İnsanlıq və alimlik bütövlüyü

 

Müasirlik, novatorluğa meyil, yeniliklərin tətbiqi onun həyat tərzidir

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfovun adı gələndə gözlərimiz önündə möhtəşəm elm və idrak yolunun yorulmaz yolçusu, dərin bilikli, geniş erudisiyalı, yüksək intellektə sahib, güclü məntiqi ilə seçilən ziyalı, cəfakeş alim, zəngin səriştəli təhsil fədaisi, xalqın, Vətənin gələcəyi olan gənc nəslin yollarına nur ələyən müdrik pedaqoq, peşəkar müəllim, gözəl və kamil insan, əqidə yoldaşı, etibarlı sirdaş, ilqarı dürüst dost, dar günün dayağı qardaş... obrazlarının mükəmməl sintezi dayanır.  

 

 Maqsud müəllim bütöv, harmonik və son dərəcə koloritli şəxsiyyətdir. Mənəvi ucalıq, təbiilik, sadəlik və səmimiyyət onun əsas atributlarıdır. Onda süni şəkildə mənliyini uca tutmaq cəhdi yerli-dibli yoxdur, təkəbbür ondan çox uzaqdır. Lakin bütün hallarda mənliyini ləyaqəti ilə uca tutmağı bacarır və onun ucalığı hər yerdən, bütün məsafələrdən açıq-aydın görünür. Hansı aspektdən yanaşsan, bu bənsərsiz şəxsiyyət fərəh və qürur hissi doğurur. Ən eyforik məqamlarda, ən burulğanlı dəqiqələrdə, emosional-ekstar vəziyyətlərdə belə öz təmkinini itirmir, fərdi xarakterinin üstünə kölgə salmır. Onun naturasında təbii proporsiya hec vaxt pozulmur. Maqsud müəllimdə, sözün həqiqi mənasında, bir uşaq səmimiliyi var, istənilən adamla ünsiyyəti mehribanlığa, doğmalığa çevirə bilir. Səmimi söhbətləri, mənalı danışığı estetik zövqə keçir, nitqində ana dilimizin zənginliyi, zərifliyi, intonasiya çalarları öz əksini tapır.

Onun sözü sükuta, sükutu sözə çevirmək qabiliyyəti çox güclüdür. Bu məziyyətlər Maqsud müəllimin istedad sferası, peşəsi ilə məhdudlaşıb qalmır. O, bütün cəhətləri sintez etməyi bacaran intellekt sahibidir. Təbiidir ki, qazandığı nüfuzun arxasında əmək təşəbbüskarlığı, alın təri dayanır. O, özünü, sözünü elmi istedadını həmişə arxa bildiyi zəhməti ilə sevdirib.

Maqsud müəllim yüksək mənəvi dəyərləri olan insandır. Onda snobizm - özündən yuxarılara səcdə, özündən aşağıya həqarətli baxış stixiyası tamamilə yaddır. O, tutduğu vəzifələrin hamısında həmişə özünü, sözünü, fitri qabiliyyətini təsdiq edib. Vəzifəsinin mərtəbəsindən asılı olmayaraq, onun nüfuzu həmişə şəxsiyyətinin məzmununa uyğun gəlib.

Maqsud müəllim peşəkar təhsil işçisidir. Müasirlik, hər cür novatorluğa, yeniliyə güclü meyl, təhsil, təlim prosesində yeniliklərin tətbiqi Maqsud müəllimin ən səciyyəvi həyat tərzidir. Sxolastik, şablon tərbiyə vasitələri ilə mücərrəd pedaqoji müddəa və düsturlarla müasir gəncliyin qəlbinə, ruhuna hakim kəsilməyin, onun mənəvi-psixoloji aləminə nüfuz etməyin mümkünsüzlüyünü dərindən dərk edən byük intellekt sahibi kimi o, ən kamil, ən sınanmış yolları xüsusi çevikliklə fəhm edir, bu prinsipləri həyatında, fəaliyyətində, düşüncə və təfəkkür tərzində daha aydın, daha parlaq şəkildə gerçəkləşdirir.

