“Qalib
qayıdacağıma söz vermişdim”
Səid Rəsulov: “Özümə
çox güvənirdim ki, I yerin sahibi olacağam”
Musiqiyə
həvəs insanın qanında olmalıdır, deyirlər.
Kimsə musiqini dinləməkdən xüsusi zövq alır,
kimi isə musiqiçi olmaqdan. Musiqiçi olmaq
üçünsə gərək fitri istedad sahibi olasan, bir də zövqün olsun. Onda çəkilən zəhmət də hədər getməz və uğurların da bir-birini əvəz edər.
Bugünkü həmsöhbətim də elə bu ecazkar sənətin ilk pillələrində artıq kifayət qədər
uğurlara imza atan yeniyetmə nəfəs alətləri
ifaçısı Səid Rəsulovdur.
Onun özü haqqında danışdıqları mənim
üçün maraqlı olduğu qədər sizin üçün də
maraqlı olacaq. Odur ki, gəlin,
istedadlı yeniyetmə dostumuzu birlikdə dinləyək və
ona gələcək
yaradıcılıq fəaliyyətində bol-bol nailiyyətlər qazanmağı
arzulayaq.
13 yaşım olanda laureat
adını qazandım
17 may
2004-cü ildə Bakı şəhərində anadan
olmuşam. Paytaxtdakı 14
nömrəli tam orta məktəbin 8-ci sinfində oxuyuram.
İngilis dili fənninə
marağım çox
böyükdür. Asudə
vaxtlarımda hətta o dildə bədii ədəbiyyatlar oxumağı da xoşlayıram. Uşaqlıq
illərindən musiqiyə çox böyük həvəs
göstərmişəm. Televiziyada
və radioda səslənən
bütün mahnıları
həmişə xüsusi sevgi ilə dinləyirdim.
2010-cu ildə nəfəs alətlərində
ifa etmək həvəsimi nəzərə alaraq valideynlərim
məni Leopold və Mstislav Rostropoviçlər adına 21
nömrəli Musiqi Məktəbinin truba ixtisası üzrə
birinci sinfinə qoydular. İlk gündən müəllimlərin
diqqətini cəlb etdim, çalışqanlığım
çox xoşlarına gəldi. Çox keçmədi
ki, bu musiqi alətinə
alışdım və yavaş-yavaş mahnılar ifa etməyə
başladım. Yeri gəlmişkən deyim ki, ansambl tərkibində ifa etmək
daha çətindir, çünki kiçik bir səhv dərhal hiss olunur və ifa olunan
mahnının ahənginə xələl
gətirir. Musiqi dilində belə
səhvlərə xaric ifa da deyirlər. Kollektivlə birgə
məşqlərim çox böyük effekt verdi və çox keçmədi ki, truba
ifaçılığı sahəsində uğurlara imza
atmağa başladım. 13
yaşım olanda isə mən artıq istedad və
bacarığıma güvənərək ölkəmizdə və onun
hüdudlarından kənarda keçirilən beynəlxalq müsabiqələrə qatılırdım və hər dəfə
də qalib olaraq
laureat adını qazanırdım.
Gənc truba
ifaçıları üzrə
IX beynəlxalq müsabiqəsində
I yer
6-10 noyabr
2017-ci il tarixlərində Bolqarıstanın Stara Zaqora şəhərində
keçirilən Gənc truba ifaçılarının IX beynəlxalq müsabiqəsinə qatıldım və I yerə layiq görüldüm.
Münsiflər heyəti I yeri
qazandın, deyəndə
zalı alqış sədaları bürüdü.
Müəllimim Vladislav Kuznetsov, konsertmeyster Viktoriya Zülfüqarzadə
çox sevinirdilər. Anam
Sevinc isə qalib olduğumu biləndə az qala qanad
açıb uçacaqdı. O, öz sevinc hisslərini müəllimlərimlə
bölüşdü. Onlara təşəkkür edərək qalib
adını qazanmağımda
əməklərinin
yüksək olduğunu
dilə gətirdi. Təvazökarlıqdan
kənar olsa da qeyd edim ki,
müsabiqəyə qatılmazdan öncə özümə çox güvənirdim, bilirdim ki,
I yerin sahibi olacağam. Belə də oldu və birincilik
qazandım.
