Dünyanın Bilik bayramı
Ənənələr müxtəlif olsa
da, hər yerdə ilk
məktəb günü eynidir
Gül dənizi, təbəssüm və ümid seli, səliqə ilə geyinmiş uşaqlar, təmtəraqlı düzülüş, təbrik nitqi və şeirlər. Dünyanın harasında olursunuz-olun, yeni məktəb ilinin başlandığı ilk gündə təhsil ocaqlarının qarşısında belə səhnə ilə rastlaşacaqsınız. İlk məktəb günündə hər bir valideyn övladının gözəl görünməsini istəyir, çalışır elə etsin ki, kiçik məktəbli bu günü heç vaxt unutmasın.
Bilik günü hər bir ölkədə və ya ölkələr qrupunda fərqli tarixlərdə qeyd olunur. Avqustdan tutmuş aprelədək. Baxır yeni tədris ili harada nə vaxt başlayır. Məsələn, Fransada uşaqların özləri bu tarixi müəyyən edirlər. Bilik gününün vaxtı kimi, onun necə keçirilməsi də dünyanın müxtəlif yerlərində fərqli ənənələrə söykənir.
Şəkərli bağlama
Almaniyada yeni tədris ilinin ilk günü maraqlı ənənəylə bağlıdır. 19-cu əsrdən gələn adətə əsasən, ilk dəfə məktəbə gedən uşağa valideynlər tərəfindən “bağlama” hazırlanır. Əvvəllər bu bağlamada müxtəlif şirniyyat və un məmulatları olurdu. Elə bu səbəbdən ənənə “Şəkərli bağlama” adı alıb. Bu ənənə hər zaman olduğu kimi, iki əsr bundan əvvəl də valideynlərin ciblərindəki pulun miqdarından asılı idi. Məsələn, kasıb ailələr “bir güllə ilə iki dovşan” vurmaq məqsədilə bağlamaya uşağın çoxdan ehtiyac duyduğu yeni ayaqqabısını qoyurdular. Yeri gəlmişkən, tədris gününün əksər Avropa ölkələrində oktyabrın 1-dən gec olmayaraq başlaması da əsasən kənd təsərrüfatı sahəsində çalışan kasıb ailələrin ehtiyaclarından irəli gəlir. Məsələ burasındadır ki, belə ailələrin uşaqları valideynlərinə əkin-biçin işlərində kömək edirdilər. Bu səbəbdən dövlət və kilsə (dini məbədlər təhsil qurumları kimi çıxış edirdilər) biçin işlərinin başa çatmasını gözləyirdilər.
Hazırda bu ənənə yaşasa da, bağlamanın içindəkilər dəyişikliyə uğrayıb. Almaniyada uşaqlara çox şirin məhsullar, məsələn, şokoladın yedirdilməsi alqışlanmır. Bu səbəbdən bağlamaya məktəbdə lazım olan qələm-dəftər, karandaş, penal və s., bir sözlə, biz öz uşaqlarımıza nə alırıq, həmin əşyalar qoyulur. Əgər bağlamaların içindəkilər ata-anaların işidirsə, hazırlanması artıq uşağın öz vəzifəsidir. Bu səbəbdən onlar kağız və kartondan özlərinə bağlama düzəldir, üstündə müxtəlif rəsmlər çəkməklə fantaziyalarını nümayiş etdirirlər. Bu iş ya evdə olur, ya uşaq bağçasında. Kim tənbəldir, onlar üçün də çıxış yolu var: içi dolu “şəkərli bağlama”ları dükanlardan da əldə etmək olur.
Almanlar uşaqların məktəbə hazırlığına olduqca diqqətlə yanaşırlar. Söhbət tək bilik və psixoloji durumdan getmir. Uşaq bir saat bir yerdə oturmağı bacarmalıdır, hər hansı bir prosesə azı 20 dəqiqə diqqətini yönəldə bilməlidir. Almaniyada ilk dəfə məktəbə gələn uşağın nəyisə bilməsi vacib deyil, əsas odur rəngləri, həndəsi fiqurları fərqləndirə bilsin, 12-yə qədər saymağı bacarsın.
Məktəbin ilk günü çox rəngarəng keçir, müəllimlər uşaqları akt zalından çıxarıb, sıra ilə siniflərə aparırlar. İlk gün dərsi ekskursiyalar əvəzləyir: birincilər müəllimlərinin müşayiəti ilə 3-4-cü siniflərə “qonaq” gedib necə dərs keçəcəklərini görürlər.
