“Plagiat akademik
mühiti ruhdan salır”
Əli Təhməzov:
“Tələbələrə şans vermək lazımdır,
onlar düşünmədən səhvlər edirlər”
Oğru həkim, oğru hakim,
oğru alim, oğru mühəndis, oğru
iqtisadçı... Universitetlərin ixtisaslı
kadr deyil, ixtisaslı oğru hazırlaması qorxusu artıq
bütün dünyanı hərəkətə gətirib.
Bunun bir göstəricisi də plagiatla
mübarizəsi ilə tanınan “Plagiat.pl” şirkətinin fəaliyyət
coğrafiyasını əhəmiyyətli dərəcədə
genişləndirməsidir. Bu bəlaya
dünyanın hansı hissəsi düşməyib ki? Hətta
Afrikada belə, Balkanlarda,Türkiyədə
fəaliyyət göstərən şirkət tezliklə
Çində ofis açacaq. 2002-ci ildən fəaliyyətdə olan “Plagiat.pl”
şirkətinin direktoru Əli Təhməzov “Azərbaycan
müəllimi” qəzetinə müsahibəsində plagiatla
mübarizədə Azərbaycan universitetləri ilə əməkdaşlığından
danışıb.
- Şirkətiniz 15 ildir plagiatla mübarizə
aparır. Nəyə nail olmusunuz?
- Bəli, şirkətimiz 2002-ci ildə
Polşada yaranıb. Varşavada İT
texnologiyaları sahəsində ikisi professor olan dörd
mütəxəssis tərəfindən təsis edilib. Hal-hazırda 12 ölkədə fəaliyyət
göstəririk, 6 ölkədə ofislərimiz var. Təkcə
Polşada 200-dən çox universitet bizimlə əməkdaşlıq
edir. 15 illik fəaliyyətimiz
dövründə təhsildə plagiat ilə mübarizənin
əhəmiyyətini sübut edə bilmişik.
- Azərbaycanın
hansı universitetləri ilə əməkdaşlıq
edirsiniz?
- Azərbaycanda 2015-ci ildən filial
kimi fəaliyyətə başlamışıq. www.strikeplagiarism.com sistemi vasitəsilə müxtəlif
mənbələrlə oxşarlıqlar axtarır, həmçinin
tələbə işlərini və elmi işləri
yoxlayıb qiymətləndirmək məqsədilə antiplagiat
prosedurlarının tətbiq edilməsi ilə bağlı
konsultasiya xidmətləri göstəririk. Digər mühüm məhsul isə antiplagiat
prosesini avtomatlaşdırmağı bacaran ASAP-dır
(İşlərin Arxivləşdirilməsinin Akademik Sistemi).
Azərbaycan postsovet məkanında əməkdaşlığa
başladığımız ilk ölkədir və biz Şərqə
məhz sizin ölkədən daxil olmuşuq. Azərbaycanın
ali məktəblərinin yarısı ilə
əməkdaşlıq edirik. Plagiat ilə mübarizədə
bizi Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan
Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki
Universiteti, Xəzər Universiteti və digərləri dəstəklədi.
Əlbəttə ki, bütün ölkələrdə
olduğu kimi, burada da Təhsil Nazirliyinin dəstəyi olmadan
missiyamızı həyata keçirmək mümkün deyil.
Nazirliyin rəhbərliyi və bir çox
universitet anlayır ki, bir-birimizə dəstək olmadan, bu
problemi aradan qaldırmaq mümkün olmayacaq. Plagiat, xərçəng şişi kimi cəmiyyətin
şüurunda dərin kök salıb və cəmiyyət
onun nə olduğunu, niyə qəbul
olunmadığını aydın şəkildə görə
bilmir.
Elmdə fikir plagiatı: antiplagiat
sistemlər onun öhdəsindən gələ bilmir
- Elmdə plagiat
ilə bağlı vəziyyət necədir?
- Bildiyiniz kimi, plagiatın bir
neçə növü var. Fikirlərin və mətn
fraqmentlərinin plagiatı bunlardan sadəcə ikisidir. Elmdə heç bir antiplagiat sisteminin öhdəsindən
gələ bilməyəcəyi bir fikir plagiatı var. Fikrin
yeniliyini anlamaq üçün mütəxəssislər cəlb
olunmalı və plagiat sisteminə təhlil prosesinin
asanlaşdırılmasında kömək edilməlidir.
