Ucqar kəndlərin maarifçiləri
Onlar üçün müəllimlik
bir missiyadır
Qubanın ucqar dağ kəndi Xınalığın gənc müəllimləri Rüfanə və Natiq, İsmayıllı rayonunun İstisu kəndinin ibtidai sinif müəllimi Şahid, Şamaxının dağ kəndi, mərkəzdən 30 km. aralı Ərçiman məktəbində dərs deyən Şahsuvar və Tehran, Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin müəllimi Ehtiram, Ağsu rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səridə, Lerik rayonunun ucqar kəndlərindən birində işləyən Mahmud, Masallının Təklə kəndində bu tədris ilindən müəllimliyə başlayan Günel və onlarla azərbaycanlı gənci bir keyfiyyət birləşdirir: fədakarlıq. Onlar sevdikləri müəllimlik peşəsinin vurğunlarıdır. Bu onların özünün seçdiyi yol, özlərinə yazdıqları qədərdir. Bu qədəri yaşaya-yaşaya sıralarını da artıracaqlar.
Gənc fədakarlar
Onların hər biri bir cür fədakardır. Biri Cəlil Məmmədquluzadənin həyatını oxuyandan sonra, başqası Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərindən ilhamlanıb, bu yolu gedəcəklərinə qərar veriblər. Məsələn, Şəmkir rayonu Nərimanlı kənd məktəbinin kimya müəllimi Gülnar Əhmədovanın həkim, yoxsa müəllim olacağı ilə bağlı tərəddüdlərinə Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı, onun əsasında çəkilən film son qoyub. O da əsərdəki baş qəhrəman Fəridə kimi olmaq istəyib. Bütün çətinliklərə baxmayaraq, ucqar yerlərə, kəndlərə gedib təhsildən uzaq düşən uşaqları maarifləndirmək niyyətindədir.
Cəlil Məmmədquluzadənin həyatından örnək götürüb müəllimliyə dağ kəndlərində başlayan gənclərin üstünə bəlkə Mirzə Cəlilə atılan palçıqdan atılmayıb. Məktəbdən yayındırmaq, yolundan qaytarmaq istəyən olmayıb. Ancaq onların da yoluna başqa problemlər çıxıb.
Gənc müəllim Şahid Muradlı “Mirzədən saçılan işığın sirri onun geyimindən öncə beynindən, xalqının gələcəyi üçün ortaya qoyduğu ürəyindən qaynaqlanırdı”, - deyib, öz ürəyindəki mübarizə həvəsini ortaya qoyub. Təkcə Şahiddirmi? Ölkədə Mirzə Cəlilin həyatındakı bu kiçik epizoddan həvəslənib, günümüzdə müxtəlif çətinliklərə baxmayaraq, oxumaq eşqi sönməyən ucqar kənd insanının yanında olmağa tələsənlər ordusu yetişməkdədir.
Fədakar insanlara hər zaman hörmət, sevgi duyulub, onlar daim əl üstündə tutulub. Yəqin ona görədir ki, belələrinin etdiyini hər adam bacarmayıb. Söhbət peşəsini sevməkdən və onu ən yaxşı şəkildə icra etməkdən başqa, həm də ən çətin şəraitdə sevməkdən və sevdirməkdən gedir.
Ucqar kənd məktəblərinin gənc müəllimləri də məhz bu yolu tutublar. Seçdiyi peşəsini sevib-sevdirməyə ən çətin şəraitdən başlayıblar. Aralarında ali məktəblərə qəbul imtahanlarında 500 və daha çox bal toplayıb məhz müəllimliyi seçənlər də var, tələbəliyin 3-cü kursuna çatanda ən yaxşı müəllim olmağa qərar verənlər də.
Maraqlıdır ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarında da əksəriyyəti əyalət üçün tələb olunandan çox yüksək bal toplayıb və sadəcə rayonu deyil, onun ən ucqar kəndini seçiblər. Bir rayonun hər cəhətdən təmin olunmuş müasir məktəbini deyil, dörd divardan başqa heç nəyi, şagirdi belə tək-tək olan məktəbində dərs demək istəyiblər. Məsələn, fizika müəllimi olan Rüfanə Rzayeva Xınalığa 3 il əvvəl Oğuzdan gəlib. Evlərinə gedib-gəlmək bütöv bir günü aldığından ailəsini ildə bir neçə dəfə görə bilib. Nə bu həsrət, nə Xınalığın sərt hava şəraiti onu müəllimlikdən çəkindirməyib. 9 kənddən 340 şagirdin təhsil aldığı internat tipli Xınalıq orta məktəbində dərs deyib.