Çalışıram ki,
mükafatlarım çox olsun
Etiraf edim
ki, mən gözümü
açandan evdə truba və trambon nəfəs musiqi alətlərinin
səsini eşitmişəm. Qardaşım Sabir və
İsrafil də mən təhsil
aldığım musiqi məktəbinin məzunları olublar. İsrafil qardaşım beynəlxalq
müsabiqələr laureatı, qızıl medal, Qran-pri
mükafatları sahibidir. Hər iki qardaşım Prezident təqaüdü
alıb və musiqi sahəsində çalışır.
İkisi də mənə evdə
çox kömək edir. Fəxr
edirəm ki, mənim savadlı, elmli, bacarıqlı
qardaşlarım var. Bəzən evdə fikir mübadiləsi
aparırıq. Hiss edirəm ki, onlara çatmaq
üçün hələ çox
çalışmalıyam. Onların sayəsində musiqi ilə
bağlı çox şeyləri öyrənmişəm.
Çalışacağam mənim də onlar kimi mükafatlarım çox olsun.
Beynəlxalq müsabiqələr
qalibi
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr
olunmuş II Respublika müsabiqəsində I, V Beynəlxalq Gələcək
Ulduzlar müsabiqəsində III, Estoniyanın Narva şəhərində
keçirilən Gənc truba ifaçıları üzrə
beynəlxalq müsabiqədə I yerə layiq görülmüşəm.
Dostlarım artıq məni beynəlxalq müsabiqələr
qalibi adlandırırlar. Mən də bundan ruhlanır, beynəlxalq
müsabiqələrə böyük sevgi ilə qatılıram və inanıram ki,
qazandığım hər bir
uğur gələcək sənət
yollarıma işıq salacaq.
O rəqiblərim çox
güclü idilər
Bolqarıstanda keçirilən gənc truba ifaçıları
üzrə IX beynəlxalq müsabiqəyə mən də
qatılmışdım. Çox həyəcanlı idim,
çünki o müsabiqədə
ABŞ, Rusiya, Belarus, Bolqarıstan, Almaniya, Malta,
Makedoniya, Macarıstan, Moldova, Rumıniya, Serbiya, Çexiya, Azərbaycan,
Türkiyə, Ukrayna və Xorvatiyadan ifaçılar
iştirak edirdilər. Çox
güclü musiqiçilər
idilər. Mən də mükəmməl
hazırlaşmışdım. Amma yenə də uğur qazanmayacağımdan
qorxurdum. Bədii rəhbər Penço Pençev idi. Münsiflər
heyəti tərkibinə isə Kanada truba ifaçısı
Ronald Romm, Rusiya Böyük Teatrının solisti Andrey
İkov, Polşa truba məktəbinin banisi İqor Cexoxo və
başqaları daxil idilər. İki ildən bir keçirilən bu müsabiqə beynəlxalq aləmdə
böyük nüfuz sahibidir. Müəllimlərimə,
uğurlarıma daim sevinən dostlarıma və valideynlərimə
bu yarışmadan da qalib qayıdacağıma söz
vermişdim, qayıtdım da.
Sevincimiz yerə-göyə
sığmırdı
Bu
günlərdə növbəti müsabiqədən də
qalib qayıtmışam. 1-5 aprel 2018-ci il tarixlərdə
Gürcüstanın Tbilisi
şəhərində keçirilən “Yevgeni Mikeladze
adına III beynəlxalq gənc ifaçılar müsabiqəsi”ndə
iştirak etdim və I yerə layiq görüldüm. Müəllimim Vladislav Kuznetsovun
sevinci yerə-göyə sığmırdı. Qeyd edim ki
“Yevgeni Mikeladze adına beynəlxalq gənc
ifaçılar müsabiqəsi” üç ildir ki, qonşu
Gürcüstanda keçirilir. Müsabiqənin münsiflər
heyəti tərkibinə S.Tkabladze, A.Lomtadze, L.Guldedava və
başqaları daxildirlər. Komissiyanın rəhbəri Azərbaycan
Respublikasının Əməkdar artisti Əziz Qarayusiflidir.
Hazırda xalq artisti
Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan
Dövlət Uşaq-Gənclər Simfonik Orkestrində
çalışıram. Arzum
isə Bakı Musiqi Akademiyasına qəbul
olmaqdır. Qardaşlarım
kimi mən də musiqi ilə nəfəs
alıram. Ona bağlandığım bu illər ərzində
əmin oldum ki, musiqi insan həyatında güclü mənəvi təsirə
malikdir və o, estetik
zövqün, insan mənəviyyatının
ən ali mənbələrindəndir.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2018.- 18
may.- S.13.