Gənc istedadlar yetişdirən 10 yaşlı lisey

 

17 aprel 2006-cı il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”na əsasən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü ilə 2007-ci ildə BDU-nun nəzdində “Gənc istedadlar” liseyi yarandı. Fəaliyyətə başladığı müddətdən Azərbaycan təhsilində özünəməxsus xüsusi dəst-xətti ilə seçilən, təhsil ictimaiyyəti tərəfindən böyük nüfuz qazanan liseyin başlıca vəzifəsi gənc istedadları üzə çıxarmaq, onların inkişafına şərait yaratmaq, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər gənclər yetişdirməkdən ibarətdir. İstedadlı uşaqlarla işin təşkilində müəllimlərin düzgün seçilməsinə, valideynlərin təlim-tərbiyə prosesində fəal iştirakına, qabaqcıl tədris müəssisələri, o cümlədən ali məktəblərlə əməkdaşlığa xüsusi diqqət yetirilir.

Liseydə tədris Azərbaycan və rus dillərində aparılır. V-XI siniflərdən ibarət olan liseydə hazırda 600 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyyəsi ilə 80 müəllim məşğul olur. Müəllimlərin içərisində 3 elmlər doktoru, 21 fəlsəfə doktoru, respublikanın əməkdar müəllimləri, DİM-in aparıcı ekspertləri və ali kateqoriyalı müəllimlər vardır.

 

Uğurlarımız

 

Liseydə aparılan məqsədyönlü işlərin nəticəsidir ki, tədris ocağı fəaliyyət göstərdiyi 10 il müddətində xeyli uğurlar əldə edib. Sevindirici haldır ki, liseyin indiyə qədərki 9 buraxılışında məzunların hamısı nüfuzlu ali məktəblərə qəbul olunub. Liseyi bitirən 330 məzundan 85 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdır. Məzunların 72 nəfəri BDU-da, 40 nəfəri xaricdə: Kanada, Finlandiya, Türkiyə, Macarıstan, Almaniya, Polşa, Fransa, Hollandiya və Rusiyanın nüfuzlu ali məktəblərində tələbə adını qazanıblar. Məzunlardan 5 nəfəri Prezident təqaüdünə, 25 nəfəri qızıl, 5 nəfəri isə gümüş medala layiq görülmüşdür.

Təsadüfi deyil ki, DİM-in elmi-statistik məlumatlarını, əsasən, liseyin məzunları qəbul imtahanlarında topladıqları orta bala, həmçinin fənlər üzrə düzgün cavabların faizinə görə həmişə yüksək göstəricilərə nail olmuşlar. Buna misal olaraq demək olar ki, 2010, 2011 və 2013-cü illərdə olan məzunlarımız qəbul imtahanlarında topladıqları orta bala görə qabaqcıl liseylər və orta ümumtəhsil müəssisələri arasında birinci olmuşdur.

Şagirdlərimiz respublika və beynəlxalq olimpiada və müsabiqələrdə, müxtəlif intellekt, bilik və idman yarışlarında bir sıra uğurlar qazanmışlar.

 

Şagirdlərimiz fənn olimpiadalarında

 

Məlumdur ki, fənn olimpiadalarındakı nəticələr orta ümumi təhsildə tədrisin göstəricisidir. Fəaliyyət göstərdiyi dövrdən liseyimizin şagirdləri fənn olimpiadalarında yüksək nəticələr əldə etmişdir. Onlar 12 dəfə I, 6 dəfə II, 12 dəfə III yer tutmağa nail olmuşlar. Təkcə 2017-ci ildə şagirdlərimizdən 6 nəfəri respublika fənn olimpiadasında qaliblər sırasında olmuşdur. Humay Kərimova coğrafiya fənni üzrə topladığı bala görə “Birincilərin birincisi” olmuş, Şahmar Səfərli, Şəhla Cəbrayılova və Fidan Məhərrəmli II, Qorxmaz Xəlilov və Alpturan Ağacan III yerə layiq görülmüşlər.

2015-ci ildə Taba-Tabai Nəzrin, 2017-ci ildə isə İslam Əliyev, Leyla İsmayılova və Babək Ağayev Respublika Rus dili və ədəbiyyatı Olimpiadasında qaliblər sırasında olmuşlar.

2013-cü ildə Bakı məktəblilərinin fənn olimpiadasının şəhər turunda I yer tutan şagirdlərimizdən İsmayıl Əkbərov, Aqşin Qarayev, Fidan Əli-Azərli və Arzu Səfərli Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təqaüdünə layiq görülmüşlər.

AMEA-nın Fizika İnstitutunun 2014-cü ildə keçirdiyi olimpiadada Nuru Nurdil I, 2016-cı ildə keçirdiyi olimpiadada isə Şahmar Səfərli III mükafata layiq görülmüşlər.

