Keyfiyyət və nüfuz
İsveçrənin
təhsil sistemi bu iki fundamental prinsipin üzərində bərqərar
olub
Dünyanın ən qabaqcıl təhsil sistemlərindən danışarkən İsveçrənin adını çəkməmək mümkün deyil. İllik reytinqlərdə bu ölkənin ali məktəblərinin ön sıralarda qərarlaşmaları ənənə halına çevrilib. İsveçrənin məktəb, kollec və universitetlərinin verdiyi attestat və diplomlar dünyanın istənilən ölkəsində tanınır. Bu təhsil ocaqlarını bitirmiş şəxs avtomatik olaraq nüfuzlu və keyfiyyətli təhsil almış hesab edilir.
İsveçrə dünyanın ən dəqiq işləyən saatlarının vətəni sayılsa da, burada vahid təhsil proqramı yoxdur, sistem isə kifayət qədər mürəkkəbdir. Məsələ burasındadır ki, federativ quruluşlu İsveçrənin 26 kantonundan hər birində yerli qaydalar, tələblər və standartlar fəaliyyət göstərir. Bu özəllik təhsil sistemindən də yan keçmir. Təbii ki, sistemin bazis hissəsi istisna olmaqla. Bundan əlavə, ölkədə 3 dövlət (alman, italyan və fransız) və bir rəsmi (retoroman) dilinin olması da təhsil prosesinə öz korrektələrini edir.
Tox, şən və
razı
İsveçrə təhsil sisteminin əsas prinsipləri hər uşağın fərdiliyi və sağlam, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılmasıdır. Uşaq bağçasından başlayaraq universitet diplomunun alınmasınadək. Bizim üçün qeyri-adi gəlsə də, İsveçrədə prioritet istiqamətlər dil bilgisi və bədən tərbiyəsidir. Körpələr artıq uşaq bağçasından ən azı iki dili öyrənməlidirlər. İsveçrə təhsil sistemi məktəbəqədər təhsil prosesinə o qədər də önəm vermir. Elə uşaq bağçaları var ki, körpələri 4-6 aylığından qəbul edir. Ancaq bu, məcburi xarakter daşımır. Hesab edilir ki, uşaq bağçaları körpələrə heç nə öyrətmir və öyrətməməlidir. Tərbiyəçilərin əsas vəzifəsi körpənin tox, şən və razı olmasına nəzarət etməkdir.
Bütün bacarıqlar oyunlar zamanı aşkar olunur. Hərflərə və sözlərə fikir verən yoxdur. Hesablamanı da kənara qoyun: onsuz da hər bir uşaq gec-tez bunları öyrənəcək. Əsas məqsəd davamlı şəkildə dil öyrənilməsi prosesidir. İkinci istiqamət isə bədən tərbiyəsidir. İsveçrənin təbiəti bunu tələb edir: ilboyu xizəksürmə və veloidmanla məşğul olmaq hər bir isveçrəlinin həyat tərzidir.
İsveçrədə məskunlaşmış azərbaycanlı ailəsi üçün bu “azadlıq” qeyri-adi gələ bilər. Biz öyrəşmişik axı uşağı müxtəlif dərnəklərə qoyaq, məktəbdən əvvəl kurslara yazdıraq və müəllim yanma aparaq. İsveçrədə belə ailələr dərhal müvafiq orqanların diqqətini cəlb edə bilər: siz uşağı uşaqlığından məhrum etmək istəyirsiniz?
Uşaq bağçaları həm özəldir, həm dövlət. Dövlət uşaq bağçalarında xərclərin əksər hissəsini yerli orqanlar ödəyir. Amma dövlət uşaq bağçalarını belə, orta məktəbdən fərqli olaraq pulsuz hesab etmək olmaz.
Bir məqam var ki, xərclərin valideynlər tərəfindən ödənən hissəsi ailənin aylıq gəlirinə nisbətdə müəyyən edilir.
Bütün bağçalarda rejim demək olar eynidir. Yəni
gündəlik valideyn tərəfindən müəyyən
olunur - istəsə uşağı yarım günlük tərk
edə bilər, istəsə bütöv gün.
Vahid sistemsiz sistem
İsveçrədə uşağı məktəbə
artıq 4 yaşında yollamaq olar. Ancaq bu yaşda məcburi
deyil. 6 yaşından etibarən isə məcburidir.
Proses aşağıdakı kimidir: məktəbə qəbul
olunmaq üçün hər hansı imtahana ehtiyac yoxdur. Sadəcə olaraq, pedaqoqlar körpənin psixoloji
yetkinliyini test edirlər. Gördülər ki, uşaq hələ
hazır deyil, valideynə daha bir il gözləməyi
məsləhət bilirlər.
