“Müəllimim bu gün də mənim
idealımdır”
Kamran MUSAYEV: “İnsanlara faydalı ola bilmək adama zövq verməlidir”
Haqqında ən müxtəlif fikirlər
eşitdiyim insanlardan biridir o. Bir az eqoludur, bir az
soyuq adamdır, gülüb-danışmaqla arası yoxdur, ya
da var, büruzə vermir, qaşqabaqlıdır və sair... Hərdən
belə adamlarla həmsöhbət olmağa çəkinir
adam. Düşünürsən oxucuya nə təqdim edəcəksən
belə qaş-qabaq sahibi ilə söhbətdən?!.. Amma
gedib söhbət edəndən sonra anlayırsan ki, əslində,
ilk təəssüratda sənə xoş gəlməyən
insanı da sonradan maraqlı edən azı bir keyfiyyəti
var. O ki qaldı qalaq-qalaq kitab oxuyan, dünyanın yarıdan
çoxunu dolaşan biri ola qarşında. Bir sözlə,
özümüzə ürək-dirək verib, Mərkəzi
Klinik Xəstəxanaya gəldik. O məkana ki, orada təkcə
xəstəxanaya dair məsələlər yox, həm də
elə ürək məsələləri, yəni xəstəlikləri,
əməliyyatları ondan sorulur, xəstəxananın
baş həkimi, tibb elmləri doktoru, Azərbaycanın əməkdar
həkimi Kamran Musayevdən...
- Kamran
Musayevdən əvvəl Amasiyada, Göllüdə balaca bir
oğlan vardı eyni adda. Siz bir az o Kamrandan
danışın...
- Bəzən
onu axtarıram. Qəribədir, yaşım artdıqca kənddəki
Kamrana daha çox meyilli oluram. Bir şey etiraf edim sizə, əvvəl
uşaqlıq şəkillərimə baxanda mənim
üçün çox şey ifadə etmirdi. Amma indi o
ağ-qara şəkillərə baxanda mənə çox
şeydən mənalı görünürlər. O şəkillərdə
ailəmizlə, özümlə bağlı o qədər
xatirələr var ki... Darıxıram düzü, o illər,
uşaqlıq, bir də kəndimiz üçün...
- Məktəbiniz
yadınızdadırmı?
- Səkkizinci
sinfə qədər Göllü kənd məktəbində
oxudum. Sonra Bakıda davam elədim təhsilimi. Kimya-biologiya təmayüllü
liseyi bitirdim. Göllü dəniz səviyyəsindən iki
min metrdən çox yüksəklikdədir. Sərt iqlimi var
oraların. İlin yarıdan çoxunu bizdə hava soyuq
olurdu. Fərq etməzdə humanitar ya texniki fənlər,
hamısını oxuyurdum. Həmişə təriflənən
şagird olmuşam. Dərslərimi oxuyandan sonra başqa
kitablar oxuyurdum. Ümumiyyətlə, kitab sevən adamam.
Göllüdəki evimizin böyük aynəbəndi
vardı, divarları kitab şkafı idi. Qədərini bilmirəm,
atamın orda çoxlu sayda kitabı var idi. Mütaliəni
sevən adam idi atam. Ən sevdiyi Nizami Gəncəvinin “Xəmsə”si
idi. “Xəmsə”ni əzbər bilirdi. Məşhur beşliyə
daxil kitablardan biri həmişə başının
üstündə olurdu. Atamın kitabxanasındakı
bütün kitabları oxumuşam. Bir sevgidən bəhs edənlər
xaric...
-
Onları niyə oxumurdunuz?
-
Yaşım düşmürdü axı, uşaq idim.
Atamın kitabxanasında yaşıma uyğun kitabları
bitirəndən sonra kəndimizin Mədəniyyət Klubunun
kitabxanasına keçdim. Dünya klassiklərini oxuyurdum. Yay
tətillərində, dərsdən sonrakı boş
vaxtımda kitablar həm istirahətim idi, həm də məşğuliyyətim.
- Bayaq
atanızdan danışdınız, unutdum soruşum kim idi
valideynləriniz?