Göylərə şar uçurmaq günü
İsraildə hər bir gələcək məktəbli mütləq
halda uşaq
bağçasında olmalıdır. Çünki
onun məktəbə gedib-getməməsini
müəyyən edən... bağça
müəlliməsidir. Körpənin hərf və
rəqəm tanıyıb-tanımaması şərt deyil, əsas odur məktəbə
qədəm qoymaq üçün
psixoloji cəhətdən hazır olsun. Əgər bağça
müəlliməsi desə ki, uşaq hazır deyil, məktəb
onu qəbul etməyəcək. Elə
hal ola bilər ki, valideynlər bağçanın rəyini
qulaqardına vurarlar. Bu
halda məktəb uşağı qəbul
edəcək, ancaq yoxlayıb görəndə
ki, körpə məktəb həyatına
hazır deyil, geri
göndərəcək.
İsraildə hər bir uşaq məktəbə
öz rayonunda getməlidir. Yalnız ilkin məktəbi
bitirdikdən sonra o, istədiyi digər təhsil
ocağını seçə bilər. Təhsil müddəti
12 ildir, ilkin siniflər 6 il təşkil edir. Uşaqlar Bilik
günü dərsə 8:15-də gəlirlər. Birinci dərsdə
öz gələcək sinif yoldaşları ilə
tanış olurlar. İkinci dərsdə isə təmtəraqlı
düzülüş olur və göylərə rəngli
şarlar uçurulur.
Bu ölkədə yeni həftə bazar günündən başladığından məktəb də təqvimə riayət edir. İlkin siniflərdə günə 4-5 dərs düşür. İkinci sinifdən etibarən uşaqlar ingilis dili keçirlər, 7-ci sinifdə isə ərəb dili. İsrail məktəblərində birinci və ikinci sinifdə qiymət yoxdur. Sadəcə, müəllimin özünəməxsus cədvəli var ki, buraya uşağın davamiyyəti, dərslərə münasibətinə dair qeydlər edilir. Məktəblərdə yeməkxana və paltardəyişmə otaqları olmur. Hansı gün idman dərsi varsa, uşaqlar bütün dərsləri idman formasında keçirlər.
Hindistan: heç
bir bayram olmayacaq!
Hindistanda milyonlarla uşaq məktəbə gedə bilmir. Yüz milyonlarla insan
təhsilsizdir. Mövcud məktəblərin
səviyyəsi olduqca
aşağıdır. İmkanı
olan valideynlər özəl məktəblərə
üz tuturlar, burada isə amansız rəqabət və hətta bir çox hallarda qəbul üçün rüşvət
praktikası mövcuddur.
Hindistan yüksək texnologiyalar sahəsində dünya liderlərindən birinə
iddiaçı olsa da, ümumi təhsil mənzərəsi
belədir.
Yeni məktəb ili adətən
apreldə başlayır.
Günü məktəblər özləri müəyyən
edirlər. Mayda musson
yağışları başlayır,
iyun ayı isə çox isti olduğundan iki ay fasilə verilir, iyulun əvvəlindən məktəb
bərpa olunur. Daha bir tətil dekabrda olur, sonra martın axırınadək məktəb.
Uşaqlar birinci sinfə 4 yaşında gedirlər. Bundan əvvəl
onlar “playschool” deyilən
kurslarda olurlar, burada rəqəmlər və hərflər barədə ümumi məlumatlar alırlar.
Bilik günü digər dərs günlərindən
heç nə ilə fərqlənmir. Burada ilk məktəb
gününü bayram
etmirlər. Bununla belə,
valideynlər imkanları
nəyə çatır
uşaqlarına etməyə
çalışırlar. Kimisi təzə paltar alır, kimisə şirniyyat. Bu da sizə Hindistanın Bilik günü!
Oğlanlar sola, qızlar
sağa
Fələstində Bilik günü sentyabrın 1-nə təsadüf
edir. Qonşu Səudiyyə Ərəbistanında
isə gərək Ramazan ayı başa çata. Hər iki ölkədə yeni tədris günü xüsusi qeyd olunmur. İlk gündən uşaqları ayırırlar:
oğlanlar bir tərəfə, qızlar
digər. Bu səbəbdən
səhərlər atalar
oğlanlarını, analar
qızlarını məktəbə
aparırlar. Qızlarla
oğlanlar yalnız ali məktəbdə
bir yerdə oxuyurlar. O da xüsusi qaydaya riayət etməklə: oğlanlar qabaq partalarda otururlar, qızlar arxa.
