Uşaqların gələcəyinə sərmayə
12-ci Beynəlxalq
Təhsil Sərgisi dünyanın 12 ölkəsindən
130-dan çox iştirakçını bir araya gətirib
Təhsil
və karyera - müasir həyatımızın bu iki tərkib
hissəsi daim kəsişir və qarşılıqlı surətdə
əlaqədədir. Eyni istiqamətə yönəlmiş və
eyni bir hədəfə can atan bu iki vektor həyatda və
peşəkar fəaliyyətdə planların
reallaşdırılması yolunda
uğur qazanmağa fokuslanıb. Dünən Bakı Expo
Mərkəzi də 12-ci Beynəlxalq Təhsil Sərgisinə
ev sahibliyi etməklə təhsil sistemimizdə olan uğurların
mənbəyinə və qarşıdakı hədəflərə
işıq salırdı.
Sərginin
açılışı münasibətilə
iştirakçıları salamlayan təhsil naziri Ceyhun
Bayramov müasir dünyada insan kapitalının önəminin
durmadan artdığını qeyd edib. Bu amilin ölkələrin
inkişafı ilə yanaşı, beynəlxalq reytinqlərdəki
göstəriclərinin yaxşılaşması
baxımından da mühüm əhəmiyyət
daşıdığını bildirib. Nazir xatırladıb ki, Davos
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək
140 ölkə arasında 35-ci yeri tutub. Dünyanın ən
mötəbər reytinqində Azərbaycanın mövqeyi 12
indikatordan 9-u üzrə yaxşılaşıb. Bu
indikatorlardan ali təhsil və təlim üzrə ölkəmiz
10 pillə irəliləyərək 68-ci yerdə, innovasiya
üzrə isə 11 pillə irəliləyərək
33-cü yerdə qərarlaşıb. Bu, həm də son illərdə
təhsil sahəsində aparılan uğurlu islahatların
göstəricisidir.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərginin dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirdiyini qeyd edən Ceyhun Bayramov Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayaraq, sərginin ziyarətçilər üçün faydalı olacağını deyib.
C.Bayramov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib.
Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən təhsil naziri diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib: “Hesab edirik ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun tədbirlərin nəticələrinin bu istiqamətdə əldə olunan uğurlarda xüsusi çəkisi var”.
Uğur rəqəmləri
Təhsil naziri daha sonra ötən illər ərzində təhsil sahəsində əldə olunmuş bəzi nailiyyətləri sərgi iştirakçılarının diqqətinə çatdırıb. Əldə edilmiş ən mühüm nailiyyətlərdən biri məktəbəhazırlıq yaşlı uşaqların təhsilə cəlb edilməsi ilə bağlıdır. Beynəlxalq qiymətləndirmə tədqiqatları da göstərir ki, ən azı 1 il məktəbəqədər təhsilə cəlb edilmiş şagirdlər məktəbəqədər təhsilə heç cəlb edilməmiş şagirdlərdən daha yüksək nəticə göstərirlər. Cəmi 3-4 il bundan əvvəl I sinfə gedən şagirdlərin 20-25%-i məktəbəhazırlıq qruplarından gəlirdisə, bu il bu rəqəm 65% olub. Cari tədris ilində 75% uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib ki, bu da hər il təhsilin keyfiyyət göstəricisinə müsbət təsir edən amildir. Əlavə olaraq ötən ildən başlayaraq 50 müxtəlif kənddə 1000 nəfərə qədər 3-5 yaşlı uşaq üçün icma əsaslı məktəbəqədər təhsil qrupları təşkil edilib. Bu tədris ilində isə icmaların sayı 2 dəfə artırılaraq 100-ə, cəlb edilmiş uşaqların sayı isə 2000 nəfərə çatdırılacaq.
Müasir dövrdə təhsilalanların inkişafına yalnız məktəb çərçivəsində nail olmaq çətindir. Şagirdlərin məktəbdənkənar təhsil üzrə müxtəlif fəaliyyətlərə cəlb edilməsinin onların istər fiziki və mənəvi cəhətdən sağlam insan, istər vətənini sevən və onun maraqlarını müdafiə edən vətəndaş, istərsə də innovativ düşüncə tərzinə malik peşəkar kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır. Ceyhun Bayramov qeyd edib ki, bu istiqamətdə də sərgi iştirakçılarına nümayiş etdiriləcək bir sıra nailiyyətlər mövcuddur: “Bu ildən başlayaraq Təhsil Nazirliyi məktəblərin keyfiyyət göstəriciləri əsasında reytinq siyahılarını müəyənləşdirdikdə akademik nailiyətlərlə yanaşı, idman və yaradıcılıq sahələri üzrə də nailiyyətləri nəzərə alacaq. İnanırıq ki, belə bir yanaşma gələcək nəslin hərtərəfli inkişafına töhfə verəcək”.
