İdeyaların yeni ünvanı:
ADA İnnovasiya Mərkəzi
Rəşad Əliyev:
“Məqsədimiz Azərbaycanda
startap və kiçik biznesin inkişafına töhfə
verməkdir”
Dünyanın elm və tədqiqatyönümlü ideyalara və onların tətbiq sahələrinə diqqəti günü-gündən artmaqdadır. Bu mənada innovativ ekosistemlərin və yeni düşüncəli startapların yaradılması və fəaliyyətinin stimullaşdırılması hər bir uğurlu ali təhsil müəssisəsi üçün gələcəyə hesablanmış strateji hədəflərdən hesab olunur. Elə ideyaların yeni ünvanı kimi ADA Universitetində fəaliyyətə başlayan ADA İnnovasiya Mərkəzi (ADA İnnovation Center) də startapçı tələbələrimizin təşəbbüslərinin dəstəklənməsinə yönəlib. “ADA İnnovation Center”in koordinatoru, universitetin müəllimi Rəşad Əliyev “Azərbaycan müəllimi”nə mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi.
Hədəf: Tələbələri real
biznes və sənaye sektoruna
hazırlamaq
İnnovasiya Mərkəzinin yaradılmasında məqsəd - tələbələrin
praktiki potensialını və aktivliyini gücləndirmək, biliklərin tətbiqinə
imkanların yaradılması, tələbələri real biznes və sənaye sektoruna hazırlamaq, biznesin
inkişafı üçün təhsil
və əlaqələrin qurulmasında yardım etməkdir.
ADA İnnovasiya Mərkəzi bütün ixtisaslar üçün açıqdır. Tədris
ili ərzində biznes/İT
və digər praktiki
bacarıqların inkişafı üçün
treninqlər keçirilir. Tədris ilinin 2-ci semestrində İdeya Yarışı elan olunur və
3 qalib seçilir. Bu 3 qalib
və əlavə aktiv komandalara iş yeri - ofis verilir və
ADA İnnovasiya Mərkəzinin
rezidenti kimi qəbul edilir. Növbəti bir il ərzində
bu komandalara yardım göstərilir və real prototip səviyyəsinə çıxmaları
gözlənilir.
R.Əliyevin sözlərinə görə,
yaxın gələcəkdə
ADA Universiteti nəzdində
İP (Əqli mülkiyyət)
və İnvestisiya fəaliyyətləri üçün
imkanların yaradılması
gözlənilir. Təhsil ili ərzində ADA
Foundation təşkilatı vasitəsilə tələbələr sponsorlarla
tanış olur və ideyalarını paylaşmaq üçün
imkanlar yaradılır. Tədris ili ərzində Azərbaycan və Qlobal startap ekosisteminin önəmli üzvləri ilə görüşlər təşkil
olunur və tələbələrin iştirakı
təmin olunur. ADA Universitetində
daha çox startap və sahibkarlıq tədbirlərinin
keçirilməsi üçün
səylər göstərilir.
Tələbələrə müxtəlif formada
dəstək göstəriləcək
R.Əliyevin sözlərinə
görə, ali məktəbin rəhbərliyi
innovasiya mərkəzi
üçün lazımi maddi-texniki bazaya malik yer ayırıb. Hazırda mərkəzdə
beş komanda
işləyir, onlar üçün bütün
şərait yaradılıb. Mərkəz “BBF”, “Barama”, “AppLab”,
“SUP.AZ”, “Next Step” və s. mərkəzlərlə
sıx əməkdaşlıq
edir, çünki məhz onlar bu ekosistemin
inkişafının zəruri
bazasına malikdirlər
və bazarın ehtiyaclarını bilirlər.
Bu strukturlar innovasiya layihələrinin dəstəklənməsində
əvəzolunmaz rol oynayırlar, onların hamısı zərurət
oduqda Mərkəzə
dəstək göstərirlər.
“Məqsədimiz ali təhsil müəssisəsi
olaraq Azərbaycanda
startap və kiçik biznesin inkişafına töhfə
verməkdir. İlkin olaraq daxili sistem
qurub ADA tələbələri,
gələcəkdə isə
digər ali
məktəblərin tələbələri
üçün də
xidmət göstərmək
istəyirik.