Onlar müəllimliyə
sevdalandılar
Bir peşədə fədakar olmaq üçün onu sevmək lazımdır. Onlar danışdıqca hiss olunur ki, müəllimlik ən uca amalları, sevdalarıdır. Elə Narıngülü götürək. Əsasən, avarların yaşadığı kənddə heç bir çətinlik yaşamadığını deyən gənc müəllim üçün yeganə narahatlıq dərsinin az olmasıdır: “Həftədə 5 saat dərsim var. Maaşları vaxtında alırıq. Ancaq dərs saatım az olduğuna görə, maaşım da azdır. Yaxşı ki, maaşdan əlavə həvəsləndirmə olaraq, 60 manat pul alıram. Bu, vəziyyətdən çıxmağıma kömək edir. Dərsim az olsa da, işləməyə həvəsim çoxdur. Peşəmi çox sevirəm. Gələcək üçün hələlik bir planım var: peşəkar müəllim olmaq!”.
Günel Osmanova Qazaxdan ta Masallıya müəllimlik etməyə gəlib. Rayon mərkəzindən 20 km. uzaqda yerləşən Təklə kəndində ibtidai sinif müəllimidir. Artıq bir neçə aydır işləməsinə baxmayaraq, çox sevilir: “Müəllimlik mənim üçün əvəzsiz bir peşədir. Bizim rayonda bu peşəyə xüsusi maraq var. Hamı qızını müəllim kimi görmək istəyir. Ona görə də ətrafımda müəllimliyə xüsusi nəzərlərlə baxanlar çoxdur. İşimi çox sevirəm. Müəllim olmaq üçün sadəcə təhsilim kifayət etməyib. Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlarda uğur qazana bilmək üçün öz üzərimdə işləməli oldum. Artıq müəlliməm və çox xoşbəxtəm. Deyəsən, bu hisslərim uşaqlarıma da təsir edir. Uşaqlarla işləməyi çox sevirəm. Dərsdə yeniliklər etməyə çalışıram. Hər dərsi maraqlı etmək üçün nəsə fikirləşirəm. Masallıya gələndə mənə sadəcə otaq verdilər. İndi bura sadəcə bir otaq deyil, uşaqlarımın rəngarəng dünyasıdır”.
Azərbaycan
müəlliminin yeni obrazı
Dizlərində güc, ürəklərində təpər olduqca, onların hər biri qaranlıqda işıq saçan, çarəsizlikdə yol göstərən olacaq, xəstəyə loğman, xəstəliyə dərman kimi tanınacaqlar. Müəllimliyin bu əzəli obrazı indi müasir müəllimlərdədir. Onlar həm müəllimə aid edilən ənənəvi xüsusiyyətlərə, həm də müasir müəllimdə tələb olunan yeni keyfiyyətlərə sahibdirlər. Yeni standartları bilir, sosial şəbəkələrlə işləməyi bacarır, müasir dərs metodlarından istifadə edir, əyləndirərək öyrədirlər. Ucqar kəndin köhnə məktəbində müasir dərs metodları tətbiq edərək köhnəlikdən yeniliyə körpü salır, cahil həyatdan inkişaf etmiş dünyaya pəncərə açırlar.
Köhnə xüsusiyyətlərlə yeniliyin birləşməsindən ortaya çıxan bu yeni müəllim surətini hamı sevib. Bu sevgi sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində əks-səda doğurub, hətta müsabiqələrdə qalib olub.
Sosial şəbəkədə
məşhurlaşdılar
Onlara sevgi məhdud dairədən başlayıb, qısa müddətdə bütün ölkəyə yayılıb. Ucqar kənd məktəbinə gedənlər əvvəlcə məktəbdə, sonra kənddə, daha sonra rayonda tanınıb. Gənc müəllimlərin əksəriyyəti dərsə başladıqları ilk gündən barələrində söz açdırmağa nail olublar.
