Magistratura təhsilinin hədəfləri

 

Beynəlxalq tədris xidmətləri bazarında rəqabət keyfiyyəti yüksəltməyi tələb edir

 

Azərbaycan ali məktəblərinin Avropa məkanının ali təhsilinə inteqrasiyası və ölkəmizdə təhsil standartlarının yenilənməsi şəraitində magistr hazırlığına müasir tələblər prizmasından baxılmasına və bu təhsil xidmətinin keyfiyyət göstəricilərinin nəzərdən keçirilməsinə ehtiyac duyulur. Müşahidələr göstərir ki, dünyanın aparıcı təhsil müəssisələri magistr hazırlığını öz fəaliyyətlərinin prioritet istiqaməti hesab edirlər. Çünki magistratura:

* ali məktəbin elmi-pedaqoji potensialından maksimum istifadə edərək elmi və yaradıcı fəaliyyəti stimullaşdırır;

* ali təhsil müəssisəsində gənc elmipedaqoji kadrların yetişməsi nəticəsində təhsilin və metodik bazanın yenilənməsini və müasirləşməsini sürətləndirir;

* tədrisin sənaye və iqtisadiyyatın tələblərinə çevik reaksiya vermək imkanını genişləndirir.

Azərbaycan Respublikasında magistr hazırlığı haqqında Əsasnamə 13 fevral 1998-ci ildə Nazirlər Kabinetinin 15 saylı qərarı ilə təsdiq olunub. Magistr hazırlığı magistr proqramlarının təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.

Son illər təhsilin bütün sahələrində olduğu kimi, magistratura səviyyəsində də keyfiyyətə və kəmiyyətə doğru dinamik inkişafı müşahidə edirik. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb. Bu da öz növbəsində magistratura təhsilinə marağın artmasının göstəricilərindəndir. Dövlət başçısı tərəfindən təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə magistrdoktorantlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi ötən illə müqayisədə magistraturaya qəbul olunan oğlanların sayının 73,6 faiz artmasına səbəb oldu.

Son illər Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Kredit sisteminin tələblərinin tam həyata keçməsi məqsədilə əsas diqqət magistraturada tədrisin keyfiyyətinin yüksəldilməsinə, nizam-intizamın təmin edilməsinə və imtahan sessiyasının təşkilinə yönəlmişdir. 2017-ci ilin yaz semestrindən başlayaraq AzMİU-nun magistratura səviyyəsində Elektron Jurnal modulunun tətbiqinə başlanılıb. Bu da öz növbəsində tədris qeydiyyat informasiyasının real vaxt rejimində işlənməsi və təhlil edilməsinə imkan yaradır. Biliyin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə 2015-ci ildən başlayaraq magistratura səviyyəsində imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir. Bütün fənlər üzrə test bankları və yazılı imtahan sualları tərtib edilib. İmtahan sessiyası dövründə test və yazılı keçirilən imtahanlarda tələbənin fənlər üzrə topladığı semestr balları fənn müəllimləri tərəfindən mütəmadi olaraq elektron jurnal vasitəsilə mərkəzi nəzarət sisteminə daxil edilir, imtahan zamanı tələbənin topladığı balla cəmlənərək sinxron olaraq həm tələbənin şəxsi kabinetinə, həm də uyğun fakültə dekanlarına elek-tron variantda göndərilir.

Universitetimizdə magistraturada fənn proqramlarını əmək bazarının cari və gələcək tələblərinə uyğunlaşdırmaq üçün işçi qrupu yaradılıb. Bu qrup universitetin əməkdaşlarından və kənardan dəvət olunan, dövlət və qeyri-hökumət təşkilatlarının, şirkətlərin aparıcı mütəxəssislərindən formalaşıb. Magistr dissertasiyalarının keyfiyyətinin artırılması məqsədilə 2017-ci ildən etibarən universitetimizdə yaradılmış antiplagiat sistemi fəaliyyətə başlayıb. Sistemin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə dissertasiyaların elektron bazasının yaradılması istiqamətində ilkin addımlar atılıb.

AzMİU-nun magistratura səviyyəsində dünyanın aparıcı universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri də getdikcə inkişaf edir. 2016-cı ildən etibarən “RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsi ilə təhsil islahatı” TEMPUS layihəsinin nəticəsi olaraq universitetdə İspaniyanın Koruna Universiteti ilə “Ekologiya mühəndisliyi” ixtisası, Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə “İnşaat mühəndisliyi” ixtisası üzrə magistratura pilləsində ingilis dilində ikili diplom proqramları həyata keçirilir.