İlk günlərdə valideynlər
də məktəb qarşısında qalıb
həm uşaqlarını
gözləyirlər, həm
də imkan düşmüşkən, müxtəlif
problemlər, əsasən
də İsrail-Fələstin
münaqişəsinə dair
yeniliklərlə bölüşürlər. Əsl məktəb ikinci həftədən başlayır:
günə 11-12 saat dərs. İlk məktəb günü
ümumi tanışlığa
həsr olunur. İkinci gündən etibarən səhər saat 7-də uşaqların arxasınca
məktəb avtobusu gəlir - yarım saat sonra hər
kəs məktəb stadionunda olmalıdır.
Əvvəl himn səslənir,
sonra əvvəlcədən
müəyyən edilmiş
uşaqlardan biri Quran oxuyur, digəri poeziya.
“Məktəbli”
analar
Yaponiyada məktəb aprelin əvvəlində başlayır. İlk məktəb
gününə ancaq
birinci sinfin uşaqları gəlir.
Onlar müəllimlərlə
və məktəblə
tanış olurlar. Gün belə keçir.
Sonra müəllimlər valideynlərə
uşaq üçün
nə almaq lazım olduğunu izah edirlər və uşaqları evə buraxırlar. Düz bir həftədən sonra hamı bir nəfər kimi məktəbə gəlir.
Yaponiyada məktəbli geyimi yalnız özəl məktəblər üçün
aktualdır, görünür,
üzərindəki emblem vasitəsilə
reklam üçün. Dövlət
məktəblərində kim nə istəyir geyinir. Son illərdə yapon
məktəblərində ingilis
dilinin tədrisinin məhdudlaşdırılması təşəbbüsləri səslənir.
Başlıca səbəb budur
ki, uşağın beyni yüklənir. Sən demə, birinci sinifdə hər uşaq təqribən
1000-dək heroqlif öyrənməlidir.
Bu, olduqca çətindir.
Yapon analar uşaqlarının
təhsili üzərində
çox “əsirlər”. Elə analar
var ki, onlara
“fanatik analar” deyirlər. Onlar tez-tez məktəbdə
olur, uşaqlarının
dərsləri ilə
maraqlanır, müəllimlərlə
fikir mübadiləsi aparırlar. Hətta uşaq
xəstələnərsə, analar dərsə gedib digər uşaqlarla birlikdə yeni mövzuları dinləyirlər. Belə fanatik
analar üçün
yapon dilində ayrıca termin mövcuddur - “köiku-mama”.
Yaponiya məktəblərində mövcud
olan ən ciddi problem uşaqların
bir-birləri ilə yola getməmələridir. Bu problem birinci sinifdən başlayır. Uşaqlar fiziki
və mənəvi təzyiqlərə məruz
qalır, hətta təhqir olunurlar. Nəticədə məktəbə getmək istəmirlər.
Belə məktəblilər üçün
ayrıca təhsil ocaqları fəaliyyət
göstərir. Əgər hər
hansı məktəbli
digərləri ilə
dil tapa bilmirsə, şəhərdən
kənarda, adətən
təbiətin qoynunda
təşkil olunmuş
fərqli məktəblərə
köçürülürlər.
Milli geyimlərdə
məktəblərə doğru
Macarıstanda Bilik gününü məktəblər özləri
müəyyən edir. Adətən bu gün avqustun
sonu, sentyabrın əvvəllərinə təsadüf
edir. Əsas odur məktəb
dərs günlərini
tam əhatə edə
bilsin. Bilik gününə “lokator” deyilir və olduqca rəngarəng keçirilir.
Direktor nitq söyləyir, məktəb xoru mahnılar ifa edir. Proses təqribən 1-1,5 saat çəkir, sonra uşaqlar siniflərə gedir və bir-birləri ilə tanış olurlar.
Macarıstandan fərqli olaraq qonşu Çexiyada 1 sentyabrı digər günlərdən fərqləndirən
amil valideynlərin uşaqları ilə xatirə şəkilləri
çəkdirmələridir. Burada birinci
siniflər üçün
ən maraqlısı
qiymətləndirmə sistemidir.
Qiymət rəqəmlə deyil, heyvan şəkilləri
ilə ifadə olunur. Uşaq balaca dovşan
aldısa, deməli, dərsi zəif bilib. Yekə dovşan isə
təbii ki, yaxşı qiymətdir.
Avstriyada belə
bir ənənə var: ilk tədris günü uşaqlar və valideynləri milli libaslar geyinib məktəblərə
gəlirlər. Bundan əvvəl
onlar yaşadıqları
rayonun kilsəsində
dua edirlər. Avstriyada da Almaniyada
olduğu kimi “şəkərli bağlama”lar var, ancaq burada fərq
odur ki, hər məktəbdə fərqli rəngdədirlər.
Rüstəm QARAXANLI
Azərbaycan müəllimi.-
2018.- 15 sentyabr.- S.1; 6.