Pillələri qırıq nərdivan
kimiyik...
Qriqoriy Petrov və “İdeal müəllim”
əsəri
Onu təqdim edəndə
“Ağ Zanbaqlar ölkəsində” əsərinin müəllifi
olduğunu xüsusi vurğulayırlar. Əsər Finlandiyanın iqtisadi, siyasi, mədəni
tənəzzülü uğurlu təhsil mexanizmi və
standartları sayəsində aradan qaldırmasından bəhs
edir. Hətta kitab yayımlandıqdan bir neçə il sonra Mustafa Kamal Atatürkün göstərişi
ilə türk dilinə tərcümə olunaraq hərbi məktəblərin
tədris planına salınmışdı. Üstəlik, o
zamanlar əsərin oxunması ilə bağlı maraqlı
statistika verilmişdi: “Bu kitab Türkiyədə Qurandan daha
çox oxunub”.
İçki mühitində
böyüyən din adamı
Qriqoriy Petrov 1866-cı ildə Rusiyanın Yamburq (indiki
Kinqisepp) vilayətində doğulub. Valideynlərinin kimliyi
ilə bağlı məlumatlar müəmmalıdır.
Belə ki, bəziləri atasının
kiçik tüccar, bir qismi isə barmen olduğunu deyirdilər.
Hətta bu haqda iki dahi rus
yazıçısının məktublaşmasında
maraqlı fakt verilib. Belə ki, 1898-ci ildə
Qriqoriy Petrovun “İncil həyatın təməli kimi”
kitabı sürətlə oxucu kütləsi qazanır.
Əsəri oxuyandan sonra dövrünün məşhur rus
yazıçısı Maksim Qorki onun haqqında dostu Anton
Çexova yazırdı: “Barmenin oğlu hesab edilən Petrov
uşaqlığında sərxoş və söyüş
mühitindən başqa yer tanımayıb... Buna baxmayaraq, bir
neçə ruhu var, aydın, dərin, mömin bir ruh... Kitab kahin tərəfindən yazılıb, ancaq elə
yazılıb ki, heç bir kahin belə əsər yarada bilməz”.
Qayğıdan uzaq, başı sığal görməyən
uşaq həyatın çətinliklərindən daha tez nəticə
çıxarmağa başlayır. Qriqoriy
insanlığın xilası ilə bağlı utopik xəyallar
qurur, Lev Tolstoy kimi yer üzünü cənnətə
çevirmək yollarını axtarırdı.
“Elm, din, fəlsəfə, sənət
insanlığın xoşbəxtliyi üçün
faydalı deyilsə, heç bir dəyəri olmaz”-deyən
Petrov din adamı olmağa qərar verir. Məhz bu
yolla daha geniş auditoriyalarda görüşlərə
qatılıb, insanlara təsir edəcəyini
düşünür. Hədəflədiyi
təbəqə isə əsasən yoxsullar, fəhlələr,
kəndlilər idi. Onların
düşüncəsində, həyat tərzində inqilab edəcəyinə
inandırmışdı özünü. Ömrünün sonuna qədər də bu əqidəsinə
sadiq qalır.
Kilsədən qovulan kahin
Narva gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburqda
dini seminariyaya qəbul olunur. Qriqoriy özünü artıq tam
bir dindar kimi hiss edir, bu sahəni daha dərindən mənimsəmək
üçün Sankt-Peterburq İlahiyyat Akademiyasına sənəd
verir. Akademiyanı yüksək nəticələrlə
bitirdiyinə görə magistr dərəcəsini imtahansız
əldə edir. Məhz bu nailiyyət ona
bir çox nüfuzlu universitet və liseydə mühazirə
demək imkanı yaradır.
Qriqoriy məqsədinə çatmışdı. Ancaq
arzularının miqyası sərhədsiz idi. Sankt-Peterburqda günü-gündən ideya məsləkdaşları
formalaşır, böyük toplumun nəbzini tutmağı
bacarırdı. İnsanlar onun
çıxışlarını dinləmək
üçün bölgələrdən axın edirdilər.
