Humanist pedaqogika həyatın
tələbidir
Onun qarşıya qoyulan missiyası cəmiyyət
üçün ləyaqətli nəsil yetişdirməkdir
ADPU-nun ibtidai təhsil fakültəsinin
dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm
xadimi Fərrux Rüstəmovun “Humanist pedaqogika, yoxsa
pedaqogikada humanizm?” adlı məqaləsi (“Azərbaycan müəllimi”
qəzeti, 27 oktyabr və 9 noyabr, 2017-ci il, ą41 və 43) öz
aktuallığı və orijinallığı
baxımından çox ciddi maraq kəsb edən bir
yazıdır. Müəllif dərin
elmi araşdırmalar nəticəsində araya-ərsəyə
gətirdyi məqaləsində
müasir Azərbaycan
pedaqogikaşünaslığının, o cümlədən
humanist pedaqogikanın nəzəri-praktik aspektlərini
çox zəngin elmi-pedaqoji ümumiləşdirmələr əsasında
tədqiq etmişdir. Azərbaycanda humanist pedaqogikanın
yaranma yollarını, onun təşəkkül və
formalaşma istiqamətlərini, başlıca ideya-nəzəri
tendensiyalarını “Humanist pedaqogika: problemlər, perspektivlər”
adlı məqaləsində də bu ideyanın müxtəlif
tarixi dövrlərin ab-havasından nəşət taparaq bu
günümüzə qədər gəlib
çıxdığını isbatlayan elmi müddəaları
ilə təsdiq edərək
belə bir münasibət də bildirmişdir: “Humanist
pedaqogikaya görə, müəllim hazır bilik verməməli,
əlaqələndirici, istiqamətləndirici, məsləhətçi
rolunda çıxış etməli, şagirdlərə
öyrənmənin yollarını öyrətməlidir”.
Tədqiqatçı-alim
Fərrux Rüstəmov bu təfərrüatlı məqaləsində
də Azərbaycan pedaqogikaşünaslığı üçün ciddi
bir sosial-mədəni çağırışın təməlini
qoymuşdur. Metodoloji prinsip baxımından
hansı dəyəri haqlı və obyektiv hesab etmək olar.
Humanist pedaqogika düşüncəsini, yoxsa,
pedaqogikada humanizm məfkurəsini? Məhz,
həmkarımızın bu problematik müddəalar kontekstindəki
fikir və düşüncələrinə hörmət əlaməti
olaraq məsələnin əsl mahiyyətinin pedaqoji əfkar
arasında birmənalı
qarşılanmadığını nəzərə alıb,
onun yaradıcı qüvvəsindən bir daha
faydalanmağın zəruri olduğunu mənalandırmağa
çalışdıq.
Humanist pedaqogikanın bir elm sahəsi olaraq pedaqoji prosesdəki
rolu danılmazdır. İndi cəmiyyətin sosial-mədəni
inkişaf parametrləri şəxsiyyətyönümlülük
baxımından dəyərləndirilir. Milli-mənəvi
dəyərlərimizə münasibət, yeniləşən,
modernləşən, ictimai proseslərə humanist meyillərin
gətirilməsi istiqamətində iş aparmaq ümumxalq və
ümumdövlət səviyyəli bir işdir. Yəni, hazırkı şəraitdə yeniləşən
cəmiyyət humanist prinsiplər əsasında inkişaf
etdiyi üçün - bu cəmiyyətin ayrılmaz tərkib
hissəsinə çevrilən məktəb həyatı,
müəllim fəaliyyəti də məhz, humanist dəyərlər
zəminində formalaşmağı zəruri edir.
Xüsusən, pedaqoji proses təcrübəsində insan (tələbə,
şagird) şəxsiyyətini formalaşdırmağın nəzəri-praktik
qanunauyğunluqlarını bilməklə bu elmin modernləşmə
imkanlarını reallaşdırmaq, insan-təbiət-cəmiyyət
vəhdətinin təmin olunması yollarındakı vəziyyətlərini
üzə çıxartmaq bu gün daha təkmil metod və
vasitələrdən də bu istiqamətdə
faydalanmağı zəruri edir.