Qeyd olunan çoxsaylı müsbət işlərlə yanaşı, magistr təhsilinin keyfiyyətinin qaldırılmasına maneə yaradan bir sıra məqamlar hələ də mövcuddur. Onların ən önəmlisi, təhsil xidmətinin əsas keyfiyyət göstəricisi olanmagistr tədris sənədlərinin kökündə duran magistr proqramlarının vəziyyətidir. Bu gün universitetimizdə aparılan magistr tədrisinin Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə və bu sistemə qoşulan ölkələrin təcrübəsinə tam yaxınlaşmasına imkan verməyən əsas səbəblərdən biri magistr proqramlarında nəzəri təlimlərin sayının çox olması və elmi-tədqiqat işlərinə az saatın ayrılmasıdır. Nəticədə tələbələrin auditoriya saatları yüksək həddə qərar tutub. Ali təhsil pilləsinin dövlət standartında qeyd olunur ki, magistratura səviyyəsində tələbənin həftəlik dərs saatı 12 - 16 saat olmalıdır. Lakin ali məktəblərimizin bir çoxunda magistrantın həftəlik dərs saatı ən yüksək həddə - 15-16 saat müəyyənləşdirilib.

Nəzəri təlimlərin sayını artıran əsas səbəblərdən biriqeyri-ixtisas fənləri ilə bərabər, bəzi hallarda ixtisaslaşmaya aid olmayan fənlərin tədris olunmasıdır. Bildiyiniz kimi, magistr proqramlarında humanitar fənlərlə bərabər ixtisasixtisaslaşma fənləri tədris olunur. Təhlillər göstərir ki, bir çox ixtisasda ixtisas daxilində ixtisaslaşmaya ayrılan fənlər eynidir. Bundan irəli gələrək Ali məktəb Pedaqogikası, Etika, Estetika, Əmək hüququ, Psixologiya, Kompüter modelləşdirilməsi kimi qeyri-ixtisas fənləri ilə bərabər, magistrantlara öz ixtisaslaşmasına aid olmayan 3-4 fənn əlavə tədris olunur. Yaxşı olardı ki, magistr proqramlarında magistrlərə müvafiq ixtisaslaşma sahəsində elmi-tədqiqat işlərini aparmağa imkan yaradılsın və yaxud peşəkar fəaliyyətə hesablanmış praktiki bilikləri aşılayan fənlərə üstünlük verilsin.

Nəzəri təlimlərin çoxluğudissertasiya işlərinin hazırlanmasına az saatın ayrılması keyfiyyətli magistr dissertasiyalarının ərsəyə gəlməsinə maneə yaradır. Nümunə olaraq bizim universitetin bir neçə ixtisasının magistr proqramlarının xarici partnyor universitetlərin proqramları ilə müqayisə diaqramına diqqət yetirək:

Diaqramlardan görünür ki, magistr proqramlarında nəzəri kursun faizi partnyor universitetlərlə müqayisədə AzMİU-da daha çoxdur. Unutmamalıyıq ki, magistr proqramının bakalavr proqramından fərqli cəhəti burada sərbəst yaradıcı və elmi-tədqiqat fəaliyyəti sahəsidir. Keyfiyyətli dissertasiyaların ərsəyə gəlməsi üçün magistr tədrisində konsultasiyalara, fərdi layihə tapşırıqlarına, həcmi kiçik elmi-tədqiqat işlərinə daha geniş yer ayrılmalıdır.

Bildiyiniz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilindən başlayaraq magistratura pilləsində yeni standartların tətbiqinə başlanılıb. 2017/2018-ci tədris ilindən etibarən artıq AzMİU-nun tikinti-iqtisad fakültəsində magistraturada tədris həmin standartlar əsasında aparılır. Bu proqramların üstün cəhəti nəzəri təlimlərin sayının az, elmi-tədqiqat işlərinə ayrılan vaxtın çox olmasıdır. Nümunə üçün aşağıda “Sənayenin təşkili və idarə edilməsi” ixtisasının 2012 və 2017-ci illərin magistr proqramlarının müqayisə diaqramına diqqət yetirək.

Diaqramdan aydın görünür ki, 2017-ci ilə qədər nəzəri təlimlər proqramın 80%-ə yaxın, 2017-ci ildən etibarən bu təlimlər proqramın təxminən 50%-ni təşkil edir. Bu fakt ölkəmizdə Təhsil Nazirliyi və digər dövlət qurumlarının Azərbaycan ali təhsilinin dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğunlaşdırılması istiqamətində hər bir fəaliyyəti yüksək səviyyədə dəstəklədiklərini göstərir. Belə bir şəraitdə həmin təcrübəyə əsaslanaraq digər ixtisaslarda da magistr proqramlarının yenilənməsinə nail ola bilərik.

