“Dünyanın rəngləri tək ,

qaradan ibarət deyil

 

Murad Mustafazadə: “Elə əsrarəngiz gözəlliklərlə rastlaşırsan ki, onu kətana köçürərkən xoş rənglərdən istifadə etməli olursan

 

Murad Mustafazadə 2001-ci ildə Bakı şəhərində anadan olub. Hələ kiçik yaşlarından onda rəsm çəkməyə böyük həvəs yaranıb və çox keçməyib ki, yaşıdları arasında istedad və yaradıcılıq qabiliyyəti ilə seçilib. Elə bu həvəs və əzmkarlıq da yaradıcılıq potensialının artmasına təkan veribo, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında təhsilini davam etdirib. İlk günlərdən Muradın çalışqanlığı, rəssamlıq qabiliyyəti müəllimlərinin diqqətini cəlb edib. Həmin vaxtlardan da o, təcrübəli müəllimlərinin tövsiyələrindən bəhrələnərək tədricən bu sənətin sirlərinə dərindən yiyələnməyə başlayıb. Onunla söhbət edərkən qazandığı nailiyyətlərdəın söz açdı.

 

50-yə yaxın rəsm əsərim bəyənilib

 

Çalışqanlığım sayəsində qısa vaxt ərzində ölkəmizdə və xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq və respublika əhəmiyyətli rəsm müsabiqələrində iştirak edərək uğurlar qazandım. Bakıda keçirilən Norveç Respublika Günündə “Norveç incəsənət gimnaziyası şagirdlərinin gözü ilə” adlı tədbirdə diplomla mükafatlandırıldım. Praqa şəhərində keçirilən tədbirdə isə daha bir diploma layiq görüldüm. Çoxlu sayda diplomlarım və fəxri fərmanlarım var. Yaradıcılıq nümunələrindən ibarət fərdi sərgim keçirilib. Sərgidə təqdim olunan 50-yə yaxın rəsm əsəri bütövlüklə bəyənilib. Millimüasir üslubda işlədiyim kompozisiyalar, təbiət tabloları tamaşaçılarda xoş ovqat yaradıb.

 

Rəsmlərimdə vətən sevgisinə üstünlük verirəm

 

Rəsm əsərlərini əsasən rəngkarlıq və qrafika janrlarında işləməyi xoşlayıram. Vətənpərvərlik mövzusundan bəhs edən rəsmlərimdə müxtəlif rəng çalarlarından məharətlə istifadə etməyi bacarıram, işlədiyim mövzunun xarakter və xüsusiyyətlərini düzgün müəyyən edirəm. Ümumiyyətlə, hansı mövzuda işləməyimdən asılı olmayaraq yaratdığım əsərə milli ornament verməyə, həmin rəsmlərdə vətən sevgisini ifadə etməyə üstünlük verirəm. İstər natürmortlarımda, istərsə də mənzərə janrında işlədiyim əsərlərdə vətənpərvərlik elementləri diqqətimdən heç vaxt yayınmır. Çəkdiyim “Qarabağ atı”, “Milli Bayramımız Novruz”, “Milli Qəhrəmanımız Mübariz”, “Kinocizgi filmi qəhrəmanları” kimi rəsmlərimi sadalamaqla qurtaran deyil. Hazırda daha ciddi və mükəmməl mövzulara həsr etdiyim rəsmlər üzərində işləyirəm. Bu rəsmlərdə daxili fantaziyamın gücündən istifadə edirəm.

 

Arzum Türkiyədə təhsil almaqdır

 

Arzum ali məktəbi Türkiyədə başa vurmaqdır. Bunun üçünsə öz üzərimdə əzmlə çalışıram. Bilirəm ki, yalnız zəhmətim hesabına arzumu reallaşdıra bilərəm. Artıq 10-cu sinif şagirdiyəm.

 

Əsərlərimi daha çox qrafika janrında işləyirəm

 

Hər hansı bir əsər üzərində işləyərkən qrafika janrına daha çox əhəmiyyət verirəm. Bu üslubu işləyərkən ən çox qara rənglərdən istifadə etmək lazım olur. Dünyanı dərk etdikcə isə görürsən ki, dünyanın rəngləri tək qaradan ibarət deyil. Elə əsrarəngiz gözəlliklərlə rastlaşırsan ki, onu kətana köçürərkən xoş rənglərdən istifadə etməli olursan.

 

Rəsmlərimi dostlarıma hədiyyə edirəm

 

Əsərlərimin hamısı mənə doğmadır, hər birini xüsusi zövqlə işləyirəm və ürəyim istəyən doğmalarıma, dostlarıma, hörmətli insanlara hədiyyə edirəm. Mənim üçün vacib olan bir məsələni də vurğulamaq istərdim. Dərslərimə diqqəti daha çox artırdığıma görə yaradıcılığa fasilə verməli oluram.

...Onun müxtəlif janrlarda ərsəyə gətirdiyi bir-birindən gözəl və səliqəli yaradıcılıq nümunələrinə nəzər yetirəndə qeyri-ixtiyari düşünürsən: - Tanrı verən istedad bax, belə olur, onu inkişaf etdirməksə Murad iradəsi, Murad əzmkarlığı tələb edir. Ötən bu illər ərzində rəssamlıq peşəsinə doğru addım-addım irəliləməsi onun zəhmətkeş şagird olduğuna əyani sübutdur.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2018.- 19 yanvar.- S.15.