İlkin
siniflərdə tədris prosesi 6 il çəkir
və 12 yaşadək davam edir. Ölkəboyu məcburi
və pulsuzdur. Uşaq
bağçasında olduğu kimi, aşağı siniflərdə
də əsas önəm dil bilgisinə və bədən tərbiyəsinə
verilir. Şagird yerli 4 dildən birini və
ingilis dilini mükəmməl öyrənməlidir.
Orta təhsil iki mərhələdən ibarətdir. “Secondaire 1” məcburidir və
kantondan asılı olaraq 3, ya 4 il davam
edir. Daha 3-4 il sürən “Secondaire 2” isə
özündə tam orta təhsili ehtiva edir. Ümumiyyətlə,
nə qədər qəribə səslənsə də,
İsveçrənin təhsil sistemindən danışarkən
elə təsəvvür yaranır ki, sanki heç bir sistem
yoxdur. Bir neçə təhsil proqramı
mövcuddur və hər bir kanton bu proqramları
ayrı-ayrılıqda, yaxud kombinə edilmiş formada tətbiq
edir. Məktəb ili sentyabrdan iyunadək
davam edir və üç trimestrdən ibarətdir. Tədris ili ərzində uşaqlar iki dəfə tətilə
çıxırlar: dekabrın ortalarından yanvarın
ortalarınadək və apreldə iki həftə. Təbii ki, yay tətilini buraya aid etmirik.
Federal tədris
proqramı - “Matura” 5 tipə bölünür: qədim dillər,
müasir dillər, riyaziyyat və təbii elmlər, müasir
xarici dillər, iqtisadi elmlər. Tipindən asılı
olmayaraq “Matura”ya 10 məcburi fənn daxildir:
- Ana dili;
- İkinci dövlət dili;
- Riyaziyyat;
- Tarix;
- Coğrafiya;
- Fizika;
- Kimya;
- Biologiya;
- İncəsənət;
- Bədən tərbiyəsi.
Bundan əlavə, daha iki predmet isə adətən
seçilmiş tipdən asılı olaraq müəyyən
edilir.
Bir çox məktəblərdə siniflər
güclü-zəif prinsipi ilə
formalaşdırılır. Elə siniflər var
ki, çox güclü uşaqlar oxuyur. Eyni
zamanda, orta nəticəli siniflər də mövcuddur. Prinsipin mahiyyəti ondan ibarətdir ki, uşaq
güclü sinifdə oxumaq üçün səy göstərməlidir.
İstəyinə çatdıqda isə
arxayınlaşmamalıdır: güclü siniflərdə də
mütəmadi imtahanlar vasitəsilə uşaqların biliyi
test edilir.
Trimestr ərzində
şagirdlər dəfələrlə yoxlama işləri
yazırlar. Özü də bu barədə
əvvəlcədən xəbərdar edilmirlər. Məqsəd odur ki, qəfil yoxlama ilə şagirdin
real potensialı üzə çıxarılsın. Məktəblərdə qiymətləndirmə 6
ballıqdır. Ancaq tez-tez kəsirli qiymətlərlə
də rastlaşmaq olar. Məsələn, 5,8. İsveçrəli məktəblilər
bir-birlərindən köçürmənin nə
olduğunu bilmirlər. Onlar sadəcə
olaraq anlamırlar ki, bunu niyə etmək lazımdır.
Axı yoxlama işləri müəllimlər
üçün deyil, onların özlərinə
lazımdır.
İsveçrənin orta məktəblərini fərqləndirən
daha bir özəllik xarici şöbələrin
olmasıdır. Demək olar hər bir məktəbdə
italyan, fransız, ingilis, alman və başqa şöbələrə
rast gələ bilərsiniz. Adətən
bu şöbələri gələcəkdə təhsillərini
xarici ölkələrdə davam etdirmək niyyətində
olan şagirdlərə təklif edirlər.
Sözügedən şöbələr Fransanın
“Baccalaureat”, İtaliyanın “Maturite”, Almaniyanın “Abitur”, Britaniyanın
“A-level” və ABŞ-ın “HighSchool Diploma” proqramları əsasında
fəaliyyət göstərirlər.
Dərs səhər 8-də başlayır və 16-dək
davam edir. Dərs gününün tən yarısında
şagirdlər uzun tənəffüsdən istifadə edə
bilərlər. Bu vaxt ərzində onlar adətən
nahar və istirahət edirlər. Dərslər
uzun çəksə də, bədən tərbiyəsi
onların, belə demək mümkündürsə, ən
vacibidir. İsveçrəli şagird
sağlam olmalıdır. Uşaqların real idman
atmosferini hiss etmələri üçün tez-tez xizəksürmə,
sürüşmə, dağ xizək növlərindən
yarışlar keçirilir, dağlara real səfərlər
edilir.