Pedaqoji
prosesin canlı laboratoriyasına çevrilən məktəb
həyatında hər bir şagirdə humanist keyfiyyətlər
baxımından yanaşmaq indi hər bir müəllim fəaliyyəti
üçün önəmli iş sayılmalıdır. Böyüyən nəslin halallıq, sədaqətlilik,
cəfakeşlik keyfiyyətlərini təkmilləşdirməyin
elmi-metodik bazasını möhkəmləndirməyin
başlıca məğzi humanist addımların atılması
ilə nəticələnir. Təlim-tərbiyə
prosesi birmənalı olaraq humanist dəyərlər əsasında
qurulmalıdır. Bu işdə təhsilin məzmunu (tədris
planları, tədris proqramları, dərsliklər və s.)
müəllim-şagird münasibətləri, valideyn-müəllim
əlaqəliliyi, ictimai qurumlarla iş, təmas qurmaq prosesində
daha geniş və effektiv nəticələr üçün
şans yaradır. Ona görə də pedaqoji fəaliyyətin
bütün sahələrində-ali, orta ümumtəhsil, orta
ixtisas, ilk peşə-ixtisas, məktəbəqədər təhsil
sahələrində gənc nəslin humanist paradiqmalar zəminində
püxtələşdirilməsi imkanları təkcə rəsmi
sənədlərlə, göstərişlərlə yox, həmçinin,
elmi-tədqiqat yönümlü fakt və hadisələrlə
birmənalı olaraq müqayisə etməyə də imkan
yaradılmalı, bu sahədə məktəb humanizminə
xidmət edən pedaqoji proses təcrübəsi yeni, mükəmməl
metod və vasitələrlə zənginləşdirilməlidir.
Bu sahədə
qazanılan təcrübənin mübadiləsi, elmi-təfərrüatlı
analitik təhlillər aparmaq, yeni pedaqoji ideyalara dəstək
olan axtarışlar da sübut edir ki, humanist zəmində
qurulan bilik, bacarıq, vərdiş və mənəvi keyfiyyətlər
sistemi - indiki şəraitdə ailə və məktəb həyatına
dinamik təsir göstərməli, pedaqoji elmin bir qolu kimi -
insanlararası münasibətlərdə humanizm qayələrini
qoruyub, yaşatmalıdır.
Bu cəhətdən Prezident İlham Əliyevin
çıxışlarında da humanist dəyərlərin
qorunmasına aid qiymətli fikirlər vardır. Dövlət
başçısı Novruz bayramı münasibətilə
ümumxalq şənliyində iştirak edərkən
(18.03.2017) söylədiyi nitqində demişdir:
“Azərbaycan dövləti
möhkəm milli-mənəvi dayaqlar üzərində
qurulubdur. Biz öz mədəniyyətimizi,
incəsənətimizi, ana dilimizi, bayramlarımızı
qoruyuruq, yaşadırıq. İyirmi beş illik
müstəqillik dövrü onu göstərir ki, ancaq milli
köklər üzərində qurulmuş dövlətlər
uğur qazana bilər və o dövlətlərin gələcəyi
var. Azərbaycan dəyərləri, milli-mənəvi dəyərlərimiz
bizim üçün hər şeydən
üstündür.Şadam ki, gənc nəsil də bu ruhda, vətənpərvərlik
ruhunda, milli ruhda tərbiyə alır və bu gün vətən
sevən hər bir Azərbaycan vətəndaşı
haqlı olaraq vətəni ilə fəxr edir”.
Göründüyü kimi, gənc nəslin ideyalı,
səbatlı xarakterdə böyüdülməsi
yollarına xidmət edən bu dərin məzmunlu fikirlərdə
humanist keyfiyyətlərin şəxsiyyətyönümlü
məzmun kəsb etməsi birmənalı olaraq qəbul edilməlidir.
Humanist pedaqogika zamanın tələbidir, onun
qarşıya qoyulan missiyası - cəmiyyət
üçün ləyaqətli nəsil yetişdirməkdir. Bu məqsədlə
humanist pedaqogikanın elmi yenilikləri indi daha aktual məzmun
kəsb edir.
İlkin
olaraq onu qeyd edim ki, Azərbaycan
pedaqogikaşünaslığının təşəkkül
və inkişaf tarixində müstəsna əməyi olan tədqiqatçı-alim,
Əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun yetkin
vətəndaşlıq mövqeyindən, milli təəssübkeşlik
yönümündən yazılmış əsərlərinin
məktəb və pedaqoji fikir tariximizin və
ideologiyamızın möhkəmlənməsi və
intişarında diqqətəlayiq əhəmiyyət kəsb
etdiyini danmaq olmaz.
