Yüksəlişdən enişə
doğru
Finlandiya modeli də daimi təkmilləşmə
tələb edir
Dünya ölkələrində rifah halı və yaşayış səviyyəsinə dair reytinqlərin əksəriyyətində Finlandiyanı ilk “beşlik”də görürük. İstəyirsiniz “Dünyanın ən xoşbəxt insanları harada yaşayır” məzmunlu sorğu keçirin, görəcəksiniz ki, beş sıradan birində Finlandiya qərarlaşıb. Bu ölkədə əhalinin sosial durumu faktiki olaraq sabitdir: təbəqələrarası fərq nəzərəçarpacaq dərəcədə böyük deyil. Meşə, elektron, maşınqayırma sənayesi Finlandiya iqtisadiyyatının aparıcı sferalarıdır. Bu sahələr hər zaman güclü mütəxəssisə ehtiyac duyub. Mütəxəssis isə məktəbdə yetişir. Yəqin məntiqi aydınlaşdırdınız: yuxarıda sadalanan iqtisadiyyat sferaları ilə yanaşı, Finlandiya həm də təhsili ilə məşhurdur. Finlandiya orta təhsili özünün bütün müsbət və mənfi cəhətləri ilə bir brend və finlər üçün fəxarət obyektidir. Bu brenddən dünyanın istənilən yerində ilhamlanan və onu lokal şəraitə uyğunlaşdırmaq istəyən təhsil mütəxəssisləri ilə rastlaşa bilərsiniz. Ancaq nəticənin müsbət olacağına təminat varmı?
Niyə
Finlandiyada olar, bizdə olmaz?
Son on il ərzində Finlandiya məktəblilərinin bilik səviyyəsinin aşağı düşmə tendensiyası müşahidə olunur və bunu hökumət də qəbul edir. Artıq Finlandiya orta təhsili bir nümunə olaraq göstərilmir. Ancaq hökumət 2016-cı ilin ikinci yarısından etibarən Finlandiyanı “təhsil liderliyi”nə qaytarmağı qarşısına məqsəd qoyan yeni proqramın icrasına başlayıb. Nəticələr barədə danışmaq hələ tezdir.
Fin təhsili barədə aparılan diskussiyalarda əsas sual bundan ibarət olur: niyə bizdə də finlilərdə olduğu kimi etmək olmaz? Bu sual postosovet məkanı üçün də aktualdır. Hətta Türkmənistan hökuməti Finlandiya təhsil sistemindən qaynaqlanan yerli sistemin yaradılmasına cəhd edib, ancaq nəticə barədə hələlik bir məlumat yoxdur. Təhsil ölkənin və xalqın mental düşüncə tərzi ilə sıx bağlı məsələdir. Bu baxımdan, orta statistik türkmənlə finin eyni tərzdə düşünmədikləri, dünyagörüşlərinin köklü şəkildə fərqləndikləri hamımıza aydındır. Gəlin elə coğrafiya və demoqrafiyadan başlayaq:
1. Finlandiya əhalisinin azlığı. Cəmi 5,5 milyon nəfərdir, əsas etibarilə ölkənin cənubunda, bir-birlərinə yaxın ərazilərdə yaşayırlar;
2.
Əhalisi olduqca homogendir: 89% finlər, 5-6% isveçlilər.
Dini təmayüllər müstəvisində heç bir
ayrı-seçkilik yoxdur;
3.
Əhalinin gəlirləri arasında fərq cüzidir;
4. 2008-ci
ilin statistikasına görə, məktəblərin 1/3-də
uşaqların sayı 50 nəfərdən azdır.
Yalnız 4% məktəblərdə şagirdlərin sayı
500 nəfər ətrafındadır.
Artıq
sadalanan amillər göstərir ki, Finlandiya təhsil sistemini
bizdə, yaxud Qazaxıstanda və ya tutaq ki, Türkiyədə
tətbiq etmək mümkünsüz olmasa da, hər halda
çətin və məsuliyyətli prosesdir. Ancaq onun
ayrı-ayrı elementlərindən yararlanmaq və müsbət
nəticə əldə etmək perspektivi istisna deyil.
Fin eyforiyası
Finlandiya
təhsil sisteminin 2000-ci illərin əvvəllərində əldə
etdiyi uğurların əsas qaynağı 1980-90-cı illərdə
həyata keçirilmiş islahatlara bağlanır. Ötən
yazımızda bu məqama ətraflı toxunmuşuq. Həmin
illərdə hansı islahatlar aparılmışdı ki,
Finlandiya məktəbi bir etalona çevrilmişdi?
1. Məktəblərin
hamı üçün pulsuz olması və vahid məktəb
proqramı;
2.
İbtidai siniflərdə dərs deyən müəllimlərin
yüksək səviyyəli mütəxəssis olmaları;
3. Müəllim
üçün ölkənin bütün “qapı”larının
açıq olması: təhsil işçisi tək məktəbdə
deyil, dövlət və özəl sektorda da asanlıqla
iş tapa bilər, peşə məhdudiyyətinə məruz
qalmır və peşəkar artım üçün hər
cür şəraitə malikdir;
4. Müəllimə
etimad mədəniyyətinin yüksək səviyyəsi.