O, xalqın hissiyyatını ələ ala bilən, problemlərə
impulsiv yanaşma bacarığı olan natiq idi. Hətta çar ailəsi övladlarına dərs
verməsi üçün onu saraya dəvət etmişdi.
Lakin Petrovun artan nüfuzu kilsə idarəçilərinin
narahatlığına səbəb olurdu. Onlar
Qriqoriyin əleyhinə qarayaxma kampaniyaları
aparırdılar. Əlbəttə, elmlə
məşğul olan insanlara siyasət və dindən uzaq
durması çağırışını edən dindar
kilsə fədailərini qıcıqlandırmaya bilməzdi.
Nəhayət, Petrova qarşı səsləndirilən
ittihamlar işə yarayır və o, 1903-cü ildə kilsədən
uzaqlaşdırılır.
1907-ci ildə isə “zərərli qəzetçilik fəaliyyəti”
səbəbindən Peterburq yaxınlığındakı bir
monastra sürgün edilir. Amma cəmiyyətdən
təcridi ideya qardaşlarının Petrova olan rəğbətini
daha da artırır və namizədliyini irəli sürmədiyi
halda Rusiyanın II Dövlət Dumasına deputat seçilir.
Bu müddətdə Qriqoriy həm də bir
neçə qəzetlə əməkdaşlıq edir,
özünün də dediyi kimi “yatmış xalqı
oyandıran” yazılar yayımlayırdı. Günlərin birində Qriqoriy kilsə idarəçiliyinə
yönəlmiş tənqidi yazısı ilə qarşı
tərəfin təzyiqindən yayına bilmir, keşiş
rütbəsi əlindən alınır. Ona
qarşı 7 il müddətində
Peterburq və Moskvada yaşamaq, 20 il ərzində dövlət
işlərində çalışmaq qadağası tətbiq
olunur.
Sabiq keşiş bundan sonra Balkan və Avropa ölkələrinə
səyahətə çıxır. Gəzdiyi yerlər
arasında ən çox Finlandiyanın təbiəti, iqtisadi
və sosial durumu, cəmiyyətin mədəni
inkişafında təhsilin rolu Qriqoriyin
yaradıcılığına əhəmiyyətli dərəcədə
təsir edir.
1917-ci ildə Rusiyada Oktyabr çevrilişindən sonra
bolşeviklər tərəfindən təhdidlərə məruz
qalır. Krıma sığınan Petrov bir müddət
burada yaşamalı olur. 1919-cu ildə
atasının da məsləhəti ilə “Könüllü
ordu”ya yazılan oğlu Kerç yaxınlığında
döyüşlərin birində öldürülür.
Qəribədir ki, Qriqoriyin bu itkisinin
qarşılığında elə həmin il
ikinci həyat yoldaşından qızı doğulur.
Oğlunun ölümündən sonra geniş kütlələr
içində inqilabçı
çıxışlarını daha cəsarətlə davam
etdirən din adamını az qala hər
addımına görə ittiham edirdilər. Nəhayət,
1920-ci ildə Krımdan İstanbula gizli qaçqınlar daşıyan
gəmiyə ən son sərnişin olaraq, ayaqyalın,
nimdaş paltarda atlayaraq canını qurtara bilir. Türkiyədən Serbiyaya keçir. Qriqoriy ona rəğbət bəsləyən bir qrup
ziyalının dəstəyi ilə Belqrad Universitetinə
professor təyin olunur.
Xərçəngdən
ölür, iki dəfə dəfn olunur
Qərib ölkədə yaşamasına baxmayaraq, vətənindən
əlini üzməmişdi. Necəsə oralara səsini
çatdırmağı, bəşəri örnəkləri
xalqına göstərməyi düşünürdü.