Proqramlarda nəzəri təlimlərin sayının çox olması xarici universitetlərlə ikili diplom və beynəlxalq mübadilə proqramlarının həyata keçirilməsində də müəyyən çətinliklər yaradır. Yuxarıda aparılan müqayisələrdən aydın olur ki, magistratura səviyyəsində beynəlxalq əməkdaşlığın lazımi şəkildə inkişaf etməməsinin əsas səbəblərindən biri ikili diplom və mübadilə proqramında iştirak edən partnyor universitetin magistr proqramları ilə bizim proqramlar arasında olan kəskin fərqlərdir. Bəzən beynəlxalq proqramlarda iştirak edib qayıdan magistrlərin təhsilinin uzanması halları müşahidə olunur. Bunun əsas səbəbi isə mübadilə proqramında iştirak edən partnyor universitetin tədris planları ilə universitetimizdə müvafiq ixtisasın tədris planlarında olan uyğunsuzluqlardır. Bu çətinliklərin aradan qalxması üçün çalışmalıyıq ki, magistr proqramlarımızın partnyor universitetlərin magistr proqramlarına həm məzmun, həm də fənlərin krediti baxımından uyğunlaşdırma mexanizimləri hazırlansın.

Öncə də qeyd etdiyim kimi, magistr proqramının bakalavr proqramından fərqli cəhəti sərbəst yaradıcı və elmi-tədqiqat fəaliyyəti sahəsidir. Təhlillər göstərir ki, məhz bu sahənin metodiki təminatsızlığı magistr hazırlığının ən zəif tərəfidir. Bu gün magistratura səviyyəsində tədris olunan fənlərin tədris elmi-metodik vəsaitlərinin sayı və vəziyyəti qaneedici deyil, magistrbakalavr səviyyələri arasında əlaqə və varislik prinsipi lazımi şəkildə formalaşmayıb və magistrantlara tədris olunan bəzi fənlərdə təkrarçılığa yol verilir.

İxtisası üzrə istehsalata üz tutanya istehsalatda işləyən bakalavrların magistr təhsilinə maraqlarını artırmaq üçün müəyyən təklifləri nəzərdən keçirmək olar. İlk növbədə magistraturaya daxil olmaq istəyən belə gənclərin istehsalatdan ayrılmadan təhsil almalarına şərait yaradılmalıdır. Məlumat üçün qeyd edək ki, bəzi Avropa ölkələrində magistraturaya qəbul zamanı tələbənin stajı barədə sənəd tələb edirlər. Yəni belə hesab olunur ki, tələbə hər hansı bir sahədə yenilik gətirmək istəyirsə, öncə həmin sahə üzrə müəyyən praktiki biliklərə malik olmalıdır. Bunu nəzərə alaraq artıq ikinci ildir ki, AzMİU-da magistrantların istehsalatdan ayrılmadan təhsil almalarına şərait yaradılır. Məsələnin bu cür həlli bakalavr pilləsini bitirən tələbələrimizin magistraturada təhsil almaq üçün xarici universitetlərə üz tutma hallarının da qarşısını qismən ala bilər.

Eyni zamanda magistratura təhsilinin keyfiyyətinin yüksəldilməsi üçün islahatlar aparılmalıdır. Əks halda, universitetlərimiz beynəlxalq tədris xidmətləri bazarında analoji magistr proqramlarını təklif edən ali məktəblərlə rəqabət apara bilməyəcək. Magistratura səviyyəsində elmi-metodiki baza zənginləşməli, magistr proqramları, tədris resursları, təlim metodikaları magistr hazırlığının məzmununa verilən müasir tələblərə və standartlara uyğun hazırlanmalıdır. Burada aparılan tədris və hazırlanan tədris resursları (metodik vəsait, dərs vəsaitləri, mühazirələr və s.) ölkənin sosial-iqtisadi inkişaf tələbləri ilə sıx əlaqələndirilməli, magistratura təhsili ilə bakalavr təhsili arasında əlaqə və varislik prinsipləri gözlənilməli və daha da təkmilləşdirilməlidir.

Rövşən SƏMƏDOV,

AzMİU-nun magistratura şöbəsinin müdiri,

memarlıq üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2018.- 19 yanvar.- S.1; 6.