ADPU-da
kitab təqdimatı keçirilib
“Türkmənşəli
sözlər lüğəti”ndə
44 mindən çox söz yer alıb
Azərbaycan Dövlət Pedaqoji Universitetində İsmayıl
Məmmədli, Ənvər
Abbasov və Hüseyn Mirzəyevin müəllifi olduğu “Türkmənşəli sözlər
lüğəti” kitabının
təqdimatı keçirilib. Kitabın hazırlanmasında
əsas məqsəd Azərbaycan dilinin türkmənşəli sözlərlə
nə dərəcədə
zəngin olduğunu oxucu kütləsinə çatdırmaq və Azərbaycan dilinə dair məktəb kursunun səmərəli tədris olunmasına dəstək verməkdir.
Tədbiri ADPU-nun rektoru, professor
Cəfər Cəfərov
açaraq yeni lüğətin tədris
sistemindəki yerindən
və əhəmiyyətindən
danışıb və
bu işdə əməyi keçən
hər kəsə təşəkkür edib.
Filologiya
elmləri doktoru, professor Buludxan Xəlilov kitabın XXI əsr lüğətşünaslığı
üçün çox
əhəmiyyətli olduğunu
diqqətə çatdırıb:
“Bu gün sizə təqdim etdiyimiz “Türkmənşəli sözlər
lüğəti” bütün
normalara cavab verir. Hər bir dilin lüğət tərkibinin
zəngin olması onun müasir dilçiliklə ayaqlaşdığından
xəbər verir.
Yaşadığımız əsrdə müxtəlif
növ lüğətlərə
tələbat artır.
Dilimizin lüğət tərkibinə
hər sahədən çoxsaylı alınma sözlər daxil olur. Hələ bu alınma
sözlərin 44 minə
yaxını türkmənşəlidir.
Bütün bu sözlər
dilimizin tərkibinə
daxil edilərkən Azərbaycan dilinin orfoqrafiya normalarına, habelə bir sıra digər linqvistik və ensiklopedik lüğətlərə
istinad edilib. Lüğət eyni zamanda orta məktəbin tədris prosesi üçün də nəzərdə tutulub”.
Millət
vəkili Aydın Mirzəzadə lüğət
haqqında fikirlərini
bölüşüb: “Bu kitab
söz ehtiyatına görə olduqca faydalıdır. Burada 50-dən çox lüğət növünə
daxil olan və olmayan bir sıra yeni
sözlər var. Kitabın
quruluşu, adı, izahı olduqca uğurlu seçilib.
İlk baxışda insana güvən aşılayır.
Fikrimcə, bu lüğət
Azərbaycan dilçiliyində
əsrlərlə qalacaq
və istinad ediləcək bir kitabdır”.
Müəlliflərdən Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə
doktoru, əməkdar müəllim Ənvər
Abbasov lüğətə
əlavə edilən
yeni sözlərdən
danışıb: “Bu gün
orta məktəb şagirdlərinin ən böyük problemi söz bazalarının azlığı, ifadələrdən
yerində istifadə edə bilməmələridir.
Eyni zamanda bu kitab
şagirdlərdə dilə
böyük məhəbbət,
maraq yaradacaq. Bu lüğətdə 44 mindən çox türkmənşəli söz
var. Gələcəkdə bu lüğətin daha da təkmilləşdirilməsini
planlaşdırırıq. Dilimizin dərindən öyrənilməsi
üçün bu kimi mənbələrin sayının artırılması
önəmlidir”.
Xalq şairi Sabir Rüstəmxanlı isə
kitabı “Divani lüğəti-it-türk”
əsəri ilə müqayisə edib: “Bu günə qədər sonsuz sayda lüğətlər
hazırlanıb. Bu elə də asan məsələ deyil. Bu lüğətin
hazırlanması son dərəcə
önəmlidir. Türklər tərkibində 613 min söz
olan lüğət hazırlayıb. Ümumi türk
xalqlarının dillərini
əhatə edəcək
1 milyona yaxın söz var. Bura altayların, başqırların
və digərlərinin
sözləri daxildir”.
Digər
müəllif, professor İsmayıl
Məmmədli isə
bildirib ki, dilimizin zənginliyini ortaya çıxarmaq üçün dilçilərimiz
bu kimi təşəbbüslərə
tez-tez yer verməlidirlər: “Dilçilər
arasında kimsə bu təşəbbüsü
etməli idi və düşündüm
ki, bunu biz edək. Mən bu kitabı
əməkdaşlarımızla birlikdə hazırlamışam.
Çox
geniş araşdırmalar
aparmışıq. Məsələn,
uzun illər bizim bildiyimiz “tüfəng”, “pələng”
kimi sözlər fars sözləri
kimi bilinir. Əslində isə bunun
dərinliyində çox
məqamlar var. Təəssüf
ki, bu gün
Azərbaycanın etimoloji
lüğəti çap
olunmayıb. Türklər çoxsaylı lüğətlər
çap etdirir və hər birində yeni sözlər tapmaq olar. Bu kitabın
ardınca Cəfər
Cabbarlının lüğətini
hazırlamışıq. Ümumilikdə Azərbaycan dili
çox zəngin tərkibə malikdir.
Sadəcə, əsrlər keçir
və bəzi sözlər unudulur.
Bu sözlərin unudulmaması üçün
gərək biz özümüz
çalışaq. Həmin sözlərin
mənalarını yeni
nəsil bilməyə
bilər. Buna görə, gələcək
nəsillərin də
hazırkı sözləri
unutmamaları üçün
biz müəllimlər, pedaqoqlar
öz dilimizi mükəmməl bilməliyik”.
ADPU-nun elmi işlər üzrə prorektoru,
professor Asəf Zamanov,
Azərbaycan dili və onun tədrisi
metodikası kafedrasının
müdiri, professor Əzizxan
Tanrıverdiyev çıxış
edərək “Türkmənşəli
sözlər lüğəti”
kitabını yüksək
qiymətləndiriblər.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2018.-
12 yanvar.- S.13.