MDB ölkələrində elmin yenidən
formalaşdırılması bürokratiyanın və
sovetizmin aradan qaldırılmasının nəticəsi olub.
Universitetlərə elmi dərəcələr
vermək, kimə verəcəyini müəyyən etmək səlahiyyəti
verilib. Rusiyada 19 universitetin belə səlahiyyəti
var. Onlar başa düşürlər ki, bu cür inkişaf
etmək mümkün deyil. Təəssüf ki, Azərbaycanda
bu proses dayandırıldı. Azərbaycan hələ
də PhD sisteminə keçməyib, halbuki bu, bir sıra
problemləri həll edə bilərdi. Biz
Ali Attestasiya Komissiyasına iki ildir plagiat ilə mübarizədə
kompleks tədbirlərin həyata keçirilməsində,
doktorluq dissertasiyalarının saxlanılmasında və
universitetin depolarında şəbəkəyə
qoşulmasında köməklik göstərməyi təklif
edirik. Ali Attestasiya Komissiyasının
öz veb-saytında tezis dərc etməsi düzgün
olardı. Azərbaycanın Ali Attestasiya
Komissiyasının antiplagiat sistemindən istifadə etdiyini
öyrənməkdən məmnun olduq. Ancaq
bu sistem yenidənyazma ilə məşğul olur. Bəzi müəlliflərin işlərini
köçürüb başqalarına sataraq, öz səhifəsində
açıq şəkildə göstərir. Ali Attestasiya Komissiyasının rəhbərliyinə
böyük hörmətimiz var və ümid edirik ki, bu vəziyyəti
diqqətdən kənarda saxlamayacaq. Hesab
edirəm ki, Azərbaycan Ali Attestasiya Komissiyası əməkdaşlığın
vacibliyini başa düşür və biz onlara
dissertasiyalardan ibarət məlumatlar bazası yaratmaq və
dissertasiyaların plagiata dair hərtərəfli
ekspertizası məsələsində dəstək verməyə
hazırıq.
- Elmdə
plagiatı nə ilə izah edərdiniz?
- Elmdə plagiat probleminin kökləri
imtiyaz sistemində, qismən də cəmiyyətin zehniyyətindədir.
Azərbaycanda, eləcə də Rumıniyada və
Bolqarıstanda elm adamı olmaq nüfuzlu və maliyyə cəhətdən
gəlirli hesab olunur. Rumıniyada əməkhaqqına
müvafiq vəsait əlavə olunur. Elmi
dərəcəsi olmadan siyasətdə irəliləmək
çətindir. Amma təəssüf ki,
alimlərin tələb mexanizmi yoxdur.
- Akademik
bütövlüyünün
yaxşılaşdırılmasının
qarşısını nə alır?
- Əsasən müvafiq
hüquqi çərçivənin olmaması. Ölkədə
əqli mülkiyyətin qorunması sahəsində
qanunvericilik yaxşıdır. Hətta
yüksək ixtisaslı mütəxəssislərin işlədiyi
Müəllif Hüquqları üzrə Agentlik fəaliyyət
göstərir. Bu qurumun təşkil etdiyi
bir müzakirəni xatırlayıram. Açıq
müzakirədə universitet rektorları plagiat ilə
mübarizədə istifadə olunan təcrübə və
texnologiyaları bölüşmüşdülər. Düzü, Avropa Birliyində hansısa Müəllif
Hüquqları üzrə Agentliyin bu missiyaya töhfə vermək
arzusunda olması faktını xatırlamıram. Azərbaycanda intellektual mülkiyyətin qorunması
ilə bağlı qanunvericiliyin mövcudluğuna baxmayaraq,
plagiat konsepsiyası bu yaxınlarda “Təhsil haqqında” Qanuna
daxil edilib. Rusiya daxil olmaqla, bütün AB
ölkələrində “Təhsil haqqında” qanuna düzəlişlər
qəbul edilib və həmin düzəlişlərdə
minimal tələblərə cavab verən informasiya
texnologiyalarından istifadə edərək geniş şəkildə
yoxlamalara başlamaq tələb olunur. Keçmiş
təhsil naziri Mikayıl Cabbarov plagiatla mübarizə məsələsini
bir neçə dəfə qaldırmışdı. Bu istiqamətdə müvafiq qərarlar qəbul
edilib və hətta bir rektora ciddi töhmət də verilib.
