Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçirildi

 

21 ali və 16 orta ixtisas təhsili müəssisəsini əhatə edən proqram genişlənir

 

Yanvarın 25-də Təhsil NazirliyininBir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçirilib. Bakı, Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran və Masallı şəhərində yerləşən 21 ali və 16 orta ixtisas təhsili müəssisəsindən olan 300-ə yaxın tələbə-könüllünün iştirak etdiyi foruma təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkilləri, rektorlar da qatılıb.

Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan olunub. Sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Təhsil nazirinin vəzifələrini icra edən Ceyhun Bayramov könüllülük hərəkatının vacibliyindən danışaraq qeyd edib ki, Azərbaycan gəncliyi bu beynəlxalq hərəkata çox fəal qoşulub. Bu da ölkəmizdə könüllülük düşüncəsinin inkişafına səbəb olub. Gənclərin düzgün təhsil almasının vacibliyini vurğulayan C.Bayramov deyib ki, təhsil bir tərəfdən savadlı, bilikli, geniş dünyagörüşlü olmaq imkanı yaradırsa, digər tərəfdən də insanın xalqına, vətəninə bağlı əsl vətənpərvər kimi formalaşmasına böyük və əvəzsiz töhfə verir: “Dünya təcrübəsi göstərir ki, müasir zamanda ölkələrin qüdrəti onun insan potensialı ilə müəyyən edilir.

Bu baxımdan qloballaşan dünyanın yeni çağırışları Azərbaycan gəncliyi qarşısında böyük vəzifələr qoyur. Bu məsələdə əsas ali təhsil müəssisələrinin üzərinə düşür. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təhsilin əhatəliliyi və keyfiyyətinə dair tələblər nəzərə alınaraq təhsil sisteminə və ümumiyyətlə, təhsilə yeni baxış formalaşdırır. Odur ki, formal təhsillə yanaşı, qeyri-formal təhsilin əhəmiyyəti artır. Bu baxımdan Təhsil Nazirliyinin həyata keçirdiyi çoxsaylı tədbirlər arasında “Bir” Tələbə-Könüllü Proqramının təsis edilməsi xüsusi vacibliyi və önəmi ilə fərqlənir”.

Proqramın məqsədlərindən danışan C.Bayramov vurğulayıb ki, ölkənin sosial-iqtisadi və mədəni həyatında fərqlənən tələbə gənclərin sistemli şəkildə fəaliyyətinin təşkil edilməsi, bu fəaliyyətə qoşulan gənclərin dünyagörüşünün genişləndirilməsi, asudə vaxtlarının düzgün təşkili əsas hədəflərdəndir.

 

Könüllülərin fəaliyyətinə ən yüksək qiymət

 

C.Bayramov qısa müddət ərzində 21 ali və 16 orta ixtisas təhsili müəssisəsini birləşdirən bu platformada 15 min gəncin birgə fəaliyyət göstərməsini sevindirici hal kimi dəyərləndirib: “İftixarla qeyd etməliyik ki, ölkə başçısı cənab İlham Əliyev tələbə-könüllülük hərəkatının əhəmiyyəti barədə danışarkən könüllülük fəaliyyətinin genişlənməsinin cəmiyyət üçün faydalı olması, ümumilikdə isə könüllü fəaliyyətlə məşğul olanların özünün xoş niyyətli olmaları barədə fikir irəli sürüb. Hesab edirik ki, bu yüksək dəyər nəzərə alınacaq. Könüllülərimiz bundan sonrakı fəaliyyətində də ən yüksək könüllülük standartına uyğunbu ada layiq formada hərəkət edəcəklər”.

Qısa müddət ərzində formalaşsa da, bu fəaliyyət növünün istiqamətlərinin ilbəil genişləndiyini, proqrama qoşulan tələbə gənclərin sayının hər il artdığını deyən C.Bayramov tələbə-könüllülərə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fikirlərini xatırladıb: “I Avropa Oyunlarında 10 mindən çox tələbə-könüllünün fəaliyyətini dəyərləndirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva “Könüllülərin dəstəyi olmadan bu tədbiri keçirmək mümkün olmazdı” sözləri ilə bu fəaliyyətə ən yüksək səviyyədə qiymət verib”.