- Atam
mühasib idi, anam evdar xanım. İkisi də vəfat edib. Atamın
ixtisasına yaxın olmasa da, mütaliəyə, ədəbiyyata
son dərəcə maraqlı biri idi. Təkcə bədii
kitab oxumurdu, həm də tarixi kitabları mütaliə
edirdi. Onun mütaliə xəttinə düşüb davam
edirdim. Tarixi kitabları da oxuyurdum. O kitabların həyatımda
böyük rolu olub. Böyük bacı-qardaşlarım da
mütaliəyə meyilli idilər. Çoxuşaqlı ailə
idik. Məndən böyük bacı-qardaşlarım sonradan
ali təhsillərini fizika-riyaziyyat yönümlü davam
etdirsələr də, mütaliədə kimsədən geridə
qalmırdılar.
- Ailədə
neçə uşaq olmusunuz?
- Səkkiz
bacı-qardaşıq. Sonbeşik olsam da, onlardan geri qalmaq istəmirdim.
Altı, ya yeddinci sinfin yay tətilindən dönəndə
otuzdan çox kitab oxuduğumu xatırlayıram. Yəqin siz
də xatırlayarsınız, bizim illərdə sentyabrın
birində ədəbiyyatdan belə bir inşa yazırdıq
- “Mən yay tətilində nə etdim?”. Çox böyük
həvəslə otuzdan çox kitab oxumağımdan
yazmışdım. Həmin inşada fərqli kitabların
adını yazırdım, müəllimlərim də, sinif
yoldaşlarım da təəccüblənirdilər. Bu da mənə
bir ayrı cür sevinc gətirirdi.
- Riyaziyyatçı,
fizik, mühasib ailəsində böyüyən
uşağın tibbə olan marağı kimdən gəlirdi?
-
Əmimdən. Ümumi terapevt idi. Lap kiçik
yaşlarımdan yadımdadır, atam bəzən deyirdi
müəllim olma, həkim ol. Ancaq daha ciddi təsir edən
başqa məqam vardı. Bu, əmimdən gəlirdi. Onun həkim
olmağı qəribə duyğu yaratmışdı. Elə
bilirdim vəziyyəti ən ağır olan adama da əmimin əli
dəysə, o yaşayacaq, sağalacaq. Əmimi çox
sevirdim. Uşaq vaxtı ona baxa-baxa həkimlik xəyalım
formalaşmışdı. Artıq 5-6-cı sinifdə
bütün uşaqlara verilən sualdır bu: sən kim
olacaqsan? Mən əminliklə təkcə həkim
olacağam yox, həm də həkim-cərrah olacağam
deyirdim.
- Xəyalı
həkim-cərrah olan uşağın oyuncağı nə
idi bəs?
-
İndiki uşaqlar qədər şanslı
uşaqlığım olmayıb. Yəni onlar qədər
oyuncaq alınmayıb mənə. Oynatdığım
oyuncaqların əksəriyyətini özüm taxtadan, ya da
hansısa başqa materiallardan hazırlayırdım. Təkcə
mən yox, o illərdə bütün uşaqlar belə idi.
Yadımdadır, daha çox kiçik arabalar düzəldirdik.
Mənə iki dəfə velosiped alınıb. Orta məktəbdə
bilərəkdən məktəbə getmədiyim bircə
gün var, o da velosiped alınan gün idi. Səhərdən
axçamacan kənddə velosiped sürüb, məktəbə
getməmişdim.
- Məktəb
dediniz, müəllimlərinizi
xatırlayırsınızmı?
- Bilmirəm
bu nədəndir, müəllim peşəsi mənim
üçün son dərəcə əzizdir. Ola bilər,
ailəmizdə çoxlu müəllimlər olub, ondandır.
Qaldı xatırladığım müəllimlərimə,
ibtidai sinif müəllimim Mərdan müəllimi çox
yaxşı xatırlayıram. Onun mənim və başqa
uşaqların üstündə əməyini, xidmətini
unuda bilmərəm. Adbaad çəksəm, kimisə unuda bilərəm.
Amma bu gün də müəllimlərimin böyük əksəriyyəti
həyatdadır və hamısı ilə də gözəl
münasibətlərim var. Kimya-biologiya təmayüllü
liseydə bir neçə müəllimin həyatıma ciddi
təsiri olub. Zivər müəllimi, Tamara müəllimi, Həcər
müəllimi çox yaxşı xatırlayıram.