Hesab edirəm ki, Azərbaycanda rektorlardan qəti
qərarlar tələb olunur. Digər
mühüm amil akademik bütövlüyün Məcəlləsinin
olmaması və intizam tədbirlərinin tətbiqi deyil, elmi
prosesdə informasiya texnologiyalarının zəif tətbiq
olunmasıdır.
Plagiatla mübarizə:
universitetlərin və dövlətlərin ona münasibəti
fərqlidir
- Plagiat ilə
mübarizədə hansı normalar və prosedurlar istifadə
olunur? Bununla bağlı nə tövsiyə edə
bilərsiniz?
- Plagiata dair tələbə işlərinin
qiymətləndirilməsi və yoxlanılması
prosedurları olduqca sadədir, lakin onlar mütləq
maraqların toqquşmasının qarşısını
almalıdır. Məsələn, tələbə işini ən
azı iki nəfər qiymətləndirməlidir: bir məsləhətçi
və bir nəzarətçi. Plagiat
üçün işi qiymətləndirən komissiyalar
mümkün qədər obyektiv olmalıdırlar. Əlbəttə ki, tələbələrə
şans vermək lazımdır, çünki onlar
düşünmədən səhvlər edirlər. Ən əsası isə tələbələr və
müəllimlər ilə işdir. Müəllif
hüquqları və məlumatlarla necə işləmək
lazım olduğu onlara izah olunmalıdır. Bir neçə
il bundan əvvəl “Long Island” Universitetindən
professor Madrai təlimlərin müxtəlif kurs tələbələrinə
təsirini araşdırıb. Bu
araşdırmanın nəticəsi olaraq, tələbələr
təlimin sonunda məlumatın düzgünlüyü, sitatların,
plagiat formalarının və intizam tənzimləməsi
mövzusunda daha yaxşı nəticələr göstərməyə
başlayıblar. Azərbaycanın bəzi ali məktəblərində olduğu kimi,
seçilənləri yox, bütün işləri yoxlamaq
lazımdır. Biz hər bir tərəfdaş universitetdə
ildə ən azı iki dəfə tələbələr və
müəllimlər üçün plagiat konsepsiyası,
işin qiymətləndirilmə metodologiyası və s. barədə
təlimlər keçirik. Fikrimcə, belə bir iş Azərbaycanın
bütün universitetləri tərəfindən həyata
keçirilməlidir.
- AB, Polşa və
MDB ölkələrində plagiata qarşı mübarizə
necə təşkil olunur?
- Dünyada internetin akademik sahəyə
daxil olması genişləndikcə, plagiatla mübarizə də
şaxələnir. Tələbələr və
alimlər qiraət otaqlarına getmir, bütün zəruri məlumatları
internetdə axtarırlar. Hər hansı bir mövzuda
iş “yazmaq” üçün yaxşı təşkilatçı
firmalar var. Belə firmaları “elmi işçilərin dəyirmanı”
adlandırırlar. Onlar tələbə sənədlərini,
tezisləri hazırlayır və internetdə satırlar.
Bu növ istehsalçıların dövriyyəsi
hazırda bir neçə milyard dollar qiymətləndirilir.
Azərbaycanda da belə “dəyirmanlar” var.
Onları bir neçə universitetin yaxınlığında
görmək olar. Bəzi universitetlər
onlarla mübarizə aparır, istəmirlər ki, adları
belə faktlarla hallansın. Əksəriyyət
isə plagiat faktının olmadığını iddia edərək
buna göz yumur. Hətta elə hallar olur ki, tələbələr
və dissertantlar üçün müəllimlər iş
yazıb satırlar. Bu cür hallara AB ölkələrində
də rast gəlinir. Ancaq həmin ölkələrdə
intellektual işin oğurlanmasına görə inzibati cəza
nəzərdə tutan qanunlar da qəbul edilib. Nümunə
üçün deyim ki, Polşada şirkətimiz məhkəməyə
dəvət olunur və bizim antiplagiat sistemimiz vasitəsilə
alınan hesabatlara dəlil kimi istinad olunur. Saxta tələbə işlərinin və elmi
işlərin istehsalında iştirak edən hüquqi şəxslər
cinayət məsuliyyəti daşıyırlar. MDB
ölkələrində “Azad” rus plagiat sistemi çox məşhurdur
və onlar bu yolla müəllifə müəyyən məbləğ
qarşılığında iş yazmaq təklif edirlər. Əslində, onlar antiplagiat sistemi deyil, həmin “dəyirmanlardır”,
hansılar ki, müəlliflərin yoxlamaq üçün
yüklədiyi işi sistemdən oğurlayaraq daha baha qiymətə
satırlar. Rusiyada hüquqi vakuum sayəsində
bu sistemlərlə mübarizə aparmırlar. Halbuki bu, böyük bir təhlükə deməkdir.
