Daha çox məktəbdə xüsusi siniflər yaradılacaq

 

Anar Xələfov: “Sağlamlıq imkanları məhdud uşaqlar ölkənin hər yerində məktəbə gedəcək”

 

2017-2018-ci tədris ilindən başlayaraq 8 rayonda xüsusi təhsil sinifləri təşkil olunub. Əsasən intellektual məhdudiyyəti olan 50-yə yaxın uşağın cəlb olunduğu həmin siniflər onların evinə ən yaxın məktəblərdədir. Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov “Azərbaycan müəllimi”nə müsahibəsində xüsusi siniflərin təşkilindən danışıb.

- Sağlamlıq məhdudiyyəti olan uşaqların təhsili ilə bağlı yeni bir mərhələnin astanasındayıq. Maraqlıdır, onların həyatında nə dəyişəcək?

- Bilirsiniz ki, indiyədək regionlarda yaşayan və sağlamlıq imkanları məhdud şagirdlər əsasən evdə təhsil alıblar. Çünki ümumtəhsil məktəblərində mövcud imkanlarla onların təhsil alması üçün şərait yaratmaq mümkün olmayıb. Məktəbdə təhsil imkanı yalnız internat tipli müəssisələrdə olubbu da uşaqların ailələrindən ayrı yaşaması deməkdir. Sizinbildiyiniz kimi, həmin təhsil müəssisələrində uşaqlar həm yaşayır, həm də təhsil alırlar. Yalnız Bakıda və Mingəçevirdə reallaşdırılması mümkün olan və “günərzi” deyə fərqləndirdiyimiz məktəblərdə təşkil olunan xüsusi siniflərdə isə sadələşdirilmiş proqram əsasında hər gün dərslər keçilir. Bundan sonra belə siniflərin sayı artacaqdaha çox bölgəni əhatə edəcək. Yəni, sağlamlıq imkanları məhdud uşaqlar ölkənin hər yerində məktəbə gedəcək.

- Evdə təhsilə bu qədər böyük üstünlük verilməsinin səbəbi nə olub?

- Məsələ burasındadır ki, bir çox halda bölgələrdə yaşayan və əsasən intellektual baxımdan məhdudiyyəti olan uşaqların təhsilə cəlb olunması onların öz ailələrindən ayrılmasına gətirib çıxarırdı. Çünki övladının xüsusi təhsilə cəlb olunması üçün müraciət edən valideynlərə indiyədək yalnız internat məktəbləri təklif olunub. Xüsusi internat məktəbləri əsasən Bakı şəhərində fəaliyyət göstərdiyindən ailələr övladının təhsil alması naminə ya onun Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəbində yaşamasına icazə verməli, ya da evdə təhsilini təmin etməli olurdu. Hər valideyn övladından ayrılmağa razı olmadığından, evdə təhsilə cəlb olunanların sayı ildən-ilə artırdı. Bu da öz növbəsində sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətdə iştirak hüququnu əlindən alırdı. Halbuki onların sosiallaşması üçün ən əlverişli mühit məhz məktəbdir.

- Uşaqların məktəbdən uzaqlaşması məktəbin də öz funksiyasını yerinə yetirməsinə mane olur, elə deyilmi?

- Əlbəttə. Məktəbin funksiyası sadəcə akademik biliklər verməklə məhdudlaşmır. Şagirdin sosiallaşmasına imkan yaratmaq məktəbin əsas funksiyalarından biridir.

İntellektual məhdudiyyəti olan uşaqların məktəbdən uzaqlaşması, onların evdə təhsil almasına üstünlük verilməsi məktəbin öz rolunu yerinə yetirə bilməməsi ilə nəticələnir.

- Bəs, evdə təhsil kimlər üçündür?

- Evdə təhsili məcburiyyətə çevirən konkret diaqnozlar var ki, onlardan əziyyət çəkən sağlamlıq imkanları məhdud azyaşlıların məktəbə gəlməsi mümkün deyil. Ancaq məktəbə getmək imkanı olsa da, ümumtəhsil proqramı ilə təhsil ala bilməyənlər xüsusi təhsil proqramı ilə məktəbə cəlb olunmalıdırlar.

- Belə çıxır ki, səhhəti məktəbə getməyə imkan verən uşaqlar artıq ümumtəhsil müəssisələrində xüsusi proqramla təhsil ala biləcəklər?

- Elədir. 2017-2018-ci tədris ilindən, konkret desək, noyabr ayından başlayaraq intellektual məhdudiyyəti olan uşaqlar üçün xüsusi təhsil sinifləri təşkil olunub. Onlar evinə ən yaxın məktəbdə oxuyacaqlar. Hələlik 8 rayonda reallaşan bu proses tezliklə daha çox bölgəni əhatə edəcək və daha çox məktəbdə xüsusi siniflər yaradılacaq.

