Molla Nəsrəddinçilərin maarifçilik

ideyalarına həsr olunmuş monoqrafiya

 

Azərbaycan Respublikasının əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovun “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” adlı monoqrafiyası bu gün də aktuallıq kəsb edən mollanəsrəddinçilər hərəkatının maarifçilik ideyaları probleminə həsr olunub. Çünki mədəniyyət, ədəbiyyat, maarif sahəsində XX yuzilin ən böyük ədəbi hadisələrindən biri “Molla Nəsrəddin” jurnalının yaranması, məktəb formalaşdırması və özündən sonra ədəbi ənənə qoymasıdır. Müəllif bu dəyəri monoqrafiyanın girişində özünəməxsus şəkildə vurğulamağa çalışır. Qeyd edir ki, “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri öz sələflərinin maarifçilik haqqındakı ideyalarını bir az da cilalayaraq yeni fikir, yeni düşüncə və milli təfəkkür baxımından qiymətli fikirlər söyləmiş və bununla da milli mənafe uğrunda mübarizədə Azərbaycan məktəb və pedaqoji fikir tarixinin inkişafına dəyərli töhfələr vermişlər.

Monoqrafiyanın mövzusu bilavasitə ümummilli lider Heydər Əliyevin mollanəsrəddinçilər və “Molla Nəsrəddin” jurnalı haqqında söylədiyi orijinal fikirlərlə tam uyğundur. Ümummilli lider Heydər Əliyevin fikrinə görə, yazıçı, şair dövrün nəbzini tutmalı, aktual mövzuları gündəmə gətirməli, ideya və bədii cəhətdən onları yüksək səviyyədə həll etməyi bacarmalıdır. Çünki cəmiyyətin inkişafının bütün mərhələlərində pedaqogikanın əsas vəzifəsi tərbiyələndirmək olmuşdur. Elə bu mənada da “Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Cəlil Məmmədquluzadənin fəaliyyətinin rolu əvəzsizdir”.

“Xalqçı və realist” “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində Azərbaycanda maarifçi hərəkatın xarakterik xüsusiyyətlərinə aydınlıq gətirmiş, ideya-siyasi mədəniyyətin mahiyyətini, rolunu və mövqeyini üzə çıxarmışdır. Jurnalın əsas məramlarından biri də, müəllim hazırlığı məsələsində müəllimlərin tərbiyəvi fəaliyyətə hazırlanmasına imkan yaradan mühiti və pedaqoji-psixoloji şəraiti müəyyən etmək; təlimin ana dilində aparılması, bu dildə dərslik və dərs vəsaitləri hazırlamaq, proqram tərtib etmək kimi siyasi-strateji problemlərə işıq tutmuşdur. Mollanəsrəddinçilərin Azərbaycan dili təlimi, təhsil və tərbiyənin məqsədi, məzmunu, mahiyyəti və komponentləri ilə bağlı fikirləri müqayisəli şəkildə təhlil edilmişdir. Bu baxımdan, mollanəsrəddinçilərin mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış və əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqelərini müəyyənləşdirmək, onların bədii yaradıcılığında və publisistikasında maarifçi pedaqoji-psixoloji prinsiplərin inikasını izləmək və sistemləşdirmək əsərin məziyyətlərindəndir.

Monoqrafiya ali və orta məktəb müəllimləri, tərbiyəçilər, pedaqogika sahəsində tədqiqat aparan dissertant və doktorantlar, monoqrafiya, dərslik və dərs vəsaitləri hazırlayan ziyalılar və yaxud müntəxəbatların, antologiyaların hazırlanmasında, həm də təhsil tarixi ilə bağlı Azərbaycançılıq ideologiyası, pedaqoji-psixoloji, həmçinin, ədəbi-nəzəri problemlərlə məşğul olan tədqiqatçılar üçün faydalıdır.

