Cümhuriyyət dövründə təhsildə
qadınlar
Azərbaycan Xalq Cümhuriyyəti
qadınların maariflənməsinə xüsusi həssaslıqla
yanaşırdı
Azərbaycanda
qadın fəallığının əsaslarını və
ənənələrini araşdırdıqda tarixi
palitranın kifayət qədər zəngin olduğunun
şahidi oluruq: Heyran Nisə Bəyim, Tuti Bikə, Dəspinə
xatun, Sara xatun diplomatiya, Məhsəti
Gəncəvi, Xurşudbanu Natavan, Heyran xanım, Fatma xanım
Kəminə və başqaları ədəbiyyat sahəsində
öz sözlərini demiş qadınlarımızdan hesab
olunurlar.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığı daha artıq hiss edilməyə başlamışdı. Bəhs edilən dövrdə baş verən siyasi, iqtisadi və mədəni proseslər bu fəallığı bir az da sürətləndirdi. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş dərəcədə yeni gender münasibətlərinin kontekstini yaradırdılar. İlk qadın məktəblərinin, qadın yığıncaqlarının və xeyriyyə cəmiyyətlərinin yaradılması vasitəsilə digər qadınları da bu fəaliyyətə cəlb etməyə çalışırdılar. Azərbaycan cəmiyyətinin kübar qadınları yaxşı təhsil almış və tez-tez xaricdə olmuşdular. Qızların təhsili ilə bağlı çoxsaylı problemlərin olduğu o dövrdə təsadüfi deyil ki, həmin qadınların sərf etdikləri əsas qüvvə, məhz maarifçilik fəaliyyəti sahəsində olmuşdur. Demokratik qanadın qadınları H.Məlikova, A.Əfəndiyeva, X.Əlibəyova, X.Vəzirova və bir çox başqaları artıq özləri təhsil prosesinin mərkəzində dayanır, onu yaradır və azərbaycanlı qızlar üçün məktəblərdə müəllimlik edirdilər. Beləliklə, Azərbaycanda qadın fəallığı öz yoluna maarifçilik və xeyriyyəçilik ideyalarını yaymaqla başlamışdı. Çünki o dövrün görkəmli maarifçiləri çox yaxşı başa düşürdülər ki, təhsilsiz qadın heç bir zaman cəmiyyətdə layiq olduğu mövqeyi əldə edə bilməyəcəkdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar açdı. Yaxın Şərqin ilk demokratik dövləti kişi və qadın hüquqlarını bərabərləşdirdi. Buna qədərki dövrdə nəinki Azərbaycan qadınları, hətta kişilərinin də böyük əksəriyyəti səsvermə hüququndan məhrum idilər. Yalnız 1918-ci ildə AXC Şərqdə ilk dəfə olaraq bütün vətəndaşlarına, o cümlədən qadınlara səsvermə hüququ verdi. Bu qadınlar əsasən mədəni-maarif və ictimai sahədə tanınsalar da, kökündə maarifçilik missiyası duran həm pedaqoji, həm də publisistik fəaliyyətlərinə görə kişilərdən geri qalmırdılar. Halbuki, 1918-ci ildə Azərbaycanda bir qadının ziyalı elitada çalışması, bu sahədə çalışan bir kişinin fəaliyyətindən ən azı iki dəfə çətin idi.
XIX əsrin sonlarında olduğu kimi, AXC dövründə də qadınların maariflənməsi məsələsinə xüsusi həssaslıqla yanaşırdılar. Həmin dövrdə 4 qadın gimnaziyası, 3 Müqəddəs Nina qız tədris müəssisəsi fəaliyyət göstərirdi. 1919-cu ilin 11 avqustunda Xalq Maarif Nazirliyinin qərarı ilə Bakı, Gəncə və Nuxadakı (Şəki) Müqəddəs Nina qız tədris müəssisələrinin adları dəyişdirilərək Bakıda birinci Azərbaycan qız gimnaziyası, Gəncə və Nuxadakılar isə qız gimnaziyaları adlandırıldı. Hazırlıq sinifləri də olan bu təhsil ocaqları səkkizillik idi. Sonuncu sinif pedaqoji təhsil hüququ verirdi.
Azərbaycanın qadın maarifpərvərləri arasında Bakı və Tiflis qadın məktəblərinin müəllimi Gövhər Qayıbovanı, Naxçıvanda ilk qadın müəllim Fatma Hacinskayanı, Firudin bəy Köçərlinin həyat yoldaşı, Bakı qadın seminariyasının müəllimi, Zaqatala pedaqoji texnikumunun və Şəki uşaq evinin direktoru işləmiş Badisəba Köçərlini misal göstərmək lazımdır. Badisəba Köçərli “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdu.
Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş “Nəşri-maarif” xeyriyyə cəmiyyətini fəaliyyətinin ilk mərhələsində “Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət” də adlandırırdılar. Cəmiyyətin həm qız, həm də oğlan məktəbləri fəaliyyət göstərirdi ki, qız məktəbində N.Axundova, İ.Heydərova, H.Məlikova, D.Muradxanova, Ş.Əfəndiyeva kimi görkəmli pedaqoqlar və ali seminariya təhsilli müəllimlər çalışırdılar. “Nəşri-maarif” cəmiyyəti AXC dövründə də ölkənin mədəni-maarif həyatında mühüm rol oynamış, əhalinin maariflənməsinə, milli mədəniyyətin inkişafına xidmət etmişdir.
