Mahir ifaçı,
səriştəli müəllim
Tar ixtisası üzrə
professor adı alan ikinci sənətkar
80 illik ömrünün 60 ilini elmi-pedaqoji fəaliyyətdə
keçirən istedadlı
sənətçimiz, professor Oqtay Quliyevi xalqımız mahir tarzən, pedaqoji və musiqi ictimaiyyətimiz səriştəli
müəllim və musiqişünas, dostları
və yaxınları,
onunla ünsiyyətdə
olanlar isə üstəlik həm də gözəl dost və səmimi insan kimi tanıyırlar.
Musiqi beşiyi Qarabağda, Ağdamda dünyaya göz açan Oqtay müəllimdə anadangəlmə
musiqi istedadı özünü tez büruzə vermiş və atası Süleyman kişinin təkidi ilə bu istedadın çiçəklənməsi üçün o, musiqi məktəbinin tar sinfinə
qoyulmuşdur. İstedad tez
çiçəkləndiyi kimi, tez də
bəhrə verməyə
başlamışdır. Onun ifaçılıq məharətini görən
görkəmli bəstəkarımız,
Azərbaycanın Xalq
artisti, professor
Süleyman Ələsgərov
Oqtayı o vaxt rəhbərlik etdiyi Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna gətirtmiş, gənc ifaçı burada böyük bəstəkar
Səid Rüstəmovun
sinfində təhsil almış, xalqımızın
musiqi çeşməsi
olan muğamlarımızın
sirrini onların dərin bilicisi Əhməd Bakıxanovdan
öyrənmişdir. 1957-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirən O.Quliyev Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasına
qəbul olunmuş,
tar ixtisası üzrə
Səid Rüstəmovun,
dirijorluq üzrə isə Süleyman Ələsgərovun sinfində
təhsilini davam etdirmişdir. Konservatoriyanı bitirdikdən sonra
o, bir müddət xalq çalğı alətləri orkestrində
və musiqi məktəbində çalışmış,
1969-cu ildə təhsil
aldığı konservatoriyaya
xalq çalğı
alətləri kafedrasına
müəllim vəzifəsinə
dəvət olunmuşdur.
Burada müəllimlik fəaliyyəti
ilə bərabər geniş elmi-tədqiqat işi də aparmağa başlamışdır.
O, əsası dahi bəstəkarımız Üzeyir
Hacıbəyli tərəfindən
qoyulmuş xalq çalğı alətləri
orkestrinin şərəfli
yaradıcılıq yolu
haqqında namizədlik
dissertasiyası yazıb
müdafiə edərək
1978-ci ildə sənətşünaslıq
namizədi elmi dərəcəsinə layiq
görülmüşdür. Oqtay Quliyevin kamil ifaçı, tarzən kimi yetişməsində,
şübhəsiz, çalışdığı
xalq çalğı
alətləri orkestrinin
mühüm rolu olmuşdur. O, həmin
orkestrin keçdiyi yol haqqında 1980-ci ildə monoqrafiya çap etdirmişdir.
Oqtay Quliyevin mahir ifası musiqi sənətimizə necə
böyük töhfədirsə
müəllimlik fəaliyyəti
də təhsilimizə
belə bir ərməğandır. O, tar ixtisası
üzrə unudulmaz bəstəkarımız Səid
Rüstəmovdan sonra
professor adı alan ikinci sənətkarımızdır. Konservatoriyada çalışdığı 30 il ərzində onlarca, yüzlərlə tələbəyə tar sənətinin
sirlərini öyrətmişdir.
İndi onun yetirmələrinin səsi dünyanın bir sıra ölkələrinin
ən mötəbər
konsert salonlarından gəlir.
Oqtay Quliyevin musiqi metodikası sahəsindəki
xidmətləri də
əvəzsizdir. O, Süleyman Ələsgərovun tar ilə
orkestr üçün
konserti barədə kitabçanın, iki “Pyeslər məcmuəsi”nin müəllifidir. Azərbaycan bəstəkarlarının
tar konsertləri barədə
metodik vəsaitləri,
habelə musiqi məktəblərinin tar və
kamança sinifləri
üçün proqramları
çap olunmuşdur.
Onun ifasında vala yazılmış “Şur”, “Segah”, “Çahargah”,” Şahnaz”,
“Bayatı Qacar”, “Heyratı” muğamları
təkrarsız ifaçılıq
nümunələri olmaqla
bərabər, həm
də musiqi məktəbləri üçün
qiymətli metodik vəsaitlərdir. Bu “Muğam məktəbi” vallar seriyasından indi də orta
məktəb müəllimləri
geniş istifadə edirlər. Onun respublika mətbuatında
musiqi mədəniyyətimiz,
ifaçılarımız, bəstəkarlarımız və
onların əsərləri
barədə onlarca resenziya və məqaləsi çap olunmuşdur.