Nazir təhsil sistemində əldə olunan uğur göstəriciləri ilə sərgidə nümayiş olunan stend və pavilyonlarda yaxından tanış olmağın mümkünlüyünü diqqətə çatdırıb. O, əmin olduğunu bildirib ki, böyük əhəmiyyətə malik “Təhsil və karyera” sərgisi gənclər, təhsil müəssisələri və biznes dünyası arasında səmərəli müzakirələrin aparılması və yeni layihələrin təqdim edilməsi təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər salmağa imkan yaradacaq, həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları barədə dolğun məlumat verəcək: “Ümid edirəm ki, 12-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək”.
“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. Edvard Stroun beynəlxalq sərginin yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə, nazirliyin peəkar komadasına minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Azərbaycanın 18 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil”, “Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi”, “Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim olunub.
“Tədbir çox yüksək səviyyədə təşkil olunub”
Sərgidə iştirak edən ölkələrin təhsil pavilyonlarına baş çəkdikcə stendlər qarşısında iştiraçıların aktivliyi ilə rastlaşdıq. Qonaq universitetlərin bəzilərinin nümayəndələri ilə söhbətləşməyə imkan tapdıq.
Erika Laoberga, Liepaya Universiteti (Latviya):
- Təmsil etdiyim ali məktəb Latviyanın ən gənc universitetlərindən biridir. Cəmi 6 yaşı var. Lakin ali məktəbin çox müasir bakalavr və magistr proqramları var. Artıq Daşkənd və Kiyev şəhərlərində keçirilən sərgilərdə iştirak etmişik. Universitetimiz ingilis və latış dillərində informasiya texnologiyaları, rəqəmsal tibbi istiqamətlər, media-kommunikasiya, kompüter elmləri, audio-vizual və rəqəmsal media sənəti, humanitar elmlər, eləcə də təhsil ixtisasları üzrə tələbə qəbulu xidmətləri həyata keçirir. Hazırda universitetin II kursunda Əminə adlı azərbaycanlı tələbə dil və mədəniyyət ixtisasında bakalavr təhsili alır. Universitetimizdə daha çox azərbaycanlı tələbə görmək istərdik.
Sərgiyə gəlincə, deməliyəm ki, tədbir çox yüksək səviyyədə təşkil olunub. İştirakçı fəallığını da yaxşı qiymətləndirirəm. Bunu stendlərimizə yaxınlaşan ziyarətçilərin sayının çox olmasında da görmək olar.
Miloş
Jeleznıy, Qərbi Çexiya Universiteti (Çexiya):
- Ali məktəbimiz ölkənin
ən nüfuzlu universitetlərindən biridir.
9 fakültəsi və
2 institutu var. Universitet
bakalavr, magistr və doktorantura ixtisasları üzrə
12 mindən artıq tələbə qəbul edir. Çex dili üzrə proqramlarımızda 400-dən artıq əcnəbi tələbə təhsil
alır. Ali
məktəbdə tədris
ingilis və çex dillərindədir.
Çex dilini bilməyən əcnəbilər bu dil biliklərini təkmilləşdirirlər. Ali
məktəb elmi tədqiqatlar sahəsində
də tanınır.
Əlbəttə, bu sərgidə iştirakımı çox
yüksək qiymətləndirirəm. Azərbaycanlı gənclərin
universitetimizdə təhsil
almasını istərdik.
Buna görə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə iştrak etməyə qərar verdik. Sərginin çox maraqlı
və yüksək təşkilatçılıq səviyyəsini xüsusi
qeyd etmək istərdim. Arzu edərdim ki,
gənclər öz maraqlarına uyğun ixtisas seçə bilsinlər.
Oruc Mustafayev
Azərbaycan
müəllimi.- 2018.- 12 oktyabr.- S.1-2.