Yüz ümid, yüz işıq...
Parlament 100 nəfər azərbaycanlı
gənci xaricə oxumağa göndərmək
üçün qanun
qəbul etdi
Artıq
bizim üçün
uzaq keçmiş olan o illərdə - Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud
olduğu illərdə qəlblərində
min bir arzu,
dilək Vətəndən kənarda təhsil almağa
göndərilənlərin həyatdan gözlədikləri çox idi. Təkcə özlərinin deyil, onlara inam
və etibar edib xaricə
oxumağa göndərən Azərbaycan
dövlətinin də. Cəmiyyətin düşməni cəhalət,
cəhalətin düşməni isə təhsildir. Azərbaycan
Xalq Cümhuriyyəti qurucuları da xalqı cəhalətdən
qurtarmağın yolunu təhsildə
görürdülər. Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti inanırdı ki, onların böyük arzu ilə təhsil almağa
göndərdikləri gənclər geri
qayıtdıqdan sonra Azərbaycan üçün böyük
işlər görə biləcəklər. Lakin
nə biləydilər ki, cəmi 23 ay yaşayacaq bir respublikanın böyük
ümidlər gözlədiyi bu gənclərin
bir çoxlarının (əslində elə
hamısının) taleyi məşəqqətə
çevriləcək...
Bu gənclərin böyük əksəriyyətinin sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Bəziləri isə Azərbaycanda baş verən hadisələrə görə geri qayıtmamış, oxuduqları ölkədə evlənərək orada qalmışlar...
23 ay yaşayan müstəqil Azərbaycan dövlətinin qurucuları inanırdılar ki, gənc dövlətin möhkəmlənməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac olacaq. Ona görə də fəaliyyəti dövründə elm və təhsilə, milli kadrlar hazırlanmasına böyük diqqət yetirirdi. Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən iclasında Bakı Dövlət Universitetinin yaranması və hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul edilməsi belə diqqətin nəticəsi idi. Bu işə nəzarət etmək üçün M.Ə.Rəsulzadənin rəhbərliyi ilə beş nəfərlik dövlət komissiyası yaradıldı. Qısa vaxtda komissiya 45 nəfərin Fransada, 23 nəfərin İtaliyada, 10 nəfərin İngiltərədə, 9 nəfərin Osmanlıda, 13 nəfərin isə Rusiyada təhsil almağa göndərilmələri üçün qərar qəbul etdi.
Hökumət hesab edirdi ki, ölkə iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyəti böyükdür. Çünki bu göndərilənlərin hər biri bir ümid, bir çıraq olacaqdı, oxuyub, təhsil alıb Azərbaycana qayıdıb yeni qurulmuş müstəqil dövlətin öz dayaqları üzərində möhkəm dayanmasına yardımçı olacaqdılar. Bu iş üçün dövlət xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi.
Xalq Maarif Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verildi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmadı.
Onlar 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar.
Xaricə göndərilən tələbələrin maddi təminatını böyük mesenant, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. Və onun öz şərtləri var idi:
1.Hər tələbəyə təhsil müddəti ərzində ayda 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.
2.Tələbə ali təhsilini bitirdikdən sonra mütləq Vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
3.Tələbə qeyri-türklə və ya qeyri-müsəlmanla evlənməyəcəkdir.
4.Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcəkdir.
Sonradan üçüncü
bənd ixtisar olunur. Bəlkə elə buna görədir ki, bu gənclərin bəziləri (Mustafa Mustafayev
Fransada, Hilal Münşüzadə Berlində)
qeyri-müsəlmanla ailə
qurub, geri dönməyib.
Lakin gənc
demokratik respublikanın
böyük ümidlərlə
xaricdə təhsil almağa göndərdiyi tələbələrin taleyi
aprel işğalından
sonra çox acınacaqlı oldu. Bolşeviklər tələbələrə pul
göndərmədi. Doğrudur, Nəriman
Nərimanovun böyük
səyləri ilə həmin tələbələrin
maddi vəsaitlə təmin olunması məsələsi bir müddət öz həllini tapdı.
Bu məqamda maraqlı
bir fakt: 100 nəfərdən biri olan və Paris Universitetində hüquq təhsili alan
Rəşid Topçubaşov
(Əlimərdan bəy
Topçubaşovun oğlu)
Cümhuriyyətin süqutundan
sonra Azərbaycanda qurulan Sovet hökumətinin
təqaüdündən imtina
etmişdir.
N.Nərimanov Moskvaya rəhbər
vəzifəyə aparıldıqdan
sonra Azərbaycanda xaricdə təhsil alan tələbələr
barədə fikirlər
dəyişməyə başladı.
Bir çoxu nəinki təhsil haqqını ödəyə bilmək,
hətta yaşamaq üçün mücadilə
aparmalı oldu. Onlar yad ölkələrdə
ən ağır sahələrdə işləmək
məcburiyyətində qaldılar.
Bəziləri həbsxanalara atıldılar.
Çıxış yolu tapa bilməyib intihar edənlər belə oldu. Çətinliklərlə təhsilini başa
vurub yüksək ixtisaslı mütəxəssis
kimi Vətənə dönən tələbələrin
bəziləri Sibirə
sürgün edildi, bəziləri bolşevik terrorunun qurbanı oldu. Cəmi 23 ay yaşayan Azərbaycan
Xalq Cümhuriyyəti
kimi onların da arzuları, ümidləri yarıda qaldı. Nə onları oxumağa
göndərən dövlət,
nə də özləri bu arzularının gerçəkləşməsini
istədikləri kimi görə bilmədilər.