Riyaziyyatı tədris edən Mirzə müəllim isə
xüsusi yadımdadır. O, bu gün də idealımdır.
Kişi, insan, xarakter olaraq oxşamaq istədiyim adamdır.
Bizim illərdə xatirə dəftəri tutardıq, hərə
ora öz xatirələrini yazardı, yadigar qalsın deyə.
“Kimə oxşamaq istəyərsən?” sualı var idi orda. Mən
hamıya cavab yazmışdım ki, həkim-cərrah kimi
Mustafa Topçubaşova, insan kimi Mirzə Mirzəyevə
oxşamaq istəyirəm.
-
Hansı məsləhətini prinsip olaraq
götürmüsünüz Mirzə müəllimin?
- Təkcə
məsləhət yox, o adam sima, xarakter olaraq maraqlı, fərqlidir.
Yerişim, duruşum, gülüşüm... bəlkə hər
şeydə ona bənzəmək istəyirəm.
Yaxşı ki, Mirzə müəllim bu gün də həyatdadır.
Sizə onunla bağlı maraqlı bir şey də
danışım. 2001-ci ildə Mərkəzi Klinikada işləməyə
başladım. Bir gün iş otağımın
qapısı döyüldü. Gələn Mirzə müəllim
idi. Durdum qarşısına yeriyib, görüşdüm.
Amma dönüb yerimdə oturmadım. Dedim siz keçin orda
oturun, mən bu tərəfdə oturacağam. Onun
qarşısında oturmaq məni illər öncəyə
apardı. Elə bildim bu kabinet sinif otağıdır, mən
şagird. Bu, adama qəribə hüzur və xoşbəxtlik
gətirir özüylə. Mirzə müəllim ilk
insandır ki, kreslomu ona vermişdim. Harada oluramsa-olum, Mirzə
müəllim bu gün də müəllimimdir, mən də
şagirdiyəm. Bir neçə il bundan əvvəl isə
onun ürəyini əməliyyat etmişəm.
Şükür olsun, indi yaxşıdır. O, həyatım
boyu unuda bilməyəcəyim insanların birincisidir.
- Bildiyim
qədəri ilə Azərbaycanda Tibb Universitetinə qəbul
olunsanız da, iki il oxuyub İstanbula yollanmısınız.
Niyə İstanbul?
-
Kimya-biologiya təmayüllü məktəbi Bakıda
qızıl medalla bitirəndən sonra ATU-ya qəbul oldum.
Bizim lisey o zamanlar həm də Tibb Universitetinin tələbə
bazası sayılırdı. Yəni oranı bitirənlərin
əksəriyyəti ATU-ya üz tuturdu. Əslində, qəbul
olduğum fakültə müalicə-profilaktika fakültəsi
idi. Bu həm də o zamanlar idi ki, Azərbaycan müstəqilliyini
yeni qazanmışdı. Türkiyə ilə müxtəlif
sahədə əməkdaşlıq üçün rəsmi
sənədlər imzalanırdı. Onlardan biri də təhsillə
bağlı idi. İstanbul Tibb Universitetindən bir komissiya gəldi.
40 əlaçı tələbə arasından Türkiyədə
oxumaq üçün 10 nəfər seçildi. Onlardan biri mən
idim. Ora yolçuluğum belə başladı. Onu da deyim ki,
həmin on nəfərin demək olar hamısı oxuyub
ölkəyə döndü. İndi öz sahələrində
tanınmış və yüksək səviyyədə
peşəkarlardırlar.
- Təhsil
alıb geri döndüyünüz illər Azərbaycanda
xüsusilə tibb sahəsində vəziyyətin o qədər
də yaxşı olmadığı sirr deyil. Akademik təhsil
alan biri Türkiyə yox, hətta istənilən
Avropa ölkəsinə gedə, karyera qura bilərdi. Niyə döndünüz?
-
1996-cı ildə Türkiyədə təhsili başa vurub
rezidenturaya başlayanda çox istəyirdim ki, cərrah olum. İki sahə arasında seçim etməkdə əziyyət
çəkirdim. Uzun müddət
düşündüm, ürək, yoxsa beyin cərrahı
olum? Ürək cərrahlığını
seçdim. Bakıdakı
yaxınlarımdan buna görə çox irad eşidirdim.