Onlardan biri 26 yaşlı Həbib Əlizadədir. Dünya təcrübəsində
tətbiq edilən bir metodu Lənkəranın dağlıq Gəgiran
kənd məktəbində uğurla icra edir. O,
uşaqlara qoşulub rep deyir. Özü də
tarixdən.
İsmayıllı rayonunun İstisu kəndində
ibtidai sinif müəllimi olan Şahid Muradlı isə sosial
şəbəkədə “Özündən başla” layihəsi
ilə məşhurlaşıb. Qələm
tutmağı, hərf, işarə yazmağı yenicə
öyrənən azyaşlılara həm də “özündən
başlamağı” öyrədən müəllim yeniliyi ilə
tanınıb. Uşaqların öyrənmə
həvəsini artırmaq, işinin effektini qaldırmaq
üçün müasir müəllimin öz yolu var.
Maraqlıdır, o yol hansıdır? Hələ
məktəbə alışmayan, valideyni üçün dərsdə
bir neçə dəfə ağlayan gözləri nə ilə
güldürmək, o gözləri qapıdan necə çəkmək
olar? Körpə ürəklərə
sinfi doğmalaşdırmaq üçün kiçik əllərə
rəngli qələm və dəftərdən əlavə nə
vermək olar? Bir gənc müəllimin
kağızı belə yenicə boyamağı öyrənən
şagirdlərinə sinif otağını, oturduğu
partanı rənglətdirməkdə məqsədi nə ola bilər? Müəllimin cavabı belədir:
“Müəllim olaraq, sinif otağının əlverişli
mühiti məni düşündürüb. Ölkə
müəllimləri və sosial şəbəkə istifadəçiləri
tərəfindən maraqla qarşılanan “Özündən
başla” layihəsini də beləcə fikirləşdim.
Sinif otağını şagirdlərimlə bərabər
boyadıq. Bu yolla onlara məktəbin bizim ikinci evimiz
olduğunu hiss etdirmək istəyirdim. Otaqlarını
öz dünyalarındakı rəngarəngliyə uyğun
boyayaraq, həm əylənəcək, həm də öz
işlərinin bəhrəsini özləri qoruyacaqdılar.
Belə də oldu”.
Problemi həll etməyə
özündən başlayan müəllimlər
Müasir müəllim problemlərdən
danışmır, o, problemləri həll edir. Giley-güzar,
qeybət, söz-söhbət onun işi deyil. Getdiyi hər yerə yenilik aparır,
gördüyü dərdə çarə axtarır.
Şahid Muradlının da yuxarıda barəsində
danışdığımız layihəsi onun
özünün bu məqsədə sadiqliyini göstərir:
“Qarşılaşdığı hər çətinlikdən
şikayətlənən, ətrafında olan problemləri
qabardan insanlara sosial mesaj vermək istədim: “Dünyanı rəngarəng
etmək istəyirsənsə, özündən başla”.
Bir
sözlə, uşaqların öz əli ilə
dünyasını rəngləndirən müəllim bir
layihə ilə bir neçə hədəfə nail olub: həm
sinif otağının problemini həll edib, həm
uşaqları əyləncəli bir şəkildə
kollektiv işə istiqamətləndirib, həm də bundan
sonra uşaqların divarlara, partalara zərər yetirməsinin
qarşısını alıb.
Natiq Məlikov isə öz rayonunda - Qubada
coğrafiyanın tədrisindən narazı olduğu
üçün bu ixtisası və peşəni seçib. Necə deyərlər,
öz əyalətinin əmək bazarını,
çatışmazlığını nəzərə
alıb, zəifliyini aradan qaldırmaq üçün
çıxış yolu olaraq, özündən
başlayıb.
Ucqar kənd məktəblərinin problemini bilən və
bunu həll etməyə çalışanlar arasında
Ərçimandakı müəllimləri də unutmaq olmaz. Sumqayıt
sakini Şahsuvar Məmmədov kimya ixtisası üzrə
Şamaxının Ərçiman kəndində dərs
deyir. Ucqar kənd məktəbində 9
illik müəllimlik təcrübəsi var. Bundan əvvəl
də Yardımlının Horavar kəndində işləyib.
