Almaniyada peşə təhsili
diplomlarına tələbat daha çoxdur
Pərviz
Əmiraslanov: “Şagirdlərin texniki peşələrə
motivasiyası aşağı siniflərdən
başlanır”
TANITIM: Pərviz
Əmiraslanov 1971-ci il iyulun 28-də Tovuz rayonunun Sarıtala kəndində
anadan olub. 1994-cü ildə Azərbaycan Texniki Universitetinin
maşınqayırma fakültəsini bitirib. 1994-1998-ci illərdə
AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. 1998-ci
ildə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) elmi təqaüdünə
layiq görülən Pərviz Əmiraslanov 1998-2005-ci illərdə
Almaniyanın Braunşvayq Texniki Universitetində fasiləsiz
pedaqoji fəaliyyət göstərib. 2006-2017-ci illər ərzində
Almaniyanın müxtəlif universitetlərində (Braunschweig
Texniki Universiteti, Clausthal Texniki Universiteti), texniki ali məktəblərdə
(Wolfenbüttel/Wolfsburg/ Braunschweig) mühazirələr
aparıb və elmi-texniki seminarlara rəhbərlik edib.
Ümumilikdə 23 illik pedaqoji iş təcrübəsi
vardır. Hazırda Pərviz Əmiraslanov “Volkswagen AG”
şirkətində “Texniki Simulyasiya və Rəqəmsal
Texnologiya” şöbəsinin müdiri vəzifəsində
çalışır. Onun rəhbərlik etdiyi şöbədə
yeni avtomobillər üçün intellektual və innovativ
texnologiyalar nəzəri cəhətdən
araşdırılır və praktiki sınaqdan
keçirilir. Son illərdə pilotsuz avtomillər
üçün nəzərdə tutulmuş beynəlxalq həcmli
layihələr, o cümlədən “Süni İntellekt”
metodunun həm nəzəri və həm də praktiki tətbiqi
ilə ciddi məşğul olur. Rəhbərlik etdiyi
şöbədə süni intellekt metodunun inkişafı,
DeepLearning, MachineLearning, FuzzyLogic və s. kimi sahələrdə
elmi-metodiki seminarlar həyata keçirilir.
Əmək bazarının tələblərinə çevik uyğunlaşma indi hər ölkə üçün prioritet vəzifələri ortaya qoymaqdadır. Yaxın 10-15 ildə dünya əmək bazarında baş verəcək qlobal yeniliklərə vaxtında və həm də “ağrısız” cavab verə bilmək üçün keyfiyyətli kadr hazırlığı ön plana çıxır. 2017-ci ilin hesabatları göstərir ki, Almaniya Avropada işsizliyin səviyyəsinin çox aşağı olduğu ölkədir. Ötən il Almaniyada 1990-cı ildən sonra rekord məşğulluq səviyyəsi də qeydə alınıb. Məhz yüksək məşğulluq səviyyəsi Almaniyanın Avropada ən güclü iqtisadiyyata malik ölkə statusunu təmin edib. Cari ilin yanvarın 3-də Almaniyanın Federal Əmək Agentliyinin rəhbəri Detlef Şele (Detlef Scheele) qeyd edib ki, alman şirkətləri tərəfindən bu il 600 min yeni iş yerləri açılacaq. Yeni iş yerləri isə ölkə iqtisadiyyatının inkişafını təmin edən başlıca faktor kimi çıxış edir. İxtisaslı kadrlara olan ehtiyacın aradan qaldırılmasında isə peşə təhsili sistemi mühüm rola malikdir. Almaniyada peşə təhsilinə münasibət, ümumiyyətlə, necədir? Bu ölkədə peşə təhsili sahəsində keyfiyyətli kadr hazırlığı necə həyata keçirilir? Bu və digər suallarımızı Almaniyanın Braunşvayq Texniki Universitetinin əməkdaşı, “Volkswagen AG” şirkətinin şöbə müdiri, texnika elmləri doktoru Pərviz Əmiraslanovla müzakirə edirik.
- Almaniyada uşaqların texniki peşələrə stimullaşdırılması hansı siniflərdən və ya yaş dövründən başlanır? Almaniyalı uşaqlar peşə seçimində nə dərəcədə müstəqildirlər?
