“Nənəmin verdiyi suvenir
ən qiymətli mükafat idi”
Fərəh Kərimova:
“Bağça müəllimlərimə söz vermişdim
ki, böyüyəndə rəssam olacağam"
İnanın ki, hər dəfə
güclü istedad və bacarıq sahibi olan uşaq və
yeniyetmə haqqında yazı hazırlayanda, onların zəngin,
rəngarəng, pakdan-pak, olduqca ülvi mənəvi dünyalarına baş
vuranda hədsiz sevinc hissi
yaşayıram, hətta bəzən
gizlədə bilmədiyim, əhvalıma qeyri-adi bir
ovqat qatan bu hisslər fərəhdən gözlərimin yaşarmasına da
səbəb olur. Odur ki, yaradıcılıq ocağı olan guşələrə
vaxtaşırı baş çəkir, hər dəfə
də yeni bir istedad sahibi ilə həmsöhbət
olaraq balaca dostlarımın sayını artırıram. Bu dəfə növbəti
ünvanımsa Milli
Konservatoriyanın tərkibindəki İncəsənət
Gimnaziyası oldu.
Səsli-küylü
sinif otaqlarına yaxınlaşanda uşaqların şaqraq
gülüş sədaları məni artıq bu
yaradıcılıq məkanının ritminə, ahənginə
köklədi və addımlarımı bir az da
yavaşıtdım. Vallah, lap elə beləcə dayanıb
onların ürəkaçan söhbətlərinə
saatlarla qulaq assa da, adam doya bilməz. Onlar
bir-birinə nə qədər mehriban, nə qədər
doğma idilər. Nəhayət, sanki nağıllar aləminin
qapısı açıldı və mən də bu möcüzələr
dünyasının
nuruna qərq oldum...
Kimi dərs
hazırlayır, kimi fortepiano arxasında dünya bəstəkarlarıın
əsərlərini səsləndirir, kimi rəqs edir, kimi biçmə- tikmə işləri
ilə məşğuldur, kimisə
də əlinə
fırça alıb
öz fantaziyasını ağ vərəqlərə köçürürdü. Bəli,
bura sözün həm məcazi, həm də elə tam mənasında bir
nağıllar aləmidir, - desəm, düşünürəm ki,
yanılmaram. Milli Konservatoriyanın tərkibindəki
İncəsənət Gimnaziyası,
sözün əsl mənasında, bir istedad
ocağıdır. Gimnaziyanın yetirmələri istər respublikadaxili, istərsə də
beynəlxalq müsabiqələrdə, festivallarda
qazandıqları uğurlarla bu ocağın şərəfini
daim ucaldırlar. Direktor Aytən Əhmədova bu təhsil və
yaradıcılıq məkanına rəhbər təyin
olunandan sonra uşaqlara diqqət
və qayğı da hiss olunacaq
dərəcədə artıb. Bir pedaqoq olaraq o, bu yetirmələrin hamıdan çox diqqət və qayğıya, nəvazişə ehtiyacları
olduqlarını bilir və bütün diqqətini onların
fiziki, mənəvi dünyalarının
sağlamlığına yönəldir. "Onlar mənim
övladlarımdır", - deyir Aytən xanım: "Mən
şagirdlərimlə fəxr edirəm, çünki bütün
yaradıcılıq müsabiqələrində
üzümü ağ edirlər, mənə hər yandan
sağ ol qazandırırlar. Onlar ən çətin
və məsuliyyətli müsabiqələrə
qatılmaqdan qorxmurlar, çəkinmirlər".
Təsviri və tətbiqi sənət şöbəsinin
müdiri Kəmalə Kərimova da yetirmələri
haqqında ürəkdolusu danışdı. Dedi ki, şöbədə
qrafika, rəngkarlıq, heykəltəraşlıq, bədii-tikmə,
keramika, qobelen, moda-dizayn ixtisaslar üzrə 394 şagird təhsil
alır. İstedadlı şagirdlərdən
söz düşəndə isə Fərəh adlı bir
qızın adını hədsiz sevinc hissi ilə təqdim
etdi və onu mənimlə görüşdürəcəyini
qərarlaşdırdı. Kəmalə
xanım söylədi ki, Fərəh Kərimovanın olduqca
parlaq gələcəyinə ümid bəsləyir. Mən
də təbii olaraq həmin hissləri bölüşmək
üçün Fərəhlə tanışlığa tələsdiyimi
müəllimdən gizlətmədim...