Bütün
bu amillər ona gətirib çıxartdı ki, Finlandiya əsrin
əvvəllərində bir təhsil nümunəsi, yaxud cənnətinə
çevrildi. Finlilər faktiki olaraq PİSA-nı
“işğal” etmişdilər: əvvəl 2000-ci ildə,
sonra 2003 və 2006-da Finlandiya reytinqin lideri oldu. Aradakı və
sonrakı illərdə isə sabit olaraq ilk “beşlik”də təminatlı
yer. Ancaq birdən... 2013-cü ildə məlum oldu ki, Finlandiya
nəinki liderdir, heç “onluğ”a da daxil deyil: 12-ci yer!
“Business İnsider”də yazı çıxdı: Nə etməli?
Eyforiya? Bəli.
Bir sıra mütəxəssislər düşünür ki,
Finlandiyanın əsrin əvvəllərində təhsil sahəsində
gözlənilməz liderliyi finliləri daimi təkmilləşmə
və yeniləşmə fokusundan yayındırdı.
Onların fikrincə, finlilərin başı turistlərə
“təhsil möcüzə”sinə necə nail olduqlarına
dair izahat verməyə qarışmış, sistemin yenilənməsi,
başqa sözlə, tempdə qalmasını təmin etmək
isə unudulmuşdu.
Eyni
zamanda, PİSA-nın populyarlığı digər ölkələri
məcbur etdi ki, onlar da təkmilləşsinlər. Sadə
dillə desək, digər dövlətlər PİSA-nın
soruşduğu sualları götürüb cavab axtarmaqla məşğul
olduqları vaxt Finlandiya öz yerində
addımlayırdı. Belinski demişkən, kim ki qabağa
getmir, geriyə gedir: dayanıqlı vəziyyət yoxdur!
Hazırda
ən ciddi problemləri qısaca olaraq belə
qruplaşdıra bilərik:
- Məktəblilər
arasında elmə olan aşağı maraq. Uşaqların
65%-nin elmə marağı aşağı həddədir.
Onların da 2/3-ni oğlanlar təşkil edir;
-
Oğlan və qız uşaqlarının təhsil göstəriciləri
arasında ciddi fərq. Qızlar əsas etibarilə daha
yaxşı nəticələr göstərir;
- Məktəblər
arasında minimal olsa da, ötən illərə nisbətən
diqqəti cəlb edən fərqlər;
-
Qabaqcıl şagirdlərdə motivasiyanın yoxluğu.
Finlandiya məktəblərində uşaqları fərqləndirmək
praktikası yoxdur, əsas məqsəd hamının savad bərabərliyini
təmin etməkdir. Kim geridə qalır, onu dartıb
qabağa gətirmək lazımdır. Nəticədə daha
ağıllı və savadlı uşaqlar üçün məktəb
maraqsız olur.
Nə etmək
lazımdır?
Bütün
bunlara rəğmən hökumət gələcəyə
optimistcəsinə baxır. 2016-cı ilin ikinci
yarısında 1-6-cı siniflərin proqramında islahatlara
dair plan təqdim olunub və icrasına başlanılıb.
Növbədə yuxarı siniflərdir: plana uyğun olaraq
7-9-cu siniflərdə yeniliklərə 2017-ci ildən etibarən
start verilib və 2019-cu ildə başa çatmalıdır.
Mövcud sistemdən qalan amillər bunlardır:
- Hamı
üçün təhsil;
-
Pedaqoqların hazırlığına yüksək diqqət;
-
Ayrı-ayrı məktəb və rayonlar səviyyəsində
məsuliyyət və azadlıq.
Tətbiq
olunan yenilikləri isə belə qruplaşdırmaq olar:
- Məcburi
proqrama kross-nizam modulunun əlavə edilməsi. Uşaqlara elə
məsələlər verilir ki, sırf bir predmetə aid olmur.
Məktəblilər digər fənlərə dair biliklərindən
də yararlanırlar;
- Hər
məktəb üçün ayrıca tyutorun - tərbiyəçinin
ayrılması. Onun əsas vəzifəsi yeni pedaqoji təcrübənin
və rəqəmsal texnologiyaların tətbiqinə köməklik
göstərməkdir;
-
LUMA-proqramın tətbiqi. Əsas məqsəd uşaqlarda
uşaq bağçasından tutmuş universitetlərədək
riyaziyyat və təbiət elmlərinə marağı
stimullaşdırmaq;
-
Multiliteracy (bir neçə dilin öyrənilməsi). Məqsəd
fənlərin müxtəlif dillərdə öyrənilməsidir.
Bu yeniliklərin
nəticəsinin necə olacağını, təbii ki, zaman
göstərəcək. Ancaq Finlandiya təcrübəsindən
çıxış edib bir qənaətə gəlmək
olar: təhsil canlı orqanizmdir, bir yerdə dayanmır, daim təkmilləşmə
və yeniləşmə tələb edir. Bu
reallığın dərk edilməsi müasir təhsilin əsas
uğur faktorudur.
Rüstəm
QARAXANLI
Azərbaycan müəllimi.- 2017.-
12 yanvar.- S.1; 5.