Maqsud müəllim Vətən, xalqa, xalqımızın maarifinə böyük və tükənməz sevgi nümunəsi, etalonudur. Elmimizin, mədəniyyətimizin, estetik dünyamızın daha mükəmməl zirvələrə qalxması, milli psixologiyamızın yad və zərərli elementlərdən təmilənməsi, özünüdərk yollarında daxili-milli faktlara daha çox istinad etmək , müəyyən mənada milli təəssübkeşlik və mühafizəkarlıq - bütün bunlar onun parlaq şəxsiyyətinin təkrarolunmaz keyfiyyətləridir. Onun zəka və idrak işığı gənclərin qəlbini nurla doldurur, onları böyük ideallara səsləyir. Həmkarları, tələbələri bu nadir ürfan yiyəsinin elmi-pedaqoji irsindən, bugünkü fəaliyyətindən faydalanır, ona dərin hörmət və ehtiram bəsləyirlər.

Maqsud müəllim elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı geniş və əhatəli olan elm adamıdır. Onun “Sinqulyar həyəcanlanmış gecikən arqumentli adi diferensial tənliklər üçün optimal idarə məsələsinin həlli” mövzusunda (1983) namizədlik, “Silindrik və konik örtüklərin aeroelastik rəqsləri və dayanaqlığı”  mövzusunda (2012) doktorluq dissertasiyaları, çoxsaylı kitab və elmi məqalələri, Azərbaycandan kənarda keçirilən beynəlxalq elmi konfrans və simpoziumlardakı çıxışları yüksək peşəkarlığı ilə seçilir və müəllifin dərin elmi təfəkküründən xəbər verir. Son dərəcə orijinal şəxsiyyət olan Maqsud Nəcəfovun elmi-pedaqoji fəaliyyəti əslində onun təmiz mənəvi dünyasının işıqlı təzahürüdür. Maqsud müəllim üçün elmə, maarifə qulluq etmək titanik bir enerjini faydalı bir şəkildə sərf etmək, özünü də xalq üçün, doğma Azərbaycanımız üçün faydalı etmək prinsipidir. Bu zəngin mənəviyyatlı insan sanki fəal hərəkət üçün doğulub. İnsanlara bağlılıq, xeyirxahlıq, dinamizm onun yalnız insanlıq və vətəndaşlıq potensialı deyil, onun həyatının tərkib hissəsi, varlığının əsas atributudur.

Maqsud müəllim ömrünü ithaf etdiyi elm sahəsinə, ünsiyyətdə olduğu insanlara bütün varlığı ilə bağlıdır və bu təmas, bu sevgi onun öz varlığını qiymətli nemətlərlə zənginləşdirir. O, alimlik həyatının, elmi fəaliyyətinin zirvəsindədir. O da var ki, alim ömrü üçün zirvələr çoxdur. Onun ömür zirvələri təbiətdəki dağ zirvələrindən daha çox, daha uca, daha ibrətamizdir. Bu zirvələrdən biri qarlı-sazaqlı olanda, o biri güllü-çiçəkli, bahar nəfəsli olur, birinin bir yanı sıldırımlı qayalar əhatəsində olanda, o birinin dövrəsi əbədi meşəlik olur, çiçəkləri sayrışır, çeşmələri zümzümə edir. Alim-müəllim ömrünün zirvələri, eniş-yoxuşları isə əvəzedilməz bir aləm, fəlsəfi həyat yolu, yalnız uzaqdan baxanda bütün sehri, möcüzəsi görünən, qəlbimizi, ruhumuzu tərpədən xatirələr və xəzinələr səltənətidir.

Bəzən alim ömrünün sonsuz üfüqlərindən, poeziyasından, gözəlliklərindən danışarkən saxta, ritorik konsepsiyalar, şablon ifadələr bir-birini əvəz edir. Onun əsl insani həyatı, ömrünün bəşəri, fəlsəfi mündəricəsi, koloriti kölgədə qalır, sxematik cümlələr, soyuq və cansız rəqəmlər, faktlar arxasında böyük bir şəxsiyyətin həqiqi obrazı görünmür. Maqsud Nəcəfov kimi alim-müəllim ömrünü bəzəyən iztirablar, onun yorğun yolları, itirilmiş Zəngəzur iztirabları, doğma kəndi Ağudi nisgilləri, onun müqəddəs kədəri hansısa bir ötəri, xırda prinsipə qurban verilir, mahiyyət unudulur, şəxsiyyətin ən təmiz, ən ideal bir səhifəsi örtülü qalır. Yaxşı ki, Maqsud Nəcəfovun alim ömrünün, müəllim həyatının özünəməxsus yanğıları var və bu gur yanğının şəfəqləri ömür və həyat səhifələrinə işıq saçır. Biz bu səhifələri xüsusi vurğunluqla və böyük minnətdarlıq hissləri ilə oxuyuruq. Maqsud müəllimin müqəddəs ömür səhifələri onun 70 illik şərəfli, mənalı və dəyərli həyat və fəaliyyət yolunun əks-sədasıdır.