2017-ci ilin aprel ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Bakı məktəbliləri arasında kimya fənni üzrə keçirdiyi olimpiadada Şahmar Səfərli ən yüksək bal toplayaraq I olmuşdur.

Gənclər və İdman Nazirliyinin 2016-cı ildə keçirdiyi fənn olimpiadasında Aqşin Qarayev və Aydın Qurbanlı III mükafata layiq görülmüşlər.

 

Beynəlxalq olimpiada və yarışlarda

 

Şagirdlərimiz beynəlxalq olimpiada və müsabiqələrdə də xüsusilə fərqlənir. Onlar ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil edirlər. Belə ki, 2011, 2012 və 2013-cü illərdə kimya fənni üzrə Respublika Olimpiadasının qalibi olmuş Sona Quluzadə 2012-ci ildə Astana, 2013-cü ildə isə Daşkənd şəhərlərində keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medal qazanmışdır. O, bu uğurlarını 2013-cü ilin iyul ayında bir daha təkrar edərək Moskvada 78 ölkənin iştirakı ilə keçirilmiş Məktəblilərin Ümumdünya Kimya Olimpiadasında bürünc medala layiq görülmüşdür.

Beynəlxalq fənn olimpiadalarının seçim mərhələlərində 2016-cı ildə Elşad Məmmədov, Vəfa Babanlı və İmran Cəbrayılov müvafiq olaraq kimya, biologiya və fizika, 2017-ci ildə Ayxan Mustafayev riyaziyyat, Emin Orucov isə fizika fənləri üzrə müsabiqənin qalibləri olmuşlar.

Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında Fidan Qurbanova və Nicat İsazadə 2011-ci ildə bürünc medala layiq görülmüşlər. Sonrakı illərdə şagirdlərimizdən 4 nəfəri (İbrahim Abbasov və Gülər Əliyeva 2013-cü ildə, Minəxanım Rəsulova və Barat Orucov isə 2014-cü ildə) həmin olimpiadanın qızıl medalını almağa nail olmuşlar.

XI sinif şagirdi Mədinə Qurbanova Rusiyanın Saratov şəhərində 2017-ci ildə keçirilən IV Beynəlxalq Qaqarin festivalında II yer tutmağa nail olmuşdur.

2011 və 2012-ci ilin may ayında İstanbul şəhərində keçirilmiş Beynəlxalq Tədqiqatlar layihələri sərgisində Aygül Həsənli mükafatçılar sırasında olmuş, kubok və sertifikata layiq görülmüşdür.

2017-ci ilin may ayında Türkiyənin Konya şəhərində keçirilən “XI Beynəlxalq Robot yarışında” liseyin informatika müəllimi Zəhra Qasımova, şagirdlərdən İmran Cəbrayılov, Almaz Omarov və BDU-nun SABAH qrupunun IV kurs tələbəsi Günay Abdullayevanın hazırladıqları layihə 80 iştirakçı arasında VI yerə layiq görülmüşdür.

Şagirdlərimiz idman yarışlarında liseyimizin adını şərəflə təmsil etmişlər. Pərizad Quliyeva İdman Akrobatikası üzrə Azərbaycan çempionu (2009), 2012-ci ildə keçirilən “Dünya kuboku” yarışının gümüş mükafatçısı olmuşdur. Ayxan Məmmədov və Rəşad Əsgərzadə 2016-cı ildə idmanın karate növü üzrə keçirilən beynəlxalq yarışın qalibləri olmuşlar. 2017-ci ildə Şamxal Babayev idmanın əlbəyaxa döyüş növü üzrə dünya çempionu adını qazanmışdır.

 

Respublikadaxili müsabiqələrdə

 

Şagirdlərimiz ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı və “Ən yaxşı təqdimat” müsabiqələrində uğurla çıxış etmişlər. 2012-ci ildə Nərmin Abbasova inşa yazı müsabiqəsinin qalibi olmuşdur; Zəhra Rəhimli ulu öndərin anadan olmasının 93 və 94-cü ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqələrində III mükafata layiq görülmüşdür.

Şagirdlərimizdən Bilqeys Əliyeva 2011-ci ildə, Nərmin Abbasova isə 2013-cü ildə “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa yazı müsabiqəsinin qalibləri arasında olmuşlar.

Şagirdləri elmi biliklərə sövq etmək, onlara tədqiqat aparmaq bacarığı aşılamaq məqsədilə 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” Respublika müsabiqələrində şagirdlərimizin çıxışları həmişə uğurlu olmuşdur. Bu müsabiqələrdə şagirdlərimizdən 19 nəfəri I, 28 nəfəri II, 25 nəfəri isə III mükafata layiq görülmüşdür. Birinci mükafata layiq görülən şagirdlərdən 2012-ci ildə Arif Bayramov və Mahirə Səfərəlizadə, 2013-cü ildə Mustafa Hacıyev, Nuru Nurdil və Vəfa Tağıyeva, 2014-cü ildə Ayaz Abuzərov, 2015-ci ildə isə Rəna Həsənzadə və Ləman Əliyeva ABŞ-da keçirilən beynəlxalq müsabiqələrdə respublikamızı təmsil etmişlər.