Mollanəsrəddinçilərin (Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Qurbanəli Şərifzadə, Salman Mümtaz, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz və b.) həyat və yaradıcılığı, ictimai-siyasi istiqamətləri, etik görüşləri, təhsil-tərbiyə problemlərinin həlli istiqamətində respublikamızda çox dəyərli tədqiqatlar aparılmış, dissertasiyalar, monoqrafiyalar, pedaqoji, psixoloji və metodik əsərlər yazılmışdır. Mövzu ilə bağlı Rusiya, Türkiyə, İran, Fransa və başqa ölkələrdə də araşdırmalar olmuşdur. Lakin müəllifin haqlı olaraq qeyd etdiyi kimi, bu sahədə iş davam etdirilməlidir. Mollanəsrəddinçilərin çoxcəhətli pedaqoji-ictimai fəaliyyətində elə məsələlər, elə problemlər vardır ki, bunlara indiyə qədər ya heç toxunulmamış, yaxud da onlardan ötəri və ümumi şəkildə bəhs olunmuşdur. Bu mənada, müəllif haqlı olaraq qarşıya qoyulmuş problemin həllində çıxış yolunu mollanərəddiçilərin maarifçilik ideyalarını yeni fikir, yeni düşüncə və milli təfəkkürün inkişafı baxımından incələməkdə görür. Əsərdə “Molla Nəsrəddin” jurnalı, digər jurnal və qəzetlərdə Azərbaycan, Avropa, rus və Şərq maarifçiliyinin bir-birinə təsir məsələsi müqayisəli şəkildə araşdırılır, mollanəsrəddinçi maarifçilərin ictimai, ideya-siyasi görüşləri müasir pedaqoji aspektdə təhlil edilir.

Monoqrafiya dərin elmi axtarışlar, araşdırmalar və təhlillər sayəsində ərsəyə gəlmişdir. Müəllif geniş mənbələrdən və pedaqoji ədəbiyyatlardan istifadə etmişdir. Tədqiqatçı alim keçən əsrin 60-cı illərinin əvvəllərindən etibarən respublikamızda nəşr olunan monoqrafiyalara, metodik və ali məktəblər üçün nəzərdə tutulmuş əsərlərə müraciət etmiş, müqayisəli təhlillər, eləcə də ciddi elmi yaradıcı axtarışlar aparmış və onları ümumiləşdirməyin öhdəsindən gəlmişdir.

Monoqrafiyanın birinci fəsli “Mollanəsrəddinçilərin maarifçilik görüşləri” adlanır. Birinci fəsil iki yarımfəsildən ibarətdir. Birinci yarımfəsil “Milli təfəkkürün inkişafında mollanəsrəddinçilərin yeri və rolu”, ikinci yarımfəsil isə “Mollanəsrəddinçilərin ideya-siyasi görüşləri və tarixi faktlara münasibət” adlanır. Qeyd olunur ki, xalq arasında milli təfəkkürün, ictimai, ideya-siyasi fikrin, baxışın inkişafında “Molla Nəsrəddin” jurnalının müstəsna xidmətləri vardır. Diqqətə çatdırılır ki, mollanəsrəddinçi maarifçilər güney və quzey Azərbaycanda, İranda, həm də türk dünyasında baş verən zərərli ictimai-siyasi hadisələrə qarşı sərt reaksiya vermişlər. Bütün bunlarla yanaşı 1960-cı ildən başlayaraq respublikanın müstəqillik qazandığı dövrə qədər, eləcə də müstəqillik dövründə yazılmış ədəbiyyatlarda problemin işlənmə vəziyyətini və elmi-nəzəri əsaslarını lazımi dərəcədə təhlil edən müəllif, bu əsərlərə cəsarətli tənqidi münasibətini bildirməkdən çəkinmir. Müəllif mövzu ilə bağlı geniş ədəbiyyatı təhlil edərək müəyyənləşdirir ki, mollanəsrəddinçilər həyat hadisələrinə nikbin baxışlı olmuş, böyük arzularla yaşamış, gələcəyin səsini eşitmişlər. Qeyd olunur ki, mollanəsrəddinçilər həm çar Rusiyasının, həm də Sovet imperiyasının Azərbaycanda apardığı mənfur milli siyasətinə qarşı açıq mübarizə aparmış, Azərbaycanın yenidən müstəqilliyini əldə edəcəyinə dərin inam bəsləmişlər.

Monoqrafiyanın “Təhsilin demokratikləşdirilməsi uğrunda mübarizədə mollanəsrəddinçilərin rolu” adlanan ikinci fəsli daha maraqlı və əhəmiyyətlidir. Dörd yarımfəsildən ibarət bu fəsildə “Ana dilinin tədrisi və tərəqqisi uğrunda mübarizədə mollanəsrəddinçilərin rolu və fəaliyyəti”, “Məktəbin demokratik əsaslarla qurulmasında mollanəsrəddinçilərin fikirləri”, “Mollanəsrəddinçilərin müəllim kadrları hazırlığında pedaqoji əlaqələri”, “Uşaq əsərləri və xalq pedaqogikasından istifadənin əhəmiyyəti mollanəsrəddinçilərin təhlilində” araşdırılmış, xarakterik xüsusiyyətlər və problemlər üzə çıxarılmış və əsaslandırılmışdır.