- Bəs, niyə sadəcə intellektual məhdudiyyəti olanlar? Sağlamlıq imkanları məhdud hər uşağın xüsusi təhsil proqramı ilə təhsil ala bilməməsinin səbəbi nədir?

- Hər bir uşağın təhsil alması bizim üçün maraqlıdır və vacibdir. Ancaq birdən-birə bunu təşkil etmək imkanlarımız daxilində deyil. Görmə və eşitmə məhdudiyyəti olan uşaqların təhsilini təşkil etmək üçün onlarla işləyəcək müəllimlərin xüsusi biliyi olmalıdır. Bunu da öyrənmək qısa zamanda mümkün deyil. Başqa bir tərəfdən, statistikaya görə, intellektual məhdudiyyəti olan uşaqların sayı daha çoxdur.

- Yuxarıda qeyd etdiniz ki, Bakıda və Mingəçevirdə xüsusi siniflərin təşkil edildiyi məktəblər var. Maraqlıdır, bəs, indiyədək belə siniflər bölgələrdə niyə yoxdur?

- İnteqrasiyalı təhsilin təşkili qaydalarında xüsusi siniflərin yaradılması tələbi yer alır. 2002-ci ildə təsdiq edilən həmin qaydalar əsasında Bakıda və Mingəçevirdə ümumtəhsil müəssisələrində xüsusi siniflər təşkil olunub. Ancaq bir çox halda yeniliklərin tətbiqi asan olmur. Ailələrdə bu yenilik birmənalı qəbul edilməyib. Üstəlik, bunun üçün yeni mexanizm tələb olunur. Bu tədris ilindən başlayaraq, həmin siniflərin təşkil olunmasının dəstəklənəcəyi barədə Təhsil Nazirliyindən rayonlara göndərilən məktublar öz rolunu oynadı və 8 rayondan müraciətlərimizə müsbət cavab verildi. Artıq 50 ailə uşaqlarının məktəblərə cəlb olunmasına razılıq verib. Nəzərdə tutulub ki, növbəti ildən xüsusi siniflərin sayı artırılsın və ehtiyac hiss edilən ən müxtəlif rayonlarda sadələşdirilmiş proqram əsasında dərslər təşkil edilsin. Artıq Bakıdan və Mingəçevirdən əlavə 8 rayonda bu prosesə start verilməsi ona dəlalət edir ki, ölkədə bu işə ehtiyac var.

- Ötən il ölkə başçısının imzaladığı sərəncama əsasən, “İnklüziv təhsil üzrə Dövlət Proqramı” təsdiq edildi. Başladığınız işin bu Proqramın icrasında, ya da sözügedən proqramın xüsusi siniflərin təşkilində bir rolu olacaqmı? Təhsildə baş verən bu yeniliklə sözügedən sənədin qarşılıqlı əlaqəsi nədən ibarətdir?

- İnklüziv təhsil təhsil sistemində yeni mərhələdir. Birgə təhsili nəzərdə tutan bu sistemdə sağlamlıq imkanları məhdud uşaqlar digər uşaqlarla eyni sinifdə təhsil alırlar. İstəyiriksə təhsilimiz ən müasir metodologiyaları tətbiq etsin, deməli, inklüziv təhsilə keçməliyik. Bu, yeni yanaşmadır. Özü də sağlamlıq problemləri olan uşaqlar üçün deyil, hər məktəbli üçün yenilikdir. İnklüziv təhsilin təşkil edildiyi cəmi 4 məktəb var. Onların 4-ü də Bakıda yerləşir. Xüsusi siniflərin təşkil olunması isə inklüziv təhsilə keçid yolunda bir addım, bir mərhələdir. Yəni, sağlamlıq imkanı məhdud olan uşaqların ümumtəhsil məktəblərinə cəlb olunması və bu prosesin bütün ölkə ərazisini əhatə etməsi inklüziv təhsilin inkişafına, yerlərdə də təşkil olunmasına xidmət edəcək. Çalışırıq ki, yerlərdə ümumtəhsil məktəblərinin bazasında elmi-metodik baxımdan xüsusi təhsili təşkil edək. Məhdudiyyəti, xüsusən də intellektual məhdudiyyəti olan uşaqlar digər uşaqlarla bir sinifdə təhsil alsın. Bununla da onların təhsil hüququ kimi, təhsildə bərabərlik hüququ da təmin olunsun. Lakin hələlik məhdudiyyəti olan uşaqlar digər uşaqlarla eyni məktəbdə oxuya bilsələr də, eyni sinifdə təhsil ala bilməyəcəklər.

- Bir halda ki, eyni sinifdə oxumayacaqlar, o halda onları məktəbə gətirməyin nə mənası?