- Almaniyada şagirdlərin texniki peşələrə motivasiyası adətən aşağı siniflərdən başlanır. Hətta uşaq bağçalarında çoxşaxəli və əyləncəli oyunlara maraq oyadırlar. İbtidai məktəblərdə (əsasən 3 -cü siniflərdə) şagirdlərin maraqları öyrənilir və bu istiqamətdə geniş pedaqoji iş aparılır. Sonralar isə məktəblərin digər üst pillələrində şagirdlər maraqlarına uyğun olaraq fənlərin seçimini (burada həftədə istiqamət üzrə dərslərin saatı fərqli olur) edirlər. Peşə seçimində şagirdlər əsasən çox sərbəst olurlar. Təbii ki, valideynlərin, ətraf çevrənin də təsiri danılmazdır. Aşağı siniflərdə şagirdlərin praktiki işlərə meyilini artırmaq üçün məktəbdənkənar çoxlu dərnəklər təşkil edilir və bu dərnəklərdə iştirak çox zaman interaktiv şəkildə baş verir. Bununla da şagirdlərdə sərbəstlilik, düşünmə qabiliyyətinin artması, kreativlik daha erkən yaranır. Nəticədə peşə seçimi də uşaqlıqdan qismən də olsa baş qaldırır.
- Ölkədə texniki peşə təhsili üzrə xidmətlərin geniş spektrini təqdim edən xüsusi dövlət və ya özəl qurumlar varmı? Varsa, şagirdlərin ilkin peşə seçimindən tutmuş iri korporasiya əməkdaşlarının ixtisas dərəcələrinin yüksəldilməsi sahəsində nə kimi fəaliyyətlər göstərir?
- Bu sahə müntəzəm olaraq Almaniya dövləti və sənaye tərəfindən diqqətdədir. Konkret olaraq bu işlərlə məktəblər və yaxud xüsusi hallarda sənaye yönümlü şirkətlərin filialları məşğul olurlar. Burada həm dövlət dəstəyi, həm də sənaye dəstəyi olur. Sənaye çox zaman dəstəyi özünün strategiyasına uyğun olaraq seçir ki, bu da çox effektivdir. Dövlət isə bunu ümumi şəkildə həyata keçirir. Bunun effekti isə bir qədər az olur. İxtisas dərəcələrinin yüksəldilməsi, bir qayda olaraq, həmişə həyata keçirilir. Hər hansı bir müəssisə işçisini, yaxud peşəyönümlü məktəbsə, şagirdini öz səfiri hesab edir. Bununla da bir növ sanki ağıllı bir yarış olur. Bütün müəssisələr daimi olaraq yenilikləri bilmək üçün işçilərinə seminarlar təşkil edir və bununla da problemlər varsa, aradan qaldırılır.
- Almaniyada peşə təhsili mütəxəssislərinin hazırlığı bilavasitə istehsal sahələrində (şirkətlər, kompaniyalarda) və ya peşə təhsili müəssisələrində həyata keçirilir? Məsələn, BMW, Mersedes kimi iri şirkətləri güclü mütəxəssis bazasına malikdir. Şirkət buna necə nail olur?
- Bilirsiniz, mütəxəssis olmaq üçün gərək buna hazır olasınız. Yəni bunu şagirdlərin özü şüurlu halda birbaşa seçim edirsə və istəyinə, məqsədinə nail olmaq üçün reallıqla barışaraq müdaxilə olmadan öz üzərində ciddi çalışırsa, mütləq mütəxəssis olacağı bəllidir. Almaniyada xüsusi peşə təhsili məktəbləri vardır və bu məktəblərə adətən qəbul olan şagirdlərin praktiki qabiliyyəti yüksək olur. Bütün bunlara isə onlar aşağı sinifdən alışırlar. Bunun üçün sizə bir misal gətirim. Mənim bir alim işçim var və uşaqlığından evlərində həm atasının şəxsi laboratoriyası olub, həm də balaca bir sexləri var. Orada lap məktəbə getmədən öncədən atası ilə birlikdə çalışıb. Sonra mütləq peşə təhsili almağa qərar verib. Öncə peşəyönümlü məktəb bitirib, sonra ali məktəb oxuyub. Daha sonra universitet təhsili alıb və sonunda isə daha da irəli gedərək bütün praktiki bacarıqlarını elmdə sınayıb. Nəticə isə budur ki, sonunda alimdir və çox sevilən, bacarıqlı bir mütəxəssisdir.
