Nizami Gəncəvinin

əsərlərində ailə tərbiyəsi

 

Məktəbdə tərbiyə işinə müvəffəq olmaq üçün müəllim şagirdin psixi xüsusiyyətlərini öyrənməlidir

 

Məlum olduğu kimi, orta əsrlərdə Azərbaycanda zəhmətkeş balalarının tərbiyə və təhsil alması üçün geniş məktəb şəbəkəsi olmamışdır. Nizami dövründə təhsil müəssisələrinin, əsasən, az sayda mollaxanalardan, tək-tək hallarda isə mədrəsələrdən ibarət olduğu məlumdur. Bununla belə orta əsrlər Azərbaycanı dünyanın ən görkəmli mütəfəkkirləri ilə bir sırada dayanan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Nəsirəddin Tusi, Şeyx Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Saib Təbrizi kimi görkəmli alimlər və sənətkarlar yetirmişdir.

Geniş məktəb şəbəkəsinin olmadığı bir şəraitdə həmin şəxsiyyətləri müəyyən mənada ailə tərbiyəsinin yetirməsi hesab etmək olar. Çünki Xaqaninin, Nizaminin, Xətainin, S.Təbrizinin və bir çox başqalarının inkişafı və formalaşmasında ailə tərbiyəsinin əsas rol oynadığı məlumdur. Belə olduğu halda Azərbaycanda orta əsrlərə məxsus ailə tərbiyəsi məsələlərinin öyrənilməsi də maraq doğurmaya bilməz. Bizə elə gəlir ki, həmin məsələnin öyrənilməsi ən azı iki cəhətdən əhəmiyyətlidir: birincisi, həmin sahə öyrənilməklə qədim Azərbaycanda ailə tərbiyəsinin məzmunu, məqsəd və vəzifələri, üsul və vasitələri müəyyənləşdirilər, pedaqoji fikir tariximizin maraqlı səhifələri elm aləmində öz qiymətini almış olar. İkincisi, ailə tərbiyəsi tarixində istifadə edilmiş üsul və vasitələrin, ənənələrin bugünkü baxımdan faydalı olanları üzə çıxarılıb tərbiyəçilərin nəzərinə çatdırıla bilər.

Həmin məqsədlə də bu yazıda Nizami Gəncəvinin ailə tərbiyəsinin iki məsələsinə həsr etdiyi fikirlər üzərində dayanmağı lazım bildik:

1. Ailə qurularkən əməl edilməli olan əsas tələblər və ailənin əsas məqsədi haqqında;

2. Ailədə uşaq tərbiyəsinin əsas şərtləri haqqında.

Nizaminin əsərlərində ailə tərbiyəsinin şərtləri, üsul və vasitələrini aydınlaşdırmazdan əvvəl böyük mütəfəkkirin ailə qurmaq məsələsinə münasibətini müəyyənləşdirmək vacibdir. Çünki ailədə uşağın tərbiyəsi və inkişafı, hər şeydən əvvəl, ailənin hansı əsaslar üzərində qurulmasından asılıdır.

Nizamiyə görə, cəmiyyət üçün faydalı olacaq gənc nəslin tərbiyə edilməsi möhkəm bünövrələr üzərində dayanan ailələrdə mümkündür. Möhkəm bünövrə dedikdə şair yeni evlənənlərin iki mühüm tələbi rəhbər tutmasını lazım bilirdi. Əvvələn gənclər bir-birini ürəkdən sevməli, bir-birini anlamaq və qiymətləndirmək üçün mənəvi səviyyə etibarı ilə bərabər olmalıdırlar. İkincisi, evlənən gənclər kəbin əsasında izdivacı rəsmiləşdirməlidirlər.

XosrovŞirin” poemasında Xosrovun Məryəmlə evlənməsi və bu izdivacın acı nəticəsi də, “Leyli və Məcnun” poemasında Leylinin zorla İbn Səlama ərə verilməsi və ailənin tezliklə dağılması da yeni ailə qurularkən birinci tələbə əməl olunmaması ilə əlaqədardır. Lakin ailə qurularkən gənclərin bir-birini dərk edib ürəkdən sevməsi kifayət deyil. Belə olsaydı Fərhad Şirinlə, Məcnun Leyli ilə möhkəm ailə qura bilərdi. Halbuki səadət həmin sevgililərə nəcib olmamışdır. Çünki əsl məhəbbət insanın mənəvi azadlığı şəraitində öz bəhrəsini verə bilər. Nizami yaxşı bilirdi ki, qadının xüsusi mülkiyyət kimi qiymətləndirildiyi bir dövrdə azad məhəbbət, qarşılıqlı anlaşma üzərində xoşbəxt ailə qurmaq çətin məsələdir.