- Məsələ ondadır ki, hər uşaq ona ən yaxın olan məktəbdə təhsil alacaq. Bu da o deməkdir ki, o, ailəsindən uzaqlaşmadan həm də sosiallaşacaq. Ailələrdən soruşanda ki, uşaq evdən bayıra çıxırmı, deyirlər ki, çıxır. Sonradan məlum olur ki, söhbət həftədə bir-iki dəfə çıxmaqdan gedir. Həftənin 5 günü məktəbə gəlib-gedən uşağın isə mühiti dəyişəcək, həm ailə ortamında, evdə, həm də məktəbdə vaxt keçirəcək. Beləliklə, həm sosial bacarıqları formalaşacaq, həm də potensialına uyğun keyfiyyətli təhsil alacaq.

- İnklüziv təhsilə keçid nəyi dəyişəcək? Bu yeni sistemin üstünlüyü nədən ibarətdir?

- Bu sistemdə müəllim şagirdlərin fərqliliyini qəbul edir.Təhsil prosesini də məhz bu fərqliliyə uyğunlaşdırır. Nəzərə almaq lazımdır ki, sadəcə əlilliyi olan uşaqlar fərqli deyillər. Sinifdə olan 20 uşağın hamısı bir-birindən individual cəhətdən fərqlənir. Burada hər uşağın fərdi xüsusiyyətlərini nəzərə alıb onların təhsil prosesinə uyğunlaşdırılmasından söhbət gedir. Bu xüsusiyyət inklüziv təhsili ənənəvi təhsildən fərqləndirir. Müəllimdən heterogen qrupda işləyə bilmək üçün yeni bacarıqlar tələb olunur. İnklüziv təhsil əlilliyə tibbi aspektdən baxışı dəyişir. “Autizm”, “intellektual məhdudiyyət”, “uşaq serebral iflici” və başqa bu kimi terminlərdən istifadə edirik ki, bunların heç biri pedaqoji terminologiya deyil. Amma tibb mütəxəssisləri üçün bu ifadələr çox şey ifadə edir. İnklüziv təhsil kontekstində bunu dəyişəcəyik. Bizim üçün önəmli deyil ki, uşağa autizm diaqnozu qoyulub. Önəmli olan onun təhsil almasında hansı çətinliyin olması, təhsil almasına mane olan səbəbdir. Məsələn, hiperaktivlikdən, yaxud autizmdən əziyyət çəkdiyi üçün uşaq diqqətini təhsil prosesinə cəlb edə bilmir. Pedaqoji aspektdən bizə diaqnoz deyil, təlimin təşkili üçün şəxsin funksionallıq imkanları və məhdudiyyətlərin səviyyəsi maraqlıdır: diqqətini uzun müddət bir fəaliyyətə cəlb edə bilmir, yaxud səsə həddən artıq həssasdır, ya da görmə məhdudiyyəti var. İnklüziv təhsilə keçdiyimiz yaxın gələcəkdə şagirdin məhz bu xüsusiyyətlərindən danışacağıq, həkimlərin onlara qoyduğu diaqnozdan yox. Tibbi modeldən sosial modelə keçid belə baş verir. İnklüziv təhsil kontekstində, sadəcə təhsil prosesində iştirak etmək nəzərdə tutulmur, bu, həmçinin şagirdin öz potensialını reallaşdırması və onun imkanları çərçivəsində keyfiyyətli təhsil almasına şərait yaradır.

- Birgə təhsil sinifdə dərs prosesinin pozulması ilə nəticələnmirmi?

- Sağlamlıq məhdudiyyəti olan şəxslərə qarşı stereotiplər formalaşıb. Halbuki onlar heç də həmişə diqqəti pozmur, səs-küy salmır, fikri yayındırmır. Onlar heç də həmişə qeyri-iradi hərəkətlər etmirlər. Belə hərəkətlər uzun müddət uzaq qaldıqlarından sosial mühit normalarını qəbul edə bilməmələrinin nəticəsi olaraq ortaya çıxır. Birinci sinfə cəlb edilən şagirdin çətinliyi bir müddət davam edir. Məktəbin xüsusi təhsil üzrə mütəxəssisi sinif müəllimi və məktəb psixoloqu ilə birgə həmin şagirdin psixoloji, emosional, koqnitiv, sosial bacarıqlarını qiymətləndirir. Onun hansı hallarda məmnun olduğu, hansı halda sərt reaksiya verdiyini müəyyənləşdirir. Sinifdəki digər uşaqların onun hansı davranışına qarşı necə reaksiya verdikləri və s. məsələlərə diqqət yetirir. Şagirdin sinifdə inküziya şəraitində təhsilə cəlb olunduğu müddət, fərdi, yaxud kiçik qruplarda aparılacaq təlimlər təfsilatlı qiymətləndirmə nəticəsində planlaşdırılır. Bu cür planlaşdırma arzuolunmaz davranışların formalaşmasına imkan vermir. Çünki şagirdin fərdi xüsusiyyətlərini, onların imkanlarını və məhdudiyyətlərini nəzərə alır.