Ərçimana riyaziyyat müəllimi Tehran Dadaşov
Qubadan, tarix müəllimi İsmayıl Hacıyev isə
Bakıdan gəlib. Hər ikisinin ucqar kənd məktəbində
ilk təcrübəsidir. Rayon mərkəzindən
30 km. aralıda dərs deməyə onları problemləri həll
etmək istəyi aparıb. Hesab edirlər
ki, Təhsil Nazirliyinin ucqar kənd məktəblərində
işləyənlər üçün ödədiyi əlavə
vəsait onlara bu arzularını yerinə yetirməkdə
çox böyük dəstəkdir.
Problemi vaxtında görüb, onu düzgün qiymətləndirib,
çıxış yolu axtaran gənc müəllimlər dərsdə
ona lazım olanları təşkil etmək üçün
nə mümkündürsə edir. Bu da onu göstərir
ki, Azərbaycanın gənc müəllimləri problem həll
edərkən nədən başlayacağını, hansı
məsələni necə həll edəcəyini bilir.
Bu minvalla da onun yeni obrazı meydana çıxır: həlledən.
Məsələn, Lerik rayonu Lərmərud kənd
orta məktəbində idman zalı var, amma orada
avadanlıqlar yoxdur. Məktəbin gənc müəllimi
Seymur İbrahimov, sizcə, buradan necə
çıxış yolu tapıb: “Avadanlıqlar yoxdursa, bu, o
demək deyil ki, mən dərs keçməyəcəm. Bizə avadanlıqlar olmadan da dərs keçməyi
öyrədiblər”.
Bəs, necə? Dərsə isinmə hərəkətləri ilə
başlayır, sonra: “Əgər dərsimiz yuxarı ətraf
əzələlərinin inkişaf edirilməsidirsə, bizə
turnik lazımdır. Turnik yoxdursa, bunu başqa hərəkətlərlə
əvəz edirəm. Məsələn,
qolların bükülüb-açılması hərəkətini
edirik. Əvəzləyə bilməyəcəklərim
avadanlıqları isə əldə etməyə
çalışıram. Artıq toplar, şahmat dəstləri
və s. idman avadanlıqları təşkil etmişəm. Zala 40 ədəd tatami (idman döşəyi) gətirmişəm.
Bundan başqa, uşaqları dərsdə
mütləq nəzərə alıram. Tutaq
ki, yorğundurlarsa, onlarla estafet oyunlar təşkil edirəm.
Belə oyunlar həm uşaqları əyləndirir,
həm də fiziki göstəricilərini artırır.
Estafet oyununun keçirilməsində fərqli
metod yaratmışam. Bundan başqa,
uşaqlara idmanın nəzəriyyəsindən də suallar
verirəm. Bu da onların həm fiziki
göstəricilərini, həm də idman haqqında
dünyagörüşlərini artırır.
Kim sevirsə idmanı...
idmanı sevdirən müəllim
Seymur
İbrahimovun fikrincə, fiziki tərbiyə fənninə
çoxları, hətta başqa fənn müəllimləri
biganə yanaşır: “Halbuki uşaqların fiziki tərbiyə
dərslərinə ehtiyacı daha çoxdur. Uşaqlar
3-4 dərsə girdikdən sonra yorulurlar. Niyə?
Çünkü uşaq gün ərzində
yığdığı kalorini itirmir və beləcə,
fikirlərini dərsə yönəldə bilmir. Yəni, uşaqların oxuduğunu mənimsəməsi
üçün fiziki tərbiyə zəruri sayılır.
Ən əsası, bizə sağlam nəsil
lazımdır”.
Məktəblərdə
fiziki tərbiyə dərslərinin əhəmiyyətindən
danışan Ağsu rayon Qaraqoyunlu kənd orta məktəbinin
gənc müəllimi Nuray Mehrəliyev şagirdlərinin
idmanda uğurlarına artıq nail olanlardandır: “Ölkəmizdə
idmana xüsusi qayğı var. Təhsil Nazirliyi də
idmanın kütləviləşməsi istiqamətində
ardıcıl tədbirlər görür. Bu məsələdə
mənim kimi fiziki tərbiyə müəllimlərinin üzərinə
böyük iş düşür. Kurikulum
sistemi də imkan verir ki, fiziki tərbiyə dərslərini
daha da maraqlı, əyləncəli, cəlbedici edək.