Nizamidə azad sevgi və qarşılıqlı anlaşma məsələsi ailə qurmaq üçün başlanğıcdır. Lakin bu başlanğıcdan sonra ikinci tələbə əməl olunmalıdır. Yəni gənclər kəbinkəsmə ayinindən sonra ailə həyatına başlamalıdırlar. Nizamiyə görə, kəbinsiz ailə qurmaq düzgün deyil. Çünki bu cür ailə gələcək uşaqların tərbiyə işini hərc-mərcliyə gətirib çıxarır, həm də kəbin ailə quran tərəflərin ailəyə məsuliyyətini artırır, ər-arvadlıq münasibətlərini rəsmiləşdirir, xalq arasında qadın ləyaqətinin qorunmasını təmin edir. “XosrovŞirin” poemasında şairin əsas ideyalarının daşıyıcısı olan Şirin Xosrovu sevir və taxt-tacını da bu sevgiyə qurban verib öz ölkəsini tərk edir. Lakin İranda Xosrovun bütün cidd-cəhdlərinə baxmayaraq, onu kəbin kəsilmədən qəbul etmir. Dəfələrlə bu münasibətlə Xosrovu rədd edən Şirin deyir:

And olsun fitrətə qida verənə,

Əqlə can, canasa səfa verənə

Ki, şah olsan belə kəbinsiz yenə,

Yetişə bilməzsən istəklərinə.

Bəs Nizamiyə görə ailənin əsas məqsədi nədən ibarətdir? Tarixdə ayrı-ayrı şəxslərin müxtəlif məqsədlərlə evləndiyi məlumdur. Belə ki, öz mövqeyini möhkəmləndirmək üçün qüdrətli bir hökmdarın qızı ilə evlənənlər də, dünyadabeş gün kef çəkmək üçün” ailə quranlar da, asan yolla varlanmaq üçün dul qadınları özlərinə hərəm edənlər də olmuşdur.

Ailəyə bu cür səthi münasibət bəsləmək təkcə mənəvi cəhətdən yoxsul olan şəxslərə aid deyil. Qədim dünyanın məşhur filosoflarından olan EpikürDemokrit də ailəni istirahət ocağı kimi qiymətləndirmiş, ailədə övlad tərbiyə etməyin əleyhinə çıxmışlar.

Nizami ailə məsələsində daha humanistorijinal mövqe tutmuşdur. Onun fikrincə, ailə bir-biri ilə vəhdətdə olan iki əsas məqsəd daşımalıdır: birincisi, ailə insanın maddi və mənəvi ehtiyaclarını ödəmək və qarşıya çıxan ictimai və şəxsi vəzifələri köməkli surətdə yerinə yetirmək, ikincisi valideynlərin özlərini əbədiyyətə qovuşdurmaq, övlad böyüdüb tərbiyə etməkdən ötəridir, həm də ailənin bu iki məqsədi bir çox hallarda çulğaşır və biri o birini həyata keçirilməsi üçün zəmin yaradır.

Ailə qurmaqla əsas məqsədin övlad böyütməkdən ibarət olmasını təsdiq etməklə, Nizami yalnız ayrı-ayrı situasiyalarda bədiiyyat qanunlarını yerinə yetirməyi nəzərdə tutmurdu. Nizami eyni zamanda həmin məqsədin şəxsən tərəfdarı olduğu üçün, o zamankı Azərbaycanda övladın ailədə bütün diqqətlərin mərkəzində dayandığını bildiyi üçün həmin məqsədi dönə-dönə nəzərə çarpdırırdı. Bu fikrin həqiqətə uyğun olduğunu “Kitabi-Dədə Qorqud” boylarındakı valideynlərin övlada münasibətini ifadə edən fikirlər də təsdiq edir. Boyların birində təsvir olunur ki, Baybura bəy məclisdə qəhərlənib ağlayır və ağlamasının səbəbini bu cür izah edir: “Bir gün oda düşəm, öləm, yerimdə-yurdumda kimsənə qalmaya dedi”.

Nizamiyə görə, valideyn öz mövqeyindən asılı olmayaraq övladının gözəl gələcəyi üçün daim düşünməli, inkişafı ilə maraqlanmalıdır, onun məqsədəyönlü şəkildə böyüməsi üçün yeri gəldikdə bütün sərvətindən keçməlidir.

Leyli və Məcnun” poemasında Məcnunun atası belə valideynlərdəndir. O, oğlunu əzablardan xilas etmək, onu öz arzusuna yetirmək üçün böyük məşəqqətlərə dözməli olur.

Yeddi gözəl” poemasında Bəhramın atası da oğlunun tərbiyəsi və gələcəyi üçün cidd-cəhd göstərən valideyn kimi təsvir edilmişdir. Nizami dahiyanə surətdə inandırır ki, uşaqların gələcək səadəti və xoşbəxtliyi valideynlər arasındakı səmimiyyətdən asılıdır. Bu fikri o, Süleyman peyğəmbər haqqında yazdığı bir rəvayət əsasında oxucuya çatdırır.