1923-cü ildə bütün bu gözləntilərinin
məcmusu kimi ona böyük şöhrət gətirən
“Ağ Zanbaqlar ölkəsində” əsəri yazılır.
Kitab serb dilində çap olunur. O,
iqtisadi, siyasi, mədəni tənəzzüldən sırf
mükəmməl təhsil strategiyasına görə
üzüağ çıxan Finlandiyanı nəinki Rusiyaya,
digər ölkələrə də nümunə göstərirdi.
Əsər ölümündən sonra bir
neçə xarici dilə çevrilir. Beləcə,
həm yazıçının, həm əsərin əhəmiyyətinin
sərhədi genişlənməkdə davam edir. Bu günə qədər də
aktuallığını itirməyən əsər dəfələrlə
nəşr olunur, oxucular tərəfindən sevilir.
1925-ci ildə xərçəng xəstəliyinə
tutulan Qriqoriy Parisə yollanır. Lakin əməliyyat
uğursuz olur və Petrov elə xəstəxanada vəfat
edir. Nəşi yandırılaraq
Serbiyadakı həyat yoldaşı Zinayda İvanovnaya göndərilir.
Xanımı onu Novi-Sad şəhərindəki
Uspensk qəbirisitanlığında dəfn etdirir. 1981-ci ildə bu ərazidə aparılan tikinti
işləri ilə əlaqədar bəzi qəbirlər, eləcə
də Petrovun məzarının köçürülməsinə
qərar verilir. Yazıçının
Almaniyada yaşayan qızı atasının cənazəsinin
qalıqlarını yaşadığı Münhen şəhərindəki
Ostfridxov qəbiristalığına gətirir.
“İdeal müəllim”
Rubrikamızın bu sayında isə Qriqori Petrovun
xüsusən məktəblər, təhsil sahəsində
çalışanlar üçün adı oxunulması
vacib əsərlər siyahında olan “İdeal müəllim”indən
danışacağıq.
“Yumruq” Ədəbi Birliyi tərəfindən nəşrə
hazırlanan əsərin tərcüməçiləri Zaur
Həsənzadə və Sayalı Həsənzadədir.
Əsərin əsas obrazı, həm də real qəhrəmanı
Rusiyanın tanınmış botanik-riyaziyyatçı alimi
Sergey Raçinskidir. O, Moskva Universitetində dərs deyir. 1880-ci
illərdə Rusiyanın elmi-texniki sahədə geridə
qalması, xüsusən əyalətlərdəki cəhalət
onu ruhdan salır. Professor bu problemin həlli
yollarını axtarmağa başlayır. Bir ziyalı
kimi düşünür ki, əlini-qolunu bağlayıb
yalnız universitetdə oturmaqla, çox az
sayda gəncə təhsil verməklə köklü dəyişiklik
gözləmək ağılsızlıqdır. Həyatının ən çətin qərarını
verməli olur. Doğulduğu ucqar Tatevo kəndinə
getməli, ailələri uşaqlarını məktəbə
göndərməyə məcbur etməli, istedadları
özü tapıb üzə çıxarmalıdır.
Raçinskinin bu qərarından rektor, müəllim
yoldaşları qəzəblənir. Ancaq
heç kəs onu fikrindən daşındıra bilmir.
“Hamınız
çox yaxşı bilirsiniz ki, torpağın altından neft
çıxarmaq istəyənlər ilk növbədə yerin
üstünü qazırlar... Mən də millətimizin
ruhunun dərinliklərində gizli qalan böyük
istedadları tapıb ortaya çıxarmaq üçün kəndlərə
gedirəm... Ölkəmizdə məktəblərin
sayı çox azdır. Mövcud olan məktəblərdə
isə yaxşı müəllimlər yoxdur. Bu məktəblərə gedən şagirdlər
öyrəndiklərini tutuquşu kimi əzbərləyiblər”.
Raçinskidən bu sözləri eşidənlər
“doğrudan da riyaziyyatçılar dəli olur”-deyə ona tənə
edirlər.