Mən həm müəllimliyi sevirəm, həm
idmanı. İki il sərbəst
güləşlə məşğul olmuşam. Müxtəlif nəticələrim də var. Lakin
sol ayağımdan ağır zədə aldığım
üçün ixtisasımı dəyişərək,
voleybolu seçdim. Bu idman növü üzrə birinci
dərəcəli hakim adına layiq
görüldüm. Bu idman sahəsində də
bacarıqları necə inkişaf etdirəcəyimi bildiyimin
nəticəsidir ki, müəllimi olduğum Ağsu rayon
Qaraqoyunlu kənd orta məktəbinin “Turan” voleybol komandası
rayon birinciliyini qazanaraq, kuboku məktəbimizə gətirdi”.
“Müəllimlərdə mütləq
olacaq”
- hər dərdə
çarə müəllim
Bir
zamanlar kim hansı suala cavab tapmayanda,
müəllimdən soruşurdu. “Müəllimdir,
bilər” deyib ixtisasının nə olduğu ilə
maraqlanmazdı da. Nə fərqi var ki, hansı
ixtisasa yiyələnib. Əsas odur ki,
müəllimdir. Müəllim də
sualın altında qalmaz, mütləq bir fikir söyləyər,
o fikir birmənalı olaraq qəbul edilərdi. “İndi zaman dəyişib”, - deməyin. Ucqar kəndlərdə indi də belədir. Müəllimlərlə bağlı bu təsəvvür
hələ də qalır. Müəllimin
hörməti də, nüfuzu da elə öz yerindədir.
Bunu ucqar kəndin gənc müəllimləri
müşahidə edib. Qubanın Zeyid kəndində dərs
deyən Gülşən kəndlə şəhəri belə
müqayisə edir: “Şəhərdə hazırlıqla məşğul
olmuşam, təcrübə vaxtı da uşaqlarla işləmişəm.
Amma şəhər uşaqlarında o həvəs,
müəllimə hörmət, emosional hisslər qalmayıb.
Hər şey adiləşib. Kənddə uşaqlar daha təmiz, daha
inamlıdırlar. Şəhər məktəblərində
müəllimlə anlaşılmazlıqlar çox olur.
Burada isə o cür problemlərlə üzləşmirik.
Kənd mühitində dərs deməyin çətinliyi
odur ki, valideynlər təhsilsiz olduğuna görə
uşağa evdə kömək edən yoxdur”.
Bu saf
münasibəti əhalidə də hiss edən Gülşənin
sözlərinə görə, kimə hansı dərman
lazım olsa, məhz kəndin gənc müəlliminə
üz tutur, “Müəllimdə mütləq olacaq”, - deyirlər.
Bu da müasir Azərbaycan müəlliminin
yaratdığı daha bir obraz. Xəstəyə
loğman, xəstəliyə dərman ola
biləcək bir kənd müəllimi obrazını
Gülşən Yolçubəyli Zeyid kəndində
yaradıb. Azərbaycanın ayrı-ayrı
ucqar nöqtəsində bu cür gənc müəllim
çoxdur.
Erkən nikah onların ortaq
“problemi”dir
Özü
çətinliklə oxuyub, çətinliklərə sinə
gərərək ailəsindən uzaqda müəllimlik edən
24 yaşlı gənc müəllimi - Gülşən
Yolçubəylini narahat edən səbəb, əslində,
ölkəni narahat edir: “Çalışdığım kənddə
qızlar çox erkən evlənir. Məktəbin
yuxarı siniflərində qızlar artıq
nişanlıdırlar. Hətta vəziyyət
elə səviyyədədir ki, on birinci sinifdə oxuyan və
hələ də nişanlanmamış qıza birtəhər
baxırlar. Bu, məni çox
üzür”.
Müəllimlərin mərkəzləşdirilmiş
işə qəbul imtahanlarında yalnız ucqar kənd məktəblərindəki
vakansiyaları seçən gənc müəllim indi qız
şagirdlərini özü kimi taleyi ilə
barışmamağa inandırmaq istəyir. Hər dərsin
10-15 dəqiqəsini onlarda mübarizə ruhunu
qaldırmağa həsr edir.