“Köçürülmə” iş nə vaxtsa ortaya
çıxarsa, həmin insan əhəmiyyətli bir mütəxəssis,
yaxud alim olaraq, ömrü boyu “oğru” adını
daşıyacaq. AB ölkələrində
istehlakçını qoruyan ciddi qanunlar mövcuddur, buna
görə şirkətin şəxsi məlumatları
şifrələnir, sahibinin icazəsi olmadan məlumatların
yayılması cinayət məsuliyyətinə səbəb
olur. AB ölkələrində, Rusiyada və
Ukraynada mübarizənin əsasında bir fikir dayanır.
“Dissernet” (Rusiya), “Dissergeyt” (Ukrayna) kimi ictimai təşkilatlar,
həmçinin siyasətçilər, vəzifəli şəxslər,
elm adamları tezislərində haqlı olaraq bildirirlər ki,
oğru alim və ya siyasətçi ola
bilməz. Belə təşkilatlar xalq
sağlamlığı üçün çox vacibdir.
Plagiat korrupsiya ilə
bağlı deyil
- Plagiat faktına
qarşı ölkələrin üstünlük verdiyi
intizam tənbehi tədbirləri hansılardır?
- Bir qayda olaraq, AB ölkələrində
tələbələr universitetlərdən xaric edilir. Elmi işdə plagiatın olduğu halda intellektual əməyin
oğurlanmasına görə inzibati cəzadan da istifadə
edilə bilər. Bütün bunlar, həm
hüquqi bazalarla, həm də universitetlərin daxili
prosedurları, eləcə də iqtisadi komponentlərlə
bağlıdır. Bütün MDB ölkələrində
oxşar vəziyyət yaşanır. Gürcüstanda
korrupsiya az olduğu üçün hesab
edirlər ki, universitetlərdə plagiat halları azdır və
unudurlar ki, plagiat korrupsiya ilə bağlı deyil. Buna görə Gürcüstanda yalnız bu
yaxınlarda “Pandora qutusu”nu açmaq qərarına gəldilər.
Polşa və Rumıniya həm də antiplagiat
sistemləri üçün minimum standartlar hazırlamağa
qərar verdilər və məcburi yoxlamalar tələbindən
sonra bir çox universitetin imitasiya ilə məşğul
olduğu ortaya çıxdı. Qeyd edim
ki, minimum standartlara yerli dildə bir interfeysin olması, yerli
dilin tanınması, fərdi məlumatların qorunması,
antiplagiat xidmətləri göstərən şirkət tərəfindən
universitet üçün məlumatlar bazasının
yaradılması və s. daxildir.
- Azərbaycanın ali məktəblərində
hansı mənfi amillərə rast gəldiniz?
- Azərbaycanda, universitetlər xaric
etmir, əksinə, işlərini düzəltmək
üçün ikinci, hətta üçüncü şans
verir. Tələbələrini cəzalandırmayan
universitetlər çoxdur. Həmin təhsil
müəssisələrində antiplagiat sistemi vasitəsilə
işi “orijinal” səviyyəyə çatana qədər,
qeyri-məhdud sayda sistemdən keçirməyə imkan
yaradırlar. Daha əvvəl də qeyd
etdiyim kimi, tələbələr şüurlu şəkildə
"plagiat" etmir. Ancaq
dissertasiyaların müdafiə olunmasını absurd vəziyyətə
gətirmək də olmaz. Bəzi
universitetlər antiplagiat xidmətlərini əldə etməyinə
baxmayaraq, ondan istifadə etmir. Bəzən
hansısa bəlli olmayan səbəbdən qərar verilir ki,
magistr işlərinin hamısı yox, hansısa bir hissəsi
yoxlanılsın və yaxud magistr işləri
yoxlanılsın, amma bakalavr diplom işləri yox. Bəzi universitetlər “pulsuz” sistemlərdən
istifadə edir. Hətta bu yaxınlarda bir
akademiyada elmi işlər üzrə prorektor vurğuladı
ki, onlar antiplagiat səviyyəsinə enən universitetlərdən
deyillər. Daha bir fakt deyim: universitetlərdən birində
belə bir xidmət yaranıb. Xüsusi şəxs
müəyyən ödəniş
qarşılığında işləri plagiatdan “təmizləyir”
və sonra Ali Attestasiya Komissiyasına müdafiəyə
göndərilir. Bu addımı atanlar həm
də plagiata verdiyi pulu çıxartmaq istəyənlər,
antiplagiat sistemi vasitəsilə qazanmaq niyyətində
olanlardır. Təsəvvür edirsiniz?