İri şirkətlər (yəni Holdinq şirkətlər şəbəkələri) təbii ki, bu məsələdə maraqlıdırlar və bəzi hallarda özlərinin peşəyönümlü özəl məktəblərini, bəzən də yüksək ali məktəblərini yaradırlar.
- Hər hansı şirkət ona lazım olan işçini necə seçir? İşçinin və ya mütəxəssisin onun tələblərinə uyğun gəlib-gəlmədiyini necə müəyyən edirlər?
- Bu seçim çoxpilləli olur, bəzən isə o qədər də asan olmur. Böyük şirkətlərdə seçim çox zaman həm insani keyfiyyətlərə görə, həm də ixtisas baxımından hərtərəfli diqqətdən keçirilir. İşin tələbatından asılı olaraq sənəd verən şəxs haqqında öncədən məlumat olur və görüş zamanı çoxpilləli prosedurlar həyata keçirilir. Son halda böyük şirkətlərdə seçimin asan olmayacağı bəlli olur və öncədən buna qərar vermək olduqca çətin olduğundan şirkətin İnsan Resursları şöbəsi ixtisas şöbələri ilə birgə çalışaraq xüsusi proqram əsasında problemin həllinə nail olur. Yəni burada istər bilik səviyyəsi, istər şəxsi xarakter, istər sosial, psixoloji xüsusiyyətlər və s. nəzərə alınır. Təbii ki, ən öndə gələn ixtisas bacarığıdır. Bu isə Almaniyada əsasən çoxluq təşkil edir. Seçim isə digər nüansların da nəzərə alınmasından asılı olur.
- Peşə təhsili üzrə imtahanlar təşkil olunurmu, onlar necə və kim tərəfindən təşkil edilir? Şagirdlərdə hansı keyfiyyətlərə daha çox üstünlük verilir?
- Bu, peşə təhsili verən məktəblərin tələbatından asılıdır. Adətən testlər keçirilir və belə testlər çox zaman Almaniyada peşə təhsili üzrə dövlət qurumlarının dəstəyi ilə tətbiq olunur. Əgər peşəyönümlü məktəb bir şirkətə aiddirsə, yəni dövlətin deyilsə, ona dövlət dəstəyi olmur. Xüsusi hallarda dövlət dəstəyi ola bilər ki, bu da şirkətlə dövlətin imzaladığı müqavilənin şərtlərindən asılıdır.
Şagirdlərin keyfiyyətlərinə gəlincə, buna əsasən praktiki bacarıq, kreativlik, sərbəst düşünmə qabiliyyəti, əzbərçilikdən kənar olmaq, çətin anlardan özünü çıxarma bacarığı, səmimi olmaq və digər keyfiyyətlər daxildir.
- Bəzən deyirlər ki, Almaniyada peşə təhsili almaq ali təhsil almaqdan çətindir? Doğrudanmı belədir? Hazırkı dövrdə Almaniyada peşə təhsili diplomlarının və ya sənədlərinin ali təhsil diplomlarından daha çox tələb olunan olduğunu söyləmək olarmı?
- Yanlış fikirdir! Peşə təhsili adətən
praktiki yöndədir və təbii ki, bacarıq, istedad tələb
edir. Ali təhsil isə elmi xarakter daşıyır və
burada nəzəri biliklər elmi əsaslandırılmalı
və praktika ilə uzlaşmalıdır. Ali təhsildə tərtib
edilmiş hər bir buraxılış işi (diplom, bakalavr,
magistr və s.) elmi araşdırmalar nəticəsində həyata
keçirilir. Bu isə məlumdur ki, asan deyil və hətta
daha çətindir. Peşə təhsilində isə əsasən
əyani - praktiki işlər daha öndədir. Bu isə
çox zaman inkişafda olan ölkələrə çətin
görünür. Əslində isə belə deyil. Peşə
təhsili diplomlarına tələbat, bəli, daha
çoxdur, çünki Almaniyada ayrı-ayrı peşə
sahələri daha qabarıqdır və bu, normal hal hesab
edilir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.-
12 yanvar.- S.9.