Deyirdilər yaxşı edib ürək cərrahiyyəsini
seçmisən, amma qayıdıb Azərbaycanda nə edəcəksən,
harada işləyəcəksən? Bütün
bunlara baxmayaraq, nəsə məni itələyirdi ki, sən
oxu, o müddətə Azərbaycanda da mütləq nəsə
olacaq. Artıq rezidenturanı bitirəndə
ümummilli lider Heydər Əliyevin şəxsi göstərişi
ilə Mərkəzi Klinik Xəstəxana quruldu və fəaliyyətə
başladı.
-
Xatırlayıram, o zamanlar belə bir söz deyilirdi ki,
dövlət xətti ilə Türkiyədə təhsil alan gənc həkimlərin Azərbaycanda
olmayan sahələr üzrə işləməsi məqsədilə
qurulub bu xəstəxana...
- Bəli,
belə bir fikir də var idi. O illərdə bizim oxuyub öyrəndiyimiz
reallıqda Azərbaycanda yox idi. Ola bilər Mərkəzi
Klinik Xəstəxananı elə bu məqsədlə qurdular
ki, olmayan avadanlıqları ölkəyə gətirsinlər.
Bir çox əməliyyat artıq
özümüzdə edilsin. Çünki
təkcə mənim yox, mənimlə birgə bitirən o
biri həmkarlarımın da Azərbaycana dönəndə
işləyəcəyi yer yox idi. Yəni
oxuyub öyrəndiyimiz cihazlar burda mövcud deyildi. Bu mənada Mərkəzi Klinik Xəstəxananı
qurmaq gözəl nümunə, təşəbbüs idi.
Mən bu xəstəxananın
açılışında iştirak etmişdim. Bir il sonra işləməyə dəvət etdilər.
O zamandan burada çalışıram.
- Gəlməklə
bağlı heçmi tərəddüdünüz olmadı?
-
Heç olmadı. Türkiyədə onlarla
ürək-damar cərrahı var. Amma Azərbaycanda bu belə
deyildi. Yəni daha uğurlu karyera qurmaq
baxımından da Azərbaycana dönmək yaxşı fikir
idi. Üstəlik, burada öz
insanlarımıza xidmət etmək məsələsi də
var. Bir də düzünü deyim, Azərbaycana dönməkdə
daha çox xanımım israr etdi. Baxmayaraq
ki, o, əslən türkiyəlidir, israr etdi ki, ölkənə
dönəcəksən və orada anlayacaqsan ki, daha çox
lazımsan.
- Kamran həkim,
uğurlu ailə başçısı, cərrah oldunuz. Bütün bunlar həm də təcrübə
toplayaraq baş verir. Bəs təcrübə
toplaya-toplaya necə olur insan? Yəni təcrübə
insana nə verir?
- Təcrübə
vacib məsələdir. Hətta sizin peşənizdə,
jurnalistikada da. 16 ildir ürək cərrahı
kimi işləyirəm. İndiyə qədər
irili-xırdalı 13 min ürək əməliyyatı
etmişəm. Təbii ki, mən 16 il
əvvəlki cərrah, Kamran deyiləm. Bunu gündəlik
praktikada hiss edirəm. Cərrahın təcrübəsi
artdıqca onun işi daha çox zərgər dəqiqliyi ilə
görülür. Bunu əllərimdə hiss edirəm. Düzdür, ötən illərin hər birində
də əlimdən gələnin ən
yaxşısını edirdim. Amma bu, həmin
illərin standartı idi. Təcrübə
cərrahın əlini dəqiqliyə və zərifliyə
alışdırır. Yaxşı cərrahın
işi yaxşı zərgər işinə bərabərdir.
Sizə bir söz deyim. Təcrübə
heç də insanın düşünüb, şüurlu
surətdə etdiyi bir iş deyil. Bu həm də
vərdişdir.
- Bir az mənəvi mənada adam bir ürəyə
toxunanda günlərlə özünə gəlmir. Maraqlıdır, fiziki olaraq, əllə 13 min ürəyə
toxunmaq nə deməkdir?