Yerli kənd müəllimləri onu çox soyuq
qarşılayırlar. Hamı professorun ağlını
itirdiyini düşünürdü. İçki
düşkünü, qaba kəndlilərin arasında tezliklə
həvəsdən düşüb geri
qayıdacağını zənn edirdilər. “Kəndlərimizə
bilik yox, meyxana, içki lazımdır” deyən müəllimlərə
qəzəblənərək: “Sizdə heç utanmaq yoxdurmu?
Bu sözləri kimin haqqında deyirsiniz? Özünüzün də içində
yaşadığı millət haqqında, elə deyilmi?”
cavabını verir.
“Hamımız
10 il və ya daha artıq bir müddətdə
məktəblərdə təhsil aldıq. Böyük
yazıçıların əsərlərini oxuduq. Əsl sənətkarların yaratdığı
tablo və heykəllərə tamaşa etdik. Ruhu vəsf
edən musiqiləri dinlədik... Buna baxmayaraq, hər
birimiz canlı bir işıq saçan fənər olmaq əvəzinə
yatmış vəziyyətdəyik, pillələri
qırıq nərdivan kimiyik. Bu qüsurumuzla
biz məsum xalq kütləsinə hücum edir və
onları alçaldırıq. Özümüzü
isə sivil insanlardan biri hesab etməkdən də çəkinmirik”.
Nəhayət, Raçinski çətinliklə də
olsa kənddə arzuladığı məktəb mühitini
yaratmağı bacarır. Şagirdlərinə
dərs məsuliyyətindən başqa məktəbə,
müəllimə diqqətlə yanaşmağı,
paltarlarını, sinif otağını təmiz
saxlamağın mənəvi tərəflərini izah edir.
Professor hər keçən gün
şagirdlərinin mədəni, zehni inkişafını izləməkdən
zövq alır. O, həm də kəndin kişiləri
arasında içkinin zərərləri ilə bağlı
təbliğatlar aparır, spirtli içkiləri
“şüşənin içində gizlənən şeytan”
adlandırırdı. On il keçir. Raçinski əlindən tutub bu illər ərzində
əziyyətlə oxutduğu Boqdanov Belski və Boqdanov
Zabolotni adlı iki istedadlı şagirdin birincisinin rəssam,
ikincisinin isə tanınmış kimyaçı olmasına
böyük dəstək verir. Beləcə,
kiçik Tatevo kəndindən mühəndislər,
maşinistlər, həkimlər çıxır.
Əsərin sonuncu hissəsi çar Rusiyasının devrilməsi dövrünü əhatə edir. Bu zamanlarda bəzi tanınmış alimlərin, din adamlarının təqibi və yetirmələrinin ağır günlərini Raçinskinin görmədən öldüyü yazılır.
“Həyatın bitib tükənməyən min bir işlərinin arasında sahiblənməyimiz gərək olan real düşüncələri itiririk. Dayanmadan ən yaxşı yemək və içkilər, ən rahat divan və yataq yerləri hazırlamağı düşünürük. Hamımız axmaqcasına geyinib bəzənməyə, dəyərli vaxtımızı zövq və əyləncə içində keçirməyə çalışırıq. Ölkəmizdə demək olar ki, mənəviyyatla məşğul olan adam qalmayıb, gələcəyimizi düşünən idealistlər itiblər. Hər kəsin ağlında yalnız bir şey var, o da harada və necə daha artıq qazanc əldə etməyi düşünməkdir”.
Xüsusən, təhsil sahəsində
çalışan, peşəsini sevən, dəyər verən
hər bir müəllimin mütləq oxumalı kitablar
siyahısında belə ibrətamiz kitabın olması
vacibdir. Məhz buna görə də “İdeal müəllim” əsərini
oxuculara tövsiyə edirik.
Gülnarə İLHAM
Azərbaycan müəllimi.- 2018.-
12 yanvar.- S.13.