“Ədəbiyyat insana özünü
dərk etməyə kömək edir”
“Ədəbiyyat
biliciləri” respublika müsabiqəsinin qalibi Lamiyə Hüseynova
belə düşünür
Artıq üçüncü ildir ki, təşkil olunan “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin faydasını indi kiməsə sübut etməyə ehtiyac yoxdur. Elə təkcə builki müsabiqənin əhatə dairəsini göstərən rəqəm buna ən yaxşı sübutdur: 25 minə yaxın VIII-XI sinif şagirdi yarışmanın ilk-məktəb mərhələsində mübarizə aparırdı...
Əsas hədəfi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini üzə çıxarmaq olan müsabiqə həm də ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənməyə kömək edir. O, eyni zamanda mütaliəsi ilə fərqlənən şagirdləri aşkara çıxarır. Bunlar isə ədəbiyyat sahəsində istedadlılardır. Bu il üç mərhələdə təşkil olunan müsabiqənin finalında tələbkar münsiflərin “süzgəc”indən keçərək qaliblər sırasına düşən belə istedadlardan biri də Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Lamiyə Hüseynovadır. Müsahibimiz də məhz odur. Bir qədər ətraflı tanışlıq üçün qeyd edək ki, Lamiyə ibtidai təhsilini Şabran rayon Xırdaoymaq kənd ibtidai, ümumi orta təhsilini isə Təzəkənd kənd ümumi orta məktəblərində alıb. Hazırda şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdidir.
-Lamiyə, ilk olaraq qalibiyyətinlə
bağlı yaşadığın hissləri, yarışma
haqqında təəssüratlarını bölüşməyini
istərdik.
-Düzü, o hissləri necə təsvir etmək olar, bilmirəm. Bu mənim
həyatımın ən
önəmli hadisələrindən
biri idi. İndi də sizinlə danışanda həyəcanlanıram.
Nəinki danışanda, özlüyümdə
ağlıma belə gələndə ürəyimi
bir qürur hissi bürüyür, üzümdə qeyri-ixtiyari
bir təbəssüm
yaranır. Qalibiyyət sevincini
onu əldə etmək üçün çalışan hər
kəsə arzulayıram.
Əslində qalib, daha doğrusu,
birinci olduğumu ən son anda bildim. Yarışmada yer tutduğumu
bilirdim, mükafatlandırılma
mərasiminə dəvət
edildiyimi də demişdilər. Amma birinci
olduğumu hələ
bilmirdim. Adımı birincilər
sırasında görəndə
sevincimin hədd-hüdudu
yox idi.
Ümumiyyətlə, belə müsabiqələr
təkcə biliyin artmasına, öz üzərində daha çox işləməyə
deyil, həm də özünə inamın və güvənin artmasına səbəb olur. Bu da məqsədlərinə
doğru aparan yolda addımlarını daha inamla atmağa
kömək edir.
-Bəs, ədəbiyyata
maraq səndə necə yaranıb, ədəbiyyat sənin üçün nədir?
-Ədəbiyyat sözünün
mənası ədəb,
mərifət deməkdir. Hansı ki,
insanın ən yüksək mənəvi
keyfiyyətlərindəndir. Yüksək
mənəvi keyfiyyətlərə
malik olmağı da hər kəs
istəyər. Bunun üçün
insan daima özünü təkmilləşdirməli,
mənfi və müsbət cəhətlərini
müəyyənləşdirməli, müsbətləri artırmalı,
mənfiləri isə
tərk etməlidir.
Həyatda mənfi və
müsbəti, xeyir və şəri bir-birindən ayırmaq üçün ən mükəmməl köməkçi
vasitə ədəbiyyatdır.
Ədəbi əsər yaradan
müəllif həyatda
gördüyü hadisələri
obrazlaşdıraraq, öz
hiss və düşüncələrini
əlavə edərək
həmin əsəri qələmə alır.
Elə buna əsaslanaraq demək olar ki, ədəbiyyat insan hisslərinə ən yaxın olan yaradıcılıq sahəsidir. Ədəbiyyatı mənə sevdirən də onun bu
xüsusiyyətidir. İnsanın düşüncələrinə, hisslərinə şərik
çıxır ədəbiyyat.
Müsabiqə isə
göstərdi ki, ədəbyyat mənə
təkcə həyatı
anladan dost olmadı, həm də qalibiyyət gətirdi. Onun mənə qazandıracağı
ən böyük qalibiyyət isə həyat yollarıma salacağı işıq
olacaq. Amma mən, yəqin
ki, bunun üçün “Bir qalanın sirri” filmindəki Elşən kimi hələ çox oxumalıyam.