- Ürək
əməliyyatlarında əvvəlcə ürəyi
dayandırırıq. Təsəvvür edin,
insan ürəyi əlinizdə döyünmədən durur.
Onun üzərində əməliyyatı edib,
yenidən əlinizdə
çalışdırırsınız. Az
əvvəl dayandırdığınız ürək yenidən
əlinizdə döyünməyə başlayır. Bu o qədər
ülvü bir hissdir, ifadə etməkdə çətinlik
çəkir adam. Sizə
deyim ki, o toxunuşlar məni getdikcə daha çox
yumşaldır. O ürəkləri əlimdə saxlamaq
mənim yumşalmağımda, kamilləşməyimdə
böyük rol oynayır.
- Siz o
ürəklərə toxuna bilirsiniz ki, onun sahibinin, ya da
yaxınlarının buna həm də maddi imkanları
çatır. Ehtiyacı olan, amma toxuna bilmədiyiniz
ürəklər haqda düşünürsünüzmü?
- Bunu
düşünməmək olmaz. Hətta ürək
xəstəlikləri yox, digər səbəbdən itirilən
xəstə olanda özünü peşəkar sayan həkimin
ağlından mütləq bu fikir keçir, kaş o xəstəyə
kömək edə biləydik. Təbii ki,
bacardığımız qədər o ürəklərə
də toxunmağa çalışırıq ki, onlar maddi
olaraq bunu etmək imkanında deyillər. Sadəcə,
bu məsələləri geniş danışmayaq. Çünki bu həm də bir insanlıq
halıdır. Ümumi bir şey deyim, mənim
üçün insanın sosial statusu heç zaman önəmli
olmayıb. Müraciət edən hər kəsə
əlimdən gələn qədər kömək etməyə
həmişə hazır olmuşam.
- Öz
ürəyinizdə durum nədir? Yola gedirmi
sizinlə? Sözünüzə nədə
qulaq asır, nədə asmır?
- Hələlik
yola gedirik, sözümə qulaq asır. Həkimlər
sağlamlıq barədə insanlara nümunə
olmalıdırlar. Məsələn,
stolunun üstündə külqabı, cibində siqaret olan həkimin
siqaretin zərəri barədə xəstəyə məsləhət
verməsini düzgün hesab etmirəm. Özümdən
götürsək, mənəvi də, fiziki mənada da hələlik
yola gedirik. Buna görə həm də
sağlam həyat tərzin olmalıdır. Bacardıqca bu tərzdə yaşamağa
çalışıram.
- Belə
bir söz var, deyirlər ağlınla düşün, amma qəlbin
deyəni et. Nə dərəcədə
həqiqətdir bu?
- Məncə,
həmişə düzgün yönəltmir adamı. Hərdən ağlı da dinləmək
lazımdır.
-
Tanınmış cərrah, baş həkim, müəllim
kimi auditoriya qarşısına çıxmaq, bir də
bloggerlik fəaliyyəti. Necə yetirirsiniz?
-
Vaxtı düzgün böləndə hər şeyə
yetişir adam. Dövrümüz
internet dövrüdür, bunsuz alınmır. Bəyənilsə də, bəyənilməsə də,
bu, həyatımızın tərkib hissəsidir. Bu həm də mənim üçün bir hobbidir.
Orada da peşə fəaliyyətimlə
bağlı suallar son dərəcə çox olur. Vaxtaşırı hər kəsə cavab verməyə
çalışıram. Bloggerlik fəaliyyətimlə
bağlı müşahidə etdiyiniz, rastınıza
çıxan hər şeyi özüm edirəm. Haqqımda məlumatları verirəm, öz həyat
tərzimdən danışıram. Videomaterialların
toplanması, yazıların yazılması, redaktəsi, səhifəyə
yerləşdirilməsi, bunların hamısını
özüm edirəm. Bilirsinizmi, insanlara faydalı ola bilmək adama zövq verməlidir. Bu zövqü almasam, yaşamaq çətin olar.