Monoqrafiyanın bu fəslindəki əhəmiyyətli cəhətlərdən biri də tədqiqatçı tərəfindən mollanəsrəddinçilərin gənc nəslin əqli və əxlaqi inkişafında uşaq ədəbiyyatına olan münasibətini, həmçinin mollanəsrəddinçilərin yaradıcılığında xalq pedaqogikası nümunələrinin - nağıllar, tapmacalar, bayatılar, xalq mahnıları, mövsüm-mərasim nəğmələri, aşıq şeirləri, dastanlar, xalq tamaşaları və s. mənəvi keyfiyyətlərin elmi təhlilə cəlb olunması məsələsidir. Tədqiqatçı tərəfindən qeyd edilir ki, mollanəsrəddinçilər Azərbaycan təhsilinin Avropa və dünyanın qabaqcıl ölkələrinin təhsili ilə inteqrasiya olunmasına tərəfdar olmaqla bu işə əməlləri ilə yardım etmişlər.

Monoqrafiyanın III fəsli “Mollanəsrəddinçilərin şəxsiyyət tərbiyəsi haqqında ideyaları” məsələlərinə həsr olunmuşdur. Fəsil üç yarımfəsildən ibarətdir.

Tədqiqatçının göstərdiyi kimi, doğrudan da “Molla Nəsrəddin” jurnalının və eləcə də mollanəsrəddinçilərin tərbiyəvi fikirləri və görüşləri Azərbaycanın məktəb və pedaqoji fikir tarixini zənginləşdirən ən dəyərli pedaqoji örnəklər hesab olunur. Bu mənada jurnalın səhifələrindəki tərbiyəvi fikirləri, mollanəsrəddinçilərin pedaqoji görüşlərini daha geniş tədqiq etmək zəruridir. Mollanəsrəddinçilərin mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırışı, əxlaqi keyfiyyətlərin təbliği, ictimai həyat haqqındakı fikirləri Azərbaycan və ümumən Şərq mədəniyyətində, maarifində yeni bir cığır açmışdır.

III fəslin “Mollanəsrəddinçi maarifçilərin yaradıcılığında xalqa, vətənə, ailəyə və əməyə münasibət” adlı sonuncu yarımfəslində, tədqiqatçı, tərəfindən inandırıcı arqumentlərlə sübut olunur ki, mollanəsrəddinçilər pedaqoji fikir və ideyalarında ailə tərbiyəsi məsələlərinə mühüm yer vermiş, ailə və məktəbin birgə işini, bunlar arasında vahid tələblərin gözlənilməsini, valideynin nümunəsini uşağın tərbiyəsində mühüm şərt saymışlar. Mollanəsrəddinçilər böyüyən nəslin tərbiyəsinin məzmunu, məqsədi, həyata keçirilmə imkanları ilə bağlı dəyərli fikirlər irəli sürmüş, əmək tərbiyəsini əxlaq tərbiyəsi ilə əlaqədə götürmüş, əməyin tərbiyəedici xüsusiyyətini önə çəkmiş, böyüyən nəsildə əməyə və əməkçi insanlara məhəbbət tərbiyə etməyi, sənət öyrətməyi vacib bilmişlər.

Monoqrafiyanın sonunda verilmiş nəticələr də elmi maraq doğurur. Dərin elmi təhlilə əsaslanan nəticələr təqdirəlayiqdir, yenidir, elmidir. Monoqrafiyanın biblioqrafik bazası da zəngindir.

Beləliklə, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Kamal Camalovun “Mollanəsrəddinçilərin maarifçilik ideyaları” adlı kitabı, fikrimizcə, Azərbaycan mətbuat tarixində ən uzun ömürlü satirik məcmuə olan jurnalın istər yaradıcıları, istərsə də, orada nəşr edilən materialların milli məktəb, maarif, tədris işinə verdiyi elmi biliklərin, yönlərin üslub və vərdişləri öyrənmək, incələmək baxımından əvəzsiz irs olduğuna diqqəti bir də yönəltmək gücündə olmasıdır. Bu əsər bir daha subut edir ki, “Molla Nəsrəddin” məktəbi XX yüzilin böyük bir yazarlar, müəllimlər ordusunu birləşdirən, Azərbaycanda maarif işini yönəldən əvəzsiz universitet rolunu oynamışdır.

 

Hümeyir ƏHMƏDOV,

pedaqogika üzrə elmlər doktoru,

Rusiya Təhsil Akademiyasının xarici üzvü

 

Azərbaycan müəllimi.- 2018.- 19 yanvar.- S.14.