- Müəllimlərin müşahidələrinə görə, bəzən intellektual məhdudiyyəti olan uşaqlar valideynlərinin yanında özünü daha sakit aparırlar. Bu cür uşaqların valideynlərinin dərsdə iştirakı təmin edilə bilərmi? Yaxud bunun kimi hər hansı istisnaların tətbiqi mümkündürmü?

- Bəzən məhdudiyyəti olan uşaqlar üçün xüsusi şərait yaradılmamış mühit aqressiv və qeyri-müyəssər mühitdir. İnklüziv təhsildən danışırıqsa, bu halda həmin uşaq üçün sinifdə xüsusi şərait yaradılmalıdır. Mütəxəssis, müəllimlərin təlimləri, həmin uşaqların oturacağı yer, xüsusi təhsilinin təşkili təmin edilməlidir. Bu cür şərait yaradılmadan dərsin effektiv təşkili mümkün deyil. İnklüziv təhsil şablon yanaşmanı qəbul etmir. Tutaq ki, uşaq bir dərsdən sonra yorulursa, onu ikinci dərsdə saxlamırıq. Uşaq valideynindən ayrıla bilmirsə, bunu birdən-birə etmirik. Təhsilə başlayandan bir müddət sonra valideyn lap arxadakı partada əyləşir, daha sonra isə, ümumiyyətlə, sinifdən çıxır. Bir sözlə, bu, ardıcıl və sistematik bir prosesdir və hər cür istisnalara yol verilə bilər. Çünki biz gələcəyə insan hazırlayırıq.

- Bəs, təlimlər keçirilənə qədər təşkil olunan xüsusi sinifləri müəllimlər idarə edə biləcəkmi? Yaxud burada kimlər dərs keçəcək və onlar necə seçilib?

- Sağlamlıq məhdudiyyəti olan uşaqlarla işləmək təcrübəsi olan və əvvəllər evdə təhsilə cəlb olunmuş müəllimlərə üstünlük verilib. Dərs ilinin sonunda isə onlar üçün təlim vəsaitlərinin hazırlanması, təlimlərə cəlb olunmaları nəzərdə tutulub. Müəllimlərlə yanaşı, yerli təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən psixoloq inspektorlarla da aparılacaq ki, yeri gələndə həmin inspektorlar müəllimlərə yardımçı ola bilsinlər.

- Bəs, mütəxəssislər intellektual məhdudiyyəti olan uşaqlarla işləməyə hazırdırmı? Barəsində danışdığınız müşahidə və təhlillərə əsaslanan həmin dərsi qurmaq müəllimlər üçün çətin olmayacaq ki?

- Bunun üçün müəllimlər təlimlərə cəlb olunacaq, əlavə hazırlıq keçəcəklər. Ona qədər isə xüsusi siniflər bir təcrübə olacaq. Belə siniflərdə işləyəcək müəllimləri seçərkən də üstünlük verdiyimiz bir çox keyfiyyət var. Bəzi məktəblərdə loqoped-defektoloq işə götürülüb, bəzilərində hələlik bu, mümkün olmayıb. Gələn il mütəxəssislər işə götürüləcək, müəllimlər üçün təlimlər təşkil olunacaq. Onlara xüsusi təhsil, əsasən intellektual məhdudiyyəti olan uşaqlarla öyrədiləcək.

- Müəllimlərə təlim keçmədən bu işə start verilib. Bu halda gözlənən nəticələr nədən ibarətdir? Müəllimlərin hansı problemlərlə qarşılaşacağını hesablamısınızmı, yaxud ötən iki ayda hansı məsələlər ortaya çıxıb?

- Əsas çətinlik uşaqların arzuolunmaz davranışlarının idarə olunması ilə əlaqədar olaraq ortaya çıxa bilər. Uşaqların səhhəti ilə əlaqədar davamiyyət problemləri də gözləniləndir. Daha konkret isə gələn il danışa biləcəyik. Bu il ərzində müşahidələr aparılacaq və gələn il həmin problemlərdən konkret şəkildə danışmaq mümkün olacaq. Hələliksə yerli təhsil şöbələri ilə təmas halında işimizi davam etdiririk. Bu yolla yarana biləcək problemləri tezoperativ şəkildə həll edə biləcəyimizə ümid edirik.

 

Ruhiyyə Daşsalahlı

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.1; 4.