 

Ali məktəblərlə əlaqələr

 

Liseyin uğur qazanmasında bir çox amillər var ki, bunlardan ən əsası BDU ilə sıx əlaqədir. Liseyin BDU-nun nəzdində fəaliyyət göstərməsi tədrisin keyfiyyətinə birbaşa təsir edir. BDU-nun rəhbərliyi, müvafiq kafedraların professor-müəllim heyəti liseydə təlim-tərbiyə prosesinin inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşır. BDU-nun müvafiq fakültələrinin tələbələri isə, bir qayda olaraq, pedaqoji təcrübəni liseydə keçirlər.

Lisey BDU ilə yanaşı, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti, həmçinin AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə əməkdaşlıq edir.

Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ikitərəfli konfrans və seminarların təşkili, həyata keçirilməsi məqsədilə “XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Nərimanov rayonundakı “Bağça-məktəb-lisey” kompleksi, həmçinin “Kaspi” Təhsil Şirkəti ilə əməkdaşlıq barədə müqavilə imzalanmışdır.

 

Beynəlxalq əməkdaşlıq

 

Lisey beynəlxalq əməkdaşlığa da xüsusi önəm verir. Belə ki, Kanadanın Vaterloo Universitetinin əməkdaşları dəfələrlə liseyimizdə olmuş, yuxarı sinif şagirdlərinin iştirakı ilə seminarlar aparmışlar. Bu baxımdan istedadlı məzunlarımızdan Orxan Həsənli, Mustafa Hacıyev və İbrahim Xəlilovun Vaterloo Universitetində uğurla təhsil almaları təsadüfi deyil.

Dostluq əlaqələrinin genişləndirilməsinə səy göstərərək, hər iki tədris müəssisəsinin təhsil sahəsində əlaqələrinin inkişafı məqsədilə 30.03.2016-cı il tarixdə “Gənc istedadlar” liseyi ilə Türkiyənin Adana vilayətinin Ceyhan rayonundakı Heydər Əliyev adına lisey arasında rektor, akademik Abel Məhərrəmov və Heydər Əliyev adına Anadolu liseyinin direktoru Caner Taymış tərəfindən saziş imzalanmışdır. Bağlanmış sazişə uyğun olaraq 2016-cı və 2017-ci illərin may aylarında “Gənc istedadlar” liseyinin şagirdlər də daxil olmaqla nümayəndə heyəti Heydər Əliyev adına liseydə olmuş, dərslərdə iştirak etmiş, tədrisin təşkili ilə tanış olmuşlar.

2017-ci ilin mart ayında Ceyhan rayonundakı Heydər Əliyev adına liseyin müəllim və şagirdləri “Gənc istedadlar” liseyində olmuş, dərslərdə, liseydə keçirilən tədbirlərdə iştirak etmiş, Bakı şəhəri, o cümlədən, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

 

Elmi fəaliyyət

 

Müasir şəraitdə tədrisin keyfiyyətinin yüksəlməsinə təsir edən amillərin müəyyənləşdirilməsi məqsədilə liseyimizin bazasında respublikamızın müxtəlif bölgələrindən müəllimlərin iştirak etdiyi iki respublika elmi-metodiki konfrans keçirilmişdir. 2009-cu ildə keçirilən I konfrans BDU-nun yaradılmasının 90, 2013-cü ildə keçirilən II konfrans isə müstəqilliyimizin bərpa olunmasının 20 illik yubileylərinə həsr olunmuşdur.

2013-cü ilin aprel ayında liseyin bazasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda istedadlı şagirdlərin respublika elmi konfransı keçirilmişdir.

Müəllimlərimiz pedaqoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətlə də məşğul olurlar. Liseyin pedaqoji kollektivi tərəfindən ibtidai sinif şagirdləri və fənn müəllimləri üçün Azərbaycan və rus dillərində vəsait hazırlanmışdır. Fəaliyyəti dövründə müəllimlərimizdən 8 nəfəri fəlsəfə doktoru, 4 nəfəri isə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər.

Qazandığı uğurlara görə liseyimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olmuşdur.

Şagirdlərimizin qazandığı uğurlar Bakı Dövlət Universiteti rəhbərliyinin liseyə göstərdiyi diqqət və qayğının, istedadlı uşaqlarla işin düzgün təşkilinin, həmçinin kollektivin öz işinə məsuliyyətlə yanaşmasının nəticəsidir.

 

Qasım HÜSEYNOV,

BDU-nun nəzdindəki “Gənc istedadlar”

liseyinin direktoru, professor, əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2018.- 19 yanvar.- S.12.