Yeddi gözəl” əsərində ikinci gözəlin söylədiyi “Kəniz satan padşahın hekayəsi”ndə deyilir ki, Süleyman peyğəmbərin bir övladı varmış, uşaq iflic imiş. Sonralar valideynlərə məlum olur ki, uşağın sağalması ata ilə ananın öz niyyətlərini açıq şəkildə etiraf etmələrindən asılıdır.

Valideynlər bir-birindən gizli arzularla yaşadıqca uşaq sağalmayacaqdır. Bu xəbərdən sonra Süleyman öz sirrini arvadına, arvadı da sirrini ərinə açmalı olur. Yalnız bundan sonra uşaq sağalır. Məlum olur ki, Süleyman nə qədər varlı olsa da, hüzuruna gələnlərdən hədiyyə gözləyərmiş. Arvadı Bilgeys isə ərini öz varlığı qədər sevsə də, gördüyü gözəl oğlanlar onda maraq doğururmuş.

Bu rəvayət dini təsəvvürlərlə əlaqələndirilsə də, onun mayasında həmişə təravətli və mənalı, nəsillər üçün ibrətamiz bir hikmət var, həmin hikməti qısa şəkildə bu cür ifadə etmək olar: bir-birini aldadan ata və ananın övladı xoşbəxt ola bilməz.

Bu mövzuda qalaq-qalaq kitablar yazmaq olar. Mən bu mövzuya 30 il bundan əvvəl də müraciət etmişdim. Yenidən bu mövzuya qayıtmağım səbəbsiz deyil.

Bugünkü gənclər müstəqil Azərbaycanın gəncləridir. Dövlətimiz ölkəmizin bütün sahələrində inkişafı onlara həvalə etmişdir. Sözsüz, bu, sevindirici haldır. Gənclər şərəfli yolu seçməlidirlər. Bu yol təmiz, qeyrət, hünər, zəhmət yoludur. Bu yolu seçən gənclər - gələcəyin ata-anaları sağlam ailə sahibi olaraq, Nizaminin arzuladığı kimi övladının gözəl gələcəyini düşünməlidir. Bu baxımdan Prezidentin həyat yolu hər bir gəncə nümunədir.

Mənim yaşım artıq səksəni haqlayır. Hər dövrün, hər ilin mürəkkəbliyi, çətinliyi olur. Mən tarixipis bilmirəm. Amma mənə elə gəlir ki, 25 illik müstəqil Azərbaycan tarixdə daha şərəfli və mürəkkəb dövrünü yaşayır. Bu mürəkkəbliyi yaşadan erməni işğalçılarıdır. Mürəkkəbliyin öhdəsindən gəlmək, istər Qərb, istər Şərq ölkələrinin həsədini qazanmaq özü bir şərəfli yoldur.

Yuxarıda qeyd etdim ki, belə mövzuya qayıtmağım səbəbsiz deyil. Səbəb:

İstəməzdim ki, qızlar çox erkən yaşlarında ailə qurmağa can atsınlar. Kəbinsiz, izdivacsız həyata uşaq gətirirlər. Həyatın acısını o uşaqlar yaşayır. Onlar ata, ana nəfəsini duymurlar. Dövlətin qayğısı ilə böyüyürlər.

Mən Bakıdakı 132 nömrəli məktəbin məzunuyam. Əmək fəaliyyətim də bu tədris ocağı ilə bağlı olub. Məktəb həyatını 42 illik təcrübəmlə ələkdən keçmişəm. Göstərdiyim xoşagəlməz halların baş verməsində məktəb birbaşa cavabdehdir. Çünki biz dərs verməklə vəzifəmizi bitmiş hesab etməməliyik. Birinci növbədə şagirdlərin ailə həyatı ilə tanışlıq, tanışlıqdan sonra acı həyat yaşayan uşaqlara xüsusi qayğı, hər biri ilə xarakterinə uyğun şəkildə davranmaq, belə qayğı və davranışla şagirdlərdə məktəbə, müəllimə inam, hörmət qazandırmağı özümüzə borc bilməliyik.

Bizim əyani vəsaitimiz tablolardan ibarət idi. Amma buna baxmayaraq, 132 nömrəli məktəb alimlər, akademiklər, müxtəlif sənət sahibləri yetirmişdir.

Bu gün müasir standartlara cavab verən yüksək səviyyəli təmirli məktəblərdə çalışan müəllimlər, oxuyan şagirdlər daha yaxşı işləməli, daha yaxşı oxumalıdırlar.

Məktəbdə tərbiyə işinə müvəffəq olmaq üçün müəllim şagirdin psixi xüsusiyyətlərini öyrənməli, uşağın inkişafında bu xüsusiyyətləri nəzərə alıb düzgün qiymətləndirməyi bacarmalıdır. Bu, dahi Nizaminin tövsiyəsidir.

 

Tamilla ZEYNALOVA,

Bakı şəhəri 132 nömrəli məktəbin təqaüdçü

müəllimi, dil-ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2018.- 19 yanvar.- S.8.