“Secondaire 1” başa çatdıqda
hər bir şagird qərar verməlidir: orta məktəbi
davam etdirib akademik təhsil üçün ali
məktəbə daxil olmaq istəyir, yaxud orta təhsilin
ikinci mərhələsindən yararlanmayıb peşə təhsili
almaq fikrindədir. Kim “Secondaire 2” mərhələsinə
üz tutursa, daha 3-4 il orta təhsil
alır. Bu mərhələdə orta təhsil
proqramı davam edir, ancaq paralel olaraq xarici universitetlərə
qəbul olunmaq üçün uşaqlara beynəlxalq proqram
- “International Baccalaureate (IB)” təklif edilir.
İsveçrədə özəl məktəblərdə
qızlar və oğlanlar ayrı-ayrılıqda və bir
yerdə təhsil ala bilərlər. Belə məktəblərdə
tədris adətən gündüz vaxtı aparılır,
yaxud internat tipli olur. İkinci tip özəl məktəblər
adətən uşaqların təhsil ocağında
yaşamalarını da nəzərdə tutur. Ölkəboyu
250 belə məktəb fəaliyyət göstərir. Belə məktəblər böyük əraziyə
və bütün tələb olunan infrastruktura malikdirlər.
Özəl məktəblər adəti üzrə
ya sponsorlar, ya da valideynlərin hesabına maliyyələşirlər.
Əgər məktəb uşağın
yaşayışını da təmin edirsə, deməli,
şagird dərsdənkənar vaxtlarında çoxsaylı dərnəklər,
idman məktəbləri, yaradıcılıq kurslarında
iştirak etməlidir. Bunlardan ən vacibi
idman klublarıdır.
Peşənin yaxşısı-pisi
olmaz
Məktəblilərə ilk gündən
aşılanmağa çalışılır ki, peşənin
pisi, yaxud yaxşısı yoxdur. Görünür,
şagirdlər bu fəlsəfəni lazımınca əxz
edirlər. Bunu statistika da göstərir: məktəbi
bitirmiş gənclərin tən yarısı akademik, digər
qismi isə peşə təhsili arxasınca gedir. İsveçrədə təhsil sisteminin baza
prinsipini məhz bu amil təşkil edir.
Orta məktəbin ilk pilləsini başa vurmuş gənclər
təhsillərini kolleclərdə davam etdirə bilərlər. Burada onların avtomobil
çilingəri peşəsindən tutmuş turizm biznesində
menecer peşəsinədək geniş seçim imkanları
var. Bugünün özündə İsveçrədə elə
vəzifə sahibləri var ki, ali təhsilləri
yoxdur. Onların hamısı peşə təhsili
ocaqlarının yetirmələridirlər. Belə təhsil
adətən iki növ olur:
- Kolleclərdə
qeyri-rəsmi adı “Berufslehre”, yaxud “Apprenticeship” olan, yəni
bir növ işləyə-işləyə oxumaq anlamına gələn
proqram;
- Adətən
4,5 il, hərdən 6,5 il davam edən
gimnaziyalar. Burada dillər və təbii elmləri
əhatə edən ümummilli proqram tətbiq olunur və
“MaturaMaturite Suisse” adlanır. Gimnaziyaları bitirdikdən
sonra verilən şəhadətnamaləri bütün yerli və
xarici ali məktəblər qəbul edir.
İsveçrədə kolleclərdə verilən təhsil
seçilmiş ixtisasa maksimum
uyğunlaşdırılır. Tədris olunan fənlərin
sayı o qədər əhatəlidir ki, nəticə etibarilə
savadlı kadrların yetişməsi üçün təminat
verir. Məsələn, turizm və otel
menecmenti ixtisasına yiyələnmək istəyənlərə
yüksək səviyyəli mühasibat uçotu, informasiya
texnologiyaları, beynəlxalq maliyyə sistemləri, bir
neçə xarici dil öyrədilir.
Əsrlərin ənənələri
İsveçrədə universitet fizika, kimya, tibb,
neyrobiologiya kimi ciddi müasir elmlər sahəsində
araşdırmaları əks etdirən təhsil deməkdir. Qarşıya qoyulmuş məqsəd
və vəzifənin miqyaslı olmasına baxmayaraq, ali məktəblərdə cəmi 20 min yerli vətəndaş
təhsil alır. Ümumi təhsil alanların
sayı isə təqribən 140-150 min nəfərdir. Başqa sözlə, tələbələrin
böyük qismi xarici vətəndaşlardır. Universitetlərin ümumi sayı 10-dur. Bu, yetərlidirmi? Bəli! Yuxarıda qeyd
etdiyimiz kimi, peşə təhsili almaq istəyənlərin
sayı akademik təhsil ardınca gedənlərdən
heç də az deyil.