Bu 100 nəfər Azərbaycanın
müxtəlif guşələrindən
idilər. Şuşadan, Gəncədən, Qazaxdan, Ağdaşdan, Tiflisdən... 100 nəfərdən
biri isə əslən oğuzlu idi.
0, 1896-cı ildə Şəki
qəzasının Xaçmaz
mahalında (indiki Oğuz rayonunun Xaçmaz kəndində)
doğulmuşdur. Abdulla Tahirzadə
ilk təhsilini Ağdaşda,
orta təhsilini İstanbulda xeyriyyə məktəbində almışdır.
Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul
Universitetinə (Türkiyə)
göndərilmişdir. İstanbulda həm
Ali İqtisad Məktəbində,
həm də İstanbul Universitetinin riyaziyyat fakültəsində
oxumuşdur. 1923-cü
ildə vətənə
qayıtmışdır. Azərbaycanın orta ixtisas və ali məktəblərində
müəllim işləmişdir.
Lakin Azərbaycandakı
repressiyalar ondan dayan keçməmişdir.
1949-cu ilin mayında
Xüsusi Müşavirənin
qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə
göndərilir. Bu məşəqqət ailəsindən
də yan keçmir. Həyat yoldaşı və
qızı “xalq düşməninin ailə
üzvü” kimi Rusiyanın şimalına
- Tomsk vilayətinə sürgün
edilirlər. 5 il sürgün həyatı yaşayan A.Tahirzadə 1953-cü ildə
azad edilir, 2 il Canbulda (Qazaxıstan)
müəllim işləyir.
1953-cü ildə həyat
yoldaşı və qızı əfv edilir və bir il sonra onlara A.Tahirzadənin
yanına Cambul şəhərinə gəlməyə
icazə verilir. Yalnız
1955-ci ildə o, bəraət
alır. Ailə Bakıya
qayıdır. Həmin ildən
Azərbaycan Neft-Kimya İnstitutunda dərs deməyə başlayır.
1978-ci ildə Bakı şəhərində
vəfat edir. Özü ilə bərabər onun ailə üzvləri də bir çox çətinliklərlə üzləşirlər.
Qızı Nərmin Tahirzadə
1921-ci ildə İstanbulda
anadan olub.O, anası ilə birgə 3 yaşı olanda atasından bir il sonra, 1924-cü ildə Bakıya qayıdıb. 1939-cu ildə BDU-nun tarix fakültəsini bitirib. 1944-cü ildən unuversitetdə müəllim işləməyə
başlayıb.
İrəlidə qeyd etdiyimiz kimi, Nərmin xanım və anası “xalq düşməninin ailə
üzvü” kimi Rusiyanın şimalına
- Tomsk vilayətinə sürgün
edilir. Burada onlar sürgün
həyatını bütün
ağrı-acıları ilə
yaşayırlar. Yalnız 1953-cü ildə atası azad edildikdən sonra Nərmin xanım və anası da əfv
olunur. N.Tahirzadə 1955-ci ildə Bakıya
qayıdır və Azərbaycan EA Azərbaycan
Tarixi Muzeyinə işə girir. 1956-cı ildə “XVIII əsrin sonunda Rusiyada təhkimli kəndlilər hərəkatının
tarixindən” mövzusunda
namizədlik dissertasiyası
müdafiə edərək
tarix elmləri namizədi alimlik dərəcəsi alır.
1961-ci ildən 1987-ci ilədək muzeydə şöbə müdiri işləyir. N.Tahirzadəyə
1973-cü ildə “Əməkdar
mədəniyyət işçisi”
fəxri adı verilir. O, XIX əsr -
XX əsrin başlanğıcında
Azərbaycanda xalq təhsilinin tarixi mövzusunda gərgin araşdırmalar aparıb.
XIX yüzildən üzübəri, təxminən,
yüz illik dönəmdə Azərbaycanda
yetişmiş, ancaq adları unudulmuş ziyalıların və mədəniyyət xadimlərinin
bir çoxu haqqında ilk dəfə bilgi verən 50-dən artıq sanballı elmi məqalə dərc etdirib. Nərmin xanım XIX yüzildən 1920-ci ilədək
Azərbaycandan gedərək
Rusiya imperiyasının
ali məktəblərində
oxumuş yüzədək
hərbçi, mühəndis,
həkim, hüquqşünas
və sair ali təhsilli mütəxəssisimiz haqqında
olduqca zəngin
material toplayaraq Azərbaycana
gətirib.
Nərmin Tahirzadə uzun sürən xəstəlikdən
sonra 17 yanvar 2012-ci ildə vəfat edib.
Budur, adamlar və talelər. Budur qısa ömrün anları. Budur ümidlər. Bəzən çox çətinliklərlə də olsa ümidlər doğrulur. A.Tahirzadə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin böyük ümidlərindən biri idi. Böyük ümidlə, Azərbaycanın sabahı üçün göndərilmişdi Türkiyəyə təhsil almağa. Bu ümidlər A.Tahirzadənin Azərbaycan təhsilinə, qızının isə Azərbaycan elminə verdikləri zəhmətlə doğruldu.
Mətanət Kərimova,
Oğuz şəhər 3 nömrəli məktəb-liseyin tarix
müəllimi
Azərbaycan müəllimi.- 2018.- 19 oktyabr.- S.11.