Söhbət hər sinifdə 2-3 şagird olmaqla cəmi
17 şagirdi olan gənc müəllimdən gedir. Ancaq bu rəqəmə
baxıb pessimizmə qapılmır. Cəhalətdən
bircə qızı xilas etsə də, kardır. Odur ki,
böyük əzmlə dəniz səviyyəsindən 2236
metr hündürlükdə, 150 nəfərlik bir kənddə,
xəstəyə dərman tapmağa, qızlara ümid
olmağa çalışır. O, bilir ki, bu mübarizədə
tək deyil. Çoxlu gənc müəllim
onunla eyni cəbhədə döyüşür. Gədəbəydə doğulub, Bakıda
böyüyüb, Qubaya müəllimlik etməyə yollanan Xəyalə
kimi. Qəçrəş kənd məktəbində
“Tarix” fənnini tədris edən Xəyalə Əsgərli də
cəhalətlə savaşda onunla çiyin-çiyinədir.
Qızların erkən nikaha marağının olması əvvəlcə
onu təəccübləndirib: “11-ci sinifdə universitetə
yalnız 2 qız hazırlaşır. Bu vəziyyəti
dəyişmək üçün əlimdən ancaq
yaxşı müəllim olmaq gəlir. Ən
yaxşı müəllim, məncə, şagirdlərin
sevdiyi müəllimdir. Müəllim
şagirdlərin sevdiyi olmalıdır ki, üzərlərində
təsir qüvvəsi olsun və lazım gələrsə, təhsil
almaq hüququ əllərindən alınanda, mübarizəyə
onların özünü də qoşa bilsin. Mən də buna çalışıram”.
Ağsu
rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili
və ədəbiyyat müəllimi Səridə Quliyeva deyir
ki, dərs dediyi məktəb ucqar kənd məktəblərindən
seçilsə də, burda da erkən nikah probleminin olması
onu narahat edir: “Ən böyük problem şagirdlərimi tələbə
bileti ilə görmək varkən, gəlinlikdə görməkdir.
Amma burada oxumaq istəyən oxuyur”.
Ucqar kənddə müasir dərs
Ölkədə tədris standartları dəyişib. Yeni metodlarla dərs
keçən müəllim ölkənin ən ucqar nöqtələrində
də var. Elə deyək sosial şəbəkə fenomeni Həbib
müəllimi. Onun dərsi, adətən, müzakirə
müstəvisinə çevrilir: “Dərslərdə debat təşkil
edirik. Hər iki tərəf fikir
yürüdür və hər hansı məsələnin həll
yolları müzakirə olunur. Yəni
şagirdlər özünüifadəni öyrənir. Müasir təhsil sisteminin əsas məqsədlərindən
biri də məntiqi və tənqidi düşüncənin
inkişaf etdirilməsidir”.
Müasir kənd müəlliminin dərsi 45 dəqiqə
ilə məhdudlaşmır. O, bütün gün ərzində
şagirdlərlə təmasdadır. Həbib
müəllim də həmin kənd müəllimlərindəndir.
Dərsdə öyrədir, tənəffüslərdə
uşaqlarla vaxt keçirir, birgə oyunlar təşkil edir,
çay içir, gəzintiyə gedir və s. Onun fikrincə,
uşaqlarla birgə təşkil edilən hər tədbir tədrisin
tərkib hissəsidir.
İmişlinin Sarıxanlı kənd 2 nömrəli
tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat
müəllimi Elnur Həsənov da Həbib müəllimdən
geri qalmır.
O, keçdiyi dərsin fərqini belə izah edir: “Biz təkcə
informasiya ötürmürük, həm də mövzuya
yaradıcı yanaşma istəyirik. Buna görə
də dərsi daha yaxşı qavramaları üçün
şagirdlərə mövzu ilə bağlı kiçik esse
yazmağı tapşırıram. Yazı
yazdıqca şagirdlərin fikrini çatdırmaq, mühakimə
etmək və səlis nitqlə danışmaq
bacarığı da artır”.
Həbib
müəllim kimi, Elnur müəllim də dərsdə
diskussiya yaradır: “Şagird gözləmir ki, əlini
qaldırıb löhvə qabağına gəlsin və dərsi
danışsın. Biz dərs müddətində
hamımız mövzunu müzakirə edirik. Hamımız sual da veririk, cavab da alırıq”.
Narıngül Məhəmməd qızı Balakən
rayonunun Qazbölük kənd tam orta məktəbinin müəllimidir. Kənd ucqarda
yerləşsə də, buradakı şəraitdən
razı olan gənc müəllimin sözlərinə görə,
2011-ci ildə tikilən məktəb binası burada müasir
dərs standartlarını tətbiq etməyə imkan verir.
Tədris etdiyi “Texnologiya” fənni barədə danışan
müasir müəllim dərsdə uşaqların əl
qabiliyyətlərini, bacarıqlarını üzə
çıxarmağa çalışır: “Dərs
zamanı həm nəzəri məlumatı mənimsəyir,
həm də praktiki olaraq, qrup işləri görürük.
Ev tapşırığı olaraq, hər
hansı məmulatın hazırlanmasını onlardan istəyirəm.
Keçdiyim mövzuya uyğun olaraq, evə praktiki iş verirəm.
Bu, əsasən, hər hansı fiqurun düzəldilməsi,
hansısa əl işinin hazırlanması olur. Bəzən özüm nümunə
üçün düzəltdiyim əl işlərini dərsə
gətirirəm”.
Şəmkir
rayonu Nərimanlı kənd məktəbinin kimya müəllimi
Gülnar Əhmədova işlədiyi müddətdə
artıq fənnini sevdirib: “Sentyabrda ilk dəfə məktəbə
gələndə, şagirdlərin kimya ilə
maraqlanmadığını gördüm. Artıq
o günlər geridə qalıb. İndi
kimyaya maraq göstərir, dərslərə müntəzəm
cavab verirlər. Təsəvvür edin, əvvəllər
II və III ixtisas qruplarına hazırlaşmaq istəyənlər
sonradan kimya fənninin olduğu I-IV qruplara maraq göstərdilər.
Hətta kimya müəllimi olmaq istəyənlər
də var. Burada laboratoriya otağı olmasa da, əvvəldən
qalan bəzi maddə və sınaq şüşələrini
sinifdəki dolaba qoymuşuq. Buranı bir
növ, kimya kabinetinə oxşatmışıq. Mövzumuza uyğun bəzi sadə reaksiyalar apara
bilirik. Şagirdlər təcrübə
apardığımız dərsə daha çox maraq göstərirlər”.
Onlar uzağı yaxın etmək istəyirlər
Rayon mərkəzlərindən
uzaqda yerləşən kəndlərdə işə
başlayan müəllimlər dərsini deyib evinə getmək, iş yerini dəyişib ailəsinə
qayıtmaq niyyətində deyillər. Mübariz
ruhlu gənc müəllimlər uzağı yaxın etməkdə
qərarlıdırlar. Məsələn, Həbib Əlizadə
özü kimi müəllimləri başına
yığıb ucqarlarda müəyyən işlər
görmək niyyətindədir: “Tək işlədiyim yerdə
yox, digər məktəblərdə də. Ümid
edirəm, yaxın günlərdə 3 ucqar məktəbdə
uşaqları sevindirəcəyik. Eyni
zamanda, uşaqlara kitab paylamanı sosial layihəyə
çevirməyə çalışırıq. Gənc
və işini sevən müəllimlərlə birgə də
müəyyən yeni layihələr ola
bilər. Bunun üçün də həm
maliyyə, həm də müəllimlərin istəyi önəmlidir.
Yaxın gələcəkdə olmasa belə,
növbəti illərdə bunu etməyə
çalışacağıq”.
Zaqatala
rayonu Üçüncü Tala kənd tam orta məktəbinin
gənc müəllimi Ehtiram Safquliyev ucqar kəndlərə
müəllim kimi getmək istəyənlərə deyir:
“Möhkəm və səbirli olsunlar. Şəraitə
uyğunlaşdıqdan sonra işlər yoluna düşəcək.
Əsas olan yalnız işini sevmək, öz
yoluna inamla davam etməkdir. Bunu edə
bildikdən sonra hər şey asandır. İnanın
ki, ucqarlarda gənclərə çox böyük ehtiyac var.
Onlar bu təhsil ocaqlarında yeni nəfəsdir. Orada yaşayanların da təhsil almaq hüququ var.
Biz də bu işdə onlara yardım etməliyik. Çünki bu, bizim ən müqəddəs
borcumuzdur”.
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
12 yanvar.- S.1; 3.