Bu iş mənə çox maraqlı gəlir. İnsanların səhhəti baxımından deyə
bilmədiyim məsələlər olur, onu yazı vasitəsi
ilə çatdırıram. Ya da tələbələrim
üçün vacib ola biləcək bir
məsələnin geniş izahını yazıram ki, dəfələrlə
eyni şey haqda danışmalı olmayaq. Bloggerlik
fəaliyyətimi sırf ürək-damar cərrahiyyəsi,
ürək xəstəliklərindən qorunmağa dair məsləhətlər
istiqamətində qurmuşam və deyəsən, bu maarifləndirmə
işi də alınır. Əslində, yazıb
dediyini, danışdığını bircə adam görüb əməl edirsə, bunun
özü belə böyük xidmətdir.
- İnsanın ən müxtəlif yaş
dövründə gələcək planları həmişə
olur. Ölümə qədər tükənmir insan.
Yəni Göllüdəki Kamranın xəyalı
cərrah olmaq idi, oldu. Cərrah Kamran
Musayevin xəyalında indi nələr var?
-
Yaxşı insan olmaq.
-
Uğurlarınız var, bunu inkar etmək mümkün deyil. Amma bir şey maraqlıdır, bu, böyük zəhmətin
nəticəsidir, yoxsa həm də alın yazısı, verilən
dəstəyin?
- Alın
yazısına o qədər də inanmıram. Uğurun
qazanılmasında mütləq zəhmət var. Zəhmət
olmadan heç bir uğurdan söbət gedə bilməz.
O dediklərinizin kiminsə həyatında hansısa təsiri
ola bilər. Amma
qalıcı yox, keçicidir. Uğur
üçün şərt çalışmaqdır. Çalışmadan əldə olunan hər şey
müvəqqətidir, bir gün ya bitəcək, ya geri
alınacaq. Yəni səndə dəqiq
qalmayacaq. Zəhmətlə
qazandığın hər nədirsə, o, ömürlük
sənindir.
-
Hansı keyfiyyətiniz var ki, bəyənmirsiniz?
- Soyuq
insanam. Qohumlar, dostlar üçün o qədər
istiqanlı biri deyiləm. Bu mənim mənfi
cəhətimdir, heç bəyənmirəm. Amma buna baxmayaraq, məni ən yaxınlarım elə
olduğum kimi sevir.
- Sohbətimizin
əvvəlində dediniz ki, kənddəki Kamran
üçün darıxıram. Ondan
özünüzdə nəyi qoyurub saxlaya bilmisiniz?
-
Uşaqlıq insanın ən məsum formasıdır. Bir on
il əvvəl düşünürdüm ki, mənim
içimdəki o uşaq ölüb, yoxdur artıq. Amma indi
hiss etdiyim bir başqa şeydir. O uşaq sağdır. Mən
onu təkcə qorumuram, artıq böyütməyə də
çalışıram. Hiss edirəm, o məni insanlara
qarşı daha xoşniyyətli, humanist, yumşaq edir. Deyim
ki, belə olanda özümü də yaxşı hiss edirəm.
Məncə, hər kəs içindəki
uşaqlığından muğayat olsun...
Söhbətdən sonra: Onunla bağlı
ağlımda bir detal qaldı. Nə söhbət boyu, nə
də söhbət bitəndə kamera və diktofon
söndürüləndən sonra ondan bunu soruşmadım.
İndi yazmağımın da səbəbi budur ki,
düşünmədiyimi düşünməsin. Azərbaycanın
nüfuzlu həkimlərdən olan Kamran Musayevdə qəribə
bir kompleks idi duyduğum. Nəyisə daha açıq demək,
daha dəqiqliyinə enmək istəmirdi. Olsun, bəlkə
insanları maraqlı edən məhz bu keyfiyyətlərdir.
Bir elementi açıb deməmək, özündə
saxlamaq, özünə saxlamaq. Buna insanın ruh özəli
də demək olar. Yəni özündən başqa kimsə
ilə bölüşmək istəmədiyi bir şey... Elə
bu cür qalın Kamran həkim, sizi maraqlı, istedadlı təkcə
peşəniz etməsin, həm də keyfiyyətləriniz
etsin. Bir də içinizdəki o uşaqdan, özünüz
demiş, balaca Kamrandan muğayat olun. Çünki adamı
insan edən məhz odur, içimizdəki uşaq...
Jalə MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2018.-
12 yanvar.- S.11.