Böyüdükcə dərk elədim
ki,
rəssam olmaq asan iş deyil
...Üz-gözündən
adı kimi fərəh yağan Fərəhin 14 yaşı var.
Deyir ki, lap erkən yaşlarından
rəsm çəkməyi
sevirəm. Atam mənə çoxlu rəngli karandaşlar, albomlar, kitablar
alardı . Hələ uşaq
bağçasında olanda belə rəngli
karandaşlar əlimdən düşmürdü,
“Qız”, “Ana”, “Heyvanlar aləmində”,
“Meşə”, Dağlar”, “Təbiət mənzərələri” şəkillərim bağça müəllimlərimin
xoşuna gəlirdi. O vaxt mən
baça müəllimlərimə söz vermişdim ki,
böyüyəndə rəssam olacağam, tərbiyə aldığım
bağçanın və bağça dostlarımın
şəkillərin çəkəcəyəm. Arzularıma
çatmaq üçünsə çox, lap çox
çalışıram. Çünki dərk edirəm ki rəssam olmaq
uşaqlıqda təsəvvür etdiyim qədər asan
iş deyil. Müəllimim Kəmalə Kərimovanın diqqət
və qayğısı sayəsində bu sənətin sirlərinə
həvəslə
yiyələnirəm. Əvvəllər əyləncə
saydığım bu peşənin fəlsəfəsini dərk
etmək və
tamaşaçıya çatdırmaq olduqca
çətin imiş.
İlk sərgim birinci sinifdə
oxuyarkən keçirildi
Hər bir rəssamın
ən böyük arzusu əsərlərinin sərgisinin
keçirilməsidir. Mən də o ilk
sevinc hisslərini birinci sinifdə oxuyarkən yaşadım. Necə deyərlər, arzularımın biri,
mənim üçün bəlkə də ən əhəmiyyətlisi
həyata keçdi. Çünki bu sərgi gələcəkdə
qazanacağım bütün uğurlara nəfəs verəcəkdi
və şükürlər olsun ki, hər şey ürəyimcə
oldu. Sərgidə təmsil olunan 57 rəsmimin
hamısı bəyənildi. Məktəbimizin
foyesi gözəl bəzədilmişdi. Tədbirin
açılışını Gimnaziyanın rəqs qrupu
etdi. Çoxlu qonaqlar, dostlarım, müəllimlərim,
valideynlərim
iştirak edirdilər. O qədər hədiyyələr
aldım ki! Nənəm məni bağrına basıb gözəl
bir gül dəstəsi verdi. O, mənim
üçün ən qiymətli hədiyyə idi. Sərginin
nəticəsinə görə ilk dəfə olaraq məktəb rəhbərliyi tərəfindən diplomla
mükafatlandırıldım.
Belə nənəni necə
candan əziz sevməyəsən?!
3-cü sinifdə isə ikinci sərgim keçrildi. Yenə də
müəllimlərim, valideynlərim, rəfiqələrim Lalə,
Milanə, Sona, Ədilə iştirak edirdilər. Sərgimdə 60-
yaxın rəsm əsərim nümayiş olundu. Budəfəki
rəsmimdə yağlı və sulu boyalardan, açıq, mavi,
çəhrayı rənglərdən istifadə etmişdim
. Çox həyəcanlı idim. Rəsmlərim
sərgi iştirakçılarının xoşuna gəldi. Amma hamıdan çox
yenə nənəm sevinirdi. Bu
dəfə nənəm mənə “Mələk” adlı suvenir təqdim
etdi. Yenə də mənim üçün ən
qiymətli hədiyyə nənəmin hədiyyəsi idi. Emalatxanamda onu yadigar olaraq saxlayıram. Əfidə nənəm mənimlə hər
gün maraqlanır. Neçə
qiymət aldığımla, neçə şəkil çəkdiyimlə maraqlanır. Sanki bununla o, mənə müsbət impuls
ötürür. Deyir ki, uğurlarım
ona qol-qanad verir. Belə nənəni necə
candan əziz sevməyəsən?!