Biz "boz" sxemlərdə iştirak etməmək
üçün əlimizdən gələni edəcəyik.
Universitetlərin
reytinqi aşağıdır, səbəblərdən biri
plagiatdır
- Plagiat və
akademik səhvetmə təhsilin keyfiyyətinə necə təsir
göstərir?
- Plagiat xərçəng
şişi kimi, təmiz olan akademik mühiti ruhdan salır. Diplom və ya magistr işini yaza bilməyən tələbə
diplom ala bilməz. Elmi işini oğurlayan
insan bizi müalicə edə bilməz. Hakim
necə hökm edə bilər, əgər o, işini
oğurlayıbsa? Elm necə inkişaf edə bilər, əgər
alimlər internetdən elmi iş oğurlayırsa? Universitetlərin reytinqi bir neçə səbəbdən
aşağıdır, onlardan biri də məhz plagiatdır.
MDB ölkələrindən olan tələbələrin
ABŞ, Almaniya, Kanada universitetlərindən məhz belə
faktlarla əlaqədar xaric edildikləri barədə məlumatlar
var. Onlardan
soruşanda ki, niyə plagiatla məşğul oldunuz, cavab
verirlər ki, bizdə bu adi haldır. Ölkəyə
yaradıcı mütəxəssislər lazımdır.
Onları plagiatla əldə edə bilmərik.
- Azərbaycan
bazarında əməkdaşlığı genişləndirməyi
planlaşdırırsınızmı?
- Təhsil Nazirliyinin nəzdində fəaliyyət
göstərən Təhsil İnstitutuna Azərbaycanın ali məktəblərində akademik
dürüstlük məsələsi ilə bağlı
sosioloji tədqiqat aparmağı təklif etdik. Oxşar tədqiqatlar bizim dəstəyimizlə
Polşada, Rumıniyada keçirilib, həmçinin Ukraynada
da hazırlayırıq. Tədqiqat ad çəkmədən
cəmiyyətin akademik dürüstlüyün hansı tendensiyalarıyla
qarşılaşdığını göstərir və
sonda Azərbaycanda akademik dürüstlüyü yeni bir pilləyə
qaldırmaq üçün nə etmək lazım
olduğunu müəyyən edir. Bu yaxınlarda
Təhsil Nazirliyinə Menecmentdə Korporativ idarəetmənin
tətbiqi ilə bağlı konfrans keçirməyi təklif
etdik. Belə bir konfrans 2017-ci ilin
mayında Polşanın Ali Təhsil və Elm Nazirliyi,
Rektorlar Birliyi və bizim şirkətin iştirakı ilə
Varşavada keçirilib. Bizim fəaliyyətimizin
genişləndirilməsi birbaşa akademik cəmiyyətin
plagiat ilə mübarizəyə nə qədər hazır
olduğuna bağlıdır. Daha çox
kömək edə bilmək üçün əlimizdən
gələni etməyə hazırıq. Bu
yaxınlarda Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Məhəbbət xanıma
sistemimizin məktəblərdə yayılması təklifi
ilə müraciət etdik və ümid edirik ki, o, bizə bu
sahədə kömək edəcək. Təhsil
Nazirliyinə, universitetlərin rektorlarına və digərlərinə
bizə inanaraq işimizdə dəstək olduqları
üçün minnətdarlığımı bildirirəm.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan
müəllimi.- 2018.- 2 mart.- S.5.