Bəli! Ömür boyu yana-yana azalmayan, artan, böyüyən, ucalan alim ömrü, müəllim ömrü! Maqsud müəllimin ömrü min-min insan ömrünü əhatə edən, min-min insan yollarına işıq saçan şan-şöhrətli bir ömür, onun idelları isə doğulub boya-başa çatdığı Qərbi Azərbaycan torpağının, cənnət Zəngəzurun bulaqları kimi təmiz, saf, sadə və iddiasız bir ömürdür. Onun səsində insan ruhunun şeiriyyəti, müdriklik cazibəsi, üzündə özünəməxsus dəyişməz koloriti, baxışlarında həmişə axtardığımız, möhtac olduğumuz, gec-gec tapa bildiyimiz bir bəşər doğmalığı, bəşər həlimliyi var - bütün bunlar Maqsud müəllimin insan portretini tamamlayan bəşəri cizgilərdir.

Mənalı zaman və zəngin həyat məktəbi keçmiş Maqsud müəllim müdrik el ağsaqqalıdır. O, ömrünün ən gözəl illərini sosial qayğılara - həyatın, cəmiyyətin qayğılarına həsr etməkdədir. Məhz buna görə də belə bir nümunəvi insana, belə bir nadir varlığa, tərəddüdsüz demək olar ki, böyüklük, müdriklik səlahiyyəti verilir.

Maqsud Nəcəfovun tərcümeyi-halı, keçdiyi həyat yolu adi insan ömrünün hüdudlarına sığsa da, bu yolda uğurla addımlayan alimin öz daxili dünyasından ayrılan cığırları hər bir işıqlı amala doğru can atır, elmin üfüqlərində birləşərək kamil bir pedaqoq şəxsiyyətinin rəmzinə çevrilir. Bunun bir başa nəticəsidir ki, Maqsud müəllim 15 il rəhbərlik etdiyi riyaziyyat və informatika fakültəsinin dekanı kimi ağır zəhmətlərə qatlaşıb, zehnini, fikrini ən aktual, gərəkli problemlərin həllinə sərf edib, yorulmaq bilmədən öz fərdi, orijinal alimlik və müəllimlik keyfiyyətlərini təsdiq edib, səriştəli təşkilatçı kimi nümunə rolunu oynaya bilib, ətrafında müsbət, təsirli rezonans yaradıb.

Yeri gəlmişkən, xüsusi qeyd olunmağa layiqdir ki, Maqsud Nəcəfov ümummilli liderimiz Heydər Əliyevə müraciət edən 91 vətənpərvər ziyalılarımızdandır. Hal-hazırda o, YAP Səbail rayon təşkilatının İdarə Heyəti və Siyasi Şurasının da fəal üzvüdür. 1999-cu ildən o, Xətai rayon bələdiyyəsinin üzvü, sosial və ekologiya komissiyasının sədri vəzifəsinin öhdəsindən də bacarıqla gəlir.

Bütün fəaliyyəti boyu o, vətəndaş bir insan, istedadlı alim, fəal pedaqoq və ictimai xadim kimi real vəziyyətləri ön plana çəkib, riyaziyyat elminin vacib problemlərini nəzərə alıb, gördükləri ilə məhdudlaşmayıb, həmişə rasional zəhmət sferasına meylli olub. Həssaslıq, bütöv cəmiyyət, doğma evi bildiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi taleyi üçün məsuliyyət hissi, bütövlük onun alim-müəllim,vətəndaş simasının əsas cizgiləridir. İnanırıq ki, Maqsud müəllim iyaziyyatın aktual problemlərinə həsr olunmuş dərin məzmunlu yeni əsərləri ilə elmimizi bundan sonra da zənginləşdirəcək, təlim-tədris işlərindəki fəallığı onun həyatında çox müsbət və aparıcı rol oynayacaq.

 

Məhərrəm  Hüseynov,

filologiya üzrə elmlər doktoru,  professor

 

Azərbaycan müəllimi.- 2018.- 12 oktyabr.- S.11.