Onun elmi araşdırmalarının zəngin metodoloji
istiqamətləri pedaqogikanın möhkəmlənməsi
yolunda irəliyə atılmış uğurlu addımlardan xəbər
verir. Xüsusən, modern pedaqogikanın aktual problemləri
haqqında professorun pedaqoji mətbuatda, radio və televiziya
verilişlərində səsləndirdiyi novator fikir və
mülahizələrində olduğu kimi bu istiqamətli tədqiqatları
da pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanır.
Bu gün
yalnız tarixi təcrübəni ümumiləşdirmək
üçün yox, həmçinin
yaşadığımız zaman və gələcək
inkişaf tendensiyaları üçün məqbul strateji dəyərləri
müəyyənləşdirmək, bu sahədə zəngin
elm və təfəkkür qaynaqlarını üzə
çıxarmaq, gənc tədqiqatçıları pedaqoji
gerçəkliklərin həlli yolunda səfərbər etmək,
onları düzgün, akademik tərbiyə və təlim
yolu ilə formalaşdırıb
potensial qüvvələrindən
istifadə etməyi zəruri edir.
Bu gün
humanist keyfiyyətli, mütərəqqi
dünyagörüşə malik, vətənin yüksəlişi
naminə böyük nailiyyətlərə imza atan
böyüyən nəslin milli və ümumbəşəri
siqlətinə xidmət etməyin bariz nümunəsi olan
yüksək keyfiyyətli, dərin və hərtərəfli
biliyə malik olmağı özündə ehtiva edən
pedaqogika - məhz humanist mənəviyyata yol
açmağın, müstəqil və yaradıcı fəaliyyətə
qoşulmağın rəhni olaraq meydana gəlmişdir.
Həmin vacib keyfiyyətlərə uyğun elmi sistem
yaratmaq humanist ideyalara üz tutmaqla məktəb və müəllim
fəaliyyətini yeni, təkmil metodlarla zənginlşdirmək
bu gün pedaqoji fəaliyyətin məzmununu zənginləşdirir,
insan-təbiət-cəmiyyət vəhdəti yolunda
yaxşı insan formalaşdırmağın fəlsəfəsini
də öyrənməyi zəruri edir. Humanist pedaqogika prinsiplərindən
istifadə yolu ilə modul təlimlərə keçid
prosesində, böyüyən nəslin bu tipli tədris
ocaqlarındakı qayğı və hərtərəfli
güzəştlərlə əhatə olunması da onu deməyə
əsas verir ki, bu iş ümumxalq və ümumdövlət
səviyyəli bir məsələ kimi bütün pedaqoji və
elmi ictimaiyyətin diqqətini cəlb edir.
Bu gün humanist pedaqogikanın tətbiqi istiqamətlərində
yüksək metodoloji yanaşmalar artıq öz
reallıqlarını göstərməkdədir. İstər problemin
tarixi-pedaqoji aspektləri, istərsə də onun ictimai-sosial
məzmunu, pedaqoji proses təcrübəsi üçün əhəmiyyətliliyi,
yeni modern təhsil inkişafı üçün zəruriliyi
nəzərə alınır. Bu problemin istər
mənəvi, istər psixoloji, istər pedaqoji və istərsə
də fəlsəfi mahiyyəti nəzəri cəhətdən
geniş elmi araşdırmalara yol açır, məsələnin
ictimai dəyərlərini artırır.
Böyük
psixoloq, akademik Şalva Amonaşvilinin geniş mündəricəli
maarifləndirici iş prosesində humanist pedaqogikanın nəzəri
sistemi ilə tanışlığın özü də
göstərdi ki, tədqiqat bazası olaraq orta ümumtəhsil
müəssisələrində yeni yaradılan humanist
pedaqogika mərkəzlərinin mövcudluğu, assosiasiya mərkəzlərinin
yaradılması istiqamətində ilkin addımlar çox
uğurlu təsir bağışlayır. Xüsusən, Təhsil
İnstitutu əməkdaşlarının humanist pedaqogika
ideyalarının təbliği yolunda təşkil etdikləri
elmi-praktik konfransların, nəzəri seminarların, praktik
görüşlərin keçirilməsinə verdikləri töhfə böyükdür. Bir məsələni də qeyd edək ki, problemin tədqiqi
prosesində ciddi elmi axtarışlar aparmaqla məsələnin
digər bir tərəfi də üzə
çıxarılmışdır. Demək
olar ki, ölkə alimləri arasında “Humanist pedaqogika”,
yoxsa “Pedaqogikada humanizm” dilemması istiqamətində də
ciddi müzakirələr gedir.