Sözügedən
10 universitetin kantonlar üzrə bölgüsü belədir:
almandilli vilayətlər - Bazel, Bern, Lüsem, Sankt-Qallen və
Sürix; fransızdilli bölgələr - Cenevrə, Lozanna və
Nevşatel. Bunlardan əlavə, Friburq Universitetində həm
alman, həm fransız dilində dərslər keçilir,
Luqanodakı “Universita della Svizzera
İtaliana” Universitetində isə təhsil italyan dilindədir.
İsveçrə ərazisində ilk universitetin əsası
1460-cı ildə Bazeldə qoyulub. Bu universitet əsrlərin
ənənələrini yaşadaraq indi də tibb və kimya
sahəsində dünyanın ən yaxşılarından
hesab olunur. 1537-ci ildə
yaradılmış Lozanna Universiteti o vaxtlar dini fikir mərkəzi
kimi fəaliyyət göstərib. Hazırda
humanitar istiqamətli təhsil sahəsində tanınır.
Sürixdə bank və sığorta işi
öyrədilir. Ancaq tibb, fizika və kimya
sahəsində 20 Nobel mükafatçısını
yetişdirməsi göstərir ki, burada fundamental elmlərin
tədrisi də yüksək səviyyədədir. Bern
Universiteti fiziklərin məkanı sayılsa da, ali məktəb tarix və fəlsəfə
fakültələri ilə ad çıxarıb. İtalyandilli Luqano Universitetində isə müasir
biznes - IT, PR, dizayn və memarlıq üzrə mütəxəssislər
yetişdirilir.
Diqqət:
yerli vətəndaşlar üçün ali
məktəbə daxil olmaq üçün hər hansı
imtahana ehtiyac yoxdur. Oxumaq istəyirsənsə,
orta təhsil haqqında şəhadətnaməni təqdim
etməyin yetərlidir. Sankt-Qallen
Universitetində xaricilər üçün xüsusi imtahan
mövcuddur. Paralel olaraq Friburqda xarici vətəndaşların
ali məktəbə daxil olmaları
üçün hazırlıq kursları fəaliyyət
göstərir. Kurs bir il davam edir və
5200 İsveçrə frankına başa gəlir.
İsveçrə universitetləri elitar təhsil ocaqları
hesab edilsələr də, məsələn, İELTS
proqramı ilə qəbul üçün 5,5-6
bal kifayət edir.
Bizdə
bir sıra istiqamətlər var ki, ali məktəblərdə
fakültə kimi fəaliyyət göstərirlər. İsveçrədə belə istiqamətlərlə
bütöv universitetlər məşğul olur. Məsələn, psixologiya və ya pedaqogika üzrə.
Bu tip ali məktəblərin sayı
120-dir. Bu ali məktəbləri yuxarıda qeyd etdiyimiz 10
ümummilli universitetlə dəyişik salmaq olmaz.
İsveçrənin bütün universitetləri Bolonya
sisteminə keçiblər. Ali məktəblərdə 3,5 illik kursun sonunda tələbə bakalavr səviyyəsinə
yiyələnir. Daha 1,5 illik təhsilin
sonunda magistr diplomu əldə edir. Ali məktəblərdə
xüsusi kurs keçmiş şəxslər də bakalavr,
magistr və doktor səviyyəsinə nail ola
bilərlər.
“Switzerland Global Enterprise”in məlumatına
görə, dövlət ÜDM-in təqribən 5,2%-ni təhsilə sərf edir. Orta
hesabla hər bir vətəndaşa 30 min ABŞ dollarından
çox. Statistikaya görə, bu,
dünyada ən yüksək göstəricidir. Ali məktəbdə
təhsilin bir ili təqribən 1000-1800
franka başa gəlir. Maraqlıdır ki, bu rəqəm
həm yerlilərə, həm də xaricilərə şamil
olunur. Di gəl ki, İsveçrədə
yaşayış bahadır: tələbənin illik xərcləri
təqribən 18-28 min frank təşkil edir.
İsveçrədə təhsil almağın
mühüm üstünlükləri var. Birincisi,
diplomları dünyanın istənilən nöqtəsində
yüksək qiymətləndirilir. İkincisi, ali məktəbə
daxil olma şərtləri kifayət qədər
liberaldır. Üçüncüsü isə
təhsil haqqı Böyük Britaniya və ya ABŞ-la
müqayisədə yüksək deyil.
İsveçrənin təhsil sistemi unikaldır. Sistem müəllifləri
Avropa və Amerikanın ən qabaqcıl ənənələrini
bir araya gətirərək yerli xüsusiyyətlərlə
birləşdirməyə nail olublar. İsveçrə təhsilini
fərqləndirən əsas amillər bunlardır: keyfiyyət
və nüfuz. Bu birliyin əsasında isə rəngarəng
təhsil istiqamətləri öz əksini tapır.
Rüstəm QARAXANLI
Azərbaycan müəllimi.- 2018.-
2 noyabr.- S.1; 9.