1919-cu ildə Bakıda fəaliyyət göstərən milli gimnaziyanın müdiri Peterburqda Bestujev adına Ali Pedaqoji Kursu bitirmiş Səlimə xanım Yaqubova təyin edilmişdi. Azərbaycanın təcrübəli pedaqoqları- Xədicə xanım Ağayeva, Reyhan xanım Axundova, Cənnət xanım Muğranskaya, Mina xanım Minasova burada gələcək müəllimlərin təlim-tərbiyəsi ilə məşğul olurdular.
Gəncədə ziyalı qadınlar xeyriyyə cəmiyyəti yaratmışdılar. Bu işdə Cavahir xanım Rəfibəyli, Həcər xanım Şeyxzamanova, Bilqeyis xanım Qazıyeva böyük səy göstərir, qadınlar üçün teatr tamaşaları təşkil edir, ermənilərin törətdikləri qırğınlar nəticəsində kimsəsiz, yetim qalmış, qaçqın düşmüş uşaqları öz himayələrinə alırdılar.
Orta təhsilini “Müqəddəs Nina” qızlar məktəbində başa vurduqdan sonra Moskvada Tibb Universitetinə daxil olan Məryəm Bayraməlibəyova Oktyabr çevrilişindən sonra (1917) Vətənə dönmüş və müəllimlik fəaliyyətinə başlamışdır. Lənkəranda əlli uşağın təhsil aldığı ilk müsəlman qız məktəbində dərs demiş, dram və xor dərnəkləri təşkil etmişdir. Aprel işğalından sonra da pedaqoji fəaliyyətini davam etdirən Bayraməlibəyova savadsızlığın ləğv olunması üzrə ilk qadın kursları təşkil etmişdir.
Azərbaycanın ilk maarifpərvər qadınlarından biri hesab olunan Şəfiqə Əfəndizadə də uzun müddət Aleksandr qız “Rus-müsəlman məktəbi”ndə müəllim işləmişdir. Cənubi Qafqaz müsəlman qadın müəllimlərinin Kazan şəhərində çağırılmış qurultayına nümayəndə seçilmiş, qurultayda çıxış etmişdir. Xalq Cümhuriyyəti devrildikdən sonra ərizə verərək istefaya çıxmışdır.
Həsən bəy Zərdabinin həyat yoldaşı və silahdaşı Hənifə Məlikova Tiflisdə Müqəddəs Nina qız gimnaziyasını bitirdikdən sonra pedaqoji fəaliyyətə başlamışdır. AXC dövründə birinci qadın türk məktəbində müdir vəzifəsində çalışmışdır (1918-1920).
Azərbaycanın görkəmli sənayeçisi, milyonçu və xeyriyyəçi Murtuza Muxtarovun həyat yoldaşı Liza Muxtarovanın sədrlik etdiyi Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin yoxsul qızlar üçün açdığı peşə məktəbi 1918-ci il mart soyqırımı zamanı bağlanmış, 1919-cu ilin əvvəllərində fəaliyyətini yenidən bərpa etmişdir. Liza xanım ehtiyacı olan gənclərə qayğı göstərir, yardım edirdi. Azərbaycanda qadın təhsilinin inkişafına çalışırdı. O, Müqəddəs Nina qız məktəbinin qəyyumluq şurasının sədri olmuşdur.
Görkəmli ictimai-siyasi və dövlət xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Eynülhəyat Yusifbəyli Sankt-Peterburq ali qadın kurslarının fizika-riyaziyyat fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sahəsində çalışmış, Bakı Müqəddəs Nina qadın gimnaziyasında, Bakı realnı məktəbində riyaziyyat müəllimi, Maarif Nazirliyinin inspektoru olmuşdur.
Azərbaycan tarixində şanlı səhifə yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu uzun çəkmədi. 1920-ci ildə onu əvəz edən zorakılıq, “bərabərləşdirmə” prinsipinə əsaslanmış sovet hakimiyyəti Azərbaycan cəmiyyətində olan bir çox mənəvi və etik dəyərləri süpürüb atdı. Ziyalıların, aristokratiyanın yüksək səviyyəli intellektual potensiala malik ən yaxşı nümayəndələri, həm kişilər, həm də qadınlar cəmiyyətdə lazımsız insanlara çevrildi. Onları “xalq düşməni” adı ilə damğalayır, təqib edir, alçaldırdılar. Bu şəraitdə sağ qala bilənlər ya xaricə miqrasiya edir, ya da yeni norma və mənəviyyat sisteminə daxil olurdular.
Lakin Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra, ümummilli lider Heydər Əliyev elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədi ilə ciddi tədbirlər görmüş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etmək məqsədilə uğurla davam etdirilir.
Yazımı tarix yaradan şəxsiyyət- Heydər Əliyevin bu sözləri ilə tamamlamaq istərdim: “Təhsil millətin gələcəyidir... Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq... Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli, eyni zamanda qəhrəmanlıq göstərən insanlardır...”.
Məryəm
YƏHYAYEVA,
İsmayıllı
rayonu, Cülyan kənd
tam orta məktəbinin
tərbiyə işləri üzrə
direktor müavini
Azərbaycan müəllimi.- 2018.-
23 noyabr.- S.13.