Tələbələrə müxtəlif formada
dəstək göstəriləcək. Məsələn, biz tələbələr üçün
biznes-təlim təşkil
etmişik, gələcəkdə
isə onlarla proqramlaşdırma
dərsləri təşkil
ediləcək. İnnovasiya
mərkəzi tələbələrin
təşəbbüsü ilə yaranıb, onlar
sıfırdan hazır
məhsulun təqdim olunmasına qədər layihələr üzərində
həvəslə işləməyə
hazırdırlar. Ötən
il biz mobil proqramlaşdırma üzrə
xüsusi dərslər
keçdik. Nəticədə semestrin sonunda
15 komanda formalaşdırdıq,
onlar isə məhsulların 5 müxtəlif
prototipini təqdim etdilər”, - deyə R.Əliyev bildirdi. Mərkəzin koordinatoru
hesab edir ki, bütün bunlar tələbələrə ixtisaslaşdırılmış
təlimlərin
keçirilməsi və onlara maliyyə dəstəyinin göstərilməsi
üçün əsas olub.
Startaplar üçün
dəstək növləri
ADA Universiteti tələbələrə ölkə və ölkədən kənarda keçirilən
yarışmalara hazırlıqda
yardım göstərir. İdeya yarışında qalib olanlar üçün 1000-2500 manat həcmində mükafat nəzərdə
tutulub. Tələbələrin
müxtəlif treninqlərə
pulsuz və ya ucuz qatılma
şansı, İnnovasiya
Mərkəzində ofis
şəraiti,
ölkə və
ölkədən kənar startap və Sahibkarlıq ekosisteminin əsas üzvlərinə birbaşa
çıxış imkanları
təmin olunur. Startapçılar şirkət
rəhbərləri və
sponsorlarla əlaqələr
qurmaları üçün
şəbəkə tədbirləri, media dəstəyi ilə təmin edilir. İnnovasiya Mərkəzində qeydiyyatdan
keçmiş komandalara
işçi qüvvə
yığmaq üçün
dəstək göstərilir. Bundan başqa, mərkəzdə
keçirilən işin
rəsmi praktika (İnternship) kimi tanınması, komandanın
köməyə və
ya yeni üzvlərə
ehtiyacı olarsa ADA Məşğulluq Ofisinə
müraciət edib elan yerləşdirə bilməsi təmin olunur. Elan əsasında komandaya qatılan tələbələr rəsmi
təcrübə qazanmaq
şansı qazanır,
bu isə diplom almaq üçün çox vacibdir. Tələbələrin ölkə
səviyyəli sərgilərdə
iştirakı və stendlərinin qurulmasına
da dəstək
göstərilir.
Seçim kriteriyaları...
Tələbələrin İnnovasiya Mərkəzinə seçimi “İdeya yarışı”
vasitəsilə aparılır
və 1, 2,
3-cü yerləri tutan
tələbələrə mükafatlar verilir. İdeya yarışında iştirak
etməyib, lakin partnyor mərkəzlərdə
yaxşı nəticə
göstərmiş komandalar
da mərkəzə
qəbul olunur. Mərkəzə seçim kriteriyaları
əsasən biznes (pul gətirmə qabiliyyəti) və innovasiya əsasındadır.
Seçim üçün
müxtəlif sahələrdən
(satış, marketinq,
İT, Netvorking, dizayn və s.) münsiflər (bir nəfər akademik, bir nəfər
sənaye üzrə) təyin edilir. Münsiflər heyəti komandaların çıxışları ilə
tanış olub qalibləri konfidensial səsvermə nəticəsində müəyyən
edir.
R.Əliyev qeyd edir ki, mərkəz gənclərə
biznesin qurulması və ideyalarının reallaşdırılması üçün bütün zəruri dəstəyi göstərəcək. Onun sözlərinə görə,
ADA Universitetinin innovasiya
mərkəzinin təcrübəsindən
ölkənin başqa
ali məktəbləri
də yararlana biləcəklər: “Biz öz
təcrübəmizi başqa
ali məktəblərlə bölüşəcəyik
və tələbələrə, orta
məktəblərin buraxılış
siniflərinin şagirdlərinə
onların ideyalarının
inkişafında mümkün
olan bütün köməyi göstərəcəyik. Güman edirik ki, nailiyyətlərimiz
təkcə bizim
ali məktəbin tələbələrinə
deyil, həm də ölkənin bütün gənclərinə
faydalı ola bilər”.
İnnovasiya Mərkəzinin
koordinatorunun sözlərindən
də bəlli olduğu kimi, innovativ yeniliklərə daha çox meyilli olan ADA Universitetində tələbələrin
qlobal dövrün çağırışlarına adekvat cavab verən
ideya təşəbbüslərinin
dəstəklənməsi istiqamətində
xeyli işlər görülüb
və ilkin müsbət nəticələr
də əldə olunub.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2018.- 2 mart.- S.6.