi baş verməyəcək”.
Mancanaq dəzgahlarının
yeni forması 23 ixtiradan biridir
Bu ixtiranın nə ilk, nə
də son olmadığını vurğulayan AzTU-nun elmi-tədqiqat
işlərinin planlaşdırılması və elmi-texniki
informasiya şöbəsinin müdiri, dosent İslam
İslamov bildirib ki, AzTU-nun “Maşınların konstruksiya
edilməsi” kafedrasının alimləri son illərdə 23-dən
çox müxtəlif ixtira reallaşdırıblar. Hazırda universitetdə
elmi fəaliyyət 35 kafedrada, 1 elmi mərkəzdə və 9
elmi-tədqiqat laboratoriyasında 11 istiqamət üzrə
yerinə yetirilir. 2017-ci ildə AzTU-da
aparılan elmi-tədqiqatlar nəticəsində sənaye,
istehsalat üçün vacib olan 38 elmi nəticə əldə
edilib.
Həmin nəticələrdə
tələbələrinin də əməyinin olduğunu deyən
dosentin sözlərinə görə, mancanaq dəzgahı
üzərində işdə 3 magistr və 1 bakalavr
iştirak edib.
Ümumiyyətlə,
universitetin elmi fəaliyyətinin geniş spektri əhatə
etdiyini deyən İ.İslamov bu istiqamətlərdən ən
əsasının patent-lisenziya fəaliyyəti olduğunu
söyləyib. Hətta patent-lisenziya fəaliyyəti
üçün AzTU-da xüsusi şöbə də
yaradılıb.
Mancanaq dəzgahı
dünyaya səs salıb...
Beləliklə,
“Maşınların konstruksiya edilməsi” kafedrası və
“Maşınşünaslıq” Elmi-Tədqiqat Mərkəzinin
əməkdaşları son dövrlər etdikləri
ixtiraların siyahısına birini də daxil ediblər. Elə bir ixtira
ki, artıq dünyada “ən yaxşı ixtira” olaraq əks-səda
doğurub. Professor A.Abdullayev bu barədə
danışarkən deyib: “Əvvəlcə heç
özümüz də inanmırdıq ki, bunu biz işlək
formaya sala bilərik. Şübhəylə
yanaşdığımız üçün ilk növbədə
qurğunu laborator şəraitdə yaratdıq və
müşahidədən keçirdik. Gördük
ki, tam işləyir. Bu reduktorların mexanizmi imkan verir
ki, qurğunun faydalı iş əmsalı 6 faizə kimi
artsın”.
Amma artıq ixtiralarına nəinki
özləri, dünyada da inanırlar: “Almaniyada yeni
ixtiramızın təqdimatını edəndə, bunu əvvəlcə
cəfəngiyat hesab elədilər. Daha sonra
qurğu təqdim olundu və tədbirin sonunda bir çox
şirkətin əməkdaşları yaxınlaşaraq
bizimlə işləmək istədiklərini bildirdilər”.
Professor Ə.Nəcəfov
bu yaxınlarda ixtiranı Küveytdə də təqdim edib. Onun sözlərinə
görə, yeni qurğu neft ölkələrinin böyük
marağına səbəb olub: “Bu yaxınlarda Küveytdə
keçirilən 10-cu beynəlxalq sərgidə qurğunun təqdimatını
etdim. Çox böyük maraq doğurdu.
Xarici alimlər, ərəb iş adamları bizim stendə
yaxınlaşaraq bildirdilər ki, sərgidə gördükləri
ən böyük ixtira bizimkidir. Təqdimatdan
sonra Oman Əmirliyindən təklif gəldi, daha sonra
Ukraynanın helikopter istehsal edən şirkəti bizimlə
maraqlanıb və helikopterin baş reduktorunun düzəldilməsini
sifariş etdi. Hazırda onun üzərində
işləyirik”.
...ancaq Azərbaycan
bazarına çıxa bilmir
Öz ixtirasıyla yerli bazara daha
çox xeyir vermək istəsə də, azərbaycanlı
alimlərin bu istəyi hələlik baş tutmur: “Bəzi
qurumlar məlumatlandırılıb, bəzilərini də məlumatlandırmağa
çalışırıq. İmkanımız
var ki, ölkə iqtisadiyyatı üçün müxtəlif
sahələrdə kömək edək. Ancaq
xaricdən təkliflər artır və artıq biz onlara yox
deyə bilmirik”.
Azərbaycandan gələn
yeganə təklifin isə ömrü uzun olmayıb. Professor Pirallahıda həyata
keçirilən 6 aylıq layihəni nəzərdə tutaraq
deyib: “Quyu işlək deyildi, ancaq biz onu yenidən bərpa
etdik. Təəssüflər olsun ki, orada biganəliklə
qarşılaşdıq. Buna baxmayaraq,
işimizin öhdəsindən uğurla gələ bildik.
Qurğumuz bu sınaqdan uğurla
çıxdı. Ancaq layihə
dayanmalı oldu. Neftin qiyməti son zamanlar
aşağı düşdüyü üçün neft
şirkəti bu sahədə aktivlik göstərə bilmir”.
Alimlərin ən
böyük problemi
Azərbaycan şirkətlərində
müşahidə olunan qeyri-fəallıq alimlərin işinə
təsirsiz ötüşmür. Bu barədə AzTU
alimləri ən böyük problemlərindən
danışarkən qeyd ediblər. Onların
sözlərinə görə, elmi fəaliyyətlərini
dövlət büdcəsi, təsərrüfat və qrant
hesabına həyata keçirsələr də, alına bilən
nəticələrin kommersiyalaşdırılması
mövcud böyük problemlərindən biridir. AzTU əməkdaşları ixtira etdikləri məhsulu
bazara çıxarmaq üçün mətbuatın və
ictimaiyyətin dəstəyinə ehtiyac duyduqlarını da
vurğulayıblar. Onların fikrincə,
dünyada ilk mancanaq qurğusu Azərbaycanda yaradılıb.
İndi universitetin alimləri yeni reduktor və
icralı balansirsiz mancanaq dəzgahlarının bir neçə
yeni orijinal konstruktiv həllini yaradıb. İxtiralar
hazırlanıb və sınaqdan keçirilib. Üstəlik, dünyada da böyük uğur qazanıb.
Bircə qalıb bu yenilikdən bəhrələnmək.
Azərbaycanlı alimlər Küveytin neft
oliqarxlarının sifarişi ilə mancanaq dəzgahı,
Ukrayna şirkətinə helikopter üçün baş
reduktor hazırlamaqdan öncə, Azərbaycan sənayesinin
inkişafında iştirak edib, ölkə iqtisadiyyatına
töhfə vermək istəyir.
Ümid edirik, bu gözləntiləri
tezliklə nəticə verər.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan
müəllimi.- 2018.-2 mart.- S.1; 4.