Bu cəhətdən Fərrux
Rüstəmovun
araşdırmaları daha çox diqqət tələb
edir.
Lakin problemin bu şəkildə qoyulması metodoloji
baxımdan dəqiq araşdırılmalıdır. Elm ilə fənnin
məzmunu arasındakı oxşar və fərqli cəhətlər
müəyyənləşdirilmiş qanunauyğunluqlara,
konseptual nəzəriyyələrə istinadən
qurulmalıdır.
Böyük
pedaqoq K.D.Uşinski yazırdı: “Heç bir nizamnamə və
proqram, heç bir müəssisənin süni orqanizmi tərbiyə
işində müəllim şəxsiyyətini əvəz
edə bilməz”.
Şübhəsiz ki, humanistləşdirmə bu gün
həyatın ən ümdə tələbidir. İndi hər
bir ölkənin maddi qüdrəti təkcə onun
maddi-texniki bazası, elmi-texniki tərəqqi imkanları ilə
deyil, həm də sabaha mənzərə açan milli və
mənəvi dəyərlər sisteminə sahib
çıxması ilə də bağlıdır.
Böyük mütəfəkkir, dünya elminin tarixi
missiyasını böyük kəşfləri ilə təəccübləndirən
Albert Eynşteyn vaxtilə yazırdı: “Bəşəriyyətin
gələcəyi elmi tərəqqinin sabahından bir o qədər
asılı deyil, insanı əxlaqın və mənəviyyatın
sabahkı mənzərəsindən asılıdır”. Məhz bu nöqteyi-nəzərdən humanistləşdirmə
ideyası ta qədimlərdən indiyə qədər iki mənada
- həm fəlsəfi, həm də pedaqoji mənada işlədilmişdir.
Fəlsəfi mənada humanizm-insanın ləyaqət və
hüquqlarına hörməti, şəxsiyyət kimi onun
qiymətliliyini, insanların rifahı, onların hərtərəfli
inkişafını, ictimai həyatda insan üçün əlverişli
şərait yaradılması haqqında qayğını
ifadə edən baxışlar sistemi kimi cərəyan edən
münasibət tərzidir. Yəni, insan təbiətində,
xarakterində təzahür edən humanist cəhətlər,
meyillər bilavasitə başqalarına münasibətdə özünü
büruzə verir. İntibah dövrünün
böyük humanistləri Petrarka, Dante, Bokkaço, Leonardo da
Vinçi, Rotterdamli Erazm, Bruno, F.Rable, Monten, Kopernik,
U.Şekspir, F.Bekon və b. insanı, bəşəri
ideyaların təməldaşları olmuş, mütərəqqi
baxışlarında insan şəxsiyyətinin
azadlığını bəyan etmiş düşüncələrlə
insanlığa, insanlıq fəlsəfəsinə xidmət
etmişlər.
Eləcə
də Azərbaycan ictimai fikrində əsası Nizami Gəncəvi
tərəfindən qoyulan humanizm ideyaları etik və sosial məzmun
daşıyan poetik düşüncə yolu ilə insan təbiətinə
humanistləşdirmə keyfiyyətinə xidmət edən
dostluq, sədaqət, etibarlılıq, ədalətlilik, səxavətlilik
kimi ictimai məfkurəyə çıraq tutan bədii-estetik
fikir yeniliyi bəxş etmişdir. Sonrakı tarixi dövrlərdə
fəlsəfi mənada başa düşülən humanistləşdirmə
ideyaları (humanizm) N.Tusi, S.Urməvi, M.Füzuli, İ.Nəsimi,
M.F.Axundzadə, A.A.Bakıxanov (Qüdsi) və digər mütəfəkkir
şair və yazıçıların əsərlərində
geniş halda təsbit olunmuş ideya
yaradıcılığına çevrilmişdi.