-Bir əsəri oxuyarkən əsas nələrə diqqət
edirsən, gözləntilərin
nələr olur?
-Hər yeni əsəri oxumağa başlayanda yeni nə isə
öyrənmək istəyirəm.
Ümumi
məzmun, oradakı ayrı-ayrı fikirlər
(çox xoşuma gələn fikirlərin altından sadə karandaşla xətt də çəkirəm)
qədər əsərin
sonluğu da mənim üçün önəmlidir. Düzdür, sonluq əsərin dəyərinə təsir
etmir, amma istənilən halda mən müsbət sonluq arzulayıram və müsbət sonluqdan sonra əhvalım daha yüksək olur. Amma onu deyim ki,
mənfi sonluq insanı daha çox düşünməyə
sövq edir. Xüsusən də mənim
kimi əsərin təsirində uzun müddət qalanlara.
Əsas gözləntim
isə... Bütün əsərlərdə, müəyyən mənada,
özümü axtarıram.
Bir gün mənim ifadə olunduğum bir əsər oxumaq istərdim.
-Bəs, o əsəri özün yazmaq istəyərsənmi?
-İndi özümdə
o bacarığı görmürəm. Bəlkə də
gələcəkdə bu
bacarıq məndə
yaranacaq. Əslində isə bunu çox
istərəm. İnsanın heç kəsə demədiyi fikirləri olur, düşünür
ki, heç kəsə maraqlı olmaz, ya da
ifadə etməkdən
çəkinir müəyyən
mənada. Bunun üçün
yazmaq ən gözəl vasitədir.
Yəqin
ki, bütün yazıçıları yazmağa
məhz bu sövq edir. Yazmaq üçün də çoxlu mütaliə lazımdır, təbii ki.
-Əlavə bədii ədəbiyyata vaxt ayırmaq dərslərinə
mane olmur ki?
-Mane olmayacaq şəkildə oxumağa çalışıram.
Əslində yeni tədris ili
başlayandan buna xüsusi nəzarət edirəm, çünki vaxtımın məhdud olduğunu bilirəm. Amma, təbii ki, tamamilə kənara qoymağım da mümkün deyil. Bunu ədəbiyyatı sevənlər
daha yaxşı bilərlər. Nə qədər
dərs oxusan da istirahətə də vaxt ayırmaq
lazımdır. Mən həmin
vaxtı mütaliəyə
sərf edirəm.
Bu mənim üçün
ən yaxşı istirahətdir.
-Lamiyənin peşə seçimi necə olacaq, sizin ədəbiyyatla bağlılığınız seçiminizə təsir
edəcəkmi?
-Məqsədim hüquqşünas
olmaqdır. Ədəbiyyatla bağlılığımın
peşə seçimimə
təsir etmədiyi kimi, peşə seçimim də ədəbiyyatla münasibətimə
heç bir təsir etməyəcək.
Düzdür, belə deyirəm,
amma yəqin ki, oxuduğum əsərlərdə olan
ədalətsizliklər, həmin
ədalətsizliklərə görə məhv olan talelər mənim peşə seçimimə təsir etməmiş deyil.
-Söhbətimizin
sonunda həmyaşıdlarına
nəsə demək istərdin?
-Özlərinə hansı peşəni seçmələrindən asılı olmayaraq ədəbiyyat oxumağı heç vaxt unutmasınlar. Çünki ədəbiyyat insana özünü dərk etməyə kömək edir və həyatda yaxşı yaşaması üçün ona bələdçi olur. Ədəbiyyat insanlara özünü başqalarının yerinə qoymağı öyrədir. Daha sağlam düşüncəli insanların cəmiyyətini formalaşdırmaq üçün yol ədəbiyyat oxumaqdan keçir. Mən bunu yolun hələ başlanğıcında anlamışam, özünüzə bu şansı versəniz, siz də anlayacaqsınız. Nə vaxt ki, insanlar özlərini başqalarının yerinə qoymağı öyrənəcəklər, o zaman cəmiyyətdə yaşamaq hamı üçün asan olacaq.
Gülər
HÜSEYNOVA,
Şabran Rayon Təhsil
Şöbəsinin
ictimaiyyətlə
əlaqələr üzrə məsul şəxsi
Azərbaycan müəllimi.-
2018.- 19 oktyabr.- S.13.