Bir çox musiqisevərlər
və musiqi mütəxəssisləri kimi
mən də Oqtay müəllim sənətinin vurğunu,
bu böyük istedadlı tarzənimizin pərəstişkarıyam. İndi
artıq səmimi, sıx, qarşılıqlı
münasibətə, ailəvi
dostluğa çevrilmiş
bu vurğunluq və rəğbət məndə hələ
1957-ci ildə Oqtay Quliyev Moskvada keçirilən Ümumittifaq
və Beynəlxalq müsabiqələrdə böyük
uğur qazanıb hər iki müsabiqənin
laureatı adına
layiq görüləndə
yaranmışdı. Onda
mən yenicə musiqi məktəbinin tar sinfinə gedirdim. Əslində məndə
musiqiyə, tara
həvəs və məhəbbəti də
o yaratmışdı. Oqtay
müəllimlə yaxından
tanışlığımız isə 1966-cı ildə Asəf Zeynallı adına Musiqi
Texnikumuna qəbul olunmağımdan sonra başlamışdır. O bizdən
bir qədər yaşlı nəslin nümayəndəsi idi. Texnikumu çoxdan bitirmişdi.
Ancaq bir ifaçı kimi həmişə bizimlə idi. O vaxt, yəni 1970-ci illərdə onun ifasinda məktəblilər
üçün buraxılan
vallardan geniş istifadə edirdik. Mən 1973-78-ci
illərdə konservatoriyada
oxuyanda isə o, artıq burada baş müəllim, dosent işləyirdi.
Mənə dərs deməsə
də onu özümə həmişə
müəllim hesab etmişəm.
1981-1984-cü illərdə tale bizi yenidən görüşdürdü. Mən
3 il onunla
çiyin-çiyinə konservatoriyada
xalq çalğı
alətləri kafedrasında
çalışdım. Elə
həmin illərdə
onun bir insan, bir sənətkar
kimi böyüklüyünü daha yaxından duyub, ona daha sıx
bağlandım. Bundan
sonra bizim münasibətlərimiz ailəvi
dostluğa çevrildi.
1984-cü ildə mən
Əli Bayramlı (indiki Şirvan) musiqi məktəbinə direktor təyin olunandan sonra da əlaqələrimiz kəsilmədi, dəfələrlə
məktəbimizə dəvət
edərək şagirdlərlə
görüşlərini keçirdim.
Sonralar həyat yolumuz yenidən yaxınlaşdı.
1992-ci ildən 1994-cü ilədək konservatoriyada
bir yerdə işlədik. O, kafedra müdiri idi, mənsə onun kafedrasında baş müəllim. 1994-2004-cü illərdə qardaş Türkiyənin zəngin ənənəli elm və
təhsil ocaqlarından
biri olan Qara Dəniz Texniki Universitetinin dəvəti ilə orada işləmiş, musiqi müəllimləri
hazırlayan fakültənin
professoru olmuşdur.
O, universitetdə dərs
deməklə yanaşı,
öz mahir ifası ilə tarı, onun ecazkar səsini türk qardaşlarımıza
sevdirmişdir.
Qardaş Türkiyədən
qayıtdıqdan sonra
Oqtay Quliyev 2004-2010-cu illərdə Azərbaycan
Milli Konservatoriyasında
tədris işləri
üzrə prorektor,
2010-cu ildən isə
xalq çalğı
alətləri kafedrasının
professoru vəzifəsində
işləmişdir.
Oqtay müəllimin musiqi sahəsində əməyi, nailiyyəti yüksək qiymətləndirilərək
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2 oktyabr 2007-ci il tarixli sərəncamı ilə ona “Əməkdar
incəsənət xadimi”
fəxri adı verilmişdir.
Mən, Azərbaycan
Milli Konservatoriyası
nəzdində Musiqi Kollecinin kollektivi adından görkəmli sənətkarımızı, dostumuz
və müəllimimiz
Oqtay Quliyevi 80 illik yubileyi münasibətilə təbrik
edir, ona möhkəm cansağlığı
arzulayıram.
Nazim KAZIMOV,
Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin direktoru,
Əməkdar incəsənət
xadimi, professor
Azərbaycan müəllimi.-
2018.- 21 sentyabr.- S.13.