Bu qiymətə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya tələbə-könüllülərin adından minnətdarlığını bildirən C.Bayramov ölkə rəhbərliyini əmin edib ki, bundan sonra da tələbə-könüllülərin ən yüksək standartlarda fəaliyyətinin şahidi olacaqlar. Son bir ildə 84 tədbirin könüllülərin bilavasitə iştirakı ilə təşkil edildiyini vurğulayan nazir müavini tələbə-könüllülərin 2018-ci ildə keçiriləcək tədbirlərdə də fəallıq nümayiş etdirəcəyini qeyd edib. O, tələbə- könüllülərə şərəfli işdə tükənməz enerji, vaxtlarını səmərəli istifadə etməyi arzulayıb.

 

Həm xüsusi keyfiyyətlər, həm də təcrübə

 

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov forum iştirakçılarını təbrik edərək deyib ki, könüllülük xoş niyyətdən irəli gəlir. Maddi və mənəvi qazanc ummadan cəmiyyətə xidmət edir, bunun əvəzində həm hörmət, nüfuz qazanır, həm də gələcək karyeralarında onlara böyük üstünlük verilməsi ilə nəticələnəcək keyfiyyətlər, təcrübə əldə edirlər. Elə bunun nəticəsidir ki, ölkəmizdə könüllülük hərəkatı ildən-ilə genişlənir.

Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə nümunəvi fəaliyyəti ilə seçilən könüllülərimiz xarici ölkələrdən olan təşkilatçıların da diqqətini cəlb edib. Türkmənistanda keçirilən V Avrasiya Oyunlarında da Azərbaycan könüllülərinə etimad göstərilməsi bunun nəticəsidir.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov könüllülük fəaliyyətinin hər zaman sevgi və məsuliyyət hissi ilə qarşılandığını, belə bir təşəbbüsə görə Təhsil Nazirliyini dəstəklədiyini qeyd edib. O, bu il də çoxsaylı tədbirlərin olacağını, odur ki, könüllülərin fəaliyyətinə ehtiyac duyulacağını bildirib.

 

Fəal könüllülər fərqləndirildi

 

Tədbirdə Avroviziya, I Avropa Oyunları, Formula-1, IV İslam Həmrəyliyi Oyunları, Bakı Marafonu-2017 kimi beynəlxalq əhəmiyyətli yarışlarda fəallıq nümayiş etdirən könüllülərin peşəkarlığı xüsusi vurğulanıb.

Tədbirdə Azərbaycanda könüllülük sahəsində ilk dəfə olaraq www.konullu.edu.az portalının təqdimatı keçirilib. Qeyd olunub ki, hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərə dair sertifikat həmin portalda onlara məxsus şəxsi səhifədə yerləşdiriləcək.

Sonda ilin ən fəal tələbə-könüllüləri mükafatlandırılıb. Bakıda təhsil alan könüllülər Günel Oruczadə, Afaq Quliyeva, İsmayıl Qəhrəmanov, Elşad Quliyev, Vüsalə Ağayeva, Ömər Allahverdiyev, Əziz Əzizov, Pərşan Nəbiyev, Ümid Məmmədov, Sevinc İbrahimova, regionlardakı təhsil müəssisələrinin tələbə-könüllüləri Nicat Vəliyev, Hafiz Səmədov, Fərid Qoşqarlı təltif olunub. Könüllülərin koordinatoru Ağa Səlimov və “Fədakar könüllüSamir İbrahimov da mükafatlandırılanlar arasında idi.

Xatırladaq ki,Təhsil NazirliyininBir” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.

İki il ərzində 21 ali və 16 orta ixtisas təhsili müəssisəsindən olan 15000-dən çox tələbə-könüllünü öz ətrafında birləşdirən “Bir” Tələbə-Könüllü Proqramı indiyədək 150-dən çox müxtəlif səviyyəli tədbirlərə könüllü dəstəyi göstərib və 7 regionda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunub.

 

Ruhiyyə Daşsalahlı

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.1; 3.