ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib

 

Film Milli Qəhrəman Samid İmanova həsr edilib

 

Oktyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində Milli Qəhrəman Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli film nümayiş olunub. Tədbirdə ADPU-nun müəllim və tələbələri, Milli Məclisin deputatları, tanınmış ziyalılar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, filmin ssenari müəllifi tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas, rejissoru Anar Şuşalı, redaktoru tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdır.

Filmin nümayişindən əvvəl ADPU-nun prorektoru, professor Fikrət Rzayev 2016-cı ilin Aprel döyüşlərindən bəhs edib. Vurğulayıb ki, bu döyüşlər ordumuzun qüdrətinin göstəricisidir.

Tədbirdə Dünya Azərbaycanlıları Konqresi sədrinin müavini Xəzər Emin, Milli Məclisin deputatı Sona Əliyeva, tanınmış oftalmoloq alim, şair Paşa Qəlbinur və digər çıxış edənlər S.İmanovun vətənpərvərliyindən, mərdliyindən söz açıblar. Qeyd olunub ki, S.İmanov Azərbaycan xalqının əbədiyaşar oğludur. Bu film S.İmanovun qəhrəmanlığının gənclər arasında təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan müəllimi.- 2018.- 26 oktyabr.- S.15.