Pedaqoji mənada humanistləşdirmə isə təhsilin
məzmunu ilə bağlı olmuş, sinfi mübarizələr
tarixində uşaqlara insani normalar əsasında münasibətləri
tənzimləyən məqsədyönlü fəaliyyət
sahəsini özündə ehtiva etmiş pedaqoji fakt kimi
dünyəvi status almış, nəcib keyfiyyət
daşıyıcısı missiyasına xidmət etmişdir.
Yəni
bu gün pedaqoji mənada humanistləşdirmə dedikdə -
hər bir uşağa cəmiyyətin ali
sosial sərvəti kimi baxılması, onun şəxsiyyətinə
diqqətin gücləndirilməsi, yüksək mənəvi,
estetik və fiziki keyfiyyətlərə malik vətəndaşların
formalaşdırılması kimi başa
düşülür. Deməli, pedaqoji proses təcrübəsində
humanistləşdirmə hər bir tədris fənninin vacib vəzifəsi,
ideya istiqaməti, əldə əsas tutulan başlıca tələblər
sistemidir.
Konkret
olaraq ona nail olmaq lazımdır ki, hər bir müəllim bu
dəyərli irsdən yaradıcılıqla bəhrələnsin,
həmçinin bu irsin nadir incilərini mühafizə edib,
ağıl və idrak, tədris və səriştə
(kompetensiya) müstəvisinə gətirməklə, yeni mənəvi
yaddaşlarla qoruyub saxlamaqla öz istedadı və
bacarığı səviyyəsindən öyrənib dərk
etsin. Məhz özündən sonrakı nəsli də bu
ruhda təhsilləndirici parametrlərə qovuşdursunlar.
“Humanist pedaqogika, yoxsa pedaqogikada
humanizm?” mükaliməsi özlüyündə oxucuya tam təsəvvür
verən anlamdır. Birmənalı olaraq humanist
pedaqogika var və özü də hamı üçün
elmdir. Humanist pedaqogika pedaqoji mənada belə başa
düşülür: milli və bəşəri dəyərlərə,
o cümlədən respublikamızın reallığına,
keçmiş humanist irsimizə, etik və mənəvi
keyfiyyətlərimizə, görkəmli mütəffəkirlərimizin,
söz-sənət bilicilərimizin humanist fikirlərinə əsaslanaraq
müvafiq qanunauyğunluqlar üzə çıxarma, habelə
digər ölkələrin faydalı humanist fikir və təcrübəsinə
biganə qalmayan elm sahəsi.
Professor Fərrux
Rüstəmovun “Humanist pedaqogika, yoxsa pedaqogikada humanizm?” məqaləsində
təzahür tapan məsələləri bir daha sərf-nəzər
etməklə belə bir qənaətə gəlmək olur
ki, məqsəd baxımından humanist pedaqogika
davamlılığı, elmliyi, ardıcıllığı,
sistemliyi ilə fərqlənən elm sahəsidir. “Bu səbəbdən də onun bütün
problematik məsələləri, nəzəri və praktik
aspektləri anlayışlar səviyyəsində cərəyan
edir və şüura əsaslanır. “Pedaqogikada humanizm” isə
fənn tədrisi məzmununda olub, cərəyan etdiyi yerdən
asılı olmayaraq müəllimin (tərbiyəçinin) fəaliyyət
və ünsiyyət prosesində fərdi və ictimai
münasibətləri düzgün dərk etməsi, yüksək
mənəvi davranış təcrübəsinə, humanist və
demokratik rəftar tərzinə sahib olması mənasında
başa düşülməlidir.
Pedaqogikada humanizm isə - pedaqoji prosesdə həm təhsilin
məzmununda, həm də müəllimin şagirdlərlə
(tələbələrlə) ünsiyyətində,
davranış və rəftarında insani keyfiyyətlərin
göstərilməsi təcrübəsinin müəyyən
ideyalar əsasında nizamlanması, qaydaya salınmasına
yiyələnməkdir.
Məhz bu yönümdən humanist pedaqogikanın elmi əsaslarını bilməklə, onun tədqiqat sahəsi olan pedaqoji proses təcrübəsini də daima humanist keyfiyyətlərlə zənginləşdirmək olar.
Vidadi
BƏŞİROV,
Azərbaycan Dillər
Universitetinin pedaqogika
kafedrasının dosenti, pedaqogika
üzrə fəlsəfə doktoru
Azərbaycan müəllimi.- 2018.-
21 sentyabr.- S.10.