İndoneziyada Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, əməkdar elm xadimi, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə olaraq İndoneziya Respublikasının İndoneziya Universitetində Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb. Mərkəzi maddi-texniki baza və tədris materialları ilə ADU təchiz edəcəkdir.

Cari ilin yanvar ayının 13-dən 22-dək İndoneziyada işgüzar səfərdə olmuş ADU-nun Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri, professor Həbib Zərbəliyevin verdiyi məlumata görə, mərkəz universitetin fundamental kitabxanasının binasında yerləşir. İndoneziya Universiteti Azərbaycanla bağlı tədbirlərin və görüşlərin keçirilməsi üçün Azərbaycan mədəniyyəti mərkəzini böyük zalla təmin edib.

H.Zərbəliyev səfər müddətində İndoneziya Universitetinin tədris işləri üzrə prorektoru, professor Bambanq Vibavarta və kitabxananın müdiri Fuad Qani ilə görüşüb. Onun sözlərinə görə, mərkəzə ADU-nun bir müəlliminin rəhbərlik etməsi, həmçinin növbəti tədris ilindən həmin universitetdə “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi nəzərdə tutulub. İndoneziyanın Bandunq şəhərində təcrübədə olan azərbaycanlı tələbələrlə görüşmüş professor H.Zərbəliyev bildirib ki, Azərbaycan mədəniyyəti mərkəzi və ADU-dakı İndoneziya Araşdırmalar mərkəzinin qarşılıqlı əməkdaşlığı yüksək ixtisaslı kadrların yetişməsi və əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Səfər zamanı ADU və İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalamaq haqqında razılıq əldə olunub. Bu memorandumda iki universitet arasında əməkdaşlığın yaradılması, tələbə-müəllim mübadiləsi, birgə elm-tədqiqat işlərinin aparılması öz əksini tapacaq.

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.1.