Rəsmlərimdə
fantaziyamdan çox bəhrələnirəm
2016-cı
il də bəxş
etdiyi uğurla mənim
üçün əlamətdar
və yaddaqalan oldu. Naxçıvanda şair və
yazıçılara həsr olunmuş rəsm
yarışında şöbə
müdirimiz Kəmalə
xanımdan qalib olduğumu
eşidəndə sevincim yerə-göyə
sığmırdı. Bütün rəsmlərimdə
fantaziyamdan çox bəhrələnirəm.
Rəsm çəkməzdən öncə fikirləşirəm
ki, hansı rənglərdən istifadə etsəm daha yaxşı
effekt verər. Çünki bu sənət bir dəryadır, hərə yalnız
bacardığı qədər bu dəryaya baş vura, üzə
bilər.
Sinfimizin istedadlı şagirdiyəm
Sinfimizdə
32 şagird var.
Onlar məni sinfin istedadı
adlandırırlar. 2017-ci ildə Türkiyədə “Barış və Dostluq”
mövzusunda keçirilən beynəlxalq rəsm müsabiqəsinə
qatıldım və I yeri qazandım. 2018-ci ildə
qazandığım uğurları sadalamaqla qurtaran deyil. Yunanıstanda keçirilən “Dünyanın
musiqi yollarında” , Çexiyada “Su
altında həyat” və
sair mövzularda keçirilən beynəlxalq rəsm müsabiqələrində
diplomlarla
mükafatlandırılmışam. Bakıdakı 3
nömrəli Uşaq-Gənclər rəsm qalereyasında
“Bilik günü” ilə
bağlı keçirilən
rəsm müsabiqəsində
“XXI əsrin bilik günü” rəsmim hamı tərəfindən
bəyənildi və diploma layiq görüldüm.
Qalib olacağam
Hazırda Türkiyədə keçirilən “Kaspi ART” beynəlxalq incəsənət
müsabiqəsinə “Qədim Bakı”, “Qarabağ atı” və
“Caz Baku” rəsmlərimi
göndərmişəm. Oktyabr ayının sonlarında qaliblər müəyyən
olunacaq. Əminəm ki, şad xəbər
eşidəcəyəm. Respublika üzrə “Xalq Cümhuriyyəti İli”
çərçivəsində rəsm sərgi
keçirildi. Sərgidə istedadlı gənclər iştirak edirdilər. Mən də onların arasında idim. Həmin
tədbirdə özüm haqqında ətraflı məlumat verdim.
Qazandığım uğurlardan söz açdım. Qeyd edim ki, 3- dəfə rəsm sərgisi keçirməyə
hazırlaşıram. 100- yaxın rəsmim orada sərgilənəcək. Hələ vaxt təyin olunmayıb. O sərginin
sevincini yaşayacağım anı da səbirsizliklə
gözləyirəm.
“Qaraçı” rəqsini ifa etdim
Modellər və libaslar çəkirəm. Bir neçə dəfə milli geyimləri nümayiş
etdirmişəm. Yeri gəlmişkən qeyd edim
ki, mən təkcə rəssamlıqla məşul olmuram, yəni
başqa hobbilərim də var. Gimnaziyada fəaliyyət
göstərən rəqs dərnəyinə
yazılmışam. Milli, dünya rəqslərini
çox xoşlayıram. R.Behbudov adın Mahnı Teatrında R.
Behbudovun 100 illik yubileyində “Qaraçı” rəqsini ifa etdim və alqışlarla
qarşılandım. Gimnaziyada xor
kollektivinin də
üzvüyəm. “Ən yaxşı vokal ifaçısı”
adını qazanmışam və
diploma layiq görülmüşəm. ncəsənətə dərindən
bağlı olduğum üçün bu sənətin məsuliyyətini dərindən dərk edirəm.
Bacarığıma,
potensialıma
çox güvənirəm. Mənim
öz yaradıcılıq dünyam var. Tez-tez televiziya
kanallarına dəvət alırıq. İdmanın demək olar ki,
bütün növlərini
sevirəm. Üzgüçülük və
gimnastika ilə məşğul olmuşam.
Fərəh
ilə söhbətim
qurtaran deyildi, onu dinləməkdən doymaqmı olardı?! Qəfil
çalınan zəngsə bizə ayrılmaq xəbərdarlığını
verdi. Fərəh dərsə tələsdi,
mən isə redaksiyaya...
Sifai Səfərova
Azərbaycan müəllimi.- 2018.- 12 oktyabr.- S.12.