Qarabağ xanlığının baş vəziri
Molla Pənah Vaqif dövlət xadimi
kimi
Azərbaycan xalqının dövlətçilik tarixində
ayrı-ayrı şəxsiyyətlərin böyük rolu
olmuşdur. Tarixi şəxsiyyətlərimiz
xalqımızın siyasi, sosial-iqtisadi, mədəni həyatında
böyük rol oynamaqla Azərbaycanı daim irəli
aparmağa çalışmış, ərazi
bütövlüyümüzü, dilimizi, mədəniyyətimizi
qorumaq, zənginləşdirmək üçün mübarizə
aparmışlar. Belə tarixi şəxsiyyətlərdən
biri də Molla Pənah Vaqifdir. M.P.Vaqif
(1717-1797) həm şair, müəllim, alim, həm də
dövlət xadimi kimi fəaliyyət göstərmiş və
onun fəaliyyəti XVIII yüzillik Azərbaycan tarixinin bəzi
məqamlarını öyrənmək üçün
imkanlar yaradır.
Tarixi mənbələr
göstərir ki, XVIII yüzilliyin 50-ci illərində Qazax
mahalında və qonşu Gürcüstan sərhədlərində
ara çəkişmələri,
özbaşınalıqlarla əlaqədar gərginlik
yaranmış və sərhəd bölgələrində
yaşayan bəzi ailələr doğma yurdlarını tərk
edib Gəncə və Qarabağ xanlıqlarının ərazisinə
köçməyə məcbur olmuşdular. Qazax
mahalının Qıraq Salahlı kəndindən olan M.P.Vaqif
də belə bir şəraitdə ailəsi ilə
Qarabağa, Cavanşir mahalının Tərtərbasar (1759-cu
ildə) kəndinə köçür.
Köçmə
barədə məlumat verən tədqiqatçılar, o
cümlədən böyük ədəbiyyatşünas
alimlər S.Mümtaz, F.Köçərli, Araz Dadaşzadə
bu faktı təsdiqləyirlər .
Bir
müddətdən sonra M.P.Vaqif Qarabağ
xanlığının mərkəzi olan Şuşa şəhərinə
köçür, şəhərin Saatlı məhəlləsində
məktəb açır və tezliklə onun müəllimlik,
şairlik, alimlik şöhrəti ətraf bölgələrə
də yayılır. Beləliklə, Qarabağ
xanı İbrahimxəlil xan onu saraya dəvət edir. Mənbənin
məlumatına görə, İbrahimxəlil xan saray
nümayəndəsi Mirzə Vəli Baharlının təklifilə
əvvəlcə M.P.Vaqiflə şəxsən
görüşmüş, onun ay tutulmaları və zəlzələləri
qabaqcadan xəbər vermə qabiliyyəti ilə tanış
olmuş, dərin biliyini yüksək qiymətləndirərək
saraya dəvət etmişdir. M.P.Vaqif xan
sarayında tezliklə vəzir, daha sonra baş vəzir vəzifəsinə
təyin olunur.
Tədqiqatlar göstərir ki, M.P.Vaqif eyni zamanda
xanlığın daxili həyatına aid problemlərlə də
məşğul olmuş, Qarabağ xanlığının
sosial-iqtisadi, mədəni həyatının çiçəklənməsi
naminə bilik və bacarığını əsirgəməmişdir. Şuşa şəhərinin
abadlaşdırılması, inkişafı üçün
M.P.Vaqif xüsusi tədbirlər görmüş, Mirzə
Camal, Rzaqulubəy, M.Xəzaninin qeyd etdikləri kimi, məhz
M.P.Vaqifin saraya gəlişindən və onun
gördüyü tədbirlərdən sonra şəhərdə
tikinti işləri, arxların çəkilişi xeyli
sürətləndirilmişdir. Tarixi mənbələrdə
İbrahim xanın hakimiyyəti illərində (1763-1806)
Şuşada yeddi qrup tikilinin salındığı barədə
məlumat vardır. Belə ki, həmin
dövrdə tikilmiş qalalar, imarətlər, müdafiə
bəndləri, hasarlar şəhərin özünəməxsus
simasının formalaşmasında və tarixi-memarlıq
baxımından fərqlənməsində mühüm əhəmiyyət
kəsb etmişdir.
Azərbaycanın görkəmli ədəbiyyatşünas
alimi Araz Dadaşzadə “Vaqifin təcrübəli bir mühəndis
kimi tanınması, Şuşadakı Xan sarayının,
yaşayış yerlərinin və qala hasarlarının onun
tərəfindən tikilməsi” barədə A.Berjenin fikirlərini
dəyərləndirməklə haqlı olaraq həm də
M.P.Vaqifin Qarabağ xanlığının birinci vəziri
kimi böyük nüfuza, hörmətə sahib olduğunu,
xanlıq üçün böyük işlər
gördüyünü diqqətə
çatdırmışdır. M.P.Vaqif daim xanlıq
daxilində sabitliyin, əmin-amanlığın qorunub
saxlanması, eyni zamanda xanlığın hərbi qüdrətinin
artırılması üçün
çalışmışdır. Bütün
bu xüsusiyyətlər M.P.Vaqifin müdrik dövlət xadimi
olduğu fikrini deməyə əsas verir. M.P.Vaqif
təmsil etdiyi dövlətin - Qarabağ
xanlığının xarici siyasətinin müəyyənləşdirilməsində
və beləliklə, onun beynəlxalq aləmdə
tanınmasında xüsusi rol oynamışdır.
Kamal, ədəb və elm sahibi bir
sima
Qeyd etmək lazımdır ki, XVIII yüzillik Azərbaycan
tarixinin mürəkkəb dövrlərindən biridir. Nadir şah
imperiyası dağılandan sonra Azərbaycan ərazisində
müstəqil dövlətlər- xanlıqlar yarandı.
Lakin xanlıqlar arasında mübarizə,
böyük dövlətlərin Azərbaycanla bağlı
maraqları ölkədə sabitliyin yaradılması
üçün çoxlu maneələr törədirdi.
Məhz belə bir zamanda xanlığın
xarici siyasət sahəsində əsas siması kimi söz
sahibi olmaq, mürəkkəb situasiyalardan çıxmaq
üçün qətiyyətli addımlar atmaq həqiqətən,
uzaqgörənlik, cəsarətlilik, müdriklik tələb
edirdi. Tədqiqatlar göstərir ki,
Qarabağ xanlığının xarici ölkələrlə,
qonşu xanlıqlarla yazışması bilavasitə
M.P.Vaqifin rəhbərliyi altında həyata
keçirilmişdir. Mirzə Adıgözəlbəy
“Qarabağnamə” əsərində M.P.Vaqifi Qarabağ
xanı İbrahimxəlil xanın “baş katib və dövlətinin
sütunu” olduğunu qeyd edir, onu “kamal, ədəb və elm
sahibi bir sima” kimi yüksək dəyərləndirir.
XVIII yüzilliyin 80-90-cı illərində Qarabağ
xanlığı daha da güclənmiş, müstəqilliyini
xeyli möhkəmləndirmişdir. Belə bir vaxtda digər
Azərbaycan xanlıqlarının Qarabağ
xanlığının rəhbərliyi altında birləşdirilməsi
məsələsi gündəmə gəlirdi. Lakin dövrün mürəkkəb siyasi şəraiti
bunun reallaşmasına imkan vermədi. Qarabağ
xanlığı qonşu Kartli-Kaxetiya çarlığı
(Gürcüstan) ilə dostluq münasibətləri
yaratmış və bu münasibətlərin yaranması,
möhkəmləndirilməsində M.P.Vaqifin də rolu
olmuşdur.
1784-cü ildə Qarabağ xanı İbrahimxəlil xan
Tiflisə (o zaman Rusiya Gürcüstanı himayəsinə qəbul
etmişdir) gəlmiş və onu M.P.Vaqif müşayiət
etmişdir. Mənbələrdə İbrahim xanı
müşayiət edən şəxsin - M.P.Vaqifin məşhur
Azərbaycan şairi olduğu diqqətə
çatdırılmışdır.
Vaqifin yazdığı məktublar
Rusiya çarını heyrətləndirir
Qarabağ xanlığı Rusiya ilə də dostluq əlaqələrinin
yaradılmasına çalışırdı. Bu əlaqələrin
yaradılmasında M.P.Vaqif böyük rol
oynamışdır. İbrahimxəlil
xanın adından çar II Yekaterinaya yazılan məktublar
Rusiya sarayında da böyük marağa səbəb
olmuşdu. Təbii ki, bu məktubları
M.P.Vaqif yazırdı. II Yekaterina 1784-cü ilin
mayında knyaz Q.A.Potyomkinə məktub yazaraq İbrahimxəlil
xandan gələn məktubların çox nəzakətlə
yazıldığını qeyd edir, bu məktubları digər
qonşu dövlətlərdən gələn məktublardan
da bəzi cəhətlərinə görə (poetik ruhlu) fərqləndiyini,
üstün olduğunu göstərir, eyni zamanda məktubu
yazanın şəxsiyyəti ilə (gənc, qoca,
güclü, zəif olması ilə) maraqlanmağını
tapşırır.
Qeyd edək ki, Qarabağ xanlığı Rusiya ilə əlaqələr
yaradarkən ehtiyatlı olmağa çalışır, yenicə
əldə etdiyi müstəqilliyə ziyan dəyməməsi
üçün yollar axtarırdı. Ümumiyyətlə,
Rusiya ilə əlaqələrin yaradılmasında
ehtiyatlılıq çarın səmimi, dostluq münasibətlərində
ikitərəfli bərabər əməkdaşlığa,
xeyirxah məqsədlərə inamın möhkəm
olmaması, həm də daxildə bəzi məliklərin mərkəzi
xan hakimiyyətinə qarşı çıxmaq təhlükəsi,
yarana biləcək intriqalarla bağlı idi.
Qarabağ xanlığının siyasi həyatının
ən mürəkkəb dövrü XVIII yüzilliyin
sonlarından başlayır. Bu dövrdə
qonşu dövlətlər, xüsusilə Rusiya nəinki
Qarabağı, bütövlükdə Cənubi Qafqazı ələ
keçirmək üçün ciddi planlar hazırlayırlar.
1795-ci ildə A.M.Qacar Tehranı özünə
paytaxt edərək Qacarlar dövlətini yaradır. Sonra isə Qarabağa hücum edərək bu ərazini
də ələ keçirməyə çalışır.
Belə bir tarixi şəraitdə İbrahimxəlil
xan A.M.Qacara qarşı birləşmək üçün
gürcü (Kartli-Kaxeti) çarı II İrakli, İrəvan
hakimi Məhəmməd xan və Lənkəran xanı Mir
Mustafa xanla danışıqlar aparır. Bu
danışıqlarda Qarabağ xanlığının
baş vəziri, xarici siyasi məsələlərdə
bacarıqlı diplomat kimi tanınan M.P.Vaqif ilə iştirak
edir. Ağa Məhəmməd şah Qacar
Qarabağ xanı İbrahimxəlil xana məktub göndərərək
Şuşanın təslim edilməsini tələb edir.
Müdafiə olunan, inadlı müqavimət göstərən
Şuşa isə təslim olmur. A.M.Qacar İbrahimxəlil xanı qorxutmaq
üçün Seyid Məhəmməd Şirazi imzası ilə
ona bir məktub ünvanlayır. Məktubda
yazılmışdı:
Fələyin
mancanağından bəla daşları yağır,
Sən isə əbləhcəsinə şüşə
içərisində oturmusan.
İbrahimxəlil
xan məktubu alan kimi M.P.Vaqifə cavab məktubu
yazmağı tapşırır. M.P.Vaqif cavab məktubunu belə
misralarla ifadə edir:
Məni
qoruyan mənim tanıdığımdırsa
Şüşəni daşın içərisində də
salamat saxlayar.
Mir Mehdi Xəzanin “Kitabi-tarixi Qarabağ” əsərində
göstərir ki, A.M.Qacar bu kəlamı oxuyan kimi qəzəblənmiş,
Şuşanı ələ keçirmək, ona qarşı
çıxanları cəzalandırmaq üçün
bütün gücünü sərf edəcəyinə and
içmişdir.
Şuşa qalasının müdafiəsində
Şuşa qalasının müdafiəsində M.P.Vaqif
də bilavasitə iştirak etmiş, özü də
silahlanaraq düşmənə qarşı mübarizə
aparmış, bütün qala əhalisini, o cümlədən
qadınları da döyüşə
ruhlandırmışdır. Şuşanın
müdafiəsi 33 gün davam etdi. Düşmən
şəhəri ala bilmədi və geri çəkilməyə
məcbur oldu. Belə bir zamanda Rusiya da
Qarabağa hücum etmək üçün tədbirlər
hazırlayırdı. Rusiya ordusunun
başçısı Valerian Zubov Şamaxıda məskən
salmışdı. O, imperatriça II Yekaterinanın adından
Qarabağ xanına hədiyyələr, həmçinin
birinci vəziri M.P.Vaqifə qiymətli daşlarla bəzədilmiş
bir əsa göndərmişdir.
1796-cı ilin noyabırında Rusiya
çariçası II Yekaterina vəfat edir. Yeni çar I
Pavel (II Yekaterinanın oğlu) rus qoşunlarının Cənubi
Qafqazdan çıxarılması barədə əmr verir.
Rus qoşunlarının Cənubi Qafqazdan
çıxarılması xəbərini eşidən A.M.Qacar
yenidən Qarabağa hücuma hazırlaşır. Tarixi mənbələrdəki məlumatlardan
aydın olur ki, belə bir şəraitdə İbrahimxəlil
xan A.M.Qacara qarşı mübarizə aparmağın
mümkün olmayacağı qənaətinə gəlir.
Çünki A.M.Qacarın Qarabağa, Şuşaya birinci
hücumu zamanı xanlığa çox ziyan dəymişdi.
Digər tərəfdən Qarabağ vilayətində
üç il davam edən quraqlıq nəticəsində
məhsul qıtlığı yaranmış, əhali
arasında aclıq başlanmışdı. M.M.Xəzaninin
yazdığına görə, əhali hətta at və
qatır, eşşək və pişik əti yeyir və
meşələrdən palıd yığıb, qurudub dəyirmanda
üyüdürdülər. Bir çox
adamlar aclıqdan həlak olur. Belə bir
şəraitdə İbrahimxəlil xan Qarabağı tərk
edir, ailəsi və yaxın adamları ilə birgə Balakənə
- qaynı Ümmə xanın yanına gedir. Həmin vaxt M.P.Vaqif Qarabağda deyildi. Bəzi mənbələr onun Tiflisdə, bəziləri
isə Gəncədə, yaxud Gülüstan yaylağında
olduğu barədə məlumat verir. İbrahimxəlil
xan M.P.Vaqifin də öz yanına gətirilməsi üçün
tədbirlər görür. Lakin
A.M.Qacarın adamları tərəfindən M.P.Vaqif həbs
edilir. Şahın əmrilə M.P.Vaqifi səhər edam etmək üçün zindana salırlar.
Lakin gecə A.M.Qacarın özü
öldürülür. Ağa Məhəmməd
şah Qacarın öldürülməsindən sonra onun
qoşunları Qarabağı tərk edərək, geri
qayıdır. Qarabağ hakimliyi isə
İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd
bəy Cavanşirin əlinə keçir. Məhəmməd bəy İbrahimxəlil xanın
yaxın adamlarını aradan götürməyi
planlaşdırmışdı. M.P.Vaqif
onunla yaxınlaşmaq, yaranmış soyuq münasibətləri
aradan qaldırmaq istəyirdi.
Vaqif oğlu ilə birlikdə edam edilir
“Qarabağ iki xanındır. Yarısı sənin, yarısı
İbrahimxəlil xanın”, - deyən M.P.Vaqif Məhəmməd
bəyə “Yenidən bir cavan gəlib ərsəyə”
adlı şeir də həsr etmiş, lakin bunların
münasibətlərin normallaşmasına təsiri
olmamışdı. Özünü Qarabağ
xanı elan etmiş Məhəmməd bəy Cavanşir
bilirdi ki, M.P.Vaqif İbrahimxəlil xanın tərəfdarıdır,
onun siyasətinə sadiqdir və İbrahimxəlil xan geri
qayıdanda M.P.Vaqif yenə də öz vəzifəsində
qalacaq. Ona görə də M.P.Vaqifi tezliklə
sıradan çıxarmağa çalışır.
Beləliklə, Məhəmməd bəy Cavanşirin əmri
ilə M.P.Vaqif oğlu Əlağa ilə birlikdə 1797-ci ildə
edam edildilər. Şuşada
şərəflə dəfn edilən M.P.Vaqif xalqın
yaddaşında müdrik dövlət xadimi kimi
qalmışdır. Onun məzarı xalq tərəfindən
həmişə hörmətlə ziyarət olunmuşdur.
Müdrik dövlət xadiminin xatirəsinə
ehtiram
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi ilə burada məqbərə kompleksi tikilmiş, məzarı üzərində bu müdrik dövlət xadiminin abidəsi-heykəli ucaldılmış, 1982-ci ildə əzəmətli məqbərə kompleksinin açılışı olmuşdur. Lakin təəssüf ki, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Şuşa ərazisi də düşmən tapdağına çevrilmiş, tarixi abidələrimiz, ziyarətgahlarımız, o cümlədən M.P.Vaqifin məqbərəsi dağıdılmışdır.
Biz inanırıq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaq, üçrəngli əzəmətli dövlət bayrağımız itirilmiş bütün torpaqlarımızda, o cümlədən Şuşada dalğalanacaq. O zaman o torpaqlarda yaşamış, o torpaqlar uğrunda canını fəda etmiş soydaşlarımızın ruhu şad olacaqdır.
M.P.Vaqif XVIII yüzillikdə yaşasa da o, bizim üçün həm də müasirdir. Təcrübə göstərir ki, ictimai-humanitar fənlərin, o cümlədən tarix fənninin tədrisində M.P.Vaqiflə bağlı şagirdlərə geniş məlumat vermək imkanları vardır.
Ümummilli liderimiz Heydər Əliyev və ulu öndərimizin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev həmişə tariximizə, mədəniyyətimizə yüksək dəyər vermiş, onun öyrənilməsi, qorunması üçün zəruri tədbirlər görmüşlər. Ulu öndərimiz haqlı olaraq “tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır” deyirdi.
Tarix dərslərində ayrı-ayrı tarixi şəxsiyyətlərimizin dövlətçilik fəaliyyətindən bəhs edərkən bu sırada M.P.Vaqifin də xüsusi yerini qeyd etmək zəruridir. Bu baxımdan “Azərbaycan XVIII yüzillikdə, Xanlıqlar” mövzusu daha geniş imkanlara malikdir.
Dövlət xadimlərimizin müdrik siyasəti,
xalqımızın mənafeyinin, milli maraqlarımızın
nəzərə alması mənəvi dəyər nümunəsidir.
Mənəvi dəyərlərimizi qorumaq isə hər
birimizin borcudur.
İntiqam CƏBRAYILOV,
ARTİ-nin təhsil nəzəriyyəsi şöbəsinin müdiri,
pedaqogika üzrə elmlər
doktoru, professor
Azərbaycan müəllimi